
Meyxoş Kamil oğlu Abdullayev /Abdullah/ 02 fevral 1962-ci ildə Cəlilabad rayonunun Xəlilabad kəndində doğulmuşdur. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 6 - kitab müəllifidir.
Ailəlidir, iki qızı, iki oğlu vardır. Hal-hazırda Cəlilabad rayonunda yaşayır.
Meyxoş Abdullah yaradıcılığa, müsahibələrinin birində qeyd etdiyi kimi, 1974 – cü ildə, altıncı sinifdə oxuduğu vaxt yazdığı «Qələbə» şeiri ilə başlamışdır. Ondan sonra yerli qəzetdə bir sıra şeir və məqalələriylə çıxış edən Meyxoş Abdullahın əsas yaradıcılıq dövrü 1980- cı illərin axırına təsadüf edir.
Azərbaycan Jurnalistlər Birliyinin üzv olan Meyxoş Abdullahın (hal-hazırda üzvlükdən çıxmışdır) 2000- ci ildə ilk publisistik kitabı olan «Doktor Qəzənfər» haqqında xatirələr kitabı, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən çap olunur. 2001- ci ildə isə «Didərgin ruhlar» adlı hekayələr kitabı işıq üzü görür. Bu kitabda toplanmış hekayələr arasında «Papaq», «6 –cı mərtəbə», «Oğul», «Kül», «Möcüzə» və başqa hekayələri oxucular tərəfindən böyük rəğbət və sevgiylə qarşılanmışdır. Təkcə, «Papaq» və «6 - cı mərtəbə» hekayələri ona yaxın qəzet və jurnallarda dərc olunaraq müəllifə uğur qazandırmışdır.
Meyxoş Abdullahın yaradıcılığının ən yüksəliş dövrü «Alagöz» əsəriylə bağlıdır. O, 2002- ci ildə «Alagöz» əsərinə görə, Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı əsərlər üçün təsis etdiyi «Yaddaş» mükafatına layiq görülmüşdür. Əsər keçirilən müsabiqədə 2- ci yeri tutmuşdur. 50 – dən artıq qəzet və jurnallarda dərc olunan «Alagöz» əsəri, sözün həqiqi mənasında, Qarabağ mövzusunda yazılan ən yaxşı əsərlər sırasına daxil edilmişdir. Əsər haqqında rəy söyləyən filoloji elmlər doktoru, professor Nizaməddin Şəmsizadə yazırdı: - «Yazıçı erməni əsirliyində olan atın ölümü ilə, torpağın əsirliyinə dözən xalqa qaçqınlıq həyatı ilə barışıb laqeydləşən həmvətənlərinə bir ibrət dərsi verir."
«Alagöz» əsəri 2002- ci ildə «Gənclik» nəşriyyatının təşəbbüsü və maddi dəstəyilə çap olunmuşdu. Əsərin redaktoru Gülər Ələkbərqızı yazırdı: - «Oxucu, bu kitabı əlinə alanda düşün, - əgər sənə görə dünyada həyatdan qiymətli heç nə yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb. çünki bu, şüurlu- şüursuz heç bir canlının daşıya bilməyəcəyi bir ağrının hekayəsidir».
Meyxoş Abdullahın 2004- cü ildə «Şeytan gülüşü», 2005- ci ildə isə «Anakonda ovu» kitabları işıq üzü görmüşdür.
«Dəli Bəybala», «Maaş günü», «Girov qoyulmuş namus», «Mininci qadın», «Ömürdən baha», «Məhkum», «Zəhərli eşq» və s. hekayə və povestlərini tamamlayan ədib yaxın vaxtlarda onları kitab halında çap etdirmək fikrindədir.
Uzun illərdən bəri üzərində işlədiyi «İt anası» romanını başa vuran müəllif, hazırda yarımçıq qalmış «Bataqlıq» və «Lənətlənmiş övladlar» romanları üzərində işləməyə hazırlaşır.
2007- ci ildə Meyxoş Abdullahın «Möcüzəli xalça» əsəri Cəlilabad Xalq Teatrı tərəfindən səhnələşdirilərək tamaşaya qoyulmuşdur. Bu əsər məktəblilər tərəfindən sevinclə qarşılanmışdır.
Yazıçı Meyxoş Abdullah Azərbaycan ədəbiyatının nəsr sahəsində öz dəst-xətti olan yazarlarımızdandır.