...YAZICI MEYXOS ABDULLAHIN FERDI SEHIFESI...
  ROMANLAR
 
ƏSİR QADIN (roman) … Ey, Soydaşım!.. Ey, Həmvətənim!.. Nə vaxtadək, torpaqlarımız düşmən əsarətindədir, bizim sevinməyə, «mənəm-mənəm» deməyə haqqımız yoxdur!.. Çünki, sən də, mən də, o da, - hamımız itirdiklərimiz qarşısında günahkarıq… Nə qədər çətin də olsa etiraf etməliyik ki, biz təkcə torpaq deyil, həm də bir çox mənəvi dəyərlərimizi də itirmişik. Bu gün düşmən əsirliyində yüzlərlə qız və gəlinlərimiz var. Onların acı fəryadları vətən oğullarını intiqama səsləyir. Qarşıda bizi ağır, ağır olduğu qədər də şərəfli döyüş gözləyir… Yalnız, döyüşməklə, qan tökməklə alnımızın ləkəsini, vicdanımızın kirini təmizləyə bilərik!.. Öldürsək – namusumuzu, öləriksə – özümüzü gələcək nəsillərin qınağından və xəcalətindən - xilas edə bilərik!.. … Üç il düşmən əsirliyində yaşamış bir qadınla görüşümüzün baş tutması üçün nə az, nə çox; - düz bir il gözləməli oldum. Rusiyanın Stavropol vilayətinin Nadejda kəndində, nuh-əyyamından qalma, köhnə bir evdə yaşayan Səidəni mənə, düşmən əsirliyində olmuş və əsirlikdən xilas olandan bir ay sonra xəstəxanadaca keçinən hərbiçi dostlarımdan biri nişan vermişdi. O vaxtdan neçə dəfələrlə bu qadınla əlaqə saxlayıb, görüşmək arzusunda olduğumu bildirsəm də, istəklərim onun tərəfindən qəti şəkildə rədd edilmişdi. Buna baxmayaraq, ümidliydim və inanırdım ki, bir gün gələcək onun tərəfindən qəbul olunacağam. Mən onu çox gözəl başa düşürdüm. Bilirdim ki, üç il əsirlikdə yaşamış bir qadının hissləri ilə oynamaq, onun korşalmış yaddaşını oyatmaq nə deməkdir? Amma içimdən gələn bir istək heç vəchlə məni rahat buraxmırdı. Neçə dəfələrlə bu uzaq yolu qət eləsəm də, istəyimə nail olmamışdım. Inadımdan da əl çəkmirdim. Nəhayət, çox çək-çevirdən sonra, onunla görüşmək razılığını alanda, gecəni səhərə qədər yatmayıb, bu görüşün baş tutması üçün allaha dua etmişəm. Içimdə özümə də aydın olmayan, böyük bir təlaş vardı. Ömrümdə heç vaxt belə narahatçılıq keçirməmişdim. … Kəndin dolanbac, çala-çuxurlu yollarını keçərək, o qadın yaşayan evə yaxınlaşdıqca, qəlbimdəki narahatlıq bir az da artmaqdaydı. Payızın çiskin yağışı, onsuz da duyğulu qəlbimi bir az da duyğulandıraraq, məni kövrək və küsəyən bir uşaq vəziyyətinə salmışdı. Havanın soyuqluğu sümüklərimi gizildədirdi. Boynumu qısıb, əllərimi ciblərimə salaraq, sanki öz-özümə sıgınmış vəziyyətdə irəliləyirdim. Qarşıdakı tini də burulsaydım mənzil başına çatırdım. Hər şeyi qabaqcadan ölçüb-biçmişdim. Nə deyəcəyimi, nə soruşacağımı ürəyimdə dəfələrlə təkrarlayaraq, sanki rol üzərində işləyən aktyor kimi səhnəyə çıxmağa tam hazır vəziyyətdəydim. Işin çətinliyi həmişə başlanğıcında olur. Necə ki, işə girişdin hər şey öz yoluna düşür. Budur, bu da nə vaxtdan bəri yuxularıma haram qatan, bir an da olsun məni rahat buraxmayan, gecəli-gündüzlü fikir və xəyallarımın maraq dünyasına çevrilmiş - o qadının yaşadığı ev. Əslində, məni ev yox, onun içində yaşayan sakini maraqlandırırdı. Amma ehtiraf etməliyəm ki, mən bircə dəfə də olsun, bu evin sakinini, - o qadının üzünü görmədiyim vaxtlar da, dərd-sərimi, arzularımı və soruşacaqlarımı bu evin lal-kar daşlarından soruşmuşam. Bəzən də kövrələrək, içimdə qüssəyə çevrilən istəklərimi, pıçıltıyla bu evin künc-bucağında dayandığım vaxtlar açıb, danışmışam. Bu ev mənə daha mərhəm gəlirdi. Ona görə ki, bu neçə vaxtı o qadından bircə kəlmə qopara bilmədiyim halda, bu lal-kar daş-divarlarla çox danışıb, dərdləşmişəm… Qapıya yaxınlaşıb, astaca zəngin düyməsini basdım. Handan-hana qulağıma, sanki döşəmə üzərində sürünən ayaq səsləri gəldi. Ayaq səsləri qapının ağzındaca kəsildi. Bir müddət heç nə eşidilmədi. Içəridəki adamın qapının gözlüyündən mənə baxdığını hiss etdiyimdən, özümü yığışdıraraq, farağat vəziyyət aldım. Elə bu vaxt qulağıma zəif və iniltili qadın səsi gəldi: - Kimdir?! - o, soruşdu. Sanki azacıq yubansaydım həmin səsin sahibini bir daha görə bilməyəcəyimi zənn etdiyimdən, tezcə dilləndim: - Mənəm… sizi görmək istəyən adam. - Dünən bu barədə sizinlə söhbət etmişdik, xatırlayırsınızmı?! Araya dərin süküt çökdü. Sükut o qədər uzun çəkdi ki, mən onu bu dəfə də görə bilməyəcəyimi zənn etdiyimdən, ürəyim aramsız olaraq döyünməyə başladı. Bir müddət də keçdi. Sakitliyi, dəmir qapının, sanki çoxdan bəri açılmayan, pas bağlamış cırıltılı səsi pozdu. Səsi eşidəndə diksindim. Yarıaçılmış qapının önündə otuz beş, qırx yaşlarında, ortaboylu, arıq bir qadın dayanmışdı. Saçları dümağ ağarmış bu qadının solğun bənizi və gözlərimin içinə dikilən qorxunc baxışları, məni bir qədər ehtiyatlı olmağa vadar etdi. Fikirləşdim ki, hər hansı yanlış hərəkətim və ya yerinə düşməyən sözlərim, bu qapının birdəfəlik üzümə çırpılmasına səbəb olacaqdır. Özümü zorla ələ alıb: - Salam… Xoş gördük, sizi!.. - dedim. Özümü tamam itirmişdim. Bilmirdim necə edim ki, qadının bir anlıq da olsa rəğbətini qazana bilim. Əgər o, qapını üzümə çırpıb getsəydi, yəqin ki, onunla görüşmək bir daha mənə qismət olmayacaqdı. Bunu mən yəqin bilirdim. Çünki bu bir ildə onunla görüşmək imkanı əldə etmək mənim üçün necə də çətin olmuşdu. Qadın nəzərlərini məndən ayırıb, döşəməyə dikdi və xırıltılı səslə: - Keçin içəri!.. - dedi. Otağa girən kimi burnumu kəsif qoxu iyi qıcıqlandırdı. Elə bil neçə illərdi bu mənzilin qapı-pəncərəsi bağlı qalmışdı. Az keçməmiş otağın ağır, boğucu havasına öyrəşdim. Mənzil birotaqlı idi. Divara vurulmuş kağız örtüklərin, his-pasdan saralıb, tökülməsindən bilmək olurdu ki, burada uzun illərdən bəri təmir işləri aparılmamışdır. Evin divarlarındakı enli çatlar və bu çatlardan sallanan hörümçək torları, mənzildə həyat deyilən bir aləmin sanki çoxdan dayandığından xəbər verirdi… Əslində, burada insanı yaşamağa sövq edən elə bir mənalı şey yox idi. Nə vardısa, hər şey darıxdırıcı və zəhlətökən idi. Yalnız, otağın sağ tərəfindəki divara vurulmuş xalçadan savayı. Divardan asılmış xalça bu hisli-paslı otağı azacıq da olsa abıra salırdı. Bu gözəl xalçanın haradan gəlib bura çıxması beynimdə bir sual doğurdu. Oturmaq üçün mənə təklif olunan stul məftillə bir neçə yerdən sarınmışdı. Stolun üstündəki məxmər parçadan olan örtük isə süzülüb, nimdaş hala düşmüşdü. Döşəmənin üstünə salınmış köhnə və yırtıq palaz dürgələnərək adamın əsəblərini qıcıqlandırırdı. Nəzərlərim evin küncündə, köhnə gödəkcə üstündə, başını pəncələri üzərinə qoyaraq uzanmış itə sataşanda, duruxub qaldım. It çox qoca və pezəvəng idi. Bayaq evə girərkən burnumu qıcıqlandıran kəsif qoxu iyinin hardan gəldiyini, deyəsən, indi anlamağa başlayırdım. Itin könülsüz halda başını qaldırıb, yalnız bircə ağız hürməsindən, onun hələ sağ olmasını anladım. It hürən zaman onun cəhənglərindən süzülən selikqarışıq maye ürəyimi bulandırdı. Çoban itinə oxşar bu itin kiçik bir otaqda, qadınla birlikdə olması məni təəccübləndirdi. Görkəmindən ev şəraitində saxlanılan itlərə heç cür bənzəmirdi. O, çox kobud və yöndəmsizdi. Fikirləşdim ki, əgər bu it ev-eşiyi qorumaq üçün saxlanılırsa, bəs niyə görə ona həyətdə bir yer ayrılmamışdır? Həm də, həyatın bütün əzabını yaşamış, başı olmazın işgəncələrini çəkmiş bir qadının evində it saxlaması, - yəqin ki, bu iti o qulaqyoldaşı seçmişdi özünə, – mənə heç cür çatmırdı. Itə hədsiz dərəcədə maraq göstərməyim, fikirlərimi dağıdaraq, məni əsas məsələdən yayındırırdı. Amma əmin idim ki, itlə qadının arasında nə isə, xırda da olsa, bağlılıq vardır. Bu indilərdə məni maraqlandırmasa da, ürəyimdən keçirirdim ki, əgər onunla söhbətimiz alınarsa, hökmən bu barədə bir şey soruşacağam. Qadın məndən bir qədər aralıda, divarın küncünə qoyulmuş kətilin üstündə oturdu və başını aşağı salaraq bir qədər susdu. Söhbəti nədən başlayacağımı özüm də bilmirdim. Ondan nələr soruşacağımı bu, bir ildə, bəlkə yüz dəfələrlə ürəyimdə götür-qoy etsəm də, indi onların heç biri yadıma düşmürdü. Beynimdə ilişib qalan, sullardan biri, bu zavallı qadının üç il əsirlikdə olduğu müddətdə nələr çəkməsi idi. Əslində, onun hansı əzablar çəkdiyini anlayırdım. Əgər, bu barədə durub danışsaydım, onun özünü də təəccübləndirəcəkdim. Zarafat deyil, bu insan üç il əsirlikdə yaşamışdı. O, həyatın dözülməz ağrılarıyla baş-başa qalmışdı. Yəqin ki, çəkdikləri mənim duyduqlarımdan qat-qat ağır olardı. Əlbəttə, bu belə də olmalıydı. Axı, biz hər şey barədə nisbi fikirləşirik. Dönüb evi bir də gözucu nəzərdən keçirtdim. Gözlərim yenə də otağın bir küncündə mürgüləyən köpəyə sataşanda, istədim ki, söhbəti elə bu itdən başlayım. Amma tezcə də, fikrimdən daşındım. Fikirləşdim ki, söhbəti bu yöndən başlamağım qadının qəlbinə dəyə bilər. Odur ki, sözümü başqa səmtdən salaraq soruşdum: - Səidə xanım, necəsiniz? Mənim qəfil səsimdən, o, sanki yuxudan hövlank ayılan adamlar kimi dinksindi. Sonra başını asta-asta qaldıraraq, nəzərlərini üzümə dikdi, acıqlı, amma güclə eşidiləcək səslə: - Əgər söhbətimizin alınmasını istəyirsənsə, bir də mənə xanım deməyin! - dedi və bir qədər susdu. Sonra dişlərini bir-birinə sıxaraq, dik gözlərimin içinə: - Mən xanımlığımı da, qadınlığımı da, hətta analığımı da orda, - düşmən əsirliyində olarkən qoyub gəlmişəm. Məni adımla çağır… mənə belə xoşdur. Söhbətin ilk başlanğıcında belə sərt üzlə qarşılaşacağımı gözləmədiyimdən bir qədər tutuldum. Amma onun bu sözləri, elə bil bütün yaddaşımı oyatdı. Bayaqdan beyinimin künc-bucağında ilişib qalmış suallar, sanki bir-bir yaddaşıma axırdı. Indi-indi xatırlamağa başladım ki, mən hər dəfə onunla görüşə gələndə cibimə, qabaqcadan yazıb hazırladığım suallar qoyardım. Görüşümüz baş tutmayanda, geri dönərkən vərəqə yazdığım həmin sualları cırıb atar və axşam yenilərini yazmağa başlayardım. Bu minvalla hər gün, hər gecə yeni suallar axtarıb tapar və hər gün də tapdığım o sualları yenidən cırıb atardım. Bu hesabla mənim ona verəcəyim sualların sayı-hesabı ölçüyə gəlməz dərəcədə çox idi. Amma bayaqdan, ona ünvanlaya biləcək, söhbətimizə nərdivan olası bir sual belə tapa bilmirdim. O, bu sözləriylə mənə köməklik etdi və əsirlikdə olmasını dilə gətirməklə, ondan nələr soruşacağımı, sanki öz əliylə ipə-sapa düzdü: - Siz söz verin ki, bu danışdıqlarımızdan heç kəs xəbər tutmayacaq və bu barədə heç kəsə bir kəlmə də olsun deməyəcəksiniz. - Mən iki ildir ki, burada yaşayıram, - dedi, - hələ qonşular mənim kimliyimdən, hardan gəldiyimdən, düz ağıllı-başlı xəbərləri yoxdur. Onlar məni, sadəcə olaraq, ruhi xəstəliyə tutulmuş bir qadın kimi tanıyırlar. Burada heç kəslə əlaqəm yoxdur. Amma qonşular hər gün səhərlər qapının ağzına itə və mənə ərzaq qoyurlar. Geyindiym pal-paltarlar da onlarınkıdır. Haradan gəldiyimi də, əsirlikdə yaşadığımı da hamıdan gizlin saxlayıram. Burada qeydiyyatım olmadığına görə, dövlətdən yardım da almıram. Istəyirəm ki, hər şey gizlin qalsın. Bu illər ərzində sağ qalan qohum-əqrabalarımın heç birini soraqlayıb, aramamışam. Bilirəm ki, onlar məni ölmüş bilirlər. Qoy, belə də olsun. Bu mənimçün daha yaxşıdır. - Indi siz məni başa düşürsünüzmü? - Söz verirsinizmi, danışdıqlarımızın hamısı ikimizin arasında qalacaqdır?! Mən hər şeyə razı idim. Hansı təklif edilsəydi belə, sözsüz razı olacaqdım, təki o, mənimlə dərdlərini, fikirlərini bölməyə razılıq verəydi. Ona görə də, tezcə öz razılığımı bildirdim: - Əlbəttə, hər şey sizin razılığınızla olacaq, başqa cür ola bilməz. - Siz qətiyyən narahat olmayın, - dedim. – Amma mən də xahiş edirəm ki, heç nə gizlətməyin, nə varsa hamısını açıq danışın. Əgər bacarsanız, məni özünüzə doğma, əziz bir adam bilin. Hər şeyi başa düşürəm. Bilirəm ki, olub-keçmişləri xatırlamaq sizin üçün nə qədər ağırdır. - Çalışın ki, özünüzü ələ ala biləsiniz. Araya bir qədər sükut çökdü. Qadın danışmağa tərəddüd edirdi. Bəlkə də, o, söhbətin haradan başlayıb, harada qurtaracağını fikirləşirdi. Onun nə fikirləşdiyini deyə bilmərəm, amma hiss edirdim ki, təlaş içərisindədir. Onun narahatçılığı açıq-aydın hiss olunurdu. Elə bu vaxt küncdə uzanmış it, ağzını geniş açaraq uzun dilini bayıra çıxarıb əsnədi. Sonra üzünü sahibinə tutaraq bir-iki ağız hürdü. Qadın ayağa qalxıb, evin başqa bir küncündə, pərdə çəkilmiş xəlvət yerə girdi. Bir azdan əlində qab oradan çıxıb itə tərəf getdi. Əlindəki qabı itin qabağına qoyub, özü də dizüstə çökdü. It yalmanaraq başını asta-asta qadının dizilərinə sürtdü, sonra acgözlülüklə qabdakı yeməyə girişdi. Qadın isə çox məsum və məzlum baxışlarıyla itin yemək yeməsinə tamaşa edə-edə, onun iri, tüklü başını sığallayırdı. Diqqətlə onlara baxdığımı görüb: - Oğlum Ruslandır!.. – dedi. Sonra itin çənəsindən tutub ehmalca silkələyərək: - Anasından qoca görünür, elə deyilmi? - deyə gülümsədi. Həmin anda qadının bayaq dediyi sözlər yadıma düşdü: - «Qonşuların mənim kimliyimdən, haradan gəldiyimdən xəbərləri yoxdur. Onlar sadəcə, məni ruhi xəstəliyə tutulmuş bir qadın kimi tanıyırlar». - Doğurdanmı, bu qadın ruhi xəstədir? - deyə, düşündüm. Davranışından və danışığından ruhi xəstəliyə tutulması o qədər də hiss olunmayan bu insanın düşdüyü vəziyyət ürəyimi ağrıtdı. It qabdakı yeməyi yeyəndən sonra, uzun qırmızı dilini çıxararaq, ağız-burnunu yalmağa başladı. Qadın isə, sanki otaqda olduğumu unudaraq, itlə əylənməkdə davam edirdi. Bu dəmlərdə onun eyni açılmışdı, bayaqkı qaş-qabağlı adam deyildi, elə bil. It də, qadının ona göstərdiyi nəvazişdən şellənərək, o böyrü-bu böyrü üstə aşaraq, sahibinin əllərini yalayırdı. - Oğlumun beş yaşı var. Amma yaman qocalıb, - deyə o, xəfifcə gülümsədi. Onun gulumsəməsi acıqlı sifətini açmaq əvəzinə, bir az da qeyizləndirdi. Sanki o, heç ömründə gülməmişdi. Qadın bir azdan ayağa qalxıb əvvəlki yerinə qayıtdı və əllərini qoynunda çarpazlayaraq, gözlərini bir nöqtəyə dikib qaldı. Sakitcə oturub ona tamaşa edirdim. Gözləyirdim ki, hər şeyi özü danışsın. O isə tələsmirdi. Fikirlərini bir yerə toparlamaq üçün, sanki uzun-uzadı vaxt lazım gəlirdi ona. Nəhayət ki, dilləndi: - … O günü axşam saat onda həyat yoldaşım canhövüllü evə daxil olub: - «Tez ol, yığış, düşmənlər şəhəri tutublar!» - dedi. - Sonra beşikdə yatmış üç aylıq oğlumuzu da qucağına götürərək, məni tələsdirdi. Bu xəbər nə qədər dəhşətli olsa da, məni qorxutmadı. Ona görə ki, iki ildən artıq idi şəhərin əhalisi top və mərmi səsinə öyrəşmişdilər. Bu müddət ərzində şəhərin əli silah tutan kişiləri düşmənlə üz-üzə, göz-gözə səngərlərdə vuruşurdular. Son bir ayda isə şəhərin düşmənlər tərəfindən tutulacağı barədə şaiyələr dolaşmaqda idi. Mən tez yır-yığış etməyə başladım. Ərim məni tələsdirirdi: -Tez ol, heç nə götürmə, piyada gedəcəyik! – deyirdi. Kiçik bir bağlama və uşağın geyim əşyalarını götürüb evimizi tərk etdik. Şəhərin cənub istiqamətində əsil döyüşlər gedirdi. Gecənin qaranlğını yarıb keçən mərmilərin uğultusu, az keçməmiş partlayaraq ətrafı lərzəyə salırdı. Hər tərəfdən od-alov yüksəlirdi. Insanlar şəhərin qərb istiqamətindəki şosse yoluna tərəf axışırdılar. Oradan şəhəri tərk edib, işğal olunmamış ərazilərə çıxmağı zənn edirdilər. Həyat yoldaşım qolumdan tutaraq, məni əks istiqamətə çəkib: - Indi bu dəqiqə oranı bombalayacaqlar! - dedi. Doğurdan da, az keçməmiş şosse yolunun ətrafını güclü top atəşinə tutdular. Insanlar pərən-pərən olub, ətrafa səpələndilər. Canımda dəhşətli bir vahimə dolaşdı. Deyəsən, yavaş-yavaş qorxmağa başlayırdım. … Yaz yenicə girsə də, hava bərk soyuq idi. Tələsdiyimdən əyinimə qalın paltar geynməmişdim. Bir tərəfdən havanın soyuqluğu, digər tərəfdən də ətrafdakı müdhiş və qorxunc səs-küy, bədənimi əsim-əsim əsdirirdi. Atılan mərmilər dirəkləri aşırdığından, şəhərə gələn elektirik xətti də kəsilmişdi. Buna baxmayaraq, göy üzü aylı-ulduzlu olduğuna görə, ətraf aydınca görünürdü. Ərim bir əlində oğlumuz Ruslanı tutaraq bağrına basmış, digər əlində də avtomat silahı qabaqda irəliləyirdi. O, elə sürətlə gedirdi ki, mən onun arxasınca, ancaq qaçmalı olurdum. Arada da dönüb mənə təskinlik verərək, canımdakı qorxunu çıxarmağa çalışırdı. - Qorxma, bu tərəflər sakitlikdir. – deyirdi. - Şəhərin girişindəki körpünü keçsək, daha bizə zaval yoxdur. - Bircə ora çatsaydıq, - deyə o, tövşüyə-tövşüyə irəliləyirdi. Oğlumuz bu qaçdı-qovduda sərsəm olmuşdu. Uşaq elə hey qışqırırdı. Onu sakitləşdirmək mümkün olmurdu. Uşağı ərimin qucağından alıb, sinəmə sıxdım. O, bir azca kiridi. Elə bu vaxt camaatın axışdığı şosse yolundan bərk qışqırıq eşidilməyə başladı. Deyəsən, ora qaçışan insanlar düşmən mühasirəsinə düşmüşdülər. Topların, mərmilərin səsini indi avtomat silahlardan atılan güllələrin səsi əvəz etmişdi. Bir yandan da, qadınların, uşaqların səsi aləmi başına götürmüşdü. Biz körpüyə yaxınlaşırdıq. Birdən ərim dayanaraq yerə çökdü və işarə etdi ki, mən də oturum. Uşağı bağrıma basaraq dizə çökdüm. Ərimin arxasında olduğum üçün qabaqda nələrin baş verdiyindən xəbərsiz idim. O, dönüb pıçıltıyla qulağıma dedi: - Görürsən, körpünün girəcəyində düşmən hərbi maşını dayanıb. Ehtiyatlı ol ki, uşaq ağlamasın. - Özünü də tox tut, qorxma, hər şey yaxşı olacaq. Sonra məni ürəkləndirmək üçün bir az bərkdən: - Analarını ağlar qoyacam onların! - dedi. Ərim zabit idi. On il rus ordusunda kapitan rutbəsində xidmət etmişdi. Döyüşlər başlayandan sonra, vətənə dönüb könüllülərdən ibarət partizan dəstəsi yaratmışdı. Bir neçə ay bundan qabaq ona mayor rütbəsi verilmişdi. O, yaxşı atıcı idi, bütün silah növlərindən başı çıxırdı. Düşmənlər onun başına çoxlu pul ayırmışdılar. Ərim bir az həyacanlı idi. Bu da yəqin ki, oğlumla mənə görə idi. Uşaq kirimişcə yatırdı. Narahat olub, ayılmaması üçün qucağımda onu bir az da rahatladım. Əslində, oğlum çox sakit uşaq idi. Qarnını doyuzdurandan sonra günlərlə yatardı. Bir də üç aylıq uşaqdı da, onun yatmaqdan başqa nə işi ola bilərdi. Göy üzü açıq olduğuna görə, körpüdəki hərbi maşın və maşının qarşısında dayanmış əli silahlı iki əsgər aydınca görünürdülər. Ərimin qulağına, hərbi maşının qarşısında gördüyüm əsgərləri deyəndə, o, barmağını dodaqlarının üstünə qoyub, mənə susmaq işarəsi verdi. Mən başımı onun kürəyinə dayayaraq, bu qorxulu anın ötüb keçməsini gözləyirdim. Ərim sakit və təmkinli görünməyə çalışırdı. Onun əsil hərbiçi olduğunu indi anlayırdım. Bir azdan o, başını mənə tərəf əyib yavaşca: - Onlar üç nəfərdilər, görürsən? - Biri də maşının içindəymiş. Mən hərbi maşina tərəf boylandım. Maşının üstündə qoyulmuş plamyotun arxasında dayanmış hərbiçi, bir azdan sağa, sola yaylım atəşi açmağa başladı. Aramızdakı yüz, yüz əlli metr məsafədən şaqqıldayan plamyotun səsi, bizim hər üçümüzü diksindirdi. Oğlumuz da qorxaraq yuxudan ayıldı və ayılan kimi də ağlamağa başladı. Mən uşağı sinəmə sıxıb, onu əmizdirməyə başladım. O tezcə də kiridi. Bu vaxt ərim məni silkələyərək, sanki yuxudan ayıldırmış kimi pıçıldadı: - Körpüyə yaxınlaşmaq lazımdır. Yavaş-yavaş arxamca gəl. O bunu deyib əyilə-əyilə kol-kosun arasıyla aşağı tərəfə endi. Mən də addımbaaddım onun arxasıncı yeriyirdim. Qorxudan uşağı sinəmdən ayırmamışdım. Körpə də, dünyadan xəbərsiz halda qarnını doyurmaqda davam edirdi. Körpüyə lap yaxınlaşmışdıq. Artıq onlarla bizim aramızda otuz-qırx metr məsafə ola, olmayaydı. Ərim avtomat silahını çiynindən aşırıb, düşmən əsgərlərinə tərəf tuşladı. Mən onun nə edəcəyini anlamadığımdan, əlimlə ehmalca onun çiyninə toxundum. O, başını mənə tərəf çevirib, güclə eşidiləcək səslə: - Uşağın qulaqlarını möhkəmcə qapa! – dedi. Ondan nə isə soruşmağın və ya göstəriş verməyin mənasız olduğunu anlayaraq, dediklərinə sözsüz əməl etməliydim. Odur ki, başımdakı yaylığı açıb, əlimdə dürgələdim və möhkəmcə uşağın sifətinə basdım. Özüm də gözlərimi yumaraq, başımı ərimin kürəyinə söykədim. Gözləyirdim ki, elə bu dəqiqə atəş açılacaqdır. Amma atəş açılmadı. Bir müddət beləcə səkdi-səkdidə gözlədim. Niyə görə onun atəş açmadığını anlaya bilmirdim. Eləcə, gözlərim yumulu halda bu dəqiqə atəş səslərindən diksinəcəyimi zənn edirdim. Bu vaxt bunları düşündüyüm anda atəş səsləri eşidildi. Atəş açan ərim yox, düşmənlər idi. Hərbi maşından yenə də sağa-sola güllələr vıyıldayırdı. Ərim, elə bil düşmənlərin atəş açmasını gözləyirdi. O, üç dəfə atəş açdı. Bunu həm avtomatın səsindən, həm də başımın üç dəfə möhkəmcə silkələnməsindən hiss etdim. Ərimin atəş açmasıyla, qarşı tərəfin susması bir an oldu. Mən hələ də gözlərimi yumaraq, əlimdəki yaylığı uşağın üzünə basmaqda davam edirdim. Elə bu vaxt ərim dönərək məni qucaqladı və: - Gördün, Səidə, sənə demədimmi onların analarını ağladacağam? - Bax üçünü də gəbərtdim. Onun dediklərinə inanmağım gəlmirdi. Gözlərimi açıb körpüyə tərəf boylandım. Nə maşının üstə, nə də ki, qarşısında heç kəs gözümə dəymədi. Sevincimdən ağlaya-ağlaya: - Əli, doğurdanmı onları vurdun?! – soruşdum. -Vurdun nədi, analarını lap mələr qoydum! - deyə o, uşaqla birlikdə qucaqlayıb məni bağrına basdı. Sonra nə fikirləşdisə, tez məni özündən aralayıb soruşdu: - Səidə, uşağın səsi gəlmir, boğulub elər e… Sanki yuxudaymış kimi diksindim. Yadıma düşdü ki, hələ də yaylığı tifil balamın üzündən götürməmişəm. Yaylığı götürən kimi uşaq qucağımda çırpındı və bir-iki ağız bərkdən qışqırdı. Sonra səsini udub kiridi. Ay işığında uşağın gözləri tələyə düşmüş siçanın gözləri kimi parıldayırdı. - Az qalmışdı ha, səni öldürüm, - deyə, pıçıldadım və uşağın üz-gözündən öpməyə başladım. Körpə isə balaca, toppuş əllərini düyünləyərək, gözlərini ova-ova gərnəşirdi. Yazıq uşağın yuxusunun vaxtı keçirdi. Ərimin qərarını gözləyərək, heç nə barədə fikirləşmirdim. Hər şey ondan aslıydı. Əgər o desəydi, - al bu silahla özünə və körpənə atəş aç, sözsüz onun əmrinə tabe olub, özümü və körpəmi qətlə yetirməyə hazır idim. Ərim isə susurdu. Susmağıyla yanaşı hiss edirdim ki, o, sakitcə ətrafı dinləyir. Arada, uzaqdan eşidilən avtomat səsləri gecənin sakitliyini pozurdu. Ərim bir azdan ayağa qalxdı. Sonra mənim də qolumdan tutub ayağa qaldırdı və uşağı qucağımdan alaraq, körpüyə tərəf irəlilədi. Körpüyə çatıb, hərbi maşının yanından keçdik. Düşmən əsgərlərindən ikisinin meyidi maşının qabağında, biri isə üstündə uzanıb qalmışdı. Ərim onların da avtomatlarını götürərək, çiynindən asdı və oradan uzaqlaşdıq. Gecə yarıydı. Yorğunluqdan qıçlarım bir-birinə dolaşırdı. Yuxusuzluq gözlərimi elə acılaşdırmışdı ki, yeriyə-yeriyə ayaqüstəcə mürgüləyirdim. Xoşbəxtlikdən oğlumuz susurdu. Amma aradabir ağız-burnunu əyib zarımasından ona soyuq olduğunu hiss edirdim. Körpüdən xeyli aralansaq da, hələ də yol gedirdik. Çökəklikdən yuxarı qalxdıqca, şəhərdən görünən od-alovun işığı, sanki böyük bir ərazinin oda qalandığından xəbər verirdi. Şəhərin bu vəziyyəti hər ikimizin ürəyini ağrıtdı. Diş-dırnaqla qurduğumuz ev-eşiyin bir anın içndəcə darmadağın edilməsiylə heç cür barışa bilmirdik. Bu heç mümkün də deyildi. Əli keçib getdiyimiz yolu, kol-kəsəyi yaxşı tanıyırdı. Ona görə də, hara gedəcəyimizi ondan soruşmaq ağlıma belə gəlmirdi. Bircə onu fikirləşirdim ki, hara gediriksə gedək, ancaq sağ, salamat olaq. Havanın soyuqluğu isə iliyə işləyirdi. Səhərə yaxın olduğundan havada duman-çən vardı. Dumanqarışıq şeh damcıları adamın üzünü dalayırdı. Otların üstü də şehlə örtülmüşdü. Bir addım da olsun yeriməyə taqətim qalmamışdı. Tərslikdən, ayaqqabılarımın altı da qopub düşdüyündən, ayaqlarım suyun isindəydi. Dizlərimdən başlayan gizilti başıma vururudu. Ərimin çiyinlərindən asılı vəziyyətdə qalmışdım. O da yorulub, əldən düşmüşdü. Yorğunluğunu gizlətməyə çalışsa da, nəfəsini çiyinlərindən aldığını hiss edirdim. Bir qolunun üstə uşaq, digər əlində də üç avtomat silahı daşıyan adamın vəziyyəti necə olmalıydı bəs?! Hələ, bir yandan da mən ona yük olmuşdum. Arada mənə təskinlik vermək üçün deyirdi: - Bir az da özünü toxtaq tut, çatırıq. Sonra döyunca yatıb dincələrik. Hara olursa olsun, bir azca oturub dincimi almaq istəyirdim. Lap suyun, palçığın içi də olsa belə. Ərimin sözləri məni o qədər sakitləşdirirdi ki… Onun sözlərindən sonra qıçlarıma, elə bil qüvvət gəlirdi. Amma bir-iki addım atandan sonra yenə də yorulub əldən düşürdüm. Qarşıda uzanıb gedən üzüm bağları görünürdü. Sıralanan beton dirəklər, səf-səf düzülmüş əsgərlərə bənzəyirdi. Bir az aralıda balaca bir koma gözə dəyirdi. Yəqin ki, bu üzüm yetişən ərəfədə gözətçinin istifadə etdiyi koma idi. Ehtiyatla komaya yaxınlaşırdıq. Birdən komanın içində bərk şaqqıltı qopdu. Ərim tez avtomatını çiynindən aşırdı. Sonra o gülümsəyərək: - Lənətə gələsən! - deyə o, əlini dizinə çırparaq, qaçan dovşanı göstərib - Yaman qorxutdu bizi – dedi. Komaya girdik. Komanın içi isti idi. Soyuq eşikdən içəri girən kimi beynimi yuxu elə çulğaladı ki, bir an da olsun ayaq üstə dayana bilməyib, quru küləşin üstünə çökdüm. Uzanan kimi yuxu məni apardı. Elə bil qulağımın dibindən daşla vurmuşdular, nə qədər yatdığımı bilmədim. Sanki min ilin yorğunluğunu canımdan çıxarırdım. Əgər körpəm ağlayıb, məni yuxudan oyatmasaydı, yəqin ki, hələ bu tezlikə oyanmayacaqdım. Gözlərimi açıb bir qədər duruxub qaldım. Əvvəlcə harada olduğumu kəsdirə bilmədim. Dəli adamlar kimi yan-yörəmə boylandım. Komanın bir küncündə, silahını sinəsinə basaraq yuxulamış ərimi, bir də böyürümdə ağlayan körpəni görəndə, olub-keçənləri xatırladım. Yuxudan ayılasan və birdən-birə düşdüyün bədbəxtliklə üz-üzə qalasan, adama gör necə dəhşətli gəlir. Bir anın içində başıma gələnləri xatırladım. Olub-keçənlər o qədər dəhşətli, o qədər ağır idi ki, adam bunları xatırlayanda dünya başına daralırdı. Bircə şeyə sevinirdim, sevinirdüm ki, nə yaxşı ərim, oğlum sağ və salamatdırlar. Mənə təsəlli verən yalnız bir yerdə olmağımız idi. Hava bir qədər işıqlaşmışdı. Yan-yörəni seçmək olurdu. Oğlumu qucağıma götürüb sinəmə basdım. O, ağlamaqda davam edirdi. Bilirdim ki, uşağın yeri yaşdır, bələyini açdım. Gecədən bəri bir dəfə də olsun yeri dəyişdirilməyən oğlum, su içərisindəydi. Əski-üskünün kəsif qoxusu burnumu qıcıqlandırdı. Belə gecələrdə onun yerini, bəlkə üç-dörd dəfə dəyişdirərdim. Evdən çıxarkən uşağın pal-paltarını sahmanlayıb, götürmüşdüm. Onun yerini rahatladım, sonra sinəmə basıb yedizdirməyə başladım. Oğlum yaman acmışdı. Ac qurd kimi canıma elə daraşmışdı ki... Bir azdan o, yenidən yuxuya getdi. Uşağı yanıma, küləşin üstünə qoyub üstünü örtdüm. Özüm də yaman soyuqlamışdım, bədənim sızıldayırdı. Üstümə atıb, bürünməyə bir şey yox idi. Əllərimi qoynuma qoyub, öz-özümə sığındım və bundan sonrakı taleyimiz barədə düşündüm. - Nə edəcəyik, hara gedəcəyik?.. Başımıza bundan sonra nələr gələcək?.. Cavabsız suallar içimi elə ağrıdırdı ki… Ağlıma heç nə sığışmırdı. Hər şeyə heyfslənirdim. Itirdiklərimin hamısı mənə ağır gəlirdi. Evimdə qoyub gəldiyim bir kibrit çöpü də, bu anda mənim ürəyimi ağrıdırdı… Qoyub gəldiyim hər şey üçün burnuun ucu göynəyirdi. Insan əlindəkilərinin qədrini, çox heyif ki, onları itirdikdən sonra anlayırmış. Onda da, nə faydası… Bəlkə də, bu şeylər barədə çox fikirləşəcəkdim. Elə bu vaxt yolun altındakı dərədə beş-altı nəfər əsgər göründü. Mən onları lap aydınca görürdüm. Amma bizim və ya düşmən əsgərləri olduqlarını ayırd etməkdə çətinlik çəkirdim. Ərimi oyatdım və əsgərləri ona göstərib: - Əli, ora bax, orda əsgərlər var! – dedim. O yerindən dik atıldı. Gözlərini ovub, diqqətlə bizdən xeyli uzaqda olan əlisilahlı əsgərlərə baxdı. Onların səslərini eşitsək də, nə dildə danışdıqlarını ayırd etməkdə çətinlik çəkirdik. Əli onlara bir xeyli göz qoyduqdan sonra yavaşca: - Ehtiyatlı ol, düşmənlərdir! - dedi. Sonra mənə ürək-dirək vermək üçün əlavə etdi.: - Özünü tox tut, qorxub eləmə. Bəlkə də, qorxu deyilən o müdhiş varlıq canımda yox idi. Ərimin bu sözlərindən sonra, doğurdan da, qorxmağa başladım. Necə də qorxmayaydım, məgər bizi isti ocağımızdan çöllərə salan, elə bu qorxu hissi deyildimi? Əgər qorxu hissi canımızda dolaşmasaydı, elə ev-eşiyimizdə qaxılıb qalardıq da… Amma necə olsa, ərim yanımdaydı, döyüşçüydü, əlisilahlıydı. Canımdakı qorxunu özümdən uzaqlaşdırmaq üçün ona arxayın olmalıydım. Əlinin sir-sifətində isə zərrə qədər də olsun qorxu hissi görünmürdü. Yəni doğurdanmı, doyüşçülərin hamısı belə olur? - düşündüm. Nə olursa olsun, bu qan-qadanın xatasız sovuşub, keçməsini arzulayırdım. Bilirdim ki, bu dəqiqələrdə Əli lap cəngavər olsa da belə, mən və körpəmiz onun əl-ayağına sarmaşıq kimi sarınmışıq. Bəlkə də o, tək olsaydı, çoxdan öz qərarını verərdi. Əli bir an da olsun gözlərini düşmənlərdən ayırmadan, onların hər bir hərəkətini diqqətlə izləyirdi. Elə bu vaxt xəyalımıza gəlməyən bir hadisə baş verdi. Əsgərlərdən biri çiynindəki silahını aşırıb yanındakı yoldaşlarının birinə verdi və yolun üstünə adlayıb, komaya tərəf qaçmağa başladı. Həmin anda hiss etdik ki, əsgəri komaya tərəf qaçmağa vadar edən, onun komadan ayaqyolu kimi istifadə etmək istəyidir. Çünki o, qaça-qaça belindəki qayışını açırdı. - Əclafın bu işi hardan çıxdı? - deyə, Əli mızıldandı. Əsgər isə biz tərəfə qaçmaqda davam edirdi. Onunla bizim aramızda yüz metrdən də az bir məsafə qalmışdı. Ərim ehmalca əlini çiynimə qoyub dedi: - Səidə, uşağı da götür keç mənim arxama. Qoy, o əclaf girsin komaya, onun əcəli elə burda çatıbdır. Əli elə arxayın danışırdı ki, elə bil komaya tərəf gələn düşmən əsgəri yox, itdən-pişikdən bir şey idi. - Nə olsun əlində silahı yoxdur, bəs o yolda dayanan əsgərləri Əli görmürdümü? - deyə fikirləşdim. Hər halda ağlım bir şey kəsmirdi. Ancaq onu bilirdim ki, Əli düşmən əsgərini komada diri də tutsa, onu öldürsə də, bu hadisə bizimçün yaxşı qurtarmayacaqdır. Bilmirəm, nədənsə ürəyimə belə danmışdı. Düşmən əsgəri bizim on addımlığımızdaydi. Komanın taxta qapısının təpiklə vurulub açılmasıyla, Əlinin əsgərin alnına avtomatın qundağıyla güclü zərbə endirməsi bir anda oldu. Bu elə tez və gözlənilməz baş verdi ki, mən özümə gəlməyə macal tapmamış, əsgərin yerdə çabaladığını gördüm. O elə bircə dəfə; - «O-yyy!…» - deyib, ərimin ayaqları altını yıxıldı. Əsgər başı kəsilmiş cücə kimi yerdə çabalayırdı. Alnından axan qan sir-sifətini görünməz hala salmışdı. Bir azdan onun nəfəsi tamam kəsildi. Əli avtomatının lüləsiylə onun taqətsiz bədənini dürtmələyərək: - Canınız elə bu deyilmi, ay əclaflar, nə xoruzlanırsınız? Məni qan tutmuşdu, ürəyim yamanca bulanırdı. Özümü saxlaya bilməyib, komanın küncünə qusdum. Ərim çiynimə toxunub məni sakitləşdirməyə çalışdı: - Keçib gedər, - dedi, - özünü bir az tox tut. Bu hadisənin üstündən bir qədər vaxt ötdü. Aşağıdan səslər eşidirdik. Əsgərlərdən biri üzünü komaya tərəf tutaraq: - «Qurqen!..» «Qurqen!..» - deyə, qışqırırdı. Bir qədər də keçdi, bu dəfə onlardan biri avtomat silahdan komanın üstündən atəş açdı. Ətrafdakılar bərkdən gülüşdülər. Beləcə, bir az da keçdi. Bu dəfə atəş səsləri çoxaldı. Indi onların hamısı komanın yan-yörəsinə atəş açırdılar. Komadan heç bir səs-səmirin eşidilmədiyini görəndə, onlardan biri iti addımlarla bizə tərəf gəlməyə başladı. Bu bayaqkı hadisənin oxşarı olmayacaqdı, - fikirləşdim. Çünki əsgərin əlində avtomat silahı vardı. Düşüncəmdə yanılmamışdım. Əsgər komaya yaxınlaşarkən sürətini azaldıb, silahını çiynindən aşırdı. Sanki o, baş vermiş hadisədən duyuq düşmüş kimi ehtiyatla davranırdı. Komaya tərəf səkə-səkə gəlməsindən onun nə qədər hiyləgər olduğu bilinirdi. Dönüb Əliyə baxdım. Onun bu dəfə hansı qərar çıxaracağı məni maraqlandırırdı. O da, elə bil mənim ürəyimdən keçənləri duyurmuş kimi: - Deyəsən, onların hamısını ölüm girələyir, - dedi və dizə çöküb avtomat silahını sinəsinə sıxdı. Əsgər komanın bir neçə addımlığında dayanıb, içəri girməyə ehtiyat edirdi. Əslində onun qorxduğunu aydınca sezmək olurdu. Düşmən əsgəri titrək səslə: - «Ey Qurqen!» - deyə səsləndi. Qorxduğu səsinin titrəyişidən də məlum idi. Səs gəlmədiyi tərzdə, əvvəlcə komanın üstündən, sonra da dəmir örtüyünə bir neçə güllə boşaltdı. Səsə qucağımdakı uşaq diksinib ağladı. Əli dönüb bir mənə, bir də qucağımda ağlayan oğlumuza baxdı, sonra astaca: - Başqa çarəmiz yoxdur! – deyib, yalnız bircə güllə ilə əsgəri vurub yerə sərdi. Diqqətlə onun hərəkətlərini izlədiymə görə, güllənin düşmən əsgərinin alnının ortasından necə dəydiyini də, öz gözlərimlə gördüm. Əsgərin heç bir səs çıxartmadan arxası üstə yerə aşması gözlərimin qabağıda oldu. Əli bir an da gözləmədən yoldakı əsgərlərə də atəş açmağa başladı. Bu dəfə o, avtomat silahını sinəsinə basaraq, ayaq üstə atəş açırdı. Həmin anda iki düşmən əsgəri də yerə sərildi. Əks tərəfdən də komanı atəşə tutmuşdular. Demək, onlardan da sağ qalanları varmış. Güllələrin yan-yörəmizdən və başımızın üstündən vıyıltıyla ötüb keçməsi vəziyyətin o qədər də yaxşı olmayacağından xəbər verirdi. Bizim işimiz xeyli çətinləşmişdi. Təpə göz qabağında olduğu üçün biz atəş hədəfindəydik. Düşmən əsgərləri isə gözə dəyməyərək, yolun kənarındakı çökəklikdən atırdılar. Əli körpüdə öldürdüyü düşmən əsgərlərindən götürdüyü avtomatlardan da istifadə edərək, atəş açırdı. Bir azdan yolda bir hərbi maşın göründü. Maşın dayanan kimi içindən əsgərlər tökülərək, yerə uzanıb atəş açdılar. Komanın içndə ağzı üstə uzanmışdıq. Salamat qalmağımıza səbəb də bu idi. Komanın böyür-başının taxtaları güllələrdən qırıq-qırıq olub başımıza səpələnirdi. Bu vəziyyətdə uzun müddət duruş gətirmək ağlıma belə gəlmirdi. Əli daha atəş açmırdı. Onun başını qaldırmağa belə imkanı yox idi. - Deyirəm axı, koma təpənin üstündə oldüğü üçün əliçi kimi görünürdü. Elə bu vaxt yaxınlıqda güclü bir partlayış qopdu. Partlayış dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı. Gözlərimi açanda, Əlini qan içində gördüm. Sağ qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. Yaralı qolundan qan fışqırırdı. Özümü itirdiyim üçün dönub, yerimdəcə qalmışdım. Ağlım başımdan çıxmışdı, nə edəcəyimi bilmirdim. Əli sol əlini yarasının üstünə basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi. Uşağı qucağımdan yerə atıb, onun üstünə yüyürdüm. O, gözlərini bərk-bərk sıxaraq, dişlərini bir-birinə kilidləmişdi. Sifəti ağappaq idı. Bədəninin ayrı-ayrı yerlərindəki qan ləkələri, onun bir-neçə yerdən yaralanmasını göstərirdi. Özümü tamam itirmişdim, qışqırmaqdan başqa bir şey edə bilmirdim. Handan-hana özümə gəlib, götürdüyüm çantadan bir qədər təmiz ağ parça tapıb, onun yaralı qolunu sarımağa çalışdım. Axan qanı saxlamaq mümkün deyildi. Üzülmüş damarlardan qan fışqırırdı. Ərim isə susurdu. Bəlkə də o, ağrıdan qışqırıb, fəryad qoparardı. Amma bizi qorxutmamaq üçün canını dişinə tutub, bir təhər dözürdü. Üst-başım onun qanına bulaşmışdı. Əlinin başını dizimin üstünə qoyub hönkürürdüm. O, nə isə pıçıldayırdı. Dediklərini anlamaq olmurdu, səsi boğazında xırıldayıb, sönürdü. Küləşin üstünə düşüb qalmış uşaq da dayanmadan ağlayırdı. Sanki onun səsini eşitmirdim. Bu dəm mənə hər şeydən əziz Əli idi. Istəyirdim elə bu dəqiqə o, ayağa qalxıb, bizi buradan uzaqlaşdırıb aparsın. Onun ölümü hamımızın ölümü demək idi. Əli isə zarıyırdı. O, nəfəsini çiyinlərindən alırmış kimi tövşüyürdü. Düşmən əsgərləri isə hərəkətə gəlmişdilər. Ətrafa səpələnmiş halda bizə tərəf irəliləyirdilər. Mən onların gəldiyini görüb, ərimin başını dizimin üstündən qovzayaraq: - Əli… Əli… dur də düşmənlər gəlir axı, - deyə qışqırırdım. Onun halı özündə deyildi, taqəti kəsilmək üzrəydi. Sol əlini yavaş-yavaş ətrafında gəzdirərək nə isə axtarırdı. Mən sürünərək ondan bir az aralı düşmüş avtomatını götürdüm və silahı onun əlinə verdim. Əli gözləri yumulu halda silahın dəstəyindən yapışdı. Silahı tutmaq iqtidarında deyildi. Silah onun əlindən buraxılıb yerə düşdü. Düşmənlər lap yaxındaydılar. Artıq aramızda çox az məsafə qalmışdı. Yəqin ki, onlar atəş açan şəxsin öldüyünü, ya da ölümcül yaralandığını hiss etmişdilər. Çünki mənim fəryad qopararaq, ağladığımı görürdülər. Əlinin səsi tamam eşidilməz olmuşdu. Uşaq isə birdüzümə qışqırırdı. Qalmışdım ikisinin arasında, heç bilmirdim ki, hansını ovudum. Mən uşağı qucağıma alıb sinəmə sıxdım. Qorxdum ki, səsini kəsmək üçün onu güllələyərlər. Özüm isə bərkdən qışqırırdım. Qışqırırdım ki, düşmənlər mənə atəş açıb öldürsünlər. Bu anda elə ölmək istəyirdim ki… Amma onların məni öldürmək fikirləri yox idi. On beş nəfərə yaxın düşmən əsgəriydi. Bizi mühasirəyə almışdılar. Onların acıqlı sifətlərini gördükcə, ətim ürpəşirdi. Bu vaxt ürəyimdən qəribə hisslər keçdi. Düşünürdüm ki, elə bu vaxt Əli ayağa qalxıb onlara atəş açacaq, hamısını biçib, yerə sərəcəkdir. Düşmənlər bizim iki-üç addımlığımızda dayansalar da, donub qalmışdılar. Amma çox heyif ki, mənim düşündüklərim əlçatmaz bir xəyal idi. Əlinin bir də ayağa qalxması möcüzə olardı… Güclü bir əlin saçlarımdan yapışıb məni kənara tullayanacan, hələ də, hansısa bir möcüzənin baş verəcəyini gözləyirdim. Qorxu dəhşətli bir hissdir. Artıq indi öz canımın hayındaydım. Kənara düşüb qalmış və ağlamaqdan köyərən uşağın da səsi qulaqlarımda eşidilməz olmuşdu. Düşmənlər ölmüş yoldaşlarının cəsədlərini görəndə bir az da quduzlaşdılar. Onlar Əlinin yaralı və taqətsiz vücudunu dövrəyə almışdılar. Bu vaxt düşmənlərdən biri aşağı əyilib, ərimin solmuş sir-sifətinə diqqətlə nəzər saldı və elə o dəqiqə də bərkdən qışqırdı: - Əlı… Əli… Onlar ərimi tanımışdılar. – Bayaq dedim axı, onun başına çoxlu pul ayrılmışdı, - deyə Səidə, dərindən köks ötürdü. - Onlardan biri çəkməsini Əlinin yaralı qolunun üstünə qoyub tapdadı. Əli güclə eşidiləcək səslə ufuldadı. Sən demə, yazıq hələ ölməyibmiş… … Səidə bir qədər susub başını aşağı saldı. Gözlərindən süzülərək çənəsində yumurlanan, sonra da damcı-damcı döşəmənin üstünə düşən göz yaşlarını görəndə, ona təsəlli vermək üçün, nə isə bir söz demək istədim. Bacarmadım. Nə desəydim belə, onun yaralı ürəyinə məlhəm olası bir təsəlli verə bilməyəcəkdim. Ona görə də, susmağı qərara aldım. Bir qədər də keçdi, Səidə kirimək bilmirdi. Elə bil onun bütün keçmiş xatirələri oyanmışdı. Nəzərlərimi ondan çəkmirdim. Mənə elə gəlirdi ki, ona qarşı diqqətsiz olduğuma görə, elə bu dəqiqə evi tərk etməyimi, buradan çıxıb getməyimi tələb edəcəkdi. Bir azdan o, göz yaşlarını silib udqundu. … - Həmin dəstənin komandiri olan zabit qayışına keçirtdiyi iri və əyridəstəkli bıçağını çıxarıb Əlinin xirtdəyinə dirədi, - deyə Səidə, söhbətinə davam etməyə başladı. - Çox soyuqqanlılıqla onun başını kəsdi. Sonra qanlı başı yuxarı qaldıraraq gülə-gülə yanındakılara nə isə dedi. Onun dediyi; - «dollar…», «dollar…» kəlməsindən başa düşdüm ki, ərimin başı üçün ayrılmış pulu almaq üçün sübut olaraq başını kəsiblər. Əlinin başı kəsiləndə də ölməmişdi. Başı bədənindən üzüləndən sonra, o yerdə çabalamağa başladı. Onun çabalamağı…. Səidə sözünü tamamlaya bilmədi. Sonra üzünü mənə tutub iniltili səslə: - Sənə qəribə gəlir, yəqin mənim belə sakit danışmağım, elə deyilmi? - Fikrləşirsən ki, bu qadının ürəyi daşdandı, nədi? - Əslində belə deyil, - deyə o, məndən cavab gözləmədən sözünə davam etdi. - Sonradan başıma elə müsibətlər gətirdilər ki, bütün olub-keçənlərə, bax beləcə dözərək yaşadım. Insan qəribə varlıqmış. Onun qəribəliyi ondadır ki, o, həm baş kəsəndir, həm də başı kəsilən. Həm zülm edəndir, həm də zülm edilən. Fərqi yoxdur bunu kim edir. Bircə o məlumdur ki, bunu edən «insan» adlı məxluqdur. Bir də qəribəsi odur ki, biz hər hansı dəhşətli bir hadisəni duyan zaman qorxu hissi keçiririk. Onu yaşayan zaman isə bu qorxu hissi bizi tərk edib gedir. Biz ona öyrəşirik. Ona görə, nə qədər dəhşətli olsa da, mən o hadisələri yaşamışam. Bu olub keçənlər mənə müdhiş bir həyat hadisəsi kimi gəlirdi. Amma hiss edirəm ki, bu danışdıqlarım sənin üçün çox qorxuludur. Elə başqaları üçün də. Ona görə ki, siz bu hadisələri, sadəcə olaraq duyursunuz, amma yaşamamısınız. Başımın işarəsiylə onun sözlərini təsdiqlədim. … - Qucağımdakı uşaq, elə bil olub-keçmişləri duyurmuş kimi bərkdən qışqıraraq, fəryad qoparırdı. Nə bilim, bəlkə də atasının başının kəsilməsi ona əyan olmuşdu. Mənim ağlım üstündə deyildi, elə bil havalanmışdım. Yanımdakıların yırtıcı düşmən olduqlarını da sanki unutmuşdum. Onlar mənim qolumdan tutub, yolda dayanmış maşina tərəf aparanda da, yanlarınca sərbəstcə addımlayırdım. Arada da dönüb geriyə boylanırdım. Oradan uzaqlaşdıqca, Əlinin başsız bədəninin torpaq üzərində ged-gedə kiçildiyini görürdüm. Böyürümcə yeriyən əsgərin əlindəki torbada isə, ərimin qanlı başı yırğalanırdı… Qəribə idi, mən o kəsilmiş başa baxıb, bir azca da olsa təsəlli tapırdım. Təsəllim də o idi ki, Əli bizim yanımızdaydı… Düşmənlər ölmüş əsgərlərinin də meyidini maşina yüklədilər. Onların sayı beş nəfər idi. Əlavə üç meyid də maşında var idi. Bunlar da axşam körpünün yanında güllələnmiş əsgərlər idi. Məni maşının yük yerində, əsgərlərlə birgə oturmağa məcbur etdilər. Əsgərlər mənimlə adi bir əşya kimi davranırdılar. Mən cansız bir taxta parçasına dönmüşdüm onların əhatəsində. Uşaq da bu basırıqda, elə bil dəlicə olmuşdu, hey qışqırırdı. Onlardan biri böyürümü dürtmələyərək, məni başa saldı ki, uşagın səsini kəsim. Mən isə ona fikir verməyərək susub qalmışdım. Həmin əsgər arxadan əl atıb yaxamı açdı və bir az da bərkdən qışqıraraq: - Eşitmirsən? – dedi. - Yedirt küçüyünü!.. Yoxsça onu başqa şeylə doyuzdurarıq. Mən uşağı sinəmə sıxsam da, onların yanında oğlumu yedizdirməyi özümə sığışdırmadım. Bu hərəkətim düşmən əsgərinin acığına gəldi. O, torbadan ərimin qanlı başını çıxarıb, ağlayan oğlumun başının üstündə saxladı və gülə-gülə: - Ağlama, bax, xoxan gəlib səni yeyər! - dedi. Ətim ürpəşdi, qorxudan bədənim əsməyə başladı. Uşaq isə ağlamaqda davam edirdi. Əsgər bu dəfə kəsilmş başın saçlarından yapışıb, uşağın geniş açılmış ağzına yaxınlaşdırdı və başdan süzülən laxtalanmış qanı uşağın ağzına axıtdı. Körpə ağzına tökülən qanı acgözlülüklə soraraq, səsini kəsdi. Əsgər elədiklərini yoldaşları da görsün deyə: - Görürsünüz, bu vəhşiləri?.. – dedi. - Oğul atasının qanını içir. - Tfu, sizə türklər!.. - Siz nə murdar həşaratlarsınız! - dedi. Mən üzümü yana çevirərək, əlimin arxasıyla ərimin başını kənara itələdim. Əlim bum-buz olmuş qanlı başa dəyən kimi bədənimdən kizilti keçdi. Ürəyim sıxıldı. Qollarımın taqəti çəkildi. Uşaq qucağımdan diyirlənərək, əsgərlərin ayaqları altına düşdü. Əsgərlər mənim heysiz bədənimə ac qurd kimi daraşmışdılar. Məni ölmüş heyvan cəsədi kimi hərə bir yerə dartışdırırdı. Bu vəşhilər, elə bil diri-diri parçalayıb, yemək istəyirdilər məni. Elə bu vaxt maşın dayandı. Kabinədəki zabit yuxarı boylanıb dedi: - Nədi, deyəsən aranızda bölə bilmirsiniz? Axı, siz çox, o isə təkdir. - Elə isə ötürün, qoy gəlsin mənim yanıma. - Bir qəhbədən sarı, bir-birinizlə dava-dalaş salıb, aranızı vurmayın. - Siz ki, ermənisiniz, belə şeylər sizə yaramaz! - Bir də ki, o, əliuşaqlı qadındır, onun yeri qabaqkı sıralarda olmalıdır. Məgər bunları sizə məktəbdə öyrətməyiblər? – deyə o, qəh-qəhə çəkib güldü. Zabit məni maşının yük yerindən salıb, kabinədə, öz yanında əyləşdirdi. Bura isti və rahat olsa da, zabitin dinc durmayan əli, bir an da olsun mənə sakitlik vermirdi… Gəlib bir qəsəbəyə çatdıq. Maşından yerə düşməyə taqətim qalmamışdı. Bir yandan çəkdiyim müsibətlər, digər tərəfdən də gecədən bəri ac-susuz qalmağım tamam taqətdən salmışdı məni. Qucağımdakı uşaq da yaman narahat idi. Bir dəqiqə də olsun sakitləşməyərək, ağlayırdı. Zabit işarə etdi ki, maşından düşüm. Ayaqlarım keyləşdiyindən, mənə elə gəldi ki, yerə düşən kimi yıxılacağam. Bir qədər gözlədim ki, ayaqlarımın keyi açılsın. Elə bu vaxt sürücü kürəyimə necə bir təpik vurdusa, uşaq qucağımda ağzıüstə torpağa sərələndim. Ətrafdakılar gülüşdülər. Məni əsgər kazarmasına aparıb, ayrıca bir otağa saldılar. Əvvəlcə yemək gətirdilər. Heç nəyə əl vurmadım. Acından ürəyim sivrilsə də, yemək istəmirdim. Bu həngamədən sonra yeməkmi boğazımdan keçərdi? Amma məni məcbur edirdilər ki, bir şey yeyim. Stəkana şəkər salıb qarışdırdım, sonra nəlbəkiyə töküb uşağa içirtdim. Halsızlıqdan ürəyim bulanırdı. Başımı stola dayayıb bir qədər sakitləşmək istəyirdim. Başıma gələn müsibətlər az qalırdı ki, dəli etsin məni. Oğlum isə elə hey zarıyırdı. Ona qulaq asası halım qalmamışdı. Canımdan artıq sevdiyim ciyərparam, sanki gözümdən düşmüşdü. Dürüb sakitcə ona baxırdım. O, yumuruqlarını düyünləyərək qulaqlarına sıxmış və başını sağa-sola fırladaraq qışqırırdı. Nə edəcəyim barədə fikirləşirdim. Bilirdim ki, sağ qalsam bu vicdansızlar başıma ağlagəlməz müsibətlər gətirəcəklər. Çünki mən həm zabit arvadıydım, həm də biz tutulan zaman ərim onlardan xeyli adam öldürmüşdü. Bir də ki, məni aparıb yuxarı başda oturmayacaqdılar ki… Bilmirdim özümə necə qəsd edim? Necə edim ki, özümü öldürə bilim? Gözlərimi otağın hər bir yerinə gəzdirib, nə isə axtarırdım. Əslində özümü asmaq üçün bir yer gəzirdim. Amma necə? Adamın özünə qəsd etməyin də bir arxayın vaxtı, vədəsi varmış, sən demə. Mən bədbəxtə bu arxayınçılığı da tanrı çox görmüşdü. Özümü öldürmək üçün hardan tapacaqdım, ipi, qarmağı ki, özümü asa bilim. Günortaya az qalmış məni buraya salan düşmən zabiti qucaqdolusu bağlamayla otağa girdi. Kefi yaman kök idi. Öz-özünə mızıldanaraq, nə isə züm-zümə edirdi. Əlindəkiləri stolun üstünə düzdü, yemək-içmək idi. O dəqiqə anladım ki, bu yemək-içmək mənim başıma oyun açacaqdır. Bayaqdan heç olmasa sakitcə qaxılıb oturmuşdum yerimdə. Indi dərdlərimlə baş-başa qaldığım bir vaxtda onlar məni yedirib-içirməyə çalışacaqdılar. Sonra da, allah bilir başıma hansı oyunlar açacaqdılar. Bilirdim… Bilirdim bu əclafların işini. Bundan artıq onlardan nə gözləmək olardı? – Gör, başıma nə oyunlar gəlir, tanrım? - dedim. - Belə də dərd olar? – Yalvarıb, yaxarımmı onlara? – düşündüm. - Düşümmü bu zabitin ayaqlarına? Ağlayıb, sıtxasaydım rəhmləri gələcəkdimi mənə?! Buraxacaqdılarmı məni görəsən? Nə qədər ağır da olsa, körpəmi ləyaqətimə qurban verməyə hazır idim. Istəyirdim, uşağımı götürsünlər, lap onu öldürsünlər, amma buraxsınlar məni. Təki, ərimin ruhu qarşısında alçatmasınlar, təhqir etməsinlər məni. Stol hazır olanda, zabit qolumdan tutub, stol arxasında oturtdu və özü də mənimlə qarşı-qarşıya əyləşdi. O, bizim dildə güclə danışırdı. Danışdığı sözlərin də çoxu söyüş idi. Məni məcbur edirdi ki, bir şey yeyim. Mən isə ona anlatmaq istəyirdim ki, yemək istəmirəm. Zabit stulunu çəkib yanımda əyləşdi və qolunu çiynimə qoyub, məni özünə sıxdı. Ömrümdə ilk dəfə idi ki, yad bir kişinin nəfəsini bu qədər yaxından hiss edirdim. Dəhşətlisi də burasındaydı ki, bu düşmənim olan bir adamın nəfəsiydi. Hansı ki, bir az bundan qabaq onun əli ərimin qanına bulaşmışdı. Indi bu əl mənim namusuma uzanırdı… Stoldan dik qalxdım. Bu elə ani baş verdi ki, zabit də qorxaraq, yerindən qalxdı və tez əlini belindəki tapançasına atdı. Mən onun ayaqlarına düşüb, yalvarırdım. Yalvarırdım ki, bəlkə onun daş ürəyini göz yaşlarımla yumuşalda bildim. Namusumu qorumaq üçün onun çəkmələrini də öpməyə hazır idim, təki o, məni sakit buraxaydı. Əgər bunlar baş versəydi, mən ərimin ölümünü də, ev-eşiyimin viran olmasını da bağışlayıb, halal edəcəkdim onlara. Amma mən düşündüyüm kimi də, düşmən axmaq deyilmiş. O, qolumdan tutub məni ayağa qaldırdı və ağzını qulağıma tutub çox axmaq bir təklif söylədi. Bu təklifə razılıq verəcəyim halda məni buraxacağına söz verirdi. Məni düşmənlərimdən qorxudan namusumun, şərəfimin təmizliyi idi. Mən bunlara görə onlardan çəkinirdim. Namus, şərəfim ləkələnəndən sonra neynirdim quruca canı ki, onun üstündə bu qədər əsim. Başımı bulayıb, onun təklifini qəti şəkildə rədd etməyimlə, sifətimə dəyən güclü zərbə eyni vaxta düşüdü. Səndələyib, divara çırpıldım. Sanki üzümə vurulan zərbə düşmən əlində əsir olduğumu anlatdı mənə. Və düşmənin mənə heç vəclə güzəştə getməyəcəyini ürəyimdə yəqinləşdirdim. Odur ki, stolun üstündəki araq butulkalarından birini götürüb, var gücümlə düşmən zabitinə tərəf tolazladım. Zabit özünü divara tərəf sıxdı. Butulka onun dirsəyini tutdu. O, gözlərini sıxıb elə bağırdı ki, sanki ətini maqqaşla tutub qopartdılar. Zabit ufuldaya-ufuldaya üstümə yeridi. Ikinci butulkanı da götürüb ona tərəf atdım. Bu dəfəki butulka onun başının üstündən ötüb divara dəyərək, çilik-çilik olub ətrafa səpələndi. Zabit üstümə atılıb başıma güclü bir yumruq ilişdirdi. Gözlərim qaranlıq çaldı. Ayaq üstə dayana bilməyib, döşəmənin üstünə yıxıldım. Dizə çöküb üzümə bir-iki şillə də ilişdidi. Şillələrin zərbi o qədər ağır idi ki, sifətim bir anın içində şişərək kündəyə dönmüşdü. Halsız halda yerdə uzanıb qalmışdım. Zabit ona təslim olduğumu zənn edərək, məni soyundurmağa çalışdı. Ona müqavimət göstərərk əl-qol atırdım. Özümü qorumaq üçün vəhşi pişiyə dönmüşdüm. Zabitin sir-sifətini dırnaqlarımla didik-didik edib, parçaladım. Onun üz-gözü al qanın içindəydi. Burnunun dərisi qopub sallanırdı. Döşəməyə damcılanan qan onu hövsələdən çıxartmışdı. Ayağa qalxıb haram gəldi təpiklə vururdu. Ağır çəkmələrinin zərbəsi bütün bədənimi keyiəşdirmişdi. Ağrıdan canım boğazıma yığılmışdı. O isə yaralı qaban kimi fınxıraraq, məni döyməkdə davam edirdi. Hay-küyə bir neçə düşmən əsgəri də qapıda göründü. Onlar zabitin məni təpikləməsinə kinoya baxırmışlar kimi tamaşa edirdilər. Zabit yorulub əldən düşəndən sonra qapıya tərəf döndü. Qapıdakılar onun sir-sifətinin al-qana boyanmasını görüb, gülməyə başladılar. Zabit onlardan ikisini otağa saldı və qalanlarını da qovub qapını içəridən bağladı. Onlara nə dedisə, əsgərlərdən hərəsi bir qolumu döşəməyə sıxıb, saxladı. Zabitin niyyətini başa düşdüyümə görə, var gücümlə özümü döşəməyə çırpıb, qışqırmağa başladım. Səsmə uşaq da yuxudan ayılıb, ağladı. O, nə mənim, nə də uşağın qışqırtısına məhəl qoymayaraq, əclaflığını etdi… Bayıra çıxarkən əsgərlərə nə isə deyib, qapını çöldən kilidlədi. Mənim taqətsiz bədənim, dəyərsiz bir əşya kimi əsgərlər arasında əldən-ələ ötürüldükcə, üzümü əllərimlə qapamışdım ki, gözlərim oğlumun üzünə sataşmasın. Oğlum isə dayanmadan qışqıraraq anasının namusuna təcavüz edənlərə qarşı, sanki öz etirazını bildirirdi… Bir azdan əsgərlər də məndən əl çəkərək otağı tərk edib getdilər. Daha ağlamırdım. Qorxu hissi də məni tərk edib getmişdi. Bir də nədən qorxacaqdım ki?.. Qorxduğum, təkcə namusum idu, onu da ayaqlar altına atdılar... Tüpürdülər hər şeyə… Uzandığım yerdən, zorla da olsa dirsəklənib, ağlayan oğlumu götürüb sinəmə basdım. Məqsədim onu yedizdirmək idi. Istəyirdim ki, onu əmizdirib, sakitləşdirim. Uşaq heç vəclə əmmək istəmirdi. Çox çalışdım, amma mümükün olmadı. Birdən, havalanmış adamlar kimi uşağı qucağımdan götürüb döşəməyə çırpdım və ağlaya-ağlaya: - Bəs mən nə etməliydim, hə?!.. – dedim. Bir müddət beləcə susub qaldım. Otağın bir küncünə düşüb qalmış uşağın qışqırmaqdan sir-sifəti göyərmişdi. Ona yazığım gəlsə də, qucağıma götürmək istəmirdim. Istəyirdim, qışqırıb-qışqırıb sonra da ürəyi partlayıb ölsün. O yaşasaydı, mənim ölümümə mane olacaqdı. Ona görə özümü öldürməyə əlim gəlməyəcəkdi. Ayağa qalxmaq istədim, taqətim çatmadı, sümüklərim sızıldayırdı. Qarnımdakı sancılar başıma vururdu. Ləyaqətimin korlanmasıyla heç cür barışa bilmirdim. Heç cür özümə təsəlli verə bilmirdim ki, burada mənim heç bir günahım yoxdur. Insan düşdüyü hər hansı bir bəlada, özünü azacıq da olsa, toxtatmaq üçün bir səbəb axtarır. Mən isə ləyaqətimin tapdanması, insanlığımın və qadınlığımın alçaldılması üçün bir səbəb tapa bilmirdim. - Nəydi günahım? - fikirləşirdim. Ərimin ölümünə, onun başının kəsilməsinə acıyırdım, ağrıyırdım, yanırdı ürəyimin başı. Amma fikirləşirdim ki, ərim zabit idi, döyüşdə onlarla düşmən əsgəri öldürmüşdü. Onlara çoxlu itki vermişdi. Buna görə də, o, əsir götürülən kimi başını kəsdilər. - Demək, günahı vardi ki, rəhm etmədilər, bağışlamadılar onu. - Bəs mən?! Mən ki, köməksiz, əlacsız bir qadın idim. Mənim günahım nə idi? Əgər ərimə görə məni cəzalandırırdılarsa, bəs onda insanlıq, haqq-ədalət harda qalırdı? -Yox, bunlarkı nə insanlığa, nə də allahlığa yaraşan bir iş deyildi. Buna ancaq bir ad vermək olardı; - Vəhşilik. Bu işləri ancaq vəhşilər törədə bilərdilər. Güc-bəlayla ayağa qalxdım. Addım atmağa hərəkətim yox idi. Divara söykənib, sanki divar boyu sürünürdüm. Körpə qışqırığını kəsmişdi. Indi onun kəsik-kəsik hıçqırtılarını eşidirdim. Uşaq hıçqırdıqca, qızdırmalı adamlar kimi tövşüyürdü. Ona yaxınlaşıb, dayandım. Əyilib yerdən qaldırmaq istədim, qoxdum. Qorxdum ki, bəlkə heç qucağıma da gəlmək istəmədi. Axı bir müddət bundan qabaq onu əmizdirə bilmədim. Uşaq əmməkdən imtina elədi. Demək, o da məndən iyrənirdi. – «Doğma oğlum anasından iyrənir, - ay allah!..» - deyə için-için ağladım. Ayaq üstə oğluma baxırdım. Onu qucağıma almağa qorxurdum. Istəmirdim onu ləkələnmiş vücdanımın ağuşuna alıb, kirlədim bu məsum körpəni. - Həyatın qəribəliklərinə bax? - düşünürdüm. – Mən körpəmin atasına görə, körpəm də mənə görə əzab çəkirdi. Uşağı qaldırıb qucağıma götürdüm, səsi çıxmırdı. Onu stolun üstünə qoyub, bələyini açdım. Tamam suyun içindəydi. Bədəni pörtülmüş ətə oxşayırdı. Bu çir-çirkabın içində uşaqmı qalardı? Gecələr onu neçə dəfə açıb-bələyərdim. Çirkli əskiləri uşağın altından götürüb, sumkamdakı ehtiyat ağ parçaları onun altına sərdim. Sonra büküb sinəmə saldım ki, yedizdirim. Amma tezcə də, bu fikrimdən daşındım. Uşağı yedizdirməkdən vaz keçdim. Istəmirdim ki, uşağımın canına, qanına, mənim varlığıma höpmuş murdarlıq keçsin. Özümə söz verdim ki, bundan sonra ona it qanı içirərəm, amma südümü heç vaxt əmizdirmərəm… Stolun üstündəki şirəli içkilərdən birini götürüb ağzını açdım və ondan bir qədər stəkana töküb uşağa içirtdim. Bilirdim ki, bu sayaq içkilər körpə uşağa ziyandır. Başqa çarəm yox idi, ana-bala hər şeyə öyrəşməliydik; - daş yeməyə də, ilan zəhəri içməyə də… Bizimki belə gətirmişdi. Biz artıq düşmən əsiri idik… Yeri rahatlanandan sonra, uşaq yuxuya getdi. Mən isə otağın küncünə çəkilib, başımı divara söykəyərək, fikrə getmişdim. Hava qaranlıqlaşırdı. Pəncərədən düşən işığın zəifləməsindən hiss edirdim bunu. Lap uşaq vaxtlarımdan axşamın düşməsindən yaman qorxardım. Anam buna «şər qarışan vaxtı» deyərdi. Deyərdi ki, belə vaxtlarda künc-bucaqda, ağac altında, çay qırağında oturmayın, cin-şeytan olur oralarda. Şər qarışan kimi anam ev-eşiyin işıqlarını yandırardı ki, «cin-şeytan» bizdən uzaq olsunlar. Anamın sözlərin yadıma salıb, xısın-xısın ağladım və ürəyimdə dedim ki; - «Sənə qurban, ay ana, bu cin-şeytanlar sənin o dediklərindən yüz dəfələrlə qorxuludurlar. Bunlar adamın qanını içsələr də gözləri doymur». Aclıqdan gözlərim qaranlıq çalsa da, yeməyə əl vurmurdum. Ürəyim heç nə istəmirdi. Istədiyim bir azca yuxu idi, yatmaq istəyirdim. Otaq tamam qaranlıqlaşmışdı. Bu qaranlıq otaqda mənə həyan duran, bir azca da olsa canımdakı qorxunu uzaqlaşdıran, körpəmin xışıltılı nəfəsi idi. Bu nəfəs bu anlarda mənə elə arxa, elə kömək idi ki… Dirsəklənib, üzümü uşağın üzünə söykədim. Bu qərib və qəlbimin viran olan vaxtındda, əl boyda körpəm və onun nəfəsi mənə necə də həyan dururdu… Nə vaxt yuxuladığımı bilmirəm. Elə bu dəm, uşağın ağlaması məni diksindirdi. Sən demə, üzümü uşağın üzünə söykəyən kimi yuxu məni aparıbmış. Ağırlığım uşağın üzünə düşdüyündən, yazıq balam, dözə bilməyib, haray-həşir qoparıb. Onu sakitləşdirdim. Qaranlıq otaqda əlimi qoynuma qoyub, bundan sonra başıma nələrin gələcəyi barədə düşünürdüm. Elə bu vaxt qapı açıldı. Dəhlizdən otağa düşən işıq seli gözlərimi qamaşdırdı. Qapının ağzında iki hərbi geyimli adam dayanmışdı. Otağın qaranlıq olması, deyəsən onların hər ikisini çaşdırmışdı. Bir qədər gözlədikdən sonra onların biri irəli yeriyib divardakı işığın düyməsini basdı. Otaq işıqlandı. Gələnərdən biri bayaqkı həmin zabit, digəri isə hərbi geyimli sarışın, cavan bir qız idi. Qız otağa girən kimi dəsmalını çıxarıb burnuna tutdu. Yəqin, bayaq dəyişdirdiyim çirkli əski-üskünün iyi ona xoş gəlməmişdi. Otaq bərbad halda idi. Stolun üstündəki tör-töküntü, ətrafa səpələnmiş şüşə qırıntıları gələn xanımın diqqətindən yayınmadı. O, dönüb zabitə nə isə dedi. Zabit başını qaşıyaraq, azca gülümsədi. Qız irəli gəlib uşağa və mənə bir xeyli tamaşa elədi. Sonra əlindəki çantanı stolun üstünə qoyub, açdı. Çantadakı tibbi ləvazmatlarını görəndə anladım ki, bu qadın həkimdir. O əvvəlcə bələyi açıb, qulağına keçirtdiyi bibb alətiylə uşağın qarnını, sinəsni müayinə etdi. Sonra isə uşağı ağzı üstə çevirib kürəyini yoxladı. Mənə yaxınlaşıb sir-sifətimdəki göyərib, qançır olmuş yaralara baxdı. Başını bulaya-bulaya zabitdən soruşdu: - Niyə qadını bu kökə salmısınız? Zabit isə ona bir söz deməyib, stolun üstündəki meyvələrdən birini götürərək, əlində atıb-tutmağa başladı. Sanki bu deyilənlərin ona heç bir aidiyyəti yox idi. Qadın zabitə çölə çıxmağı tapşırdı. O kim idisə, deyəsən, mərhəmətliydi. Sir-sifətindən pis adama oxşamırdı. Nə bilim, bəlkə də, bu da onların bir siyasəti idi, - düşündüm. Zabit eşiyə çıxarkən məni qadına göstərib, baş barmağını dik tutaraq: - O, əladır! – Amma hər ehtimala qarşı onu zöhrəvi xəstəliklərə görə də müayinə edin. Ola bilsin ki… - deyə o, qəh-qəhə çəkib güldü. Zabitin məni ələ salıb, dolamasını həkim qız da başa düşdüyündən, kinayə ilə: - Onun ki, südəmər uşağı var, görmürsən? – dedi. Zabit onun cavabında: -Allah bilir, o uşaq da neçə kişinin qarışığından əmələ gəlib, - dedi və qəhqəhə çəkib güldü. Həkim paltarlarımı soyundurub, bütün bədənimi diqqətlə müayinədən keçirməyə başladı. Böyür-başımda təpik-yumuruq zərbələrindən şişib, göyərmiş yerləri görəndə, üzünü qapıya tutub qışqırdı: - Vəhşilər… qadınla belə davranmaqdan utanmırsınız? Mən özüm tibb bacısı idim. Vəziyyətimin ağır olduğunu ondan gözəl bilirdim. Bilirdim ki, bədənimdəki ağrılar mənə olduqca əzab verir. Amma nə etməliydim? Onu bilirdim ki, bu işgəncələr beləcə davam etsəydi, buna tablaşa bilməyəcəkdim. Dərdim o qədər böyük idi ki, canımdakı ağrılar barədə düşünmək belə istəmirdim. Qadın mənim rusca bilib, bilməməyimlə maraqlandı. Bildirdim ki, mən də tibb sahəsində təhsil almışam, bir müddət də rusiyada yaşamışam. Rus dilini də yaxşı bilirəm. Bayaqdan danışılanların hamısını da çox gözəl anlayırdım. Zabit içəri girəndə həkim ona bildirdi ki, qadının da, uşağın da vəziyyəti ağırdır. Onlar mütləq xəstəxana şəraitində müalicə olumalıdırlar. - Yoxsa, vəziyyətləri bir az da ağırlaşa bilər. – dedi. - Xüsusən də, mənim vəziyyətimin çox ağır olduğunu söylədi. Həm də, həkim bizim əsgərlərlə bir kazarmada qalmağımızla heç cür barışa bilmirdi. Zabit də, öz növbəsində ona bildirdi ki, əsirin buradan köçürülməsi iki gündən tez baş verə bilməz. Çünki ona yuxarıdan belə göstəriş veriblər. Axırda bu qərara gəldilər ki, məni əsgər kazarmasından çıxarıb, heç olmasa, azacıq şəraiti olan bir yerlə təmin etsinlər. Həkim qız zorla da olsa zabiti razı sala bildi. Məni kazarmadan çox da uzaqda olmayan bir yerə köçürtdülər. Düşdüyüm təkotaqlı mənzilin şəraiti yaxşı olmasa da, hər halda o, - ayılar yaşayan kahadan min dəfə yaxşı idi. Gecədən bir müddət keçənəcən həkim mənim yanımda qaldı. Gedərkən, zabitə mənimlə yaxşı davranmağı tapşırdı. Sonra məndən bir şeyə ehtiyacımın olub-olmadığını xəbər aldı. Ondan heç nə yox, təkcə uşağa bir stəkan süd lazım olduğunu xahiş edəndə, o, uşağı niyə görə əmizdirmədiyimi soruşdu. Bildirdim ki, qanımda zəhərlənmə var, ehtiyat edirəm. O isə bir söz deməyib, zabitə nə isə tapşırıq verdi və çıxıb getdi. Qadına yaman qanım qaynayırdı. Başa düşə bilmirdim ki, bü cür təmiz ürəyi olan bir qadının buralarda nə işi var? Bəlkə də, Kim bilir,onu mənə allahım bir yardımçı olaraq göndərmişdi. Heç nə bilmirdim. Bircə onu bilirdim ki, əgər belə ağır vaxtımda o, mənə yardımçı olmasaydı, yəqin ki, daha axmaq fikirlərə düşəcəkdim. Onlar gedəndən sonra qapıda dayanan gözətçi əsgər mənə bir qab isti su, bir stəkan da qaynadılmış süd gətirdi. O, gətirdiyi şeyləri stolun üstünə qoyub, getmək əvəzinə gözlərini üzümə dikib qaldı. Sısqa bir əsgər idi. Niyyətini başa düşürdüm onun. Məni küçə qadını kimi təsəvvür edirdiər. Təhqir olunandan sora bütün varlığıma nifrət edirdim. Iyrənirdim özümdən. Səhərki hadisədən sonra, düşünürdüm ki, bundan sonra nə qədər ömrüm var, özümə bəraət qazandıra bilməyəcəyəm. Mən əbədi olaraq vicdanım qarşısında üzükölgəli qalacaqdım. Bunu yaxşı dərk edirdim. Hər halda mən insan idim, əşya deyildim ki, hər gələn əlində oynatsın… Əsgərin mənə yaxınlaşdığını görcək, uşağı qucağıma götürüb, başımın üstünə qaldırdım və onu başa saldım ki, bir addım da mənə tərəf atsa, körpəni yerə çırpıb, öldürəcəyəm. Əsgər qorxusundan geri çəkilib, silahını da götürərək otağı tərk edib getdi. O gedəndən sonra, körpəmi sinəmə basıb, ağladım. Bu dəfə məni qoruduğuna görə, körpəmlə fəxr etdim və onu bağrıma basıb, doyunca üz-gözündən öpməyə başladım. Canımda bir azca yüngüllük hiss edirdim. Bu həm həkimin məlhəmləri ilə, həm də, bu dəfə düşmənin əlindən qurtardığıma görə idi. Ürəyimdəki qorxunu qəzəb, nifrət bir də intiqam hissi əvəz etməyə başlamışdı. Həkim qızın fədakarlığı qəlbimdə inam hissi oyatmışdı. Çəkdiyim və gördüyüm zülmləri elə beləcə özümlə qəbirə aparmaq istəmirdim. Bu mənimçün, ərimin ruhu üçün təhqir olardı. - Bəs nə etməliydim? Bundan sonrakı həyatımı necə yaşamalıydım? Başıma gətirilən bu müsibətlərlə, elə beləcə oturub razılaşmalıydımmı? Bu suallar beynimdə dolaşdıqca, fikrimdən qatı açılmamış mətləblər gəlib keçirdi. Hər halda məqam düşdükcə intiqamımı almalıydım. Bu fikir, nədənsə birdən-birə beynimdə ilişib qaldı. Artıq heç nədən qorxmurdum. Həyatda qorxduğum ləyaqətim, ismətim idi, onu da itirmişdim. Indi nədən qorxacağam ki? - düşündüm. Südü qızdırıb uşağa içirtdim. Özüm də, bir-iki tikə çörək yedim. Əngim möhkəmcə ağrıyırdı. Vurulan zərbələrdən, ağzımdakı dişlərdən biri qırılmışdı, yeri möhkəmcə sızıldayırdı. Körpəm isə yatmışdı. Onun balaca, yumuru sifəti, sanki bir azca allanmışdı. Balaca Ruslanım doğulan gündən çox sakit idi. O qədər çox yatardı ki, bəzən gecələr onu neçə dəfələrlə yuxudan oyadıb, nəfəs alıb-almamasını yoxlayırdıq. Körpələr yaman hay-küyçü olurlar, axı. Oğlumuz bu sarıdan onlara bənzəmirdi. Amma iki günün ağır üzüntüləri onun da sakitliyini pozmuşdu. Tez-tez diksinib yuxudan ayılırdı. Ayağa qalxıb otağın içində yavaş-yavaş gəzməyə başladım. Qaldığım otaq köhnə də olsa, səliqəli idi. Hiss olunurdu ki, burada vaxtilə ailə yaşamışdır. Birdən, gözlərim otağın divarına bərkidilmiş, çox da böyük olmayan güzgüyə sataşdı. Güzgüyə baxan kimi yerimdəcə diksindim. Qəribəydi, otaqda tək olduğum halda, güzgüdən mənə yaşlı bir qadın boylanırdı. Qorxaraq geri çəkildim. Mənə elə gəldi ki, arxamda kimsə var. Amma heç kəsin gözümə dəymədiyini görüb, yenə də baxışlarımı güzgüyə dikdim. - Ilahi, yəni bu mənəm?! - düşündüm. Saçlarım bir gecənin içindəcə dümağ ağarmışdı. Özüm-özümü güclə tanıya bildim. Yadıma, hələ məktəbli olarkən qonşuluğumuzda baş vermiş bir hadisə düşdü. Onda qonşumuzun oğlu toy gecəsi, otağın işığını yandırarkən, ehtiyatsızlıqdan əli açıq qalmış elektirik naqillərinə toxunub, elə yerindəcə keçinmişdi. O gecə dəhşətli bir müsibət qopdu. Yer-göy lərzəyə gəlmişdi, elə bil. Gecəykən oğlanı dəfn etdilər ki, yaxınlarının ürəkləri partlamasın. Ata-anasının, bacı və qardaşlarının vəziyyəti danışılası deyildi. Onlar özlərini diri-diri şəhid edirdilər. Səhər açılanda camaatı bir şey daha çox dəhşətə gətirdi. Hamı gördüklərindən təəccüblənərək, yerlərindəcə quruyub qalmışdılar. Gəlin qızın bircə gecənin içində qapqara, şəvə kimi saçları qar kimi, ağappaq olmuşdu. Gözlərimlə gördüyüm o hadisə heç zaman yadımdan çıxmırdı. Bu hadisə mənim öz başıma gələndə, o bədbəxt gəlinin bir gecənin içində hansı iztirablar keçirtdiyini indi mən yaxşı duyurdum. Amma fikirləşəndə ki, mənim çəkdiklərim onunkundan on qat artıqdır, niyə görə ölmədiyimə özüm də şübhə etdim. Sir-sifətimə baxmalı deyildi. Gözlərimin altı tuluqlanıb sallanmışdı. Üzümdə lata-lata göm-göy yerlər vardı. Boyun-boğazımın dərisi didilmişdi. - Ilahi, gör nə hala düşmüşəm? – deyə, bu iki gündə başıma gələnləri xatırlayıb, öz halıma acıdım. Otağın bir küncünə qoyulmuş divanda oturaraq, əllərimi qoynuma qoyub, xəyallarımla baş-başa qalmışdım. Fikirləşirdim ki, bu vaxtlar Əli evdə olardı. O, işdən qayıtmayınca stolun üstündəki yeməklərə əl vurmazdım. Qapını döyməsindən onu tanıyardım. Qapını elə döyərdi ki, yüz adam yığışsaydı, onun təhrini çıxara bilməzdi. Otağa girən kimi qollarını geniş açıb, məni qucaqlar və: - «Anam gəlini, kef-əhvalın necədir?» - deyə, soruşardı. Adi, xırda bir hadisəni də ondan gizlətmək mümkün deyildi. Adamın gözlərinin içinə baxan kimi vəziyyətindən hali olardı. Qəribə xasiyyəti vardı, aclığa tabı yox idi. Ayaqqabılarını çıxaran kimi mətbəxə keçər; - «Öldüm, ay allah» - deyib, qab-qaşığı bir-birinə vurardı. Əlinə keçən yeməyi, götürüb ağzına basar və arada da mənə baxıb, boğula-boğula nə isə deyərdi. Mən də mətbəxin qapısına söykənib, əllərimi qoynumda çarpazlayaraq, gülə-gülə onun hərəkətlərini seyr edərdim. Yeyib, yarıqarın olandan sonra, əllərini də üstünə silə-silə deyərdi: - «Səidə, əzizim, nə var, nə yox, bu günkü gününü necə keçirmisən?» Mən də onun cavabında zarafatla deyərdim: - Əli, doydunsa, qabları yığışdırım? Ta, süfrə açmağa bir ehtiyac qalmadı, axı. O dəqiqə səhv etdiyini anlar və əllərini göyə qaldıraraq, təslim olduğunu bildirib, məni öpüb, oxşayardı. – «Neynim e, - deyərdi, - zabit adamam da, bizimki elə belə olmalıdır. – Bir də ki, yadında saxla, - deyə əlavə edərdi, - ailənin səadəti kişinin qarnından başlayır». Onun bu məzəli sözlərimdən sonra, incikliyim tezcə ötüb keçər və onun köksünə sığınıb, bəxtəvər günlərim üçün allahıma dua edərdim. Əli gün ərzində o qədər ayaq üstə qalıb, buna vərdiş eləmişdi ki, bəzən evdə də televizora ayaq üstə baxardı. Deyərdim: - Sən allah, bəlkə yatanda da ayaq üstə yatasan? Heç yer-zad rahlamayım sənə, hə? Mənim bu sözləridən sonra o, farağat vəziyyət alıb, əlini qulağının dibinə aparar və: - «Oldu, oturmaq, yoldaş komandir!..» - deyib, həm özü gülər, həm də məni güldürüb eynimi açardı. … Beş il idi ki, rusiyadan dönmüşdük. Rayona qayıtdıqdan sonra üç otaqlı mənzil almışdıq. Əli şəhərdəki hərbi hissədə işə düzəlmişdi. Konüllülərdən ibarət bölüyün komandiri idi. Özüm isə şəhərdəki mərkəzi xəstəxanada tibb bacısı kimi çalışırdım. Ailə qurandan yeddi il sonra oğlumuz dünyaya gəldi. Uşağımızın bir az gec olması yaman bizi narahat edirdi. Hamı kimi biz də övlad arzusunda idik. Valideynlərimiz də çox narahat idi. Uşağımızın olmamasının səbəbi məndən idi. Qanımda zəhərli maddələrin çoxluğundan hamiləlik dövrü pozulurdu. Əlinin aldığı maaş ancaq iynə-dərmana gedirdi. Özüm də bərk narahat idim. Arada yarızarafat, yarıciddi Əliyə deyərdim: - «Əli, neynirsən xəstə arvadı ki, ömrünü onunla çürüdəsən. Boşa məni, get başqasını al, qoy sənə gözəl-göyçək uşaqlar doğsun». O bilərdi ki, bu sözləri ürəkdən demirəm. Yaşarmış gözlərimə baxar və başını aşağı salıb astaca deyərdi: - «Səidə, qadınlar kişilərdən həssas olurlar. Sənin uşaq istəyin mənimkindən on dəfələrlə çoxdur. Məgər sən istəmirsən ki, bizim uşağımız olsun? - Xahiş edirəm, bir də bu barədə mənimlə danışma. Mən sənin özünü, insanlığını sevmişəm. Biz bir-birimizi sevəndə uşaq barədə bir kəlmə də olsun danışmamışıq. Əgər qismətimizdə övlad payı varsa, inşallah, onu da görərik. - Darıxıb eləmə, hər şey yaxşı olacaq». Onun bu sözləri qarşısında başımı aşağı dikər və qismətimə belə bir insanı çıxartdığına görə tanrıma şükürlər edərdim. Uşağımız olanda çox sevindik. Bunu dillə deməyə çətinlik çəkirəm. Bütün qohum-əqraba, valideynlərimiz, yaxınlarımız sevinc içərisindəydilər. Valideyn olmaq, doğurdan da, şərəfli bir işmiş. Biz bunu onda duyduq. Uşağımız olandan sonra Əli hər saatdanbir evə gələr və körpəni qucağına alıb, otaqboyu gəzdirərdi. Yaman uşaqcanlıydı. Arada dostları zarafata salıb ona deyərdilər: - «Ay Əli, bizim də uşaqlarımız var də… Biz bu qədər onları istəmirik, sənki göydən enib, nədi?». Əli də cavabında deyərdi: - «Neynim bəs, qoca vaxtımızda bir uşaq tapmışıq, onu da, gəl istəməyək? Oğlumuz Ruslan dünyaya gələndə Əlinin otuz beş, mənim isə otuz iki yaşım vardı. Əslində o düz deyirdi. Bu yaşda camaat oğul-qız toyu edir. Əli əsgərliyini rusiyada çəkmişdi. Əsgərlikdən sonra qalıb zabitlik məktəbini oxumuşdu. Bir neçə il işləyəndən sonra rayona gəldi, evləndik, sonra məni də götürüb yanına apardı. Gözəl şəraitimiz vardı, bizə mənzil vermişdilər, yaxşı da dolanırdıq. Necə ki, burada hadisələr qarışdı, Əli bildirdi ki, vətənə dönmək lazımdır. Ondan xahiş etdim ki, qalaq orada, yaxşı işimiz, sənətimiz var. Özum də xəstəxanaların birində işləyirdim, yüksək də maaş alırdım. Onun da orada böyük hörməti vardı. Yaxşı dostlar-tanışlar tapmışdı. Amma o, dediyindən əl çəkmədi; - «qayıtmaq lazımdır!» - deyib durdu. Ata-anası da gəlməyinə razı deyildilər. Məktub yazırdılar, telefonla bildirirdilər ki, burada qarma-qarışıqlıqdır. Sözü kimə deyirdin, o, dediyi sözün üstündə möhkəmcə durmuşdu. Xidmət etdiyi hərbi hissədən də Əlini buraxmaq istəmirdilər. Deyirdilər ki, ölkənizdəki bu müharibə uzun sürəcək. Çünki orada ayrı-ayrı dövlətlərin də maraqları var. Hətta, dostu olan bir rus zabiti onun üzünə demişdi, demişdi ki; - heyif o insanlardan ki, hədər yerə qırılacaqlar... Əli isə orada çox narahat idi. Bəzən özü zəng edib dostdan-tanışdan vəziyyəti öyrənirdi. Nəhayət, günlərin bir günü yığışıb vətənə döndük. Qayıdandan sonra gecəsi-gündüzü yox idi onun. Günlərlə, həftələrlə üzünə həsrət qalardıq. Şəhərdə qaynatamgillə birlikdə olurduq. Heç olmasa sakitliyim onda idi ki, tək qalmırdım. Sonradan hərbi hissəyə yaxın bir yerdə ev aldıq. Ondan sonra mənim ağrılı həyatım başladı. Bir yandan tək qalırdım, digər yandan da, hər gün ölüm-itim, lap ağlımı çaşdırmışdı. Əslində, bu müharibəyə də bənzəmirdi. Ölkənin bir yanında çal-çağır, o biri yanında da ölüm-itim. Aləm dəymişdi bir-birinə. Əlinin Ruslan adında bir zabit dostu da var idi. Rusiyada zabitlik məktəbini birlikdə oxumuşdular. Milliyyətcə xaxol idi, Ukraynada doğulmuşdu. Hələ rusiyada yaşayarkən tez-tez bizə gələr və günlərlə bizdə qonaq qalardı. Biz vətənə dönəndən bir qədər sonra o da gəlib çıxdı. Əli xidmət etdiyi hərbi hissədə onu da işlə təmin etdi. Yaman bir-birlərini istəyirdilər. Bir müddət bizimlə qaldı. Sonra hərbi hissədə yerləşdi. Bizə tez-tez gəlib-gedərdi. Mənim xatirimi də, bir bacı kimi çox istəyirdi. Onun hörmətini saxlayırdım. Çox zarafatcıl, deyib-gülən bir oğlan idi. - «Qoy döyüşlər qurtarsın, - deyirdi, - qalıb burada evlənəcəyəm». Döyüşlərin birində Ruslan düşmən snayperinə tuş gəldi. Onun ölümü bizə çox pis təsir etmişdi. Əli ev-eşiyə yığışa bilmirdi, dəli olmuşdu, elə bil. - «Bir qonağı da qoruya bilmədik, verdik güllənin qabağına» - deyirdi. Ruslanın qanını almaq üçün hər şeyindən keçməyə razı idi. Ruslan öldürüldükdən iki gün sonra, Əlinin dəstəsi, təkcə bir döyüşdə on iki düşmən əsgərini öldürmüş, altısını isə əsir götürmüşdülər. Həmin döyüşdə iki tank, bir hərbi maşın da ələ keçirilmişdi. Bunu qəzetlər də yazmışdı. Əlinin adı gələndə düşmənlər tir-tir əsərdilər. O, öldürdüyü düşmən əsgərlərinin siyahısını aparardı. Siyahıda qırx dörd düşmən əsgəri vardı. Özü ölən gün də səkkiz düşmən əsgərini öldürdü. Elə ona görə də, onu tanıyan kimi başını kəsdilər. Çünki onun başına çoxlu pul ayrmışdı düşmənlər. Mən də onun arvadı olduğum üçün, elə ilk gündən işgəncələr verməyə başladılar. … Oturduğum yerdə mürgüləsəm də, yatmaq istəmirdim. Daha doğrusu, ehtiyat edirdim. Mənə elə gəlirdi ki, mürgüləyən kimi doluşacaqlar otağa. Səhərin açılmasını elə arzulayırdım ki… Səhəri dirigözlü açdım. Başımda küt ağrılar vardı. Körpəm hələ də yatırdı. Gecə bir neçə dəfə oyanmışdı, onda da altını-üstünü rahatlayıb yatırmışdım. Səhər saat doqquz olardı, gözətçi uşaq üçün bir stəkan qaynanılmış süd, mənə də sıyığa bənzər bir yemək gətirmişdi. Möhkəmcə acmışdım, qabdakını axıracan yedim. Yemək az olduğuna görə doymadım. Oğluma isə bir sətkan süd artıqlamasıyla bəs edirdi. Bilirdim ki, bu qayğının hamısı o sarışın qızın işidir. O kim idi, burada hansı vəzifədə çalışırdı? Hələlik mənim üçün qaranlıq olaraq qalırdi. Bir azdan gözətçi içəri girib işarə etdi ki, uşağı da götürüb eşiyə çıxım. Uşağı qucağıma alıb bayıra çıxdım. Hava tər-təmiz idi. Baharın soyuq nəfəsi ciyərlərimə yayıldıqca, canımda bir yüngüllük hiss etdim. Bahar fəslini bütün fəsillərdən çox sevirdim. Bu fəsil mənə həmişə uğurlar gətirmişdi. Özüm bahar fəslində doğulmuşdum, baharda gəlin köçmüşdüm. Necə də sevirdim bahar fəslini… Amma o ilki bahar mənim ömrümə düşmədi. Burnumdan tökdü bütün istəklərimi, arzularımı. Gözlərimdə hər şey sönmüşdü, açan çiçəklər də, yaşıl dona bürünən ağaclar da. Gördüyüm hər şey, sanki cəhənnəmi xatırladırdı mənə. Qərib gəldi o bahar mənim ömrümə. Necə ki, mən o yerlərdə qərib idim. Sevmədi bahar məni o il, açmadı yaralı könlümü. – Gör, neçə illər üstündən keçib, daha heç vaxt baharın gəlişini gözləmirəm. Bahar gələndə təbiətin yatmış, ölü vücudu oyandığı kimi, mənim də don vurmuş yaddaşım oyanır. Oyanmış təbiətin xırda çöpündən, mamırından tutmuş, dağına, dərəsinə kimi, hər şeydən gül-çiçək ətri gəldiyi halda, mənim oyanmış yaddaşımdan, xəyallarımdan qan iyi, qan qoxusu gəlir… Qorxudur məni baharın gəlişi… yamanca qorxudur. … Bizdən bir qədər aralı həkim qadını görəndə sevindim. Necə olsa, o viranə qalmış yurdda mənə qahmar çıxan, dərdlərimi azacıq da olsa, ovutmağa çalışan o idi. Dünən o olmasaydı, allah bilir, axşam başıma yenə də nə oyunlar açacaqdılar. Körpəmin də, özümün də azacıq sakitlik tapmağımıza o köməklik etdi. Yoxsa, əsgər kazarmasında olsaydıq, eh… heç bu barədə düşünmək belə istəmirəm, - deyə Səidə, dərindən köks ötürərək, bir qədər söhbətinə ara verdi. - Qadının yanında iki hərbiçi də vardı, - deyə o, ağır-ağır söhbətinə davam etdi. Onların boy-buxunlarından, geyimlərindən yüksək rütbəli zabitlərin olduğu bilinirdi. Bu dəfə həkim qız tamam başqa geyimdə idi. Düzdür, onun əynindəki paltar da hərbi paltar idi, amma, elə bil qızın üst-başı ağac yarpaqları ilə bəzədilmişdi. Bir dəfə Əli də belə bir paltarda evə gəlmişdi. Ondan bu qiyafənin nə olduğunu soruşanda, bildirdi ki, bu kəşfiyyatçı geyimidir. Bunu əsgərlər kəşfiyyata gedəndə geyinirlər. Bir də snayperçilər bundan istifadə edirlir ki, ağacların arasında görünməsinlər. - Demək, bu həkim qız da, ya kəşfiyyatçıdır, ya da snayperçi, - deyə fikirləşdim. Doğrusu, təəccüb qalmışdım. Bu xarabada nə desən gözləmək olardı. Onların sifətləri kimi, paltarları da min rəngə çalırdı. Gözətçi əsgər məni onların yanına gətirib, zabitlərə təqdim etdi. Zabitlər başdan ayağa qəzəbli baxışlarla məni süzüb, həkimdən mənim haqqımda əlavə məlumatlar soruşdular. Həkim onlara izahat verdi. Hərbiçi arvadı olduğumu biləndə, onlardan biri dişlərini qıcıyıb, biədəb söyüş söydü və qəzəbindən mənə tərəf tüpürdü. Uşaq qucağımda donub qalmışdım. Onların mənim haqqımda hansı qərarı çıxaracağını gözləyirdim. Bircə, ümidim yenə də həkim qıza qalmışdı. Nədənsə, bu qərib yerdə, düşmənlər arasında onu özümə pənah bilirdim. Həkim qız zabitlərin qarşısında elə farağat dayanmışdı ki, sanki imtahan verirdi. Doğrusu, onun özünü belə aparması heç xoşuma gəlmirdi. Bir qədər sonra onlar dayandığımız yerdən aralanaraq, yaxınlıqda sıra ilə düzülmüş meşin hədəflərə tərəf getdilər. Meşin hədəflərlə onlar arasında yüz, yüz əlli metr məsafə olardı. Qadın dizə çöküb, üstündə durbin olan snayper tüfəngini sinəsinə dayadı və fasilələrlə atəş açmağa başladı. Zabitlər durbinlə qızın atəş açdığı hədəflərə baxaraq, başlarını buladılar. Onların bu hərəkətlərindən başa düşmək olurdu ki, qız bütün hədəfləri vurmuşdur. Bir qədər sonra onlar, dayandığımız yerdən təxminən dörd yüz, beş yüz metr aralıda, ağaca bərkidilmiş kardon kağızı qadına göstərərk, onu vurmasını tələb etdilər. Snayperçi göstərilən əşyanı hədəfə alaraq, sərrast atəş açdı. Güllənin açılmasıyla, kardon kağızın qopub yerə sərilməsi bir oldu. Kardon kağızın arxasında kim isə vardı. Çünki oradan iniltiyə bənzər səs eşidildi. Və yerə aşarkən tappıltısı aydınca eşidildi. Nə qurğu qurmuşdularsa, qız özü də buna təəccüb etdi. Zabitlər sevinirdilər. Onlar vurulan hədəfi bir-birinə göstərib, qızı alqışlayırdılar. Qız isə təəccüblə onların üzünə baxıb çiyinlərini çəkirdi. Zabitlərdən biri yaxınlıqda dayanmış əsgərə əmr etdi ki, vurulan hədəfi onların yanına gətirsin. Əsgər hədəfə tərəf yüyürdü. Az keçməmiş bir insan meyidini sürüyə-sürüyə, dartıb zabitlərin yanına gətirdi. Onların danışığından anladım ki, vurulan adam əsir götürülmüş bizim əsgərlərdən imiş. Əsirin, xatirini istədiyim bir insan tərəfindən vurulması mənə çox ağır gəldi. Bir tərəfdən onun özünün də tutduğu əmələ təəccüb etməsi, burada nə isə müəmmalı bir işin olmasından xəbər verirdi… *** … Payız fəsli olduğundan günlər çox qısa idi. Başımız söhbətə elə qarışmışdı ki, günün batmasından da xəbərsiz idik. - Mən nə edim? - düşündüm, - burada qalan deyldim ha… Amma getmək də istəmirdim. - Bəs görəsən, sabah yenidən məni qəbul edəcəkdimi? - Bax, bu məsələ məni narahat edirdi. Həm də möhkəmcə acmışdım. Yəqin ki, Səidə də ac olardı. Çünki günorta heç bir şey yeməmişdik. Odur ki, qorxa-qorxa: - Nə deyirsən, Səidə, söhbətimizin davamını saxlayaqmı sabaha? - Artıq gecdir, siz də yorulmusunuz, - dedim. - Əgər icazə versəydiniz, sabah yenə gələrdim. Qadın bir qədər susdu Sonra başını qaldırmadan: - Əgər bu danışdıqlarımın sənin üçün bir əhəmiyyəti varsa, nə deyirəm, gələ bilərsən. Bir də ki, kim bilir, bəlkə elə axşam öldüm, sabah sənə qapı açan olmadı. Onun bu sözləri məni qorxuya saldı. Mənə elə gəldi ki, qadın öləcəyi günü bilir. Bəlkə də, elə onun ömrü bu gecə başa çatacaqdı, - düşündüm. Ona görə də, getmək təkliyfini irəli sürdüyüm üçün peşimançılıq hissi keçirtdim. Amma artıq gecdi, mən ayaq üstə idim. - Sizə nə lazımdır? Xahiş edirəm, deyin, sabah gələndə alıb gətirim, - dedim. - Heç nə lazım deyil. Elə bir şeyə ehtiyacım yoxdur, - dedi. Yenə əl çəkmədim: - Bəlkə bir şey keçir ürəyinizdən, çəkinirsiniz deməyə? - soruşdum. O handan-hana dilləndi: - Əgər mümkünsə, «Ruslana» bir şey alıb gətirin, ətdən, sümükdən nə oldu. Mən əvvəlcə qadının nə dediyini anlamadım. Bir qədər sonra başa düşdüm ki, söhbət itdən gedir. Odur ki, tezcə də dilləndim: - Əlbəttə… əlbəttə… Çalışaram ki, bir şey alıb gətirim. Onunla xudahafizləşib eşiyə çıxdım. Hava qaralmışdı. Möhkəmcə yağış yağırdı. Küçədəki dirəklərdən asılmış elektirik lampalarının zəif işığı əyri-üyrü və çalaçuxurlu, dolanbac yolları güclə işıqlandırırdı. Fikrlərim yaman dolaşmışdı. Daha doğrusu, möhkəmcə yorulmuşdum. Insanın başına gələn bu boyda müsibəti heç cür ağlıma sığışdıra bilmirdim. Həm də, bunları təsəvvür etmək çox çətin idi. Mən onun ağrısını başa düşürdüm. Bilirdim ki, o, hansı hissləri keçirir. Əlbəttə, indi ona bunları danışmaq çox çətin gəlirdi. Danışdıqca həmin ağrılı günləri yenidən yaşamağa məcbur olurdu. Bu da, onun əzablarını ikiqat artırırdı. Hələ çox şey mənimçün qaranlıq qalmışdı. - Qismət olsa, - düşündüm, bunların axırına çıxmalıydım. Avtobus dayanacağına çatsam da, bir az piyada getmək qərarına gəldim. Beynimin yorğunluğunu çıxarmaq üçün yağış altında gəzmək istəyirdim. Nə qədər piyada gəzdiyimi bilmirəm, onda gördüm ki, tamam suyun içindəyəm. Saçlarımın ucundan su damcılayırdı, həm də bərk üşüyürdüm. Avtobusa oturub mehmanxanaya gəldim. Nadejda kəndiylə Stavropol şəhəri arasında beş kilometr məsafə vardı. Şəhər o qədər də böyük deyildi. Bu başından, o başına piyada gəzmək olardı. Nadejda kəndi, bəlkə də Stavropol şəhərinin yarısı qədər olardı. Kənd çox mənzərəli və qədim bir kənd idi. Şəhərə gəlincə, bu şəhər büsbütün yaşıllıqlarla əhatə olunmuşdu. Üç böyük park salınmışdı şəhərdə. Rusiyanın çox mənzərəli və sakit bir guşəsi idi. Əhalisi qarışıq millətlərdən idi. Hər cür millətə rast gəlmək olurdu burada, rusundan tutmuş, siqan millətinə kimi. Dəfələrlə olmuşdum burada. Son bir ildə Səidəyə görə dörd dəfə gəlmişdim. Bu dəfəki gəlişim beşinci idi. Ac olsam da, yeməyə meylim çəkmirdi. Amma canımdakı soyuqluğu çıxartmaq üçün, mehmanxananın birinci mərtəbəsindəki restorana girməyə məcbur oldum. Yemək sifariş verib gözlədim. Yaman fikirliydim. Xəyalım hələ də o qadının yanındaydi. Bir an da olsun onun görnüşü gözlərimin qarşısından çəkilib, getmirdi. Fikirlərim qarışdığından, bu anda yeyəcəklərimin canıma yatmayacağını düşünüb, ayağa qalxdım. Xidmətçiyə sivariş etdiyim yeməyin pulunu verib otağıma gəldim və yatağıma uzandım. Yuxulamaq istəyirdim. Bilirdim ki, eşitdiklərimi yenidən xatırlasam, səhərə qədər yata bilməyəcəkdim. Gözlərimi yumub, tamam başqa şeylər haqqında fikirləşməyə başladım. Nə qədər çalışsam da gecə yarısına kimi yata bilmədim. Səidənin taleyi yaman narahat edirdi məni. Bu qadının başına gətirilən müsibətlər ağrıdırdı ürəyimi. Nəhayət ki, nə vaxt yuxuladığımdan xəbərim olmayıb. Səhər yuxudan ayıldanda, hələ yorğunluğum canımdan çıxmamışdı. Əl-üzümü yuyub aşağı, restorana düşdüm və səhər yeməyini doyunca yedim. Çünki həm axşam yeməmişdim, həm də bilirdim ki, bu gün də yeyə bilməyəcəyəm. Mehmanxanadan çıxıb, küçədən keçənin birindən bazarın səmtini soruşdum. Məqsədim bir-para ərzaq almaqdı. Yəqin ki, aldığım ərzaq barədə Səidə mənə bir söz deməzdi, - düşündüm. Bir xeyli bazarlıq etdim. Səidənin tapşırığını da unutmayıb, it üçün sür-sümük qarışıq ət aldım. Əti alan zaman fikrimdə tutduğum «it üçün alıram» sözləri, Səidənin mənə dediyi «Oğlum Ruslan üçün bir az ət al» sözləriylə heç uyğunlaşmırdı. Bu sözlər arasında yerlə-göy qədər fərq vardı. Heyvanın hansı məziyyətləri onu qadının gözlərində ucaltmışdı? Qadın ona nə üçün oğlum deyirdi? Bu mənim üçün hələ də qaranlıq idi. Amma, əslinə qalsa, o heyvan mənim gözlərimdə hər gün rastlaşdığım itlərdən və mən deyərdim ki, ən axmaq və tənbəl itlərdən biriydi. Onun nə görünüşü, nə də qeyri-adi bir davranışı, mənim onu sevməyimə bir əsas vermirdi və inanmırdım ki, bu ağzıselikli köpək it nə vaxtsa qeyri-adi bir qəhramanlıq göstərmiş olsun. Qadının o itə bağlılığını da, təhnalığın bir əlaməti olaraq başa düşür və bundan başqa bir şey zənn etməyə çətinlik çəkirdim. Hər halda qadına görə, mən də bu itlə yaxşı münasibət qurmağa məcbur idim və bununçün çalışacaqdım. Saat doqquza qalmış, Səidənin qaldığı evin qapısının ağzındaydım. Astaca qapını döydüm. Qapı dünənkindən də bir az gec açıldı. Bu vaxtacan az qaldı ürəyim qaralsın. Nələr gəlib keçmədi ağlımdan? Qorxurdum ki, Səidə bu dəfə qapını üzümə açmasın. Gec də olsa, qapı açıldı. Qapının səsini eşidəndə ürəyim bir az sakitlik tapdı. Salam verib, onun kef-əhvalını soruşdum. O isə başını qaldırmadan: - Keç içəri, evi soyutma! - dedi. Otağa keçib qapını bağladım. Yenə dünənki qoxu burnumu qıcıqlandırdı. Əlimdəki bağlamaları evin bir küncünə qoyub: - Bir az ərzaq almışam, - dedim. O, heç üzümə də baxmadan: -Neynirdin ərzağı? - Ruslan üçün bir az sür-sümük alsaydın bəs edərdi. Sir-sifətindən yorğunluq hiss olunurdu. Hərəkətləri də ləng və üzücü idi. Diqqətlə ona baxdığımı görüb: - Axşam heç yatmamışam, bilmirəm bu gün söhbətimiz alınacaqmı? Bilirdim ki, o narahatçılıq keçirir. Onun bütün yaddaşı oyanmışdı. Olub-keçənləri xatırlamaq, başına gələnləri yenidən yaşamaq onun üçün çox əzablı idi. Bunların hamısını çox yaxşı başa düşürdüm. Otağa keçib dünən oturduğum yerdəcə əyləşdim. It də öz yerində uzanmışdı. Elə bil ötən vaxt ərzində o yerindən heç tərpənməmişdi. Dünənki kimi başını pəncələri arasına alaraq ləhləyirdi. Itə çox baxdığımı görüb: -Bütün günü yatır. Qabaqlar yenə də başımı qatardı. Yəqin qocalıqdandır? Onun başına bir iş gəlsə, mənim də həyatımın sonu olacaqdır, - deyə o, dərindən köks ötürdü. - Heç nə olmaz, özünüzü üzməyin. It çöl-bayırda yaşayan heyvandır. Qapalı şəraitdə qalmaq onun canını sıxır. - Deyirsiniz ki, iki ildir buradasınız. Yəqin bu iki ildə otaqdan bayıra çıxmayıb, elə deyilmi? - deyə ona, təsəlli verməyə çalışdım. - Hə… O da mənim kimi gün işığından qorxur. Eşiyə çıxdığını heç xatırlamıram. Bir müddət bundan qabaq əraziyə baxan baytar həkimləri gəlib onu müayinə ediblər. Həm də quduzluğa qarşı peyvənd iynələri vurublar. Dedilər ki, it uzun müddət qapalı şəraitdə qalanda quduzluğa tez tutulur. Əvvəllər otaq şəraitinə öyrəşə bilmirdi, elə hey hürürdü. Qonşular bir neçə dəfə ora-bura şikayət edib, onu evdən çıxartmaq istəyiblər. Gəlib iti heyvanxanaya aparmaq istədilər. Yalvar-yaxarla başa salmışam ki, bu heyvan mənim son ümid yerimdir. O getsə, bir gün də onsuz yaşaya bilmərəm. Inanmaq istəmədilər sözümə, çıxarmaq istədilər onu bayıra. Ruslan, elə bil onu məndən ayıracaqlarını duymuşdu. Gələnlərin gözləri qabağındaca mənə tərəf sürünüb, əvvəlcə əl-ayağımı yaladı. Sonra isə başını sinəmə qoyub uşaq kimi zarıdı. Onun gözlərindən gilələnib axan göz yaşlarını görəndə, gələndər təəccüb etdilər. Mən isə onlara: - Görürsünüz halını? – dedim. - Axı, bu vəziyyətdə onu məndən necə ayırmaq istəyirsiniz? O da canlıdır, axı. Gələnlər bir şərtlə mənlmlə razılaşdılar ki, vaxztaşiri onu həkim müayinəsindən keçirim. Həm də, qonşular itdən şikayətçi olmayacaqlar, şərtini qoydular. Deyilənlərlə razılaşdım. Necə də razılaşmayaydım? Yoxsa aparacaqdılar oğlumu, ayıracaqdılar onu məndən. Qadın aldığım ətdən bir az ayırıb qazana tökdü və: - Bu neçə ili ona çiy ət yedirtməmişəm. Qonşular qapı ağzına sür-sümük qoyanda da, onu qaynadıb verirəm. Gözüm qorxub. Bir dəfə necə oldusa, zəhərləndi, az qaldı ki, ölsün. Haray-həşir saldım. Qonşular səsə gəlib, vəziyyəti gördülər və zəng vurub baytarları köməyə çağırdılar. Yaxşı ki, oğlumu sağaltmaq mümkün oldu. Mənə tapşırdılar ki, bundan sonra ona çiy ət verməyim. Çünki ev şəraitində saxlanılan itlər bişmiş yeməklərə, bir növ vərdişkar olduqlarına görə, onlar kənar yeməklərdən tez zəhərlənirlər. Səidənin danışdıqları mənim üçün təzə söhbət olduğuna görə, maraqla qulaq asırdım. Amma itin bu qədər əziz-xələf tutulması mənim üçün yenə də qaranlıq olaraq qalırdı. Burada nə isə başqa bir səbəb olmalıydı. Qadın işini qurtarıb mənə yaxın əyləşdi və əllərini qoynuna qoyaraq, bir müddət susub, danışmadı. Hiss edirdim ki, söhbətə başlamaq istəyir. Ona mane olmamaq üçün sakitcə oturmuşdum. Qorxurdum ki, hər hansı yanlış bir sözüm onun fikirlərini poza bilər. O isə danışmağa tələsmirddi. Nəhayət: - Hə, - dedim axı, - həkim qız vurduğu adamı görən kimi, təəccüb etdi, - deyə o, danışmağa başladı. Güllə əsirin düz alnından dəymişdi. - Bax, bu boyda, - Səidə, barmağının ucunu mənə göstərərək, - deşik açılmışdı ölənin alnından, - dedi. Amma onun başının arxasında düz bu yumruğum boyda dəlik vardı. Zabitlər gülüşürdülər. Yəqin ki, onlar güllənin əsirin düz alnının ortasından dəyməsinə sevinirdilər. Onlardan biri qızın çiyinlərindən tutub silkələdi və: - «Əla…» «Əla…» - deyərək, onu təriflədi. Qız isə duruxub qalmışdı. Mən özüm də kənardan onlara baxaraq, baş verənlərdən bir şey anlamırdım. Zabitlər snayperçi qızın qoluna girib, yaxınlıqdakı binaya tərəf getdilər. Otağa girəndə onlardan biri geri dönüb, qapıdakı əsgərə nə isə əmr etdi. Əsgər də, məni onlar gedən tərəfə apardı. O məni otağa salıb geri döndü. Içəri girəndə gördüm ki, onlar oturub söhbət edirdilər. Qız çox fikirli görünürdü. Mənə oturmaq üçün yer göstərdilər. Oturdum. Zabitlərdən biri qucağımdakı uşağa işarə edib: - Oğlandır, qız? - Oğlandır! - dedim. - Hmm… Sizinkilər oğlanı çox sevirlər. - Neçə yaşı var? - soruşdu. - Üç aylıqdır! - cavab verdim. Sonra ərim barədə soruşdu. Duruxub qaldım. Başa düşəmmədim ki, o, ərim barədə məndən hansı məlumatı istəyir. Həkim qız üzümə baxdı. O sanki mənə kömək edirmiş kimi: - Ərin kim idi? - soruşurlar. - Zabit idi… - deyə, cavab verdim. Düşmən zabitlərinin hər ikisi kinayə ilə gülümsədi. Sonra onlardan biri əlini stola çırparaq: - Mayor Əli?.. – Düzdürmü? – deyə soruşdu. Başa düşdüm ki, ərimi onlar da tanıyırlar. Ona görə də: -Bəli, mayor Əli! – dedim. Onlardan biri mənə qəribə bir sual verdi: - Sən də döyüşçüsən? - soruşdu. -Yox! Mən tibb bacısıyam, xəstəxanada işləyirdim. Sual verən zabit ayağa qalxıb, mənə yaxınlaşdı və sağ əlimin orta barmağını gözünün qabağında tutub, bir xeyli baxdı. Sonra barmağımı dırnağı ilə bir neçə dəfə sıxdı. Sanki barmağımın dərisinin yumuşaq və ya bərk olduğunu yoxlayırdı. Sonra əlinin arxasıyla üzümün sağ tərəfinin dərisini sığalladı. Onun bu hərəkətindən bir şey anlamadım. Başa düşə bilmədim ki, o, bu hərəkətləriylə nə demək istəyir. Zabit qayıdıb yerində oturdu və o biri zabitə: - Atıcı deyil!... - dedi. Ərim barədə məndən bir neçə məlumat da soruşdular. Nə bilirdim hamısını söylədim, heç nə uydurmadan. Axırda onlardan biri özümü də təəccübləndirəcək bir sual verdi: - Deyə bilərsənmi, indiyə qədər ərin bizimkilərdən neçə nəfər öldürüb? Bir qədər fikirləşəndən sonra: - Əlli iki nəfər! - dedim. Zabitlərin hər ikisi, hətta həkim qız da dərindən nəfəslərini çəkdilər. -Hardan bilirsən? – deyə sual verən zabit soruşdu. - Qırx dörd nəfərini biz əsir düşənəcən öldürmüşdü, - bunu qəzetlər yazmışdılar, - dedim. - Ərim özü də yazılanları təsdiq edirdi. Səkkizini də biz əsir düşən günü öldürdü. Zabit nifrət hissiylə üzümə baxıb, başını buladı. Hazırcavablığım nə qədər xoşuna gəlsə də, düşmən olmağım onu bir qədər qəzəbləndirirdi. Bunları gözlərindən oxuyurdum. Son olaraq, mənə belə bir sual verdilər. - Sən özünüzkülərin yanına dönmək istəyirsənmi?! Belə bir sual verəcəkləri ağlıma gəlməzdi. Amma onlar da, verdiyim cavabı gözləmədiklərindən hər üçünün gözləri bərələ qalmışdı. - Yox!.. Geri dönmək istəmirəm!.. – dedim. Otağa dərin bir sükut çökdü. Onların hər üçü gözlərini məndən çəkməyərək, sanki yerlərində donub qalmışdılar. Yəqin ki, verdiyim cavab heç xəyallarına da gəlməzdi. Zabitlərdən biri asta səslə: - Niyə geri dönmək istəmirsən? Onun bu «niyəsinin» altında hansı mətləblərin gizləndiyi, yalnız mənə aid idi. Və bu «niyələrin» hər biri bir ox olub ürəyimə sancılırdı. Görəsən, onlar düşünürdülərmi aciz və zavallı bir qadının öz el-obasına, əzizlərinin yanına qayıtmağa qoymayan hansı hiss, hansı qüvvədir? Axı, düşmənə əsir düşmüş hər bir insanın arzusu bacardıqca əsirlikdən tez qurtulmaq, geri dönməkdir. - Mən bunları necə başa salaydım ki, insanı torpağa, vətənə, doğmalarına bağlayan onun mənəvi təmizliyidir. O təmizlik, o saflıq ki, ayaqlar altına atıldı, o insan ölür… Susmağım onların marağına səbəb oldu. Gözləyirdilər ki, bu suala necə cavab verəcəyəm. Başımı qaldırıb düz onların üzünə: - Ömrüm boyu nə qazanmışdımsa hamısını burada itirdim… Bilirəm ki, onları bir də heç vaxt, heç yerdə tapa bilməyəcəyəm! - dedim. - Itirdiklərim çox əvəzsizdir. Onları mənə tanrım bəxş etmişdi, siz əlimdən aldınız… Siz tanrımdan güclü çıxdınız… O şeyləri ki, siz əlimdən almısınız onları bir daha tanrım mənə bəxş edə bilməz. Indi isə burada qalıb, itirdiklərimin yasını tutmaq istəyirəm… Mənim bu müəmmalı cavabımdan bir şey anlamadıqları üçün, onlar çiyinlərini çəkdilər. Bilirdim heç vaxt anlamayacaqlar da… - Çıxışın çox maraqlıydı! - deyə zabitlərdən biri, dönüb o birinə göz vuraraq gülümsədi. - Hər halda sən bizim xoşumuza gəlirsən. Ehtiraf edək ki, birinci dəfədir belə cəsarətli və qorxmaz düşmən qadınıyla rastlaşırıq. - Deyəsən, sən bizə hələ lazım olacaqsan, - dedi və üzünü həkim qıza tütüb: - Olya, (mən birinci dəfə o qızın adını orada, onların dilindən eşitdim( bu qadın haqqında sənin fikrin nədir? Onun sağlıq durumu yerindədirmi? - soruşdu. - Onun ağlı başındadır, cənab general. - Dözümlü, cəsarətli qadındır. Amma bu dəqiqə onun körpəsinin də, özünün də bir azca müalicə olunmağa ehtiyacları vardır. Izn versəydiniz, bir-iki həftəlik xəstəxanaya köçürərdik, - deyə Olya dilləndi. Zabit qaşlarını çatıb bir qədər susdu. Sonra ayağa qalxaraq gəlib Olyanın düz qarşısında dayandı: - Bilirsən, Olya, - deyə həkim qıza müraciət etdi, - mən də razı olardım, onun həm özü, həm də körpəsi bir az müalicə alsınlar. Görürəm, ona işgəncə verilibdir. Amma bizim qospitalda müalicə olunan əsgərlər və onların yaxınları bilsələr ki, o, zabit arvadıdır, özü də bizim axtardığımız zabitin, onda bu qadının salamat qalmasına kim zəmanət verəcəkdir? - Məsləhət bilirəm ki, - o dedi, - bir müddət qaldığı evdə qalsın. Bir də ki, sən həkim, o tibb bacısı, köməkləşib bir iş görə bilərsiniz, - elə deyilmi? Olya daha bir söz deməyib, zabitlə razılaşdı. Biz otaqdan çıxıb gecə qaldığım evə tərəf getməyə başladıq. Həyətdə çoxlu düşmən əsgərləri vardı. Onların çoxu orduya yenicə çağrılmış gənclər idi, həyətdə təlim keçirdilər. Məni görən kimi söyməyə başladılar. Olya onları sakitləşdirməyə çalışsa da, mümkün olmadı. Əsgərlərin bu hərəkətlərini görəndə, öz-özümə fikirləşdim ki, kaş biz də balalarımızda düşmənə qarşı belə nifrət hissi oyada biləydik. Uşaqlarımıza ədəb-ərkan öyrətdiyimiz halda, bircə yol da onlara nifrət etməyi öyrətməmişik. Həmin anda, əgər o yeniyetmələrə ixtiyar verilsəydi məni də, elə bu məsum körpəmi də dişlərinə çəkib parçalayıb, yeyərdilər. Məgər ata-anaları, müəllimləri onlara «qanacaqlı ol», «oxu, savadlı ol» deməyiblərmi? Əlbəttə, deyiblər. Amma onlar bizlərdən fərqli olaraq, uşağın ağlı kəsəndən başa salıblar ki, düşmənin kimdir. Uşaq böyüyüb, boya-başa çatdıqca, ona anladılan düşmən də, onun gözlərində, qulaqlarında «böyüyür». Əsgərlərdən ayrılıb qaldığımız evin yanına çatanda gördüm ki, evin lap yaxınlığında bir neçə əsgər də, ağaca bərkidilmiş hədəfə atəş açırlar. Diqqətlə baxanda, az qaldı ağlım başımdan çıxsın. Olya qolumdan tutub, saxlamasaydı, yəqin ki, yerə dəyəcəkdim. O, nə baş verdiyini soruşanda, mən ağaca bərkidilmiş insan kəlləsini Olyaya göstərib, ağlaya-ağlaya qışqırdım: - Ora bax… Onların güllə atdıqları mənim ərimin kəsilmiş başıdır!.. Olya bir anlıq donub yerində qaldı. Sonra o, əsgərlərə təlim keçən zabiti yanına çağırıb, başın ağacdan endirilib, torpağa basdırılmasını tapşırdı. Hıçqırıq məni boğurdu. Uşağı qucağımda zorla saxlayırdım. Olya vəziyyətimin həddən artıq ağır olduğunu, görüb körpəni məndən aldı və bir qədər sakitləşib, özümü ələ almağı tapşırdı. Sonra məni otağa gətirdi və su verib, sakitləşdirməyə çalışdı. Mən oturduğum yerdəcə əllərimlə üzümü qapayıb hönkürürdüm. Içimdə qisas hissi necə baş qaldırmışdısa, az qalırdım ayağa qalxıb özümü həyətə atım və əlimə keçən daş-kəsəyi çırpım onların başına. Bir az keçəndən sonra toxtayıb, azacıq sakitləşdim. Ancaq hirsimdən bütün bədənim titrəyirdi. Ayağa qalxıb pəncərədən eşiyə baxdım. Əsgərlər çəkilib getmişdilər. Təkcə bir əsgər iri gövdəli ağacın dibində nə isə eşələnirdi. Diqqətlə baxdım. O, əlindəki lapatka ilə çala qazırdı. Əsgər çalanı qazıb qurtarandan sonra, yanındakı girdə bir şeyi ayaqqabısının ucuyla itələyib qazdığı çalaya saldı. Sonra o tərəf-bu tərəfə baxıb çalanın içinə atdığı nə idisə, onu murdarladı. Işini qurtarandan sonra oranı torpaqla doldurdu. Əvvəlcə, onun nə etdiyini anlaya bilmədim. Sonra birdən-birə beynimdən keçdi ki, əsgərin murdarlayıb çalaya atdığı ərimin kəsilmiş başı olmalıdır. Var gücümlə qışqırdım. Qışqırtıma əsgər dönüb baxdı. Mən əllərimi ağzıma təpərək, ayaqlarımı yerə döyə-döyə qışqırmaqda davam edirdim. O isə mənə baxıb dişlərini ağardaraq, doldurduğu çalanı bu dəfə tapdaya-tapdaya gülürdü. Yüyürüb, özümü həyətə atmaq istədim, Olya qolumdan yapışaraq, həyətə düşməyə imkan vermədi. Başımı otağın divarına çırparaq, özümü həlak etmək istəyirdim. Olya pəncərədən əsgərə baxdı və nə fikirləşdisə həyətə düşüb ona tərəf getməyə başladı. Onlar azca söhbət edəndən sonra, Olya onun yaxasından tutub möhkəmcə silkələdi. Əsgər əlindəki lapatkanı yuxarı qaldırıb qıza kərəzləndi. Olya bir-iki addım arxaya atmağa məcbur oldu. Bir azdan əsgər silahını da götürüb, barmağını mənə silkələyərək, çıxıb getdi. Qız qayıdanda bərk pərişan idi. O, yanımda oturub, əllərini qoynuna qoyaraq dərindən nəfəs aldı: - Offf…bunlar çox qəribə millətdirlər, - dedi. Sonra məni sakitləşdirmək üçün: - Dünən gördün də, başıma hansı oyunu açdılar. Gətirib meşin kardonun arxasında adam durğuzublar. – Mən hardan biləydim ki, orda adam var. Yazığı heç nəyin üstündə vurub öldürdüm. Bunların heç birinin başında ağıl yoxdur. Bir azdan Olya ayağa qalxıb isti yemək hazırladı. Uşağın südünü qızdırıb içirtdi. Mənə zorla da olsa, bir az yemək yedizdirdi. Bu hərəkətlərini görəndə başa düşə bilmirdim, o kimdir, buralarda nə edir? Əgər düşməndirsə niyə görə mənə belə qayğı göstərir? Burada bilmədiyim nə isə bir iş vardı, - düşündüm. Yeməkdən sonra sinəmdə ağrılar başladı. Bu ağrılar dünən axşamdan başlamışdı. Özüm də başa düşə bilmirdim ki, bu ağrılar hardandır. Mənə elə gəlirdi ki, dünən döyülən zaman, sinəmə dəyən təpik zərbələrinin ağrısıdır. Olya narahat olduğumu, həm də tez-tez sinəmi ovuşdurduğumu görüb: - Nə olub sənə, niyə belə edirsən? - soruşdu. - Sinəmdə möhkəmcə ağrılar var, - dedim. O, məni çarpayıya uzadıb paltarımın yaxasını açdı və sinəmi ovuşdurmağa başladı. Birdən əlini çəkib gözlərini gözlərimin içinə zillədi. - Dünən mənə dedin ki, uşağı əmizdirməyə südün yoxdur. Sənin döşlərindən axan bəs, bu süd nədir? - Niyə görə, südün ola-ola körpəni əmizdirmirsən? – soruşdu. Mən susub, cavab vermədim. O yenə təkrar etdi: - Axı, bu sənə ziyandır. Döşlərində süd daşları əmələ gələ bilər. Sonradan da massist xəstəliyinə çevirər, anlayırsanmı? Mən yenə də ona bir söz deməyib, başımı aşağı saldım. Deyəsən, qızın məndən əl çəkmək fikri yox idi. - Səninləyəm, dur uşağı əmizdir! - deyə o, mənə əmr etdi. - Istəmirəm! - dedim. - Niyə istəmirsən? - soruşdu. - Ona görə ki, onlar məni zorlayıblar. Mən bir ana kimi körpəmin yanında gözükölgəliyəm. Istəmirəm ki, onların qanları… Əsəbimdən sözlərimin axırını deyə bilməyib susudum. Olya bir qədər fikrə getdi. Sonra handan-hana başını qaldırıb üzümə baxdı və pıçıltıyla: - Sənin adın nədir? - Səidə! - deyə cavab verdim. - Səidə… Səidə… - deyə o, bir neçə dəfə adımı təkrarladı. Bəs, oğlunun adı nədir? - soruşdu. - Ruslan! - -Ruslan?!.. Onun gözləri parıldadı. - Mənim də qardaşımın adı Ruslandır. Bir neçə ildir ki, Qafqazdadır. Hələ vaxt tapıb onu arayıb, axtara bilməmişəm. Bəs sən buralı deyilsən? - deyə soruşdum. O, gülümsəyərək: - Yox, mən Ukraynadanam. Valideynlərim orada yaşayırlar. Ali təhsilli həkiməm. Tibb institutunu bitirmişəm. Həm də atıcıyam, - snayperçi. Nişanlım da hərbiçidir, Ukrayna ordusunda xidmət edir, kapitandır - Andrey Flupçuk. Bir il bundan qabaq nişanlanmışıq. Toy etmək istəyirdik, alınmadı. Həm onun, həm də mənim ailələrimiz böyükdür. Maddi çətinliklərimiz vardı. Aldığımız maaş kifayət etmirdi dolanışığımıza. Həm də evlənəndən sonra, bizə ev lazım olacaqdı. Bu barədə Andreylə uzun-uzadı söhbətlər edib, çıxış yolu axtarırdıq. Günlərin bir günü zalda məşq edən zaman bir yaşlı kişi mənə yaxınlaşıb özünü təqdim etdi. Səhv etmirəmsə, familiyası Boqdanyan idi. – Hə, Karapet Boqdanyan. Ukrayna vətəndaşı idi. Söylədi ki, uzun müddətdir mənimlə maraqlanır. Bir neçə dəfə məşq etdiym zala gəlib, mənim güllə atmağıma tamaşa edib. Sərrast atmağım onun xoşuna gəlibdir. Fikri ilə maraqlandım. Söylədi ki, yaxşı pul ödəməklə bir il müddətinə məni başqa bir ölkəyə aparmaq istəyir. - Orada nə iş görəcəyəm? - soruşdum. Dedi ki, güllə atıcılığından dərs deyəcəksən. Hansı ölkə oduğuyla maraqlandım, Qafqaz tərəflərdən biridir, - dedi. Sevindim. Axı qardaşım da o tərəflərdə idi. Maraqlandım ki, bir ildə mənə nə qədər pul ödəyəcəksiniz? Bildirdi ki, aylıq məvacibiniz min beş yüz dolar olacaqdır. Şübhə ilə baxdığımı görüb, əlavə etdi ki, bu barədə sizinlə müqavilə bağlanacaqdır. Doğrusu, təklif ürəyimcə olan təklif idi. Ayda min beş yüz dollardan, ilə on səkkiz min dollar edirdi. Təsəvvür edirsənmi? Bu pulla toy da etmək olardı, hələ yaraşıqlı mənzil də almaq olardı. Ona bildirdim ki, mən güllə atıcısından başqa, həm də ali təhsilli həkiməm. Tibbi institutunun cərrahiyyə şöbəsini bitirmişəm. O, buna çox sevindi və dərhal da bildirdi ki, həkimliyinizə görə də hər ay əlavə beş yüz dolar alacaqsınız. Onun bu sözlərindən sonra, dəli olmaq dərəcəsinə çatmışdım. Bu, ildə iyirmi dörd min dollar edirdi. Dərhal razılığımı bildirdim. Amma ona başa saldım ki, mənim nişanlım var, onunla da görüşüb, söhbət etmək lazımdır. Təkbaşına qərar verə bilmərəm. Səhəri gün biz üçlükdə oturub söhbət etdik. Uzun söhbətdən sonra Andreyi də razı sala bildik. Nişanlımın hərbiçi olduğunu biləndə, ondan da əl çəkmədi, dedi ki, gəl səninlə də müqavilə bağlayaq, sən də get. Andrey ona bildirdi ki, müdafi nazirliyi ilə orduda xidmətə görə müqaviləm var. Bir il yarımdan sonra müqavilə başa çatır. Əgər dediyiniz faktlar məni qane etsə razılığa gələ bilərik. Biz gizlincə Ardreylə Karapetin kimliyi ilə maraqlandıq. Öyrəndik ki, o, Ukraynada yaşayan erməni diasporasının başçısıdir. Onun dediyi yerdə müharibə getdiyindən məlumatım var idi. Amma kimlərlə döyüşdüklərini bilmirdim. Bir də ki, mən ora döyüşməyə yox, güllə atıcılığından dərs deməyə gedirdim. Bu barədə yazılı müqavilə imzalamışdıq. Günlərin bir günü təyyarə ilə Ermənistana, oradan da buraya gətirildim. Indi iki aydır ki, buradayam. Elə ilk gündən onların davranışından xoşum gəlmədi, kobud və qaba adamlardırlar. Mənimlə razılaşmışdılar ki, müharibə gedən zonada deyil, arxa cəbhədə atıcılıq dərsi keçməliyəm. Düzdür, bir ay deyilənlərə əməl etdilər. Otuza yaxın gənc qıza dərs deyirdim. Təsəvvür edirsiniz onlar elə çox idilər ki, bütün günü ayaq üstə qalmaqdan bezikmişdim. Bir ay onları hazırlayandan sonra məni döyüş bölgəsinə gətirdilər. Onunla izah etdilər ki, mənim həkim işləmək haqqında da müqaviləm var. Ona görə də, qospitalda çalışmalıyam. Bu da mənə olduqca çətin gəlirdi. Gecə-gündüz işləyirdim. Etirazımı bildirəndə də, da ağız-ağıza verib deyirdilər ki, bunun üçün sənə haqq ödəyirik. Hələ qorxuram ki, onlar ortaya başqa bir məsələ qoymasınlar. Onlardan nə desən gözləmək olardı. Bir aylıq mənə verilən məvacibi də kəsmişdilər. Iki min dollardan mənə cəmisi yeddi yüz əlli dollar ödədilər. Səbəbini də onunla izah etdilər ki, guya mənim mahir atıcı olmağımı yuxarıdan gələn generallar təsdiq edəndən sonra bütöv məbləğ ödəniləcəkdir. Dünən sən özün şahidi oldun da, - Olya dedi. - Gördün ki, onlar mənim məharətimi necə yoxladılar? - Hədər yerə günahsız bir insanı vurub öldürməklə. Artıq nifrət edirəm onlara. Olya bunları danışdıqca, mənə çox şeylər aydın olurdu. Demək, bu qızı Ukraynadan buraya bizimlə döyüşmək üçün gətiriblər. Yadıma Əlinin hələ o vaxtlar dediyi sözlər düşdü. O, həmişə deyərdi ki, düşmənlər xarici ölkələrdən muzdlu döyüşçülər gətiriblər. Onlar spayperçilər, topçular, təyyarəçilərdən ibarətdir. Özləri tülki kimi qorxaqdırlar axı, - deyərdi. Demək, Olya düşmən deyildi. Bu məni bir az sevindirdi. O gecə səhərə qədər onunla söhbət etdik. Olya oğlum Ruslanı o qədər istəyirdi ki… Ona «qardaşım» - deyərək, qulluğunu tuturdu. Uşağa hər gün hardansa lazım olan şeylər tapıb gətirərdi. Onun pal-paltarını da təzələmişdi. Uşaq sarıdan bir az arxayınlaşmışdım. Bir aydan artıq idi ki, əsirlikdəydim. Hər gün bir səhər, bir də axşam gəlib bizi yoxlayırdılar. Guya mən qaçıb gedəcəkdim. Öz-özümə fikirləşirdim, axı mən hara qaçacağam? Sizdən intiqamımı almamış heç yerə gedən deyiləm… Gedəsi heç yerim də yoxdur… Hər gün əsirlər gətirilirdi. Hiss olunurdu ki, müharibəni uduzuruq, şəhərlər, kəndlər düşmən əlinə keçir. Nələr baş verirdi cəbhədə, anlaya bilmirdim? Bu qədər də əsir olar? Qorxurdum. Mənə elə gəlirdi ki, bunlar bütün məmləkətimizi ələ keçiriblər. Doğurdanmı beləydi? Axı, bizim əsgərlərin necə döyüşdüklərini mən öz gözlərimlə görmüşdüm. Əli kimi minlərlə döyüşən oğullarımız vardı cəbhədə. Onlara nə oldu bəs? Mən bura düşən gündən hər dəqiqə, hər saat döyüşçülərimizin hücuma keçib, bunları məhv edəcəyini gözləyirdim. Gözləyirdim ki, bir gün əsgərlərimiz bu hərbi düşərgəni də mühasirəyə alıb, dağıdacaqlar. Mən öz əsgərlərimizin atdığı bombalardan yaralanıb ölmək istəyirdim. Istəyirdim ki, günlərin birində, elə mən yaşadığım bu evin düz ortasına bir bomba salsınlar. Sevinərdim və öz əsgərlərimizin gülləsindən ölməyi, necə də özümə şərəf bilərdim. Ancaq biləydim ki, nahaq tökülən qanların qisası alınıbdır. Yüzlərlə, minlərlə gözü yaşlı qız və gəlinlərin şərəf və ləyaqətini tapdayan bu çöl donuzlarının burunlarını ovublar. Mən bunun həsrətindəydim. Amma məsəl var, deyir: - «Sən saydığını say, gör fələk nə sayır». Bu məsəl, elə bil mənimçün deyilibmiş. Əsirlərə olmazın əzab-əziyyətlərini verirdilər. Onları o qədər incidirdilər ki, axırda işgəncəyə dözə bilməyib ölürdülər. Dəhşətli anlar yaranmışdı. Qışqırıq, bağırtıdan əlindən qulaq tutulurdu. Insan öldürmək onların əlində bir içim su kimi asan görünürdü. Gözlərimin qarşısında çox dəhşətli hadisələr baş verirdi. Öz başıma gələnlərin xofundan hələ qurtula bilməmişdim. Bir yandan da bura gətirilən əsirlərlə, onların vəhşicəsinə davranışı adamın ağlını başından alırdı. Düşmənlər özləri də etiraf edirdilər ki, son bir-iki ayda gətirilən əsirlərin sayı heç vaxt bu qədər çox olmamışdır. Başa düşə bilmirdim, ayrı-ayrı şəhərlərimiz alınıb, ya bütün ölkə düşmən əlindədir? Axı, biz əsir götürüləndə, yalnız iki şəhərimiz düşmən əsarətindəydi. Bəs, bu qədər əsirlər haradan gətirilir? Dəhşətlisi də o idi ki, mülki əhaliylə yanaşı, çoxlu əsgərlərimiz də əsir götürülürdü. - Nə olmuşdu? - fikirləşirdim, - məgər bizimkilər döyüşmək istəmirlər? Tutulan əsirlərə dözülməz işgəncələr verirdilər. Gözlərimin qabağında baş verən bir hadisə ürəyimi yandırdı. Düşmənlər on nəfərə yaxın hərbi əsiri o qədər döymüşdülər ki, onların sir-sifətlərindən insan olduqlarını güclə ayırd etmək olurdu. Baş-gözlərindən süzülən qızıl qan, cırılıb-didilmiş paltarlarına tökülərək, onları əcaib bir görkəmə salmışdı. Hamısının qollarını arxadan tikanlı məftillərlə möhkəm-möhkəm bağlamışdılar. Həmin əsirləri kazarmadan aralı bir yerə gətirib, qollarını açdılar və hərəsinin əlinə bir lapatka verib iki quyu qazdırdılar. Sonra yekəpər bir düşmən əsgəri, əsirləri bir-bir qazılan quyunun qırağında yerə yıxıb, başlarını kəsməyə başladı. Bıçağı əsirin ulğumuna çəkib gözləyirdi. Sanki toyuq başı kəsirdi… Əsirin canı ağzından çıxan kimi, təpikləyib onu quyuya salırdı. Sonra növbəti əsiri ayağının altına alırdı. Altı nəfərin, beləcə başını kəsib, quyunun içinə atdı. Sonra quyunun dolduğunu zənn etdiyindəndi, ya nədən əsirləri o biri quyunun yanına apardı. Amma bu vaxt nə fikirləşdisə hərbi əsirlərdən birini geri döndərib meyitlə dolu quyuya itələyib saldı və ona əmr etdi ki, meyitləri tapdasın. Əsgər bundan imtina edərək, yerindəcə quruyub qalmışdı. Onun bu hərəkəti düşmənə xoş gəlmədiyindən, yerdən lapatkanı qapıb, düz onun başına endirdi. Əsgər səs belə çıxarmadan əllərini yaralı başına qoyub, sakitcə yerə çökdü və sonra ağzı üstə yıxıldı. Düşmənlər benzin gətirib, quyudakı meyitlərin üstünə tökərək, od vurub yandırdılar. Ətrafı ürək bulandıran insan yağının qoxusu bürüdü… Bunlar hamısı gözlərimiz qarşısında baş verdiyindən, havalanmış adamlar kimi qışqırırdıq. Onların vəhşiliyi onda idi ki, tutduqları əsirləri güllə ilə öldürmürdülər. Elə bil gülləyə heyifləri gəlirdi. Adamların ya başlarını kəsirdilər, ya da nəfəsləri kəsilənəcən döyürdülər. Əsir düşmüş qadınların, qızların isə öz cəzaları vardı. Onların cəzaları birinci növbədə namuslarına təcavüz idi. Nə qədər murdarlıq vardı, hamısını bizim qadınların üzərində sınaqdan çıxarırdılar. Qadınlara təcavüz edəndən sonra başlayırdılar onlara əzab, işgəncə verməyə. Yumuşaq yerlərinə papirosu yandırıb basırdılar, odlu kösövlə dağlayırdılar. O əclaflar dünyanın elə bir lənətə gəlmiş işgəncəsi olmurdu ki, onu sınaqdan çıxarmasınlar. Onlarda rəhm deyilən bir şey yox idi, qanımıza yerikləmişdilər, elə bil. Qanımız, canımız, onlar üçün, sanki həşarat qanı, ilan-qurbağa qanı idi. Bizlərə qarşı bu nifrət hissinin haradan yarandığını anlaya bilmirdim. Mənə elə gəlirdi ki, onların heç ürəkləri yoxdur, onlar dəmirdən, daşdan yonulub, düzəldiliblər. Amma gördüyüm bəzi şeylər mənə anladırdı ki, onların ürəkləri də var, lap ciyərləri də. Bunu gördüyüm bir hadisədə yəqin etdim. Erməni əsgəri əsirlərdən birini döyərkən əlini paralamışdı. Onun yaralanmış əlinin qanını dayandırmaq olmurdu. O qışqırırdı. Yanındakılar isə sifətlərini turşudaraq onun əlindən süzülən qanı görməmək üçün üzlərini yana tutmuşdular. Qəribəydi, bir neçə dəqiqə bundan qabaq insan başını kəsib, başdan fışqıran qana ləzzətlə tamaşa edən erməni əsgəri, indi soydaşının cızılmış əlindən damcılayan qana baxmağa qorxurdu. «Erməni qandan qorxur». Bu fikrin nə qədər müəmmalı olduğunu indi anlamağa başlayırdım. Erməni kəsdiyi türkün qanından heç vaxt qorxmayıb, onun qorxduğu öz qanıdır. Türkün tökülən qanı onun fərəhinə, ürəyinin böyüməsinə səbəb olubdur. Əsirlərimiz çox vaxt qorxaqlıq göstərirdilər. Onlar bilə-bilə ki, öldürüləcəklər, işgəncələrə məruz qalacaqlar, yenə də susub, hərəkətsiz dayanırdılar. Bunları görəndə fikirləşirdim, axı onsuz da sənin nicat yolun yoxdur, niyə görə bircə öz canını, öz ləyaqətini qoruya bilmirsən? Qadınlarımız daha cəsarətliydilər. Onlara toxunan zaman düşmənlərə elə müqavimət göstərirdilər ki... Onların üst-başlarını cırırdılar, üzlərinə tüpürürdülər… Çarəsiz qalanda isə, ayaqlarına düşüb yalvarırdılar ki, öz namus və ismətlərini qoruya bilsinlər. Amma faydası olmurdu. Heç bir qadın, qız öz razılığıyla namusunu düşmənə təslim etmirdi… Amma bəzi kişilərimiz düşməni görən kimi dizə çöküb, gözlərinin yaşını axıdırdılar, yalvarıb-yaxarırdılar, sağ qalmaq üçün döyüşçü dostlarının özlərini, arvadlarını, qızlarını onlara nişan verirdilər. Bu dəhşət idi. Fikirləşirdim, axı sən kişiliyini, qeyrətini itirəndən sonra neynirsən yaşamağı? Bundan sonra yaşamaq sənin nəyinə lazımdır, a bədbəxt oğlu. Amma aralarında namus, qeyrətini ölümdən üstün tutanlar tapılırdı. Bunu mən öz gözlərimlə gördüm orda. Bir dəfə döyüşçülərdən birinin əllərini bağlayıb, qurşaqdan yuxarı soyundurdular. Belinə samovar bağlayıb, içinə su tökərək, qaynatmağa başladılar. Samovarın odluğundakı kömür alışdıqca, oğlan ayağının birini götürüb, o birini qoyur, sanki rəqs edirdi. Düşmənlər də buna baxıb gülüşürdülər. Kömür alışdıqca, oğlan da sürətlə atılıb, düşürdü. Bu dəhşətli bir mənzərəydi. Samovarın qaynaması, deşiklərindən çıxan buxardan bilinirdi. Bu vaxt bir zabit irəli yeriyib, ağrıdan bir yerdə qərar tuta bilməyən və bəlkə də son anını yaşayan oğlanın əllərindəki ipi açdı və onun qollarından yapışıb: - «Ölümqabağı rahat oyna» - dedi. Qollarının açıldığını görən oğlan, elə bil bunu gözləyirdi. Bir anın içindəcə əl atıb belindəki samovarı qapdı və var gücüylə, qarşısında dayanıb ona əl çalan zabitin başına endirdi. Zərbədən zabit o andaca yerə yıxılıb çabaladı. Samovardan calanan qaynar su, onu başdan-ayağa yandıraraq, diri-diri bişirdi. Bu elə tez, elə ani baş verdi ki, ətrafdakılardan heç kəs yerindən tərpənib, gözləri qarşısında diri-diri bişən zabitə kömək edə bilmədilər. Nəinki, kömək etmədilər, hətta qorxularından bir anlıq özlərini itirərək, durduqları yerdən pərən-pərən düşdülər. Özlərinə gələndən sonra isə, dördbiryandan oğlana atəş açmağa başladılar. Güllələr onun sinəsini dəlik-deşik edərək, yanıb pöc olmuş kürəyindən çıxırdı. O, öldü. Amma kişi kimi öldü. Ölümü ilə düşmənlərə çox şeyi anlatdı. Onun igidliyini heç unuda bilmirəm. Gözlərimlə gördüklərim nə qədər dəhşətli olsa da, mənimçün qorxulu deyildi. Mən bu hissləri ərimin başı kəsilərkən yaşamışdım. Qorxunu namusuma təcavüz edilərkən keçirmişdim. Ondan sonra qorxu deyilən bir hiss mənim qəlbimdə çoxdan ölmüşdü. Əgər o qorxunu canımda gəzdirsəydim, demək ayaqlarım üstündə saxladığım bu leş bədənim mənə hər şeydən üstün və əziz olmalıydı. Onda da cismim ölənlərimin ruhu tərəfindən gecə-gündüz lənətlənəcəkdi. … Olya olmasaydı, vəhşilərin arasında baş çıxarmaq mənim üçün çox çətin olardı. O savadlı, həm də düşüncəli bir qız idi. Hər şeyə diqqət yetirərdi. Düşmənlərin hərəkətlərinə dözə bilməyib deyərdi: - «Səidə, sən düz deyirsən, mən belə millət birinci dəfədir ki, görürəm. Bunların dedikləriylə, elədikləri düz gəlmir». Hiss edirdim ki, Olya da onları tanımağa başlayıbdır. Tanıdıqca da, onlardan ehtiyat edirdi. Əvvəllər sərbəst gəzib, dolaşdığı halda, sonralar otaqda olarkən qapını içəridən bağlayardı. Gecələr silahını başının altına qoyub yatardı. Qapı qəfildən döyüləndə isə o silaha əl atıb, yerindən sıçırayar və tapançasının tətiyini çəkərək hazır vəziyyətdə gözləyərdi. Amma bunlara baxmayaraq, Olya onlar üçün işləyirdi. Qız orada əvəzedilməz bir muzdlu əsgər idi. Buna görə də, onunla hesablaşırdılar. Qızın dediyinə görə, az vaxt ərzində, ona yaxın əla nişançı hazırlamişdi. Həm də, həkim kimi kara gəlirdi. Düşərgəyə yeni əsirlər gətiriləndə onun işi həddən artıq çox olurdu. Çox vaxt otağa sübhə yaxın gəlib çıxardı. Belə vaxtlarda yorğun görünərdı. Harada olduğunu soruşanda, susub, cavab verməzdi. Xahiş edərdim, yalvarardım ki, harada olduğunu, nə işlər gördüyünü mənə də desin. Istəyirdim ki, düşmənlər haqqında hər şeyi bilim. Bizimkilərin vəziyyətini öyrənim. Onsuz da bilirdim ki, vəziyyət xeyirimizə deyildir. Çünki hərbi düşərgəyə gətirilən əsirlərin sayı hər gün artırdı. Onların çoxu mülki adamlar idilər. Bilirdim ki, kəndlərimiz, şəhərlərimiz yavaş-yavaş boşalır. Amma Olya, hələlik bir kəlmə də olsun onlar barədə mənə söz demirdi. Söhbət düşəndə də, o, mənim barəmdə danışardı. Deyərdi ki, sən yaman dəyişmisən, belə deyildin. Indi qorxu-hürkü qalmayıb səndə. – «Ehtiyatlı ol, - deyərdi, - görürsən düşərgədə sənin kimi nə qədər əsir var və görürsən onlar nə çəkirlər». Onun sözləri qətiyyən mənə təsir etməzdi. Nə etdiklərimi yaxşı başa düşürdüm. Amma Olyanı da özümdən şübhələndirməmək üçün sözlərini təsdiqləyirdim. O mənim üçün çox lazımlı idı. Onsuz heç nə edə bilməzdim. O, mənimçün göydən enmiş bir xilaskar kimiydi. Anlayırdım ki, mənə hələ çox lazım olacaqdı... Bir dəfə otağa səhərə yaxın gəlib çıxdı. Üst-başı tamam qan içərisindəydi. Çox əsəbi görünürdü. Söyürdü erməniləri. Onlara «vəhşilər», «canavarlar» deyirdi. Nə üçün əsəbləşdiyini soruşanda; - «Getmək istəyirəm burdan, daha dözə bilmirəm» - dedi. – «Başlarına dəysin mənə verdiyi pullar!..» - deyə söyürdü onları. - Nə olub? - soruşdum. Bir söz demədi. Təkid etdim. - Nə olacaq? – dedi. – Bu gün iki körpə uşaq qanaxmadan qospitaldaca öldü. Heç cür onları xilas edə bilmədim. - Daha mənim həkimliyimə də hörmət qoymurlar. Onlara: - Əl çəkin uşaqlardan! - deyə yalvarırdım. O axmaqlar isə, dişlərini ağardaraq: - Bunlar bizim düşmənlərimizdir! – deyərək, məni heç adam yerinə qoymaq istəmirdilər. - Bəsdirin, yazığınız gəlsin, onlar insandırlar! - deyirdim. Amma nə faydası, sözlərim, elə bil daşa, divara dəyib qayıdırdı. – Körpə uşaqların hər ikisinin böyrəklərini çıxartdılar. Hələ məni təqsirləndirərək, guya onların düşmənlərini müdafiə etdiyim üçün lənətləyirdilər də. – Yox burada yaşamaq günahdır, - deyə Olya, o gecəni səhərə qədər bir çimir də olsun gözlərini yummayıb, düşdüyü, vəziyyətdən gileylənirdi. Bu dəfə mən ona təsəlli verirdim. - Bacım, bir azca döz, - deyirdim. - Qoy allah da başını qaldırıb, yaratdığı bu yaramazların nə işlər gördüyünü öz gözləriylə görsün. Ondan sonra, bəlkə bu həşaratların yer üzündən silinməsi üçün bir fərman verdi. Qız mənim bu sözlərimdən sonra üzümə baxıb başını bulayırdı… - Əsirliyim davam edirdi. Yaşadığım evin ərazisini süpürüb, təmizləmək mənə tapşırılmışdı. Hər gün sübh tezdən yerimdən qalxar və böyük bir ərazini silib təmizlərdim. Özümdə çox böyük dəyişikliklər hiss etməyə başlamışdım. Hər tərəfi diqqətlə nəzərdən keçirirdim. Addımımı hara atırdımsa oranı yaxşı-yaxşı öyrənməyə çalışırdım. Yaşadığımız meşəlik çox geniş ərazini əhatə edirdi. Bura böyük bir hərbi hissə idi. Yüzlərlə tank, hərbi texnika cəmlənmişdi burada. Ərazi büsbütün tikanlı məftillərlə əhatəyə alınmışdı. Hər üç yüz metrdən bir qoruyucu qüllələr, qüllələrdə də növbəylə əskərlər keşik çəkirdilər. Bir qədər aralıda isə hərbi vertalyotların enməsçi üçün meydança vardı. Hər gün oradan onlarla vertalyot enib-qalxırdı. Düşmən əsgərlərinin içində hər növ adama rast gəlmək olurdu. Sarışınından tutmuş qarasına kimi. Olyanın dediyinə görə bunların hamısı muzdla tutulmuş döyüşçülərdi. Mənə etibar etməyə başlamışdılar. Çünki vətənə qayıtmaq istəmədiyimi, artıq düşərgədəkilərin çoxu bilirdi. Verdiyim sözün düzgünlüyünü yoxlamaq üçün, onlar bir neçə dəfə məni sınaqdan da keçirmişdilər. Bunları hiss edirdim, bilirdim ki, onlar mənim hər bir hərəkətimə ciddi nəzarət edirlər. Bir neçə dəfə qəsdən mənim qaçmağım üçün şərait də yaratmışdılar. Görəndə ki, heç yerə çıxıb getmirəm, ondan sonra məni bir azca sərbəst buraxdılar. Azacıq da olsa onların inamını qazanmagım məni sevindirirdi. Bu həm də mənim ərazidə gəzib-dolanmağıma imkan verirdi. Olya bəzən gecələr evə dönməzdi. Soruşanda da səbəbini gizlin saxlayırdı. Amma hiss edirdim ki, son vaxtlar ondan həkim kimi az istifadə edirlər. O daha çox döyüşçü rolunu oynayırdı. Qız gündüzlər yatıb dincələr, gecələr isə tüfəngini də götürüb gedərdi. Belə tənha gecələrdə oğlumla bir-birimizə sığınıb qalardıq. Hər şey adiləşmişdi gözlərimdə. Mənə elə gəlirdi, neçə illərdi bu xarabada yaşayıram. Ağrı-acılara öyrəşdiyim kimi, yavaş-yavaş özümü də özümə öyrəşdirirdim. Dünənki Səidəni, bu günkü Səidəyə azacıq da olsa tanıtmaq istəyirdim. Bilirdim ki, dünənim bu günümü qəbul etməyəcəkdir. Istəsəydim, istəməsəydim də olanlar bu idi. Mənim gördüklərim və yaşadığım bu mühit nağıl deyildi. Mən gerçək bir həyat yaşayırdım. Başqalarının haradansa eşitdikləri və eşitdikləri qədər də qorxunc olan nə vardisa burada idi. Daşı da, torpağı da adama qənim kəsilmişdi. Göz qırpmadan bir anın içindəcə, onlarla sənin kimini uf demədən didib-parçalayan bir mühitdə və bu mühitin sakinləri arasında yaşamağa məhkum olunmuşdum. Keçmişimlə yaşamaq mənə çətin gəlirdi. Mən bu günümlə, sabahımla yaşamaq istəyirdim. Içimdəki qisas hissi hər şeyə öyrəşdirirdi məni. Amma bir şeyə öyrəşə bilmirdim, alışa bilmirdim. Olub-keçənləri yaddan çıxarmağa, unutamğa öyrəşə bilmirdim… Bunlara öyrəşə bilmədiyim üçün qəzəbimi, kinimi heç cür soyuda bilmirdim. Alışırdım, yanırdım qəzəb hissindən. Günlərin bir günü Olyadan xahiş etdim ki, mənə də güllə atmağı öyrətsin. O çiyinlərini çəkib: - Güllə atmaq sənin nəyinə lazımdır? – soruşdu. - Ürəyim istəyir! – dedim. Hərbiçi arvadı olduğum üçün silahları yaxşı tanıyırdım. Onlarla necə davranmağı da bacarırdım. Amma sərrast atmağı bacarmırdım. Olya mənimlə razılaşdı. Əvvəlcə evin içində bəzi şeyləri mənə öyrətdi. Çox həvəsliydim. Ona görə də, onun dediklərinin hamısı beynimə batırdı. Məndən fərqli olaraq, Olya sərbəst idi. O istədiyi vaxt istədiyi yeri gəzib-dolaşa bilirdi. Gecələr saatlarla ağaca bərkidilmiş nişangaha atəş açırdı. Çox vaxt mən də onunla birlikdə olurdum. Ilk dəfə idi ki, tüfəngdən atəş açırdım. Əllərim titrəyirdi. Tüfəngi sinəmə elə bərk-bərk sıxmışdım ki… Atdığım güllələr hədəfdən yan keçirdi. Olya məni başa salırdı ki, özümü sərbəst tutum, sıxmayım. O deyən kimi də etdim. Bir neçə dəfə təkrar edəndən sonra, artıq hədəfi düzgün nişan almağı öyrəndim. Olya mənimlə düz bir həftəyə yaxın məşğul oldu. Sərbəst şəkildə tüfənglə davranmağı, hədəfi nişan alıb atmağı öyrəndim. Uşaq kimi sevinirdim. Güllə atmağım məndə özümə qarşı inam hissi öyatmışdı. Özümü güclü hiss edirdim. Əlbəttə, bu işi biz xəlvəti görürdük. Əgər düşmənlər bundan xəbər tutsaydılar yəqin ki, mənimçün yaxşı qurtarmayacaqdı. Necə olsa, mən düşmən əlində əsirdim. Ona görə də, Olya hardansa tapıb gətirdiyi əsgər paltarlarını mənə geyindirər və gecənin qaranlığında mənə tüfəng atmağı öyrədərdi. Tüfəngin üstünə taxdığı «gecəgörmə cihazı» qaranlıqda hədəfi nişan almaqda bizə kömək edərdi. Çox qəribə idi, ilk dəfə öldürdüyüm adam düşmənlərdən yox, özümüzünkülərdən oldu. Bu hadisə belə baş verdi… - Düşərgəyə, demək olar ki, hər gün əsirlər gətirilirdi. Düşmən tərəfi gətirilən əsirlər arasından birinci növbədə, zabitləri və onların ailələrini arayıb, axtarırdılar. Bu işdə onlara daha çox öz satqınlarımız kömək edirdilər. Onlardan tələb olunurdu ki, əsir düşmüş adamlar arasından hərbiçilərin olub-olmadığını öyrənib desinlər. Bizimkilərin içərisində Fariz adlı birisi, nəinki hərbiçilərin aşkar edilməsində, hətta onlara cəzaların verilməsində də, düşmən tərəfinə kömək edirdi. Bu barədə Olya mənə dəfələrlə demişdi. Demişdi ki, sizinkilər arasında birisi var, o ermənilərdən də qəddardır. Kişiləri, qadınları, hətta uşaqları da incidir. Deyilənləri, bir dəfə öz gözlərimlə də gördüm. Gördüm ki, o əsirin birini lüt-üryan ağaca bağlayıb döyür. Sonra düşmənlərə xoş gəlsin deyə, incitdiyi adamların alınlarında, bıçağın ucuyla xaç şəkili cızırdı. O alçağın bu hərəkətləri mənə o qədər pis təsir etmişdi ki… Bir var bunu düşmənlərin edə dərd yarıydı. Özümüzünkülərin belə bir şərəfsizliyə qol qoyması adamın ürəyini yandırırdı. Ürəyimdə dedim ki, heç eyibi yoxdur, qoy məqam düşsün, ananı gör, necə ağlar qoyacağam. Çox şükürlər olsun ki, bu məqam özünü çox da gözlətmədi. Bir neçə gün sonra, Olya ilə gecə hədəfə atəş açdığımız vaxt kiminsə arxamızda dayandığını hiss etdik. Geri dönüb baxanda, gördüm ki, arxamızda dayanan adam məni sorğu suala tutan həmin o yüksək rütbəli zabit idi. Sən demə, bayaqdan dayanıb bizim hərəkətlərimizi izləyirmiş. Onun təəccüb dolu nəzərlərlə bizə baxması, məni bir az çaşdırdı. Onun nələr fikirləşdiyini, sözsüz ki, başa düşürdüm. Yəqin ki, o fikirləşirdi: - «Əsir qadın hara, silah hara?» Fikirlərimdə yanılmamışdım. Bu özünü zabitin hərəkətlərində də, göstərdi. O, bir neçə addım bizə tərəf atıb dayandı və heç nə olmayıbış kimi: - Qızlar, siz burada nə edirsiniz? – soruşdu. Olya gülə-gülə: - Düşmənin gecə həmlələrindən qorunmaq üçün məşq edirik, cənab general. General nəzərlərini üzərimdə saxlayaraq: - Düşmənin özüylə?!.. Maraqlıdır. – deyə o, Olyaya yaxınlaşıb snayper tüfəngini onun əlindən aldı. Mənə elə gəldi ki, o bu dəqiqə atəş açıb, məni qətlə yetirəcəkdir. Gözlərimi onun gözlərinin içinə dikmişdim. Qaranlıqda onun gömgöy gözləri işığa düşmüş itin gözləri kimi par-par parıldayırdı. Ömrümdə birinci dəfəydi ki, belə əcaib gözlər görürdüm. Araya bir qədər sükut çökdü. Yəqin ki, general Olyadan cavab gözləyirdi. Qız isə nə deyəcəyini, deyəsən, özü də bilmirdi. Ona görə də, bir söz deməyərək, maddım-maddım zabitin üzünə baxırdı. Bir qədər sonra general zəhmli səslə: - Sən nə etdiyinin düşünürsənmi? – dedi. – Bilirsənmi, bu nə deməkdir? Olya söhbətin nədən getdiyini indi anlayırmış kimi dilləndi: - Cənab general, mən sizi başa düşürəm. Amma əmin edirəm ki, narahatçılığa heç bir əsas yoxdur. Bu qadının sizinkilərə çox böyük rəğbəti vardır. Bunu özünün bir neçə həftə bundan qabaq onun öz dilindən eşitdiniz. Bu qadın burada qalmaq istəyir. Müharibədir, hər şey gözləmək olar. Onunçün də silahdan atəş açmağı öyrənmək istəyir. Burada qəribə nə var ki?.. General əlini Olyanın çiyninə qoyaraq: - Əlbəttə… əlbəttə, xatırlayıram onun dediklərini. Hətta, o da yadımdadır ki, o, burada qalıb itirdiklərini axtarmaq istəyirdi. – Elə deyilmi? – deyə zabit, çönüb mənalı-mənalı üzümə baxdı. Mən bir söz deməyib, başımı aşağı saldım. Sanki zabitin ürəyimdən keçənəri gözlərimdən oxuyacağından ehtiyat etdim. General əlindəki tüfəngi bir neçə dəfə o tərəf-bu tərəfə aşırandan sonra mənə verib yaxınlıqdakı hədəfi vurmağı əmr etdi. Tüfəngi əlimə alıb bir addım qabağa keçdim və bizdən əlli metr aralıda ağaca bərkidilmiş adam şəkli olan hədəfi nişan aldım. Elə bu vaxt gözucu da olsa, zabitə nəzər saldım. O, farağat vəziyyətdə dayanıb məni izləyirdi. Ürəyimdən ani də olsa bir fikir keçdi: - Səidə, fürsətdir, bu əclafın düz alnını nişan al!.. Amma bircə generalın ölümü ilə razılaşmaq mənim üçün o qədər də asan olmayacaqdı. Və mən bununla razılaşa da bilməzdim. Çəkdiyim əzabların yanında bircə düşmən generalı nə idi ki?.. O mənim heç bircə damla göz yaşıma dəyməzdi. Odur ki, tez də bu fikrimdən yayındım. Tüfəngin qundağını üzümə sıxıb tətiyi çəkdim. Güllə açılmadı. Təkrar bir də yoxladım, yenə atəş açılmadı. Birdən arxamda dayanmış generalın, donuz fınxırtısına bənzər boğuq gülüşünü eşitdim. Nəyə güldüyünü anlamayaraq, gözlərimi onun üzünə dikdim. General gülməyinə davam edirdi. Olya məsələdən hali imiş. Qız başını aşağa salaraq, gülümsəyə-gülümsəyə, ayağının ucuyla yerdəki ağac yarpaqlarını süpürürdü. Birdən, hardansa ağlıma gəldi: - «Olmaya, bu qoca tülkü məni sınağa çəkirmiş?» Deyəsən, düz tapmışdım. Bu iblis gözlü zabitin get-gedə paxla qazanı kimi paqqıltıyla gülməsindən, artıq yəqin etmişdim ki, o məni yoxlayırmış. Özümü sındırmayıb dedim: - Tüfəngin patronlarını siz götürmüsünüz? O gülməkdən gözləri yaşarmış halda əlindəki üç patronu mənə tərəf uzadıb: - Deyəsən, sizin xalqın məsəlidir. Deyir; - «Igidin igiddən bircə ehtiyatı üstündür» - elə deyilmi? - Elədir. – dedim. - Amma deyəsən sizin də xalqın bir məsəli var, deyir: - - Qorxaq, xoflu olar. Dediyim bu məsəl gözlənilmədən ağzımdan çıxdı. Özüm də bir təhər oldum. Sözlərim generalın xoşuna gəlməsə də, xalqının dediyi sözləri danmayacaqdı ki… Odur ki, bir az ciddi tərzdə: - Əlbəttə, erməni xalqı çox müdrik bir xalqdır. Əgər belə deyibsə, demək düz deyibdir. Amma mən yüz faiz əminəm ki, bu sözləri mənim xalqım sizinkilər üçün deyibdir. Və o yenidən gülməyə başladı. Əlimdəki patronları tüfəngə qoyub nişan aldım. Bu dəfə general mənim düz bərabərimdə dayanmışdı. Əlini belindəki tapançasının üstünə qoyması gözlərimdən yayınmadı. Ani olaraq ürəyimdən bu sözlər keçdi: - «Cənab general, düz demirsiniz. - Bu sözləri mənim babalarım sənin o qorxaq, ikiüzlü babaların üçün deyiblər, axı». Tətiyi çəkdim. Gecənin qaranlığını güllənin vıyıltılı səsi pozdu. Bu vıyıltı tezcə də kəsildiyinə görə, anladım ki, gülləm hədəfə dəymişdir. Yanılmamışdım. General əlinə götürdüyü kardon kağızın üzərindəki adam şəklinin baş hissəsindəki deşik yerini göstərib, başını yırğalaya-yırğalaya - «Əladır!» - dedi. Elə düşündüm ki, o, bundan sonra mənə inanacaqdı. Çünki onun bir neçə dəfə məni sınaqdan çıxarması və bu sinaqlardan, necə deyərlər, «alnıaçıq» çıxmağım onun mənə qarşı inanmını artırmalıydı. Hər halda, mən belə düşünürdüm. Ancaq gözlədiyimin əksi oldu. Zabit bizdən xeyli aralıda, tikanlı məftillərlə hasara alınmış ərzaq anbarının qarşısında dayanan keşikçi əsgəri əlinin işarəsiylə yanına çağırıb, nə isə tapşırıq verdi. Əsgər dərhal kazarmaya tərəf yüyürdü və bir neçə dəqiqədən sonra dörd əsiri qabağına qatıb gətirdi. Əsgər əsirləri sıraya düzüb gözlədi. Əsirlərin arasında Fariz deyilən oğlanı görəndə, içimdən bir sızıltı keçdi. Əvvəlcə, bu oyundan baş aça bilmədim. Başa düşə bilmədim ki, əsirləri bura yığmaqda generalın məqsədi nədir? Farizin onların arasında olması, mənim fikirlərimi bir azca qarışdırıdı. Mənə elə gəldi ki, general onun əliyə yenə də hansısa bir oyun göstərmək istəyir. Bəlkə, elə bu dəfəki hədəf mən olmalıydım? - düşündüm. Amma zabitin silahı mənə verib,- «Onlardan birini vur!» - deməsi - məsələnin nə yerdə olduğunu mənə anlatdı. Tərəddüd içərisindəydim. - «Yoxsa, bu iblis yenə də məni sınaqdan çıxarır» - deyə, məndə şübhə yarandı. - «Fikri qəti olsa, bu çox gözəl bir sınaq olacaq» - düşündüm. Odur ki, tüfəngi sinəmə sıxıb dərhal atəş açdım. Atəşin açılmasıyla Farizin arxası üstə yerə yıxılması bir an oldu. Mənim bu hərəkətim oradakıların hamısının təəccübünə səbəb oldu. Yəqin ki, general da məndən bu hərəkəti gözləmədiyindən, donub yerindəcə qalmışdı. Bir azdan o, yaxınlaşıb çiyinlərimdən yapışdı və məni yüngüllücə silkələyərək: - «Sənə inanmaq istərdim!» – dedi. Zorla da olsa gülümsədim. Mənimçün generalın «rəğbətini» qazanmaq nə qədər xoş idisə, əsirləri apararkən, onlardan birinin söylədiyi: – «Öz satqınlarımızdandır, bu qadın!» - ifadəsi, bir o qədər məni ağrıtdi. Hər halda mən nə etdiyimi yaxşı bilirdim. O gecə çox rahat yatdım. Ürəyim bir azca toxtaqlıq tapmışdı. Bunu Olya da hiss edirdi. Amma ondan çox şeyi gizlin saxlayırdım. Isəmirdim ki, mənim niyyətlərimdən onun xəbəri olsun. Olyaya ürək qızdırmaq olardı. Ancaq bir az tez idi. Istəyirdim ki, o, burada baş verənləri öz gözləriylə görüb, öz qəlbiylə duya bilsin. Bilirdim ki, bu qız vaxt gələcək hər şeyi başa düşəcəkdir. Onun da məndən gizli saxladığı bir çox mətləblər vardı. Bir dəfə təsadüfən onun cib dəftərçəsi əlimə keçdi. Orada mənim başa düşmədiyim bir çox şeylər yazılmışdı. Ünvanlar, şeir parçaları, nə bilim sevgilisi Andreyə yazdığı xoş sözlər… Amma dəftərçənin lap son vərəqlərində yazılmış bir yazı diqqətimi çəkdi. Maraqlanıb həmin yazını oxudum. Burada nəyinsə hesabatı aparılmışdı; - «1 nəfər əsgər - 12.04. 1993 - cü il tarixdə 300 dollar, 1 nəfər əsgər, - 15.04. 1993 - cü il tarixdə 300 dollar, 1 nəfər gizir 21.04. 1993- cü il tarixdə - 500 dolar, 1 nəfər leytenant 27. 04. 1993 - ci il tarixdə, - 700 dollar». Bu siyahıdan bir şey başa düşmədim. Sonra yazılan tarixlərlə, Olyanın evdə olmadığı günləri tutuşduranda, aydın oldu ki, o, öldürdüyü adamların hesabını tutur. Biləndə ki, bu öldürdüyü adamlar bizimkilərdir ürəyim ağrıdı. Olyaya bu barədə bir söz deyə bilməzdim. Əgər o bilsəydi ki, onun işlərindən xəbərdaram, yəqin ki, yerini dəyişib başqa yerə köçəcəkdi. Ondan sonra mənim vəziyyətim ağır olardı. Buna görə də, qərara aldım ki, bu barədə ondan heç nə soruşmayım. Özümüzkülərdən birini güllələməyim hərbi düşərgədə yaman səs-küyə səbəb olmuşdu. Hiss edirdim ki, düşmənlər mənə adi əsir kimi baxmırlar. Xüsusən də, burada generalın müavini işləyən və qərargah rəisi vəzifəsini icra edən polkovnik Ohannın diqqəti mənə artmışdı. O mənimlə tez-tez maraqlanırdı. Bu, o Ohan idi ki, ərimin başını kəsmişdi və düşərgəyə gətirilən günü mənim namusuma təcavüz etmişdi. O bir müddətdi ki, gözə dəymirdi. Deyilənə görə, cəbhəboyu bölgələrdəki birləşmiş hərbi hissələrin komandanı seçilibmiş. Sonradan hansı səbəbdənsə yenidən bura göndərilmişdi. Hətta, həftədə bir-iki dəfə yaşadığım mənzilə gələrək, oturub mənimlə söhbət də edirdi. Ohan arvadının ağır xəstə olmasından söhbət açar və məndən xoşlandığını bildirərdi. Bu adamın mənə çəkdirdiklərini düşünəndə, hansı hisslər keçirtdiyimi bir özüm bilirdim, bir də allahım. Deyəsən, onu əcəl girləyirdi… Havalar istiləşdikcə Olya da, elə bil buxarlanırdı. Iki-üç gündənbir yoxa çıxardı. Tapılanda da səhərdən axşama kimi yıxılıb yatardı. Artıq onun işlərindən xəbərdardım. O, gecələr pusquda dayanıb, bizimkiləri «dənləməklə» məşğul idi. Bununçün yəqin ona çoxlu pul verirdilər. Bunlar barədə o mənə bircə kəlmə də olsun söz deməmişdi. Onunla söhbətimiz həmişə olub-keçmişlər barədə olardı. Olya mənə öz doğulduğu vilayətdən, ata-ansından, qardaşından, sevgilisi Andreydən danışardı. Olya Ukraynanın Ximelinskiy vilayətində doğulmuşdu. Dediyinə görə, atası müəllim, anası isə evdar qadındı. Bir qardaşı vardı, Ruslan. Olya öz sevgi məcaralarından söhbət açaraq deyərdi: - «Orta məktəbin sonuncu sinifində oxuyanda, Pavel adlı bir oğlanla sevişirdim. Dərsdən sonra hər gün yaxınlıqdakı meşənin kənarına gedər və oturub onunla uzun-uzadı söhbət edərdim. Çox şirin danışığı vardı Pavelin, - deyərdi. Həm də yaman utancaq idi. Hər şeyi mən ondan gözlədiyim halda, o başını aşağa salıb susar, utandığından barmağını mənə belə toxundurmazdı. Mən çox qaynar qızdım. Meşənin kənarına gəlməkdə məqsədim, heç də onunla uzun-uzadı boş və mənasız söhbətlər etmək deyildi. Buna qalsa, onsuz da məktəbdə onun qulaq-başını çox dəng edirdim. Istəyirdim ki, o məni qucaqlayıb bağrına bassın və biz doyunca öpüşək. Sinif yoldaşım olan bəzi qızlar dərs vaxtı ancaq sevişdikləri oğlanlardan danışardılar. Onlar elə şeylər üyüdüb-tökərdilər ki, mən bunları eşidəndə utanıb-qızarardım. Elə məni yoldan çıxaran da onlar idi. Hər gün mənə bir şey başa salırdılar. Amma bunların heç birini edə bilmirdim. Daha doğrusu, Pavel istəmirdi. O hər şeydən utanırdı. Səhəri gün məktəbdə qızlara deyərdim ki, siz dediklərinizin hamısını Pavellə etmişik. Aldadırdım onları. Yazıq Paveli bircə öpüşməyə razı salmaq üçün, bilirsən hansı oyunlardan çıxardım» - deyərdi Olya. Olya ilk istəklisi Pavelin avtomobil qəzasına düşərək, faciəli şəkildə ölməsini xatırlayanda gözləri dolardı. – «Son zəngə üç gün qalmış dərsə gələrkən onu maşın vurub öldürdü. Bütün məktəb yas saxlayırdı ona. Ona görə ki, məktəbdə hamının sevimlisi olmuşdu. Mən uzun müddət onu unuda bilmədim, - deyirdi Olya. Yalnız Tibb institutunun axırıncı kursunda Andreylə tanış olandan sonra yavaş-yavaş bu ağrılardan canımı qurtara bildim. Andrey çox məzəli, həm də diribaş oğlandi. O, şəhərdəki hərbi hissələrin birində zabit kimi çalışırdı. Bir neçə qızla bizi institutdan Andreyin xidmət etdiyi hərbi hissəyə təcrübə keçməyə göndərmişdilər. Ilk baxışdan bir-birimizi sevdik. Demək olar ki, hər gün görüşürdük. Andrey elə mənim axtardığım oğlandı, - deyərdi Olya». Olyanın çox məzəli və şirin danışığı vardı. Elə şeylər tapıb danışardı ki, adamın bir anlığa da olsa dərdini dağıdardı. Hərbi düşərgədə bizimkilər məni satqın qadın kimi tanıyırdılar. Hiss edərdim ki, məni görəndə söhbətlərini dəyişər və nifrət hiss ilə baxardılar. Bir dəfə cavan bir əsgərin döyülərək taqətsiz halda yerə yıxıldığının şahidi oldum. Ara sakitləşəndən sonra yaxınlaşıb bir qab suyu ona verdim ki, içib özünə gəlsin. O başını qaldırıb üzümə baxdı və gözləmədiyim halda: - «Satqın qadın. Düşmənə satqınlıq edirsən. Sənin qanın it qanıdır, qancıq. - Rədd ol burdan! Sənin suyun da təpənə dəysin». Onda bilirsən nə hala düşdüm. Bir söz deməyib gətirdiyim suyu da onun yanında qoyub oradan uzaqlaşdım. Onu qınamırdım, o döyüşçü, vətənini sevən bir gənc idi. Mənə ancaq bu sözləri deyə bilərdi, başqa heç nə. Bir azdan qayıdıb gələndə gördüm ki, həmin əsir ölmüşdür. Yanına qoyduğum suyu da içməyib, vurub dağıtmışdı. Əllərimi qoynuma qoyub bir müddət onun başı üstündə dayandım. Sanki əziz bir adamımı itirmiş kimi gözlərimin yaşını axıtdım. Əsirlikdə olarkən belələrinə çox rast gəlmişdim. Döyürdülər, olmazın işgəncələrini verirdilər, amma dilindən bir söz qopara bilmirdilər. Bir dəfə düşmənlərin sorğusuna heç bir cavab verməyən əsgərlərimizdən birinin sir-sifətinə rezini əridib damızdırırdılar. Rezin əridikcə, damcı-damcı yanan maye, əsirin üz-gözünə tökülür və töküldüyü yerdə də, bir müddət yanırdı. Sonra yanan yerləri qoparanda dəri soyulub çıxırdı. Bundan ürəkləri soyumayan düşmənlər soyulmuş yerlərə duz tökürdülər. Əsir ağrıdan haray-həşir qoparsa da, soruşulanların heç birinə cavab vermirdi. O beləcə işgəncələrə tab gətirməyib keçindi. Onun ölümü mənə çox pis təsir etdi. Bu gördüklərimin ən dəhşətlisi idi. Mənə onda da, indi də çox qəribə gəlir ki, belə igidləri olan millət, niyə bu müharibədə uduzdu? Nəydi səbəb?.. Bir gecə çarpayıda oturub oğlumla başımı qatmışdım. Olya da iki gün idi ki, yenə də yoxa çıxmışdı. Bu vaxt qapı döyüldü, durub açdım. Oğluma süd gətirmişdilər. Əsgəri görən kimi tanıdım. Bir müddət bundan qabaq ərimin başını çalaya atıb murdarlayan əsgər idi. Onun hürkək baxışlarından hiss etdim ki, tanınmağını istəmir. Çünki onda mənim nələr keçirtdiyimi o görmüşdü. Heç nə olayıbmış kimi, özümü bilməməzliyə vuraraq, onu şübhələndirməməyə çalışdım. Bu fürsəti çoxdan gözləyirdim. O, mənim ürəyimə çalın-çarpaz dağ çəkmişdi onda. Arada uzaqdan da olsa, düşərgənin həyətində onu görəndə dərdim təzələnirdi. Indi bu əclaf öz əl-ayağı ilə gəlib çıxmışdı yanıma. Gözlərimi onun gözlərinin içinə dikdim. O da başını gah aşağı, gah da yuxarı qaldıraraq bic-bic gülümsəyirdi. Bu şərəfsizlər, əsir düşmüş qız-gəlinin namusuyla o qədər oynamışdılar ki, azacıq bir himə bənddilər ki, öz əqidəsizliklərini ortaya qoysunlar. Baxışlarımla onu yamanca tora salmışdım. Içəri soxulmaq istəyirdi. Bildirdim ki, indi tezdir bir azdan gələrsən. O bir söz deməyib çıxıb getdi. Südü qızdırıb uşağa içirtdim. Fikrim-zikrim bir azdan tutacağım işin yanındaydı. Ürəyimdə allaha yalvarırdım ki, bu iş baş tutsun. Heç olmasa ürəyim bir qədər təskinlik tapardı. - Bəs necə öldürüm onu? – fikirləşirdim. Silahdan başqa hər şeyə ümidim gəlirdi, bircə silahım yox idi. Fikirləşdiklərim məni narahat etdikcə həyəcanlanırdım. Özümü sakitləşdirmək üçün dedim: - Qoy hələ bir gəlsin. Lazım gəlsə onu dişlərimlə didik-didik edib, parçalayaram. Bir müddət keçdi, qapının aramla dyülməsi «dostumun» gəlməsindən xəbər verirdi. Fikirləşdim ki, Olya da ola bilərdi, çünki iki gün bundan qabaq evdən çıxmışdı. – Kaş, Olya olmayaydı, yoxsa bütün işlərimi alt-üst edərdi, -düşündüm. Özümü ələ alıb qapıya yaxınlaşdım. Qapını açanda ürəyim sakitləşdi, gələn həmin əsgər idi. Əlində bir qəzet büklüsü də var idi. Donuq baxışlarımla bir qədər onu süzdüm. Içimi qəhər hissi boğdu. Acı taleyimə xəfifcə gülümsəyib, - işə bir bax, - dedim, - görüşümə gör kim gəlib? Əsgər otağa girən kimi məni qucaqladı. Bir təhər onun əlindən çıxıb; - «Tələsmə, bir az yemək yeyək» - dedim. Oğlan gətirdiyi qəzet büklüsünü açıb, içindən bir butulka çıxartdı və tezcə də butulkanın ağzını açıb, stəkanlara çaxır süzdü və mənə də təklif etmədən stəkanın birini götürüb başına çəkdi. Onun əl-ayağı qaynayırdı. Quduz it kimi adama diş atırdı. Işi çox da uzatmaq olmazdı, əngəli-zadı çıxardı. Odur ki, işığı söndürdüm. Oğlan bundan xoflanıb dik ayağa qalxdı. Bərk qorxduğunu görüb, ona nəvaziş göstərərək: - «Belə yaxşıdır, qoy romantik bir gecə yaşayaq», - dedim. Sözlərimdən xoşlandı və gözlərini-gözlərimdən çəkməyərək, kirimişcə yerində oturdu. Butulkanı əlimə alıb onun stəkanına yenə içki süzdüm. Sonra gözlərimi yumaraq, - ilahi özün kömək ol, - deyə pıçıldayaraq, butulkanı var gücümlə onun başına çırpdım. Qəribəydi, butulka başına dəyəndə də, o, gözlərini gözlərimdən ayırmırdı. Onun bu halı bir azca qoxutdu məni. Mənə elə gəldi ki, bu zərbə ona heç təsir etməmişdir. Fikirləşdim ki, o, indi ayağa qalxıb mənə hücum edəcəkdir. Əllərim əsə-əsə butulkanı bir də qaldırıb onun başına çırpdım. Elə bu vaxt əsgər, bir yığın paltar kimi aşıb, döşəmənin üstünə düşdü. Otağın işığı sönsə də, pəncərədən düşən zəif işıq seli içərini işıqlandırırdı. Bir müddət əlimdə butulka donub yerimdə qalmışdım. Bundan sonra nə edəcəyimi qərarlaşdıra bilmirdim. Vaxt ötürdü, hər şey gözləmək olardı. Əlimdəki şüşəni bir yana qoyub qapıya yaxınlaşdım və onu içəridən bağladım. Əsgər döşəmənin üstündə düşüb qalmışdı. Xırıldamağından hiss olunurdu ki, canı hələ çıxmayıbdır. Geri dönüb çarpayıya yaxınlaşdım, oğlumun altındakı sidikli əskilərdən birini götürdüm və onu dürmələyib əsgərin geniş açılmış ağzına dürtdüm. Sonra selefon torba gətirib, əsgərin başını onun içinə keçirib, boğazının altından möhkəmcə bağladım. Əllərimlə də boğazından yapışıb onun başını bərk-bərk döşəməyə basdım. Məqsədim o idi ki, birdən əsgər sağ qalıb-eləsə, selefon torbada nəfəs ala bilməyib boğulsun. Həm də, başının qanı döşəməyə tökülməsin. Əsgərdən səs-səmir eşidilmirdi. O, murdar leş kimi döşəmənin üstündə uzanıb qalmışdı. - Indi nə edim, bunu hara aparım? - deyə düşünürdüm. Əgər aparıb hərbi düşərgənin həyətində bir yerdə basdırsaydım, itlər sümsünüb tapacaqdılar bunu. – Bəs nə edim? – deyə, götür-qoy etməyə başladım. Birdən yadıma düşdü ki, yaşadığım evdən azca aralıda, hərbi düşərgənin kanalizasiya ambarı yerləşir. Ən sərfəlisi əsgərin meyitini ora atmaqdır. Meyiti kisəyə pərçimləyib həyətə sürüdüm. Görən olsaydı da hərəkətimdən şübhələnməzdi, çünki hər gün mən həyət-bacanın zir-zibilini təmizləyib, atardım. Kisəni sürüyə-sürüyə kanalizasiyanın yanına gətirdim və qapaqlardan birini qaldırıb meyiti ora atdım və tez geri dönüb otağın işığını yandırdım. Döşəmənin üstündə bir qədər qan ləkəsi vardı, onu silib, təmizlədim. Otağın bir küncündə əsgərin silahı düşüb qalmışdı. Istədim ki, onu götürüb gizlədim. Amma fikirləşdim ki, onsuz da əsgəri axtaracaqlar, onun silahını otaqda saxlamaq təhlükəli olardı. Odur ki, silahı da bir əskiyə büküb həyətə düşdüm və onu da gətirib kanalizasiyaya atdım. Otağa qayıdıb çarpayıda oturdum. Bir xeyli fikrə getdim. Qisas hissi məni vəhşiləşdirmişdi. Içimdə qana yeriklədiyimi hiss edirdim. Tutduğum hərəkətə sevinirdim. Sevinirdim ki, nə yaxşı bunları etməyə bacardım. Öldürdüyüm əsgər barədə iki gün səs-soraq çıxmadı. Üçüncü gün onu axtarmağa başladılar. Biz qaldığımız otağa da gəlib çıxdılar. Onlar gələndə Olya da evdə idi. O səhərə yaxın qayıtdığı üçün bərk yatırdı. Əsgərlər itmiş yoldaşlarının şəkilini bizə göstərib, onu axtardıqlarını söylədilər. Olya şəkili əlinə alıb baxdı və guya təəssüf hissi keçirtdiyimdən: - «Heyif ondan, gözəl oğlana oxşayır. Amma onu birinci dəfədir ki, görürəm» - dedi. Bir söz deməyib, çıxıb getdilər. Ilk işimin bu qədər uğurlu olması məni çox sevindirirdi. Ömrümdə inanazdım ki, bir sərçə başı üzməyə cəsarət etmədiyim halda, durub adam öldürəm. Hər halda bu o qədər də asan məsələ deyildi. Baş vermiş hadisənin üstündən bir müddət gəlib keçsə də, törətdiyim işdən heç kəs xəbər tutmadı. Azacıq da olsa, bir az sakitləşmişdim. Çoxdan bəri qövr eyləyən yaralarıma, elə bil azacıq da olsa məlhəm qoymuşdu. Özümü çox güclü hiss etməyə başlamışdım. Bu anlarda heç nədən çəkinmirdim. Polkovnik Ohan bir həftədə iki dəfə mən qaldığım otağa baş çəkmişdi. O ilk dəfə gələndə elə zənn etdim ki, itkin düşmüş əsgəri axtarır. Və nədənsə, mənə elə gəlirdi ki, o məndən şübhələnir. Ona görə də, özümü sərbəst aparmağa çalışırdım. Bilirdim ki, hər hansı yanlış bir hərəkətim onu şübhələndirə bilər. Oturub ordan-burdan bir xeyli söhbət etdi. Uşağın sağlamlığı ilə maraqlandı. Onu anlamaqda çətinlik çəkirdim. Deyəsən, onun fikri tamam başqa idi. Onu itkin düşmüş əsgər yox, mən maraqlandırırdım. O mənim lap yaxınlığımda əyləşmişdi. Aradabir əlinin arxasıyla üzümü sığallayırdı. Mən nə qədər gülümsəməyə çalışsam da, bu çöl donuzuna qarşı içimdəki kin-küdurəti boğa bilməyərək, yaralı pələng kimi fısıldayırdım. Bu adam mənim üçün yer üzünün ən qatil və iyrənc adamlarından biriydi. Onun qanını içsəydim belə, ürəyim soyumazdı. Hiss edirdim ki, Ohan üçün başıma açdıqları oyunun heç bir fərqi yoxdur. Nə ərimin öldürülməsinin, nə ev-eşiyimin viran qoyulmasının, nə də ki, məni təhqir edib alçaldılmasının. O ancaq bircə şeyi anlayırdı ki, mən onun əsiriyəm və mənim başıma hansı müsibətləri gətiribsə, haqqına edibdir. Sanki bu belə də olmalıymış. Sağ qaldığıma görə, başqaları kimi bu vaxtacan güllələnmədiymə görə, onlara bir «sağ ol» da deməliyəm. Mən isə bunların heç birini qəbul etmirdim. Çünki mən faciənin ən böyüyünü elə sağ qalmağımda görürdüm. Əgər mən də vaxtında ölüb canımı qurtarsaydım, bu qədər zülm çəkməzdim. Əslində, ölmək yaşamaqdan çox asanmış burda. Ohan onun sayəsində sağ qaldığımı söyləyərək, boynuma minnət qoyurdu. Mən isə bir söz deməyərək susurdum. Bu dəfə o, mənim özümü də təəccübləndirəcək bir sual verdi: - Sən mənim evimdə yaşamaq istəyirsənmi?!.. – soruşdu. Onun bu müəmmalı sualını başa düşə bilmədim. Odur ki, çiyinlərimi çəkərək, gözlərimi döyə-döyə onun üzünə baxırdım. O məndən cavab gözləyərək, bic-bic gülümsəyirdi. Dinmədiyimi görüb, ayağa qalxaraq qarşımda dayandı və qollarımdan tutub, məni də ayağa qaldırdı. Onunla burun-buruna dayanmışdım. Göy gözlərini, sarı, çilli sifətini və buldoq itlərindəki kimi sallaq buxaqı necə də eybəcər və iyrənc görünürdü. O, qollarını belimə dolayıb, məni bərk-bərk özünə sıxdı və pıçıltıyla qulağıma: - Ağıllı olsan səni qoruyacağam. - Görürəm, zirək, həm də gözəl qızsan. - Bilirsən ki, bu müharibədə sizinkilər uduzdular. Özü də çox pis uduzdular - dedi. - Çətin ki, bir də özlərinə gələ bilsinlər. Sən geri dönməyi birdəfəlik yadından çıxart. Bir də ki, bundan sonra kimdi səni qəbul edən. Necə olsa əsirlikdə yaşamısan. Əsirlikdə yaşayan qadının bilirsən də, zınqrovu bərk çalınır, - dedi. - Ona görə də, sənə məsləhət görürəm ki, başını aşağı salıb mən deyənlərlə razılaşasan. Sənin bundan başqa çarən yoxdur. – Mənim evdə xəstə arvadım var, - deyə o, söhbətinə davam etdi. - Yataq xəstəsidir. Bir neçə ildir ki, sağalmaz xəstəliyə tutulubdur. Çətin ki, bundan sonra sağalıb, bir də ayağa qalxa bilsin. Sən tibb bacısısan, onunla bir təhər dil tapa bilərsən. Mənə elə gəlir ki, bu həm səninçün, həm xəstə üçün sərf edər, elə deyilmi? - deyə o, barmaqlarının ucuyla çənəmdən tutub gözlərimin içinə baxdı. Onun bu təklifi mənim üçün gözlənilməz oldu. Heç ağlıma gəlməzdi ki, mənə belə bir təklif oluna bilər. Nə etməli idim? Onunla razılaşmaqdan, başqa çarəm yox idi. Doğrusunu desəm, onun bu təklifinə sevinirdim. Sevinirdim ki, onun evində yaşamaq, onu aradan götürməyimi asanlaşdıracaqdır. Bir də ki, nə deyə bilərdim, mən əsir qadın idim. Yüzlərlə mənim kimi qadın vardı burada. Onların keçirtdikləri həyat şəraiti mənim gözlərimin qabağında idi. Hər gün onların başlarına gətirilən müsibətləri görəndə öz halıma şükür edirim. Amma Olyadan ayrılacağımı fikirləşəndə birtəhər oldum. O qızın mənə çox köməkliyi dəyirdi. Necə olsa qulaq yoldaşı idik, bir-birimizə həyan olurduq. … Ohanın evinə köçən günü hava çiskinli idi. Uşaq qucağımda maşının kabinəsində oturub, duman basmış meşənin içərisiylə irəlləyirdik. Sürücü qaşqabaqlı, kobud bir əsgər idi. Bir kəlmə də olsun mənimlə dinib, danışmırdı. Qalın dodaqlarını qabağa uzadaraq fitlə «Sarı gəlin» mahnısını çalırdı. Onun fitlə çaldığı bu musiqi o qədər kövrək, o qədər həzin idi ki, birdən-birə içim-içalatım sızladı. Elə kövrəldim ki… Neçə müddətdi əsirlikdəyidim, doğmalarımdan, əzizlərimdən ayrılmışdım, ev-eşiyimdən uzaqlaşmışdım. Bu vaxt ərzində başım ancaq öz dərdlərimə qarışmışdı. Həzin musiqinin təsirindən, elə bil yuxudan ayılan kimi oldum. Başımı maşının pəncərəsinə söykəmişdim. Bayırda sısqa, narın yağış yağırdı. Elə duyğulanmışdım ki… Bu mahnı məni ötən günlərimə qaytardı. «Sarı gəlin» mahnısını çox sevirdim. Ona görə ki, Əli də bu mahnını xoşlayırdı. O həmişə mənə «Sarı gəlinim» deyərdi. Sarışın olduğum üçün bu adı mənə qoymuşdu. Onun bu sözlərindən elə xoşlanırdım ki. Yazdığı sevgi məktublarında da, dönüb-dönüb bunu xatırladardı mənə. Aldığı hədiyyələrin də sarı rəngdə olmasına fikir verərdi. O vaxt mən gəlin köçəndə Əli də həyətimizə gəlmişdi. Gəlinlik paltarımda eyvandan həyətə düşəndə, Əli musiqiçilərə yaxınlaşıb onların qulağına nə isə dedi. Birdən «Vağzalı» havası, «Sarı gəlin» lə əvəz olundu. Mən ağ duvaq altında Əliyə baxıb gülümsədim. Çünki o, hələ mənimlə nişanlı olarkən demişdi ki, səni aparanda «Sarı gəlin» çaldıracağam. O vaxt onun bu sözlərini qəribçiliyə salaraq, bu işin mümkünsüz olduğunu söyləmişdim ona. Əli hərbiçi idi, uzun müddət rus ordusunda xidmət etdiyinə görə camaat, elə yaxınları da onun bu ərköyünlüyünü qəbul edib, bir söz demədilər. Ona qovuşduğum toy gecəsi də, kassetə yazdırdığı «Sarı gəlin» mahnısın oxutdurdu. Gecə lampasının zəif işığında, başımı onun sinəsinə qoyaraq, bu mahnının həzin sədaları altında özümü necə də bəxtəvər hiss edirdim. O anlarda mən dünyanın ən xoşbəx qadını idim… - Qəribəydi. Ohanın evinə köçəndə də, bu mahnını eşitməyim varlığımı sarsıdırdı. Özümü heç cür ovuda bilmirdim. Əsirlikdə olduğum vaxt bəzən mənə elə gəlirdi ki, bir də heç vaxt insan olaraq kövrələ bilmərəm. Çünki sərtləşmişdi, bərkimişdi ürəyim. Bir toyuq başı kəsiləndə baxa blmədiyim halda, indi insan başı kəsməyə hazır idim. Gecə-gündüz qanla oynasaydım, qorxub-çəkinməzdim. - Çalınan «Sarı gəlin» mahnısı yaman ağrıtdı məni. Elə yazıqlaşdım ki… Özümü ələ ala bilmirdim. Axan göz yaşlarım oğlumun sir-sifətini tamam islatmışdı. Sürücü isə mənə əhəmiyyət verməyərək, fit çalmaqda davam edirdi. Özümü saxlaya bilməyib hönkürdüm. Sürücü diksindi. Məndən nə baş verdiyini soruşdu. Ona bir söz demədim. Bir də ki, nə deycəkdim, axı? Hərbi düşərgə ilə Ohanın yaşadığı qəsəbə arasında üç kilometrdən bir az çox məsafə olardı. Maşın qəsəbənin qurtaracağındakı iri bir evin darvazasının qarşısında dayandı. Sürücü maşından enib, darvazanı açdı və maşını həyətə sürdü. Sonra maşından düşməyi mənə əmr etdi. Ilk dəfə gördüyüm bu aləm canımı sıxdı və mənə elə gəldi ki, mən bu mühitə heç vaxt öyrəşə bilməyəcəyəm. Yaşadığım hərbi hissədəki, o balaca daxma üçün darıxdım və dönüb geri boylandım. Ora mənim üçün daha rahat idi, - düşündüm. Qəribə bir aləmə düşdüyüm üçün həyətin ortasındaca donub qalmışdım. Uşaq qucağımda ağlasa da, onu ovutmaq əvəzinə, hürkək baxışlarla yan-yörəmə baxmaqda davam edirdim. Ilk anda heç olmasa, gözlərimi bu həyət-bacaya öyrəşdirmək istəyirdim. Istəyirdim ki, gözlərim düşdüyüm mühitə tez alışsın. Sürücü duruxub qaldığımı görüb, qabağa keçdi və mənə arxasınca gəlməyi işarə etdi. Mən onun arxasına düşüb eyvana qalxdım. Eyvanın o başında, divanda bir qadın uzanmışdı. Üzü bizə tərəf olduğundan, gözümə sataşan birinci o oldu. Yəqin Ohanın dediyi xəstə qadın bu idi, - düşündüm. Sürücü qadına yaxınlaşıb salam verdi və məni ona təqdim etdi. Qadın azacıq qovzanıb mənə baxdı, sonra yenidən başını yastığa qoyub dərindən köks ötürdü. Hələ də, uşaq qucağımda, ayaq üstə dayanaraq qadının mənə verəcəyi tapşırığı gözləyirdim. O isə susurdu. Azacıq da olsa bir az sakitləşmişdim. Bu, bəlkə də qarşımdakı adamın həmcinsim olmasıyla əlaqəlar idi. Amma yox, mənə elə gəlirdi, məni bir azca sakitləşdirən onun qadın olması yox, xəstə olması idi. Yəqin ki, necə olsa, bu adamın mənə ehtiyacı olacaqdı. Irəli yeriyib, qadına yaxınlaşdım. O, üzünü çevirib, sakitcə mənə baxdı. Sonra güclə eşidiləcək səslə: - Valya Osipovna – dedi. Sonra tezcə də əlavə etdi: - Milliyyətcə rusam. Qadının mənə dikilən gözlərindən məsumluq hiss etdiyimdən, onun yaxşı bir adam olduğuna özümü zorla da olsa, inandırmağa çalışdım. Həm də onun «mən rusam» deməsi içimə bir rahatlıq gətirdi. Hər halda qadının məni təlaşlandırmamaq üçün erməni olmadığını dilinə gətirməsi, onun özünün də ermənilərə nifrət etməsindən irəli gəldiyinə məndə əminlik yaratdı. Yoxsa, onun belə söyləməsinə nə ehtiyac vardı? Özümün sadəlövhlüyümə acığım tutduğu üçün tezcə də bu fikrimdən daşınıb; - «Ilanın ağına da lənət olsun, onun qarasına da», - deyib, özümü bir az sakitləşdirməyə çalışdım. - Mənim də adım Səidədir! - dedim və uşağı sol qolumun üstündə rahatlayıb, sağ əlimi ona uzatdım. Qadın gözlərini havada asıla qalmış əlimə dikərək: - Mən iflicəm... Qollarımı çətinliklə tərpədirəm! - söylədi. Əlimi yanıma salıb: - Tanrı sizə kömək olsun! - dedim. Qadının gözlərinin azacıq qıyılmasından və dodaqlarının qaçmasından hiss etdim ki, hərəkətlərim xoşuna gəlmişdir. O oturmaq üçün yer göstərdi. Mən stul çəkib oturdum. Sürücü artıq çıxıb getmişdi. Qadın mənim haqqımda azacıq da olsa, məlumat alandan sonra, bir qədər susub danışmadı. Oğlum narahat idi, onun günortasının vaxtından ötürdü. Yumuruqlarını düyünləyərək, bir neçə dəfə bərkdən qışqırdı. Qadın bir söz deməyib, gah mənə, gah da qucağımda ağlayan uşağa baxaraq, sifətini turşutdu. Hiss etdim ki, uşaqlı olmağım onun xoşuna gəlməmişdir. Amma hər halda o qadın idi, yəqin ki, azacıq da olsa analıq hissi, qadınlıq hissi onu tərk etməmişdi. Odur ki, oğlum bir də ağzını açıb qışqıranda o dilləndi: - Deyəsən, uşağınız sakit uşağa oxşamır? Fikir verirəm, bayaqdan narahatçılıq keçirir. Bu mənim sakitliyim üçün əlavə problemlər yaratmayacaq ki? Onu çox gözəl başa düşürdüm. Bilirdim ki, körpə uşaqlı olmağım qadını narahat edir. Odur ki: - Yox xanım, narahat olmayın, siz düşündüyünüz qədər də oğlum narahat uşaq deyildir. Sadəcə olaraq, onun yeməyinin vaxtından ötür, qarnı doydu yatacaqdır – dedim. Qadın yatağında qurcalandı: - Bir halda ki, belədir onda əmizdirin uşağınızı! - dedi. - Uşağa ana südü vermirəm. O, adi südlə qidalanır, - dedim. Qadın bir söz deməyib susdu. Sonra nə fikirləşdisə: - Yaxşısı budur mətbəxə keçin, orada uşağınızı yeditrmək üçün bəlkə bir şey tapdıniz. Danışığından hiss etdim ki, o acıqlıdır. Ayağa qalxsam da, hara gedəcəyimi bilmirdim. Ona görə ki, mən bu evin heç qibləsini belə tanımırdım. O yan-bu yana baxdığımı görəndə, qadın mətbəxin yerini bilmədiyimi anladı. Odur ki, başını azacıq qovzayıb, sol tərəfdəki qapını mənə göstərərək: - Ora keçin! – dedi. Mətbəxə keçdim. Tör-töküntü, bulaşıq qab-qacaq əlindən ayaq qoymağa yer yox idi. Elə bil bir müddət bundan qabaq zəlzələ olmuşdu burada. Siyirmələrin birindən bir paket quru süd tapıb götürdüm və onu suya töküb qaynadaraq oğluma içirtdim. Uşaq, elə bil buna bənd imiş, o saat da xurd düşüb yatdı. Onu döşəmənin üstünə qoyub, üstünü bir şeylə örtdüm. Sonra mətbəxə keçib, oranı sahmana salmağa başladım. Bir azdan çay da hazır oldu. Stəkan çay süzüb xəstə qadına verdim. Işgüzarlığım, deyəsən, xoşuna gəlmişdi. Biz yavaş-yavaş isinişməyə başlayırdıq. Hətta, yemək hazırlayıb öz əllərimlə ona yedirəndə, necə də razılığını bildirirdi. Qadının sözlərinə görə, bir müddət bundan qabaq ərinin hardansa tapıb gətirdiyi bir qız ona qulluq edirmiş. Qız bir-iki ay onun qulluğunu tutduqdan sonra daha gəlməyib, çıxıb harasa gedibdir. Qızın evdən getməyinin səbəbini qadın ərində görürdü. – «Ərim şorgöz və kobud bir adamdır. Itə də meyil salanın birisidir» - deyirdi. Qadının dediyinə görə uzun muddətdir xəstəlikdən əziyyət çəkir. Axşamüstü əri də gəlib çıxdı. Arvadıyla mənim yan-yana oturub söhbət etdiyimi görəndə: - Nə tez dil tapdınız? – dedi. Valya ərinin sözlərinə belə cavab verdi: - Qadınlar harada doğulduqlarından aslı olmayaraq, bir-birləriylə ədavətləri olmur. - Bu şərtlə ki, kişilər burunlarını araya soxmasalar. – Düz demirəmmi, Ohan? – deyə qadın ərini cırnatmaq istədi. Lakin ərinin ona cavab vermədiyini görüb, yenidən söz atdı: - Qadınlar kişilər kimi axmaq deyillər ha, bir-birləriylə ədavət aparsınlar, bir-birlərini dünya malından sarı qırıb-çatsınlar. – Bir də ki, sizin bu mənasız və axmaq müharibənizin, şəxsən bizə heç bir dəxili yoxdur! - Elə deyilmi Səidə? - deyə qadın üzünü mənə tutdu. Canımın dərdindən başımın işarəsiylə, onun sözləriylə razılaşdığımı bildirdim. Amma onun mənasız saydığı bu müharibənin şəxsən mənə çox böyük dəxili vardı. Bu mənasız müharibədə mən həyatımın bütün mənasını itirmişdim… O gecə şam yeməyini onlar üçün mən hazırladım. Donuz ətindən qovurma bişirmişdim. Bunu məndən Valya istəmişdi. Ömrümdə birinci dəfəydi ki, donuz əti bişirirdim. Hələ ərim rus ordusunda xidmət edəndə, bəzən evə donuz əti gətirərdi. Mən onu zibil qutusuna ataraq, bişirməkdən imtina edərdim. Hazırladığım xörək onların xoşuna gəlmişdi. Bunu sifətlərindən oxudum. Bu cür agır xəstəyə baxmaq mənim üçün çox çətin idi. Adətən belə xəstələrin qulluğunu yaxın adamları; - anaları, bacıları, qızları tuturlar. Özgə, yad adam belə çətinliyə bir həftədən artıq tab gətirə bilməzdi. Çünki belə yataq xəstəsi olan adamların yemək-içməklərindən savayı, onların götür-qoyu, alt-üstlərinin təmizliyi də vardı. Belə xəstələr gün ərzində bir dəfə də olsun yataqdan qalxa bilmirlər. Onların bütün qulluqları yataqda tutulmalıdır. Təkcə gələn günü, iki dəfə onun yerini dəyişdirmişdim. Çarəm nə idi, görünür mənimki belə gəlmişdi, dözməliydim. Həyətdəki balaca daxmada yerləşmişdim. Buranın babət şəraiti vardı. Görünür bura qış ayları rahatlanmaq üçün nəzərdə tutulmuşdu. Axşam işlərimi qurdardıqdan sonra mənimçün nəzərdə tutulmuş otağa çəkilər və oğlumla baş-başa qalardım. Belə vaxtlarda oğlumu sinəmə sıxaraq, bu qərib məkanda canımı sıxan dəhşətli ağrılardan azacıq da olsun qurtulmağa çalışardım. Mümkün olmurdu, iki daş arasında qalan adam kimi canım sıxılırdı. Bir anlıq da olsun sakitlik tapa bilmirdim. … Birinci gecəydi ki, onlara köçmüşdüm. Oğlumu rahatlayıb yatırandan sonra çarpayıda oturub fikrə getmişqdim. Birdən qapı döyüldü. Bildim ki, ev sahibidir. Ondan başqa kim olmalıydı ki?… Əslində, bayaqdan ürəyim səksəkədə idi. Bilirdim ki, o gələcəkdir. Çünki arvadının dünən əri haqqında dediyi sözlər hələ də qulağımda idi. Durub qapını açdım. O idi, idman paltarında qapıda dayanmışdı. Özü də möhkəm iskiliydi. Ağzındakı siqaretin tüstüsünü burnunun dəliklərində fısqırda-fısqırda: - Bilirdim ki, darıxacaqsan. - Onunçün də gəldim sənə baş çəkim. Otağa keçdi. Qapı ağzında quruyub qalmışdım. Nə edəcəyimi özüm də bilmirdim. Ev onunkuydu, evindənmi qovacaqdım? Qapı ağzında dayandığımı görüb, qolumdan yapışdı və özünə tərəf çəkib: - Gəl bura, - dedi. - Bundan sonra səni darıxmağa qoymayacağam. Unutduracağam sənə bütün dərd-sərini, görərsən? - Onda görəcəksən ki, dünyada necə ağıllı və zirək kişilər var. - Dua edəcəksən canıma, sevəcəksən məni, lap ilk məhəbbətin kimi, bəlkə də, ondan da artıq. - Bilmək olmaz, bəlkə uşaqlarımız da oldu, hə, - düz demirəmmi? – deyə o, bərkdən güldü. Onun qollarını belimdən aralayıb, qapını örtdüm. Qapını örtdüm ki, onun bu iyrənc danışıqlarını, heç olmasa xəstə qadını eşitməsin. Divara söykənib yalvarıcı nəzərlərimi onun üzünə dikmişdim. O isə səndələy-səndələyə üstümə yeridi, otağın işığını söndürüb, qolumdan tutdu və çarpayıya uzatdı. Yalvarmaq istədim, bildim ki, mənasızdır. Məni burada zəif və aciz bildiyi üçün gücünə, zoruna arxayın olaraq bildiyini edirdi. Don vurmuş adamlar kimi, səssizcə gözlərimi evin tavanına dikmişdim… Allahıma baxırdım… Belə zülmləri öz aciz bəndəsinə çəkdirdiyinə və bunları yuxarıdan dinməz-söyləməz seyr etdiyinə görə ürəyimdə onu qınayırdım… Bu dəmlərdə Ohan Allahımdan çox-çox güclü görünürdü mənə… Səidə susub, söhbətinə bir qədər ara verdi. Onun bu danışığı məni də haldan çıxarmışdı. Mənə elə gəlirdi ki, Səidə bu dəmlərdə bütün kişilərə nifrət edir… elə mənim özümə də. Utandım və gözlərimi döşəməyə dikərək, bir müddət susdum. Səidə hələ də başını əlləri arasına alaraq fikrə getmişdi. Onun nələr düşündüyündən xəbərsiz idim. Belə vaxtlarda çox acizləşirəm. Dəfələrlə olub ki, istəmişəm kiməsə təskinlik verim, onu düşdüyü vəziyyətdən çıxarım, ancaq bacarmamışam. Söz tapa bilməmişəm deməyə. Elə əzab çəkmişəm ki… Indi Səidəyə də deməyə bir söz tapa bilmədiyim üçün utanıb, xəcalat çəkirdim… … - Onda oğlum Ruslan yuxudan ayılıb ağlamağa başladı, - deyə Səidə, söhbətinin ardını danışmağa başladı. - Qalxıb onu sakitləşdirmək istədim. Ohan qoymadı. Uşağı göstərib: - Yaman bic uşaqdır ha?.. – deyib, vəhşi kimi gülməyə başladı. Oğlum bir az ağlayıb kiridi. Ohan ayağa qalxıb otaqda bir az var-gəl elədi. Sonra küncdəki televizorun düyməsini basıb yandırdı. Qəribəydi, televizor işıqlanan kimi, otağı erməni müğənnisinin oxuduğu «Sarı gəlin» mahnısının həzin sədaları bürüdü. Elə bil ürəyimin başına xəncər taxtılar. – Bu nədi, ilahi? – dedim. – Yoxsa, insana bədbəxtlik üz verəndə, onun taleyi tərsinə gəlir? Bu musiqini eşitməsəydim, bəlkə də özümü birtəhər toxtadıb, sakitləşdirə biləydim. Mənim qadınlığım, təmizliyim elə birinci gün, əsir düşəndə ləkələnmişdi. Indi oturub buna yas saxlamağın onsuz da mənası yox idi. Məni yandıran başqa şeydi. O vaxt gəlin köçən zaman, Əlinin mənim üçün çaldırdığı «Sarı gəlin» mahnısının indi düşmən tərəfindən təhqir olunduğum vaxt səslənməsi idi. – Bu lənətə gəlmiş «Sarı gəlin» mahnısı niyə görə addımbaaddım məni izləyir? - düşündüm. – Yoxsa, bu məhv olmuş, bir də heç vaxt geri dönməyən xoşbəxliyimin ruhudur, məni qarabaqara izləyir? Ürəyim dolmuşdu, ağlamaq istəyirdim. Özümü zorla saxladım. Başımı qaldırıb, pəncərənin qarşısında dayanaraq, musiqinin ritminə uyğun çırtma çalan Ohanın qarasınca pıçıldadım: – Eybi yoxdur, - dedim, - Ohan!.. - Əgər bu hayıfı səndə qoysam, qoy, onda mənə etdiyin zülmlər ananın südü kimi sənə halal olsun!.. Axşamdan xeyli ötmüş o çıxıb getdi. Yorğun olsam da gözlərimə yuxu getmirdi. Yerimin içində büzüşüb qalmışdım. Nə edəcəyim barədə düşünürdüm. Özümü öldürmək mənim üçün çox ucuz olardı. – Yox, mən belə ucuz ölümü qəbul edə bilməzdim. Beynimdə ilişib qalmış bu fikirlər çözələndikcə, olan-qalan ağlım da başımdan çıxırdı. Səhərə yaxın bir-iki saat yata bildim. Valyanın axşamdan tapşırdığına görə tez durmalıydım. Ayağa qalxıb, əvvəlcə oğlumun yerini açdım, onun əski-üsküsünü dəyişib, rahatladım. Sonra isə eyvana qalxdım. Qadın yerinin içindən boylanırdı. Ona salam verdim, almadı. Hiss etdim ki, acıqlıdır. Yəqin ərinin axşamkı oğraşlığından xəbər tutmuşdu. Bir söz deməyib, mətbəxə keçdim və səhər yeməyi hazırlamağa başladım. Fikrim hələ də dağnıq idı. Axşamkı hadisə, səslənən musiqi bir an da olsun yaddaşımdan silinmirdi. Çətin vəziyyətə düşmüşdüm… Çay hazır olunca qadının yatağını dəyişdirdim. Hələ də, acığı soyumamışdı, mənimlə danışmaq belə istəmirdi. Ürəyimdə onun qarasınca: - Eh… sən nə qədər bəxtəvər olduğunu anlamırsan, lənətə gəlmiş xəstə qadın, - dedim. - Kaş, mən də sənin kimi yorğan-döşək möhtacı olaydım. Amma öz evimdə, ailəmin yanında olaydım. – Daha gecələr, zatı, qanı qarışıq olan birisinin yatağında yatıb, gündüzlərsə, sənin kimi nanəcibin pox-püsürünü təmizləməyəydim… … Səidə bir xeyli susub, danışmadı… Onun həddən artıq həyəcanlandığını hiss etdiyimdən nəfəsimi içimə çəkib özümü yığışdırdım… *** … Günortadan ötmüşdü. Bunu Səidə də hiss etdiyindən söhbətinə ara verib: - Qoy bir sənə çay dəmləyib. - Görürsən, bayaqdan başım söhbətə qarışdığından hər şeyi unutmuşam, - deyə o, ayağa qalxdı. Ona mane olmaq istədim. Doğurdan da, ürəyimdən heç nə keçmirdi. Oturub onun söhbətlərinə qulaq asmaq istəyirdim. Amma qadını da nəzərə almaq lazım idi. Iki gün idi ki, buradaydım, onun, düz ağıllı-başlı çörək yeyən vaxtını görməmişdim. Səidə çay dəmləmək üçün ayağa qalxanda, mən də ayaqlarımın keyini açmaq üçün oturduğum yerdən durub, otaqda yavaş-yavaş var-gəl etməyə başladım. It küncdə həmişəki qaydada, başını pəncələrinin üzərinə qoyaraq mürğüləyirdi. Ona kənardan diqqətlə baxdığımı görəndə Səidə dedi: - Çəkinməyin, o çox sakit heyvandır. Bizlərdə belələrinə, - «Qonaq ötürən» - deyirlər. Bir də ki, o qocalıbdır, günü ancaq yatmaqla keçir. - Yazıq neyləsin, o da mənim kimi o qədər əziyyət çəkibdir ki... Qadının bu sözlərindən sonra itə yaxınlaşdım və onun düz burnunun ucunda çömbəldim. It başını qaldırıb üzümə baxdı, sonra könülsüz halda bir-iki ağız hürdü. Bu, hürməkdən çox, papiros çəkən adamların öskürməyinə bənzəyirdi. Əlimi uzadıb itin başını sığalladım. Mənim bu hərəkətim Səidənin xoşuna gəldiyindən: - Görürsünüz, - dedi, - necə də mehribandır? - Bilirdim ki, siz onu sevəcəksiniz. Mən qadının bir az da könlünü açmaq üçün: - Hə, çox mehriban və ağıllı oğlunuz vardır – dedim. Mənim bu sözlərim, doğurdan da, onun çox xoşuna gəldi. Hətta, bir az qımışdı da. Itdən aralanıb otağın divarına vurulmuş xalçanın qarşısında dayandım. Gözəl xalça idi. Onun hardan gəlib bura düşməyi məni çox maraqlandırdı. Axı, bu evdə gözəgəlimli elə bir şey yox idi, bu xalçadan savayı. Özü də maraqlı tərəfi orasındaydı ki, xalça öz xalçalarımızdan idi, əllə toxunmuşdu. Səidə bunu haradan əldə edə bilərdi? Xalçaya diqqətlə baxdığımı görüb, o, mənə yaxınlaşdı. Mənimlə yanaşı dayanıb, o da nəzərlərini xalçaya dikdi. Xalçaya elə diqqətlə baxırdı ki, sanki onu birinci dəfəydi görürdü. - Gözəl xalçadır! – deyə, onun üzünə baxıb başımı buladım. Səidə dərindən ah çəkib, məni təəccübləndirəcək tərzdə: - Anamın qız vaxtı öz əlləriylə toxuduğu xalçadır. Atamın adına toxumuşdu. – Bax, xalçanın sol küncündə atamın adını yazıbdır! - deyə qadın, mavi rəngli ipliklə yazılan sözləri mənə göstərdi. Istədim soruşam ki, Səidə, bəs bu xalça hardan gəlib sənin əlinə düşübdür? O, elə bil ürəyimdən ona verəcəyim sualı oxuyubmuş kimi: - Iki həftəydi Ohanın evinə köçmüşdüm, - dedi. - Bu iki həftə ərzində bir yatdığım yerin harda olduğunu bilirdim, bir də mətbəxin. Evin qalan otaqlarından isə xəbərim yox idi. Əslində məni heç bir şey maraqlandırmırdı. O evdə nə vardı, nə yoxdu. Bir dəfə necə oldusa, Valya mənə otaqların hansındansa ona lazım olan bir şeyi tapıb gətirməyi tapşırdı. Deyilən otağa girəndə, qapının ağzındaca donub qaldım. Divardan bax, bu xalça asılmışdı. Görən kimi tanıdım. - Necə də tanımayaydım? Bu xalça vaxtilə bizim evdə ən əziz və qiymətli bir şey idi. Anamın atama hədiyyəsi olduğu üçün hamımıza dəyərli idi. Məni ağrıdan bir də o idi ki, - deyə Səidə, dərindən köks ötürdü, - erməninin evində bu xalçanın üstündə atamın qoşalülə tüfəngi də asılmışdı. Atam mahir ovçu idi. Ovdan heç vaxt əliboş qayıtmazdı. Tüfənglə, xalça Ohanın əlinə hardan keçmişdi, bilmirəm. Otağa girib xalçanın qarşısında dayandım. O anda mənə elə gəldi ki, heç nə baş verməyibdir. Nə müharibə olubdu, nə mən əsir düşmüşəm, nə də ki, düşmənlər ev-eşiyimiz qarət edilibdir. Elə bu evdə bizimdir, divardakı xalçanı da anam nə vaxtsa bura asıbdır, bu tüfəngi də atam ovdan qayıdıb bura qoyubdur. … Amma, heyif ki, düşündüklərimin hamısı bir xəyal idi… Onda özümü saxlaya bilməyib ağladım. Necə də ağlamayaydım, doğmalarımın ruhu hopmuş əşyaları görürdüm. Səsimi Valya da eşitdi. Çölə çıxanda səbəbini soruşdu. Mən də baş verənləri açıb ona söylədim. Fikrə gedib, susdu. Səhəri gün ona nahar hazırlayarkən mənə bu sözləri dedi: - «Səidə, qızım, mən sənə icazə verirəm, nə vaxt ürəyin istəsə, otağa girib ata-ananın yadigarlarına baxa bilərsən». Ürək eləmirdim onlara baxmağa. Düzü, onları görəndə ürəyim sıxılırdı. Amma arada beş-on dəqiqəliyə otağa girib, əlimi ata-anamdan qalma yadigarların üzərinə sürtməklə, yaralı qəlbimə, elə bil su çiləmiş olurdum. Tüfəngi Ohan bir ovçu dostuna bağışladı. Mənim bundan heç xəbərim də olmadı. Sonradan tüfəngin birdən-birə yoxa çıxdığın soruşanda, özü açıb məsələni dedi. Xalçanı isə, görürsən də buradadır. Valya biz yola düşəndə divardan açdırıb özümlə götürməyi məsləhət bildi. Yazıq ata-anamı da ermənilər meşədə güllələyibmişlər. Bunu mənə hələ hərbi düşərgədə yaşadığım vaxt bir nəfər keçmiş qonşularımızdan dedi. Onda bütün bəd xəbərlərin hamısı cəmlənmişdi ürəyimdə. Ürəyim iri bir qəbiristanlığa dönmüşdü onda. Ərim Əlinin qəbri, ata-anamın, qohum-əqrabanın, dost-tanışların… Kimlərin qəbri yox idu ki... Iri bir Şəhidlər qəbiristanlığı salmışdım ürəyimdə… … Səidə mənə də, özünə də çay süzüb stolun üstünə qoydu. Çay içməyə meylim çəkmirdi. Amma bilirdim ki, mən içməsəm, o da stəkana əlini vurmayacaqdı. Odur ki, çaydan bir-iki qurtum içdim. Sonra qadın ayağa qalxıb itin yeməyini verdi. Oturmaq istəyirdi ki, dilləndim: -Səidə, bura gələndə bir az şirniyyat almışam, bəlkə gətirəsən çayla yaxşı olar. Mənim ərköyünlüyüm onun xoşuna gəlmişdi. Küncə qoyduğu bağlamaları eşələyərək, şirniyyatı tapıb çıxartdı və onu eləcə gətirib stolun üstünə qoydu. Mən qadının bir şey yeməsini istəyirdim. Bilirdim ki, o səhərdən dilinə bir şey vurmayıbdır. Onun üçün də əlimi şirniyyata birinci mən uzadıb: - Çayla özgə ləzzəti var, - dedim. O da, şirniyyatdan birini götürüb yedi. O yedikcə elə rahatlanırdım ki… Fürsətdən istifadə edib, Səidənin eynini açmaq, ona azacıq da olsa rahatlıq gətirmək üçün eşitdiyim bir əhvalatı ona danışmağa başladım. - «Belə nəql edirlər ki, - dedim, - keçmiş zamanlarda varlı, mülklü bir kəndə bir nəfər gəlib deyir ki, sizin bu yerlər mənim çox xoşuma gəlir. Mənə buralarda bircə mıxça yer verin, ora bir dənə mıxça sancım. Hər dəfə buralara gələndə o mıxçaya baxıb fəxr edim ki, heç olmasa, bu gözəl yerlərdə mənim də bir mıxça yeri qədər yerim var. Camaat deyir ki, a kişi, bir mıxça yeri nədir ki?! Gəl sənə geniş sahə yeri ayıraq, özünə kefin istədiyi kimi ev-eşik düzəlt. Qərib adam isə bu təklifdən imtina edir və bir mıxça yeri bəsimdir, - deyir. Kənd əhli razılığa gəlib, bir ağızdan: - «Mıxçanı hara istəyirsən sanc» - deyir. Qərib adam kəndin ortasında bir mıxça çalıb deyir: - Deməli, bu mıxça mənimdir, burada nə istəsəm, asa bilərəm. Onda and için ki, mıxçaya toxunmayacaqsınız və orada hər nə assam, nə ona, nə də mənə dəyməyəcəksiniz. Camaat and-aman edir ki, heç kəs sənə gözün üstə qaşın var da deməyəcək. Qərib adam gətirib mıxçadan bir cəmdək asır. Yayın isti günündə cəmdək qaldıqca iylənib bütün kəndi büryür. Kənd əhli yığışıb qərib adama deyir ki, axı cəmdəyin iyi bizi öldürdü. Onu aparıb bir yerdə torpağa basdır. Qərib: - «Sərtimiz şərtdir - deyir. – Axı, and içmisiniz». – Camaat bu kələkbaza aldandıqlarını bilib oradakı ev-eşiklərini tərk edərək başqa yerə köçür. Bir mıxça yeri olan qərib adam böyük bir əraziyə sahib olur». – Görürsən, Səidə, - dedim, - o vaxt ruslar mıxçanı Türkiyə ilə Azərbaycan arasında sancıb, erməni adlı bir iyrənc cəmdəyi də gətirib asıb onun başından. Illər keçdikcə bu iyrənc cəmdək bir az da iylənərək ətrafdakıların qaçıb, dağılmasına səbəb olur. Nə vaxta qədər ki, o, qurddu cəmdək oradan çıxarılıb, torpağın ən dərin qatlarına basdırılmayıb bizim günümüz ağır olacaqdır. Səidə asta-asta başını yırğalayaraq, sözlərimi təsdiqlədi. Bir azdan o, süfrəni yığışdıraraq, sətəkanları öz yerinə qoydu. Sonra keçib itin yanındakı kətilin üstündə oturdu və itin başını sığallaya-sığallaya söhbətinin ardını danışmağa başladı: … - Mən yaşadığım evin sağ tərəfində bir ərzaq anbarı, sol tərəfində isə balaca bir it daxması vardı. Orada qoyun itinə oxşar yekə bir qancıq it bağlanmışdı. It səhərdən axşamacan böyürünü yerə verub mırıldayardı. Mən ora gələndə itin qarnında balaları vardı. Üstündən iki ay keçəndən sonra it dörd küçük doğdu. Doğulan günün səhəri Ohan küçüklərdən ikisini götürüb harasa apardı. Valyadan öyrəndim ki, Ohana bu iti rusiyalı zabit dostu bağışlayıbdır. It adi itlərdən deyil, o döyüşkəndir. Belələrini itbazlar göydə axtarırlar. Onda anladım ki, Ohan niyə görə bu itin üstündə əsirmiş. Sən demə, iti saxlayırmış ki, onun küçüklərini satsın. Elə bu dəfə də, küçüklər doğulan günün səhəri ikisini götürüb apardı. Bir gün səhər Ohanın hay-küyü həyəti başına götürmüşdü. O eynən həyətdəki qancıq it kimi ulayırdı. Mən həmin anda xəstə qadının qulluğunu tuturdum. Ohanın niyə belə haray-həşir saldığının səbəbini anlamadığımıza görə, qadınla bir-birimizin üzünə baxırdıq. Bir qədər sonra mən həyətə düşdüm. Onun bağırmağının səbəbi aydın oldu. Ohan keçən axşam işdən dönəndən sonra itin bit-sirkə basdığını görüb, onu zəhərli dərman qatılmış suyla çimizdiribmiş. Dərmanın dozası artıq olduğuna və it özünü yalayıb qurutmaq istədiyinə görə zəhərlənib ölmüşdü. Valya itin öldüyünə sevinirdi. – Ohan, iti dədəsindən çox istəyir – deyirdi. – Itlə bu qədər oturub durduğundan xasiyyəti də itinki kimidir, - deyə arvad deyinirdi. - Elə yaxşı oldu gəbərdi, sən də buna sevin, yoxsa başına əlavə oyunlar açacaqdı, bu it sənin, - deyə qadın mənə xəbərdarlıq edirdi. O günü Ohan işə də getmədi, səhərdən axşama kimi həyətdə ora-bura vurxunaraq deyindi. Çox əsəbləşmişdi. Günorta yeməyini qabağına qoyanda da, donuz kimi fınxırıb, vurub qabı aşırdı. Mən də ehtiyat etdiyimdən hər dəqiqəbaşı uşağa baş çəkirdim ki, ağlayıb eləməsin. Qorxurdum əlindən bir xata-zad çıxar. Anaları öləndən sonra iki it küçüyü səhərdən axşamacan zingildəyirdilər. Nə vaxt baxsaydım, Ohanı it damının yanında, küçüklərin başları üstünü kəsdirdiyini görərdüm. O yan-yörəsinə çoxlu qab-qacaq düzərək, onları yedirtməyə çalışardı. Bir-iki günlük it küçükləri isə heç nəyə məhəl qoymadan acı-acı zingildəyirdilər. Çünki onların hələ əməlli-başlı gözləri belə açılmamışdı. Səhəri gün işim bir az da çətinləşdi. Onsuz da, başımdan aşan iş-gücün üstünə biri də əlavə olunmuşdu. O da küçüklərə qulluq göstərmək idi. Valya elə düz deyirmiş. Səhər tezdən Ohan işə gedəndə mənə möhkəm-möhkəm tapşırardı ki, əgər küçüklərə bir şey olsa, öz bəxtindən küs. Bilirdim ki, o, xəbis adamdır. Əgər küçüklərin başına bir iş gəlsə, mütləq ya mənə, ya da uşağıma bir zəfər toxunduracaqdı. Odur ki, hər dəqiqəbaşı it damına cumar, onlara göz qoyardım. Amma nə qədər çalışsam da, küçükləri yedirə bilmirdim. Qabaqlarına qoyduğum süd dolu qabı ya vurub aşırar, ya da ona məhəl qoymazdılar. Küçüklər səhərdən axşama kimi bir-birlərinə sığınıb, qalardılar. Ohan isə işdən qayıdanda onların bir şey yemədiklərini görüb bərk qəzəblənərdi: - Onlar ölüb eləsə, vay sənin halına! - deyərdi. Qalardım məttəəl. Axı nə edim ki bu andıra qalmış küçüklər başıma ayrı bəlalar açmasınlar? Ürəyimə danmışdı ki, küçüklərdən sarı başım ağrıyacaqdır. Bir axşam xəstə qadını yedizdirib, aşağı, qaldığım daxmaya düşdüm ki, uşağa bir az süd qızdırıb verim. Elə bu vaxt qapı açıldı. Gələn Ohan idi. Ondan başqa kim olacaqdı ki? Qucağında həmən o, iki it küçüyü də vardı. Belə gəldiyi vaxtlar çox olardı. Pişik balasını dişində gəzdirdiyi kimi, Ohan da küçükləri qoltuğunda gəzdirərdi. Bir də gördün gecədən xeyli keçmiş özünü soxdu içəri. Bir-iki saat vaxt oturduqdan sonra çıxıb gedərdi. Bu dəfə də, elə başa düşdüm ki, o, yenə də vaxt öldürmək üçün gəlibdir. Otağa keçib divanda əyləşdi. Bir qədər küçükləri qucağında saxladıqdan sonra üzünü mənə tutub dedi: -Bunlar heç nə yemirlər, axırda aclarından öləcəklər. Mən bir söz deməyib susdum. Əslində küçüklərin ölməsini istəyirdim. Çünki həm oğluma, həm də xəstə qadına ayırdığım vaxtdan çox onlara ayırırdım. Onunla belə, hər gün bu küçüklərdən sarı üzüm danlanırdı. Birdən Ohan məndən soruşdu: - Südün varmı?!.. Mənə elə gəldi ki, küçüklərə içirtmək üçün o məndən süd istəyir. Ona görə də, bildirdim ki, bu gün gətirilən süd hələ də qalıbdır. Ohan mənim bu sözlərimdən sonra yerində qurcalanıb dişlərini ağartdı. - O süddən demirəm. - Deyirəm yəni, döşlərində süd varmı, küçükləri əmizdirməyə?! Onun sözlərini zarafat zənn etdiyimdən əhəmiyyət verməyərək, öz işimlə məşğul olmağa başladım. O, mənimlə ciddi söhbət etdiyini bildirərək: - Mən səninlə zarafat etmirəm. Sənə deyirəm ki, südün var bu körpələri əmizdirməyə?! Onun sözlərinin zarafat olmadığını anlayandan sonra özümü bir qədər yığışdırıb: - Südüm olsaydı öz uşağımı əmizdirərdim də. – Nə vaxdı buradayam, görmürsən uşağa inək südü verirəm? – dedim. O məndən əl çəkməyərək: -Məni maraqlandırmır sən öz küçüyünə nə içirirsən, - dedi. - Sənə deyirəm ki, mənim küçüklərim acdır, onları əmizdir! O, bu sözləri deyəndən sonra qucağındakı küçükləri divanın üstünə buraxıb, ayağa durdu və mənə yaxınlaşıb yaxamı didişdirməyə başladı. Ona yalvarıb, xahiş etdim ki, bu istəyindən vaz keçsin, mən bunu bacarmaram. O isə məni təkid etməyə başladı. Divara qısılıb qalmışdım. Ohan mənə yaxınlaşıb, yaxamdan tutdu və bir göz qırpımında paltarımın yaxasını şırğaladı. Sonra qolumdan yapışıb divanda otuzdurdu. Küçüklər böyür-başımı iysiləyərək zingildəyirdilər. O küçükləri yerdən alıb, qucağıma verdi və əmr etdi ki, onları döşlərimə salım. Ömrümdə birinci dəfəydi ki, qucağıma it balası alırdım. Hələ lap uşaqlıqdan itdən-pişikdən zəhləm gedərdi. Küçüklər mənim açıq sinəmə soxularaq, burunlarının seliyini axıda–axıda nə isə axtarırdılar. Ohan isə əzrail kimi başımın üstündə dayanaraq əmr etməkdə davam edirdi: - Eşitmirsən, əmizdir onları!.. – deyirdi. Oturduğum yerdəcə donub qalmışdım. Küçüklərə əl vuramağa ətim çimçəşirdi. Elə bu vaxt sifətimə dəyən şillə zərbəsi qulaqlarımda əks-səda verdi. Başım divara çırpıldığından bərk ağrı hiss etdm. Küçüklər qucağımdan yumbalanıb, döşəmənin üstünə düşdülər. Bu dəfə onlar ayaqlarıma dolaşmağa başladılar. Ohan tez dizə çöküb küçüklərdən birini yerdən qaldırdı və onu mənim sinəmə basıb: - Tut görüm!.. – deyə üstümə bağırdı. Ac küçük zəli kimi canıma daraşmışdı. Ağzına azacıq süd dəydiyindən ac-yalavac qurd balası kimi bir az da ləlöyünləşirdi. Ohan küçüyün əmdiyini görüb, o biri küçüyü də yerdən qaldıraraq döşümə saldı. Küçüklər əmdikcə, elə bil ürəyimin yağı damla-damla əriyərək, içimə tökülürdü. Gözlərimi yumaraq, dişlərimi bir-birinə sıxmışdım. Istəmirdim ki, bu murdar varlıqları gözlərim görsün. Canım üzülürdü. Küçüklərin iti dişləri bədənimə iynə kimi sancılaraq, elə bil qanımı damarlarımdan soraraq çıxarırdılar. It balalarının məni ləzzətlə əmdiyini görəndə, Ohan sevindiyindən otağın içindəcə, çırtma çalıb oynayırdı. Arada da mənə göstərişlər verərək: - Tərpənmə, - deyirdi, - qoy rahatca əmsinlər, babaldılar… Canıma daraşmış it küçükləri özlərini nə qədər rahat hiss eləsələr də, məni o qədər narahat edirdilər. Onların tüklü başları sinəmə toxunduqca, ətim ürpəşirdi. Ohan isə sanki axtardığını tapmış kimi çox xoşbəxt görünürdü. Bu iyrənc iş yarım saata kimi çəkdi. Halsızlıqdan canım ağzımdan çıxmaq üzrəydi. Amma küçüklər, yenə də məndən əl çəkməyərək əmməklərində davam edirdilər. Vəziyyətim tamam ağırlaşmışdı. Halım özümdə deyildi. Bunu Ohan da hiss etmişdi. Ona görə də, küçükləri bir-bir məndən ayırıb qucağına aldı və mənə yanmışlıq verərək onların qollarından tutub yelləyə-yelləyə, - deyirdi: - Süd ananıza bir əl edin. – Hə, əl edin ananıza. - Bax belə, yaramazlar… Ohan itib gedəndən sonra da yerimdən tərpənməyərək, oturduğum yerdəcə quruyub qalmışdım. Başıma gətirilənləri sanki yuxuda görürmüş kimi öz-özümə sayıqlayırdım. Sinəm ağrıdığından, elə zənn edirdim ki, küçüklər hələ də canımdan asıla qalıblar. O gecə səhərə qədər gözlərimə yuxu getmədi. Baş verən hadisəni fikirləşəndə inana bilirdim ki, bunların hamısı mənim öz başıma gəlibdir. Son hadisədən sonra vəziyyətim bir az da ağırlaşmağa başladı. Bir yandan xəstə qadın, bir yandan öz uşağım, bir yandan da evin iş-gücü tamam məni yorub əldən salmışdı. Hələ bunlar azmış kimi küçüklər də bu yandan çıxdı. Oğluma vaxt ayırmağa macal yox idi. Onu bilirdim ki, yazıq balamın qarnını doyuzdururdum. Onun əski-üsküsünü dəyişdirməyə də vaxt qalmırdı. Artıq o, böyümüşdü, xırda-xırda addımlar atırdı. Uşağın belə bir vaxtında onu tək qoymaq çox çətin idi. Hər an bir ziyanlıqla üzləşə bilərdi. Hələ bir neçə dəfə isti çaynikə düşərkən özümü yetirib qarşısını almışdım. Məcbur qalıb oğlumun ayağına ip bağlayıb, ipin ucunu da çarpayıya düyünləyərdim. Yazıq uşaq o qədər o yan-bu yana dartınardı ki, axırda ayağının kəsildiyini görüb sakitcə büzüşüb çarpayının altında oturardı. Axşamlar əlim boşalandan sonra uşağı qucağıma alarkən, onun qıçlarındakı kəsilmiş yerlərini görəndə ürəyim göynəyərdi. Çəkdiklərimi, bircə uşağımı qucağıma alarkən müvəqqəti də olsun unudardım. O da bir anlıq olardı. Bəzən oğlumu bağrıma basıb, dəqiqələrlə onu qoxulamaqdan usanmazdım. Onun ilıq nəfəsini ciyərlərimə çəkərdim. Bir azca sakitləşib, toxtayardım Ohanın kefi kökəlmişdi. Sanki çoxdan axtardığını tapmış kimi sevinirdi. Hər gün üç dəfə Ohanın nəzarəti altında it küçüklərini yedizdirərdim. Küçüklər az qalırdılar ki, diri-diri canımı alsınlar. Bir də ki, məndə o can hardaydı, çər dəymişlərin qarnını doyurdum. Vəziyyətim tamam ağırlaşmışdı. Bir yandan da hər gün içib-keflənmiş Ohanın mənimlə keçirtdiyi kefcil həyat tərzi canımı boğazıma yığmışdı. Gün ərzində çəkdiklərimin əvəzini, gecələr hamı yatandan sonra bir saatlığa da olsa yatağıma girəndə çıxara bilirdim. Amma çox heyiflər olsun ki, bu rahatlığım da, yalnız bir anlıq olurdu. Ya xəstə qadın məni səsləyirdi, ya oğlum yuxudan ayılıb ağlayırdı, ya da ki, başı batmış Ohanın bitib-tükənməyən tapşırıqlarını yerinə yetirirdim. Səhər açılardı, sonra hər şey təzədən başlayırdı və mən yenidən ölüb, dirilərdim… Valyanın küçükləri əmizdirməyimdən xəbəri yox idi. Amma dəfələrlə sarsıntı keçirtdiyimin səbəbini soruşmuşdu. Baş verənləri ondan gizlədirdim. Bilirdim ki, mənə kömək etməkdə acizdir. Xəstə, ələbaxan bir qadın idi, əlindən nə gələcəkdi ki?.. Amma arada ərinə təsir etməyi bacarırdı. Ohan həddini aşanda arvad qışqırıb-bağıraraq, onu yerində oturdardı. Ancaq Ohan da tülkü idi. Üzdə özünü nə qədər sakit və mədəni aparmağa çalışsa da, xəlvətə düşən kimi abırsızlığından əl çəkmirdi. Qadının isə mənə münasibəti yaxşıydı. Əslinə qalsa o, mənim əlimə baxırdı. Amma nə etməliydim, çarəm nəydi? Gəmidə oturub gəmiçiylə dava etməyəcəkdim ki… Uzun müddətli müalicələrin də onun canına xeyiri olduğunu görürdüm. Hiss edirdim ki, azacıq da olsa onda irəliləyiş vardır. Əl-qolunu yavaş-yavaş da olsa tərpədə bilirdi. – «Bunlar hamısı sənin sayəndə olub, Səidə», - deyərək, mənə minnətdarlıq edərdi. Gecələr küçüklərə görə Ohan çox vaxt mənim yanımda olardı. Ilk axşamdan gələr, gecə yarıdan keçəndən sonra isə çıxıb gedərdi. Qadını bunların hamısını bilirdi, amma bu barədə ona bir söz deməyə ehtiyat edirdi. Ara-sıra söhbət zamanı olub-keçənləri, Ohanla aramızda baş verənləri məndən soruşardı. Mən isə susub, ona cavab verməzdim. O qadın idi. Baxışlarımdan, hərəkətlərimdən anlamalıydı ki, onun qəbiristanlıq bayquşuna oxşar ərindən onsuz da zəndi-zəhləm gedir. Insan ilbizdən iyrəndiyi kimi ondan iyrənirdim… … Səidə bu sözləri deyərkən, onun sifətinin necə də alışıb, yandığının şahidi olurdum. Mənə elə gəlirdi ki, bu dəqiqə o, ayağa qalxıb evi vurub, yıxacaq və əlinə keçənlərin hamısına od vurub yandıracaqdır. Amma bir qədər sonra çoşduğu kimi də sakitləşib susardı. Elə bil dağ çayı idi, birdən kükrədiyi kimi, birdən də sakitləşərdi. Səidə oturduğu yerdəcə yanında uzanmış və sanki yuxusuzluqdan gözləri mürgü döyən itin tüklərinə sığal çəkə-çəkə, elə bil qəzəbini soyutmağa çalışırdı. O bir anlıq başını qaldırıb üzümə baxdı. Mənim də həyəcanlı olduğumu görəndə, sanki utanırmış kimi: - Siz allah, mənə fikir verməyin. Adam kimi oturub sizinlə danışıramsa, buna da şükür. Bütün həyatı məhv olmuş insandan bundan artıq nə gözləmək olar?! – dedi. Ona heç bir söz demədim. Daha doğrusu, deməyə söz tapa bilmədim. Gözlərimi döyə-döyə, sakitcə durub onun üzünə baxdım. Süküt - bəzən verilən bütün təsəllilərdən daha təsirli olur. Bəzən də əksinə… … - Bir gün Ohan qaldığım otağa sərxoş vəziyyətdə gəldi, - Möhkəmcə içmişdi, ayaq üstə zola dayanırdı. Onu belə vəziyyətdə heç vaxt görməmişdim. Yanında da bir zabit var idi. Zabit də, onun kimi ayaq üstə dayana bilməyərək, o tərəf-bu tərəfə aşırdı. Onlar otağa keçib divanın üstünə sərələndilər. Ohan mənə əmr etdi ki, küçükləri otağa gətirim. Mən o dəqiqə anladım ki, o, dostunu «tamaşaya» baxmaq üçün bura gətiribdir. Ona görə də, küçükləri bir az bundan qabaq yedizdirib, rahatladığımı bildirdim. O isə məndən əl çəkməyərək təkid etdi ki, küçükləri gətirib onların gözləri qabağında əmizdirim. – Qoy, dostum Xoren görsün ki, - dedi, - mənim küçüklərim necə bəslənirlər. Yalvarıb xahiş etdim ki, məni təhqir etməsin. Amma sözü kimə deyirdin? Mənim yalvarışlarım onun heç kefinə də deyildi. O getdikcə ayaqlarını yerə bir az da bərk döyərək, qışqırır və məndən tələb edirdi ki, onun dediklərnə əməl edim. Mən isə divara qısılıb, yerimdən tərpənmək istəmirdim. Düşünürdüm ki, yalvarışlarımın, göz yaşlarımın bəlkə bir təsiri olacaq. Bu daşürəkli adamın ürəyinə rəhm gəlib, eybəcər fikrindən daşınacaqdır. Amma fikrimdə yanılmışdım. Bunu ancaq ürəyində heç olmasa bir azca mərhəmət hissi olan adamdan gözləmək olardı. Ohanın isə heç insanlıqda payı yox imiş. O, ayağa qalxıb üstümə yeridi və yumuruğunu havada yelləyərək ağzımın üstündən vurdu. O dəqiqə burnumdan qan fışqırdı. Mən yenə də yerimdən tərpənmədim. Burnumdan axan isti qan çənəmdən süzülərək damcı-damcı ayaqlarımın altına tökülürdü. Ohan aşa-aşa eşiyə çıxdı və bir azdan qucağında küçüklər yenidən otağa daxil oldu. Küçükləri divanın üstünə buraxıb mənə tərəf gəldi və qolumdan tutub divanın üstündə oturtdu. Sonra başımın üstündə durub: - Əmizdir onları! – dedi. Küçükləri qucağıma alsam da onları əmizdirməkdən imtina etdim. Burnumdan axan qan bu dəfə küçüklərin üstünə tökülərək, onları al-qana bulaşdırmışdı. Mənim bu halım onların heç kefinə də deyildi. Ohanla gələn Xoren adlı zabit arada əyilib dostunun qulağına nə isə pıçıldayıb, onu bir az da qızışdırırdı. Yəqin, əmrə tabe olmadığımı deyərək, onu it kimi üstümə qısqırdırdı. Ohan bu dəfə çənəmdən yapışıb başımı yuxarı qovzadı, sanki boğazımı üzmək istəyirdi. - Sən niyə tərslik edirsən, qancıq? - Onsuz da, dediyimə əməl edəcəksən. Nə yaxşı ki, qol-qabırğanı xurd-xəşil eləməmiş, öz xoşunla deyilənlərə əməl et. Yoxsa, başına oyun açacağam, - deyə bağırırdı. Mən ağlaya-ağlay ona yalvarıb deyirdim ki, bir az bundan qabaq onları yedizdirmişəm. Südüm yoxdur, öz uşağım acından ölür. Bunları deyirdim ki, bəlkə o məndən əl çəkə. Ohan isə üstümə qışqırmaqda davam edirdi: - Sən küçükləri yedirt, mən sənin oğlunu ac qoymaram, - deyirdi. Küçüklər mənə elə öyrəşmişdilər ki, qucağımda bir an da olsun sakitləşməyərək qoyun-qoltuğuma soxulurdular. Elə bu vaxt Ohan qarşımda dayanıb, dizlərini yerə atdı və iki əliylə yaxamdan yapışaraq, bir anın içindəcə əynimdəki paltarı şırıqlayıb, çıxartdı. - Əmizdir, sənə deyirəm! - Yoxsa, bu dəqiqə səni vurub öldürəcəyəm, - deyə bağırdı. Çarəsiz qalıb küçükləri sinəmə saldım. Onlar zəli kimi canıma daraşmışdılar. Ohanla dostu lap burnumun ucunda dayanıb, küçüklərin məni necə əmməsinə tamaşa edirdilər. Onun dostu arada əllərini bir-birinə vuraraq gördüklərindən təəccüblənir, Ohanın bu «igidliyini» tərifləyirdi. Ohan isə dostunun qeyzə gəlməsindən ruhlanaraq, onun çiyinlərindən tutub silkələyə-silkələyə deyirdi: - Hə, necədi? - Gördün ki, mən yalan demirəm. Görürsən, gələcəkdə bu küçüklərin qarşısına heç kim çıxa bilməz? Kim olsa, onu parça-parça edib, didərlər. Elə bu anda Ohanın dostunun yadına nə isə düşdü və o, ciblərini eşələyib, kiçik bir fotoaparat çıxartdı və mənim bu vəziyyətdə şəklimi çəkməyə başladı. Yəqin ki, onlar elə bu niyyətlə də bura gəlmişdilər. On-on beş dəqiqəyə qədər küçükləri özümdən ayırmağa qoymadılar. Bəlkə də «tamaşa» çox çəkərdi, amma oğlumun yuxudan ayılııb ağlaması bu işi yarımçıq qoydu. Onsuz da onlar istəklərinə nail olmuşdular. Mən küçükləri özümdən ayırıb divanın üstünə buraxmaq istədim. Ohan mane oldu: - Sən əziyyət çəkmə, mən uşağı yedirərəm, - dedi və ayağa qalxıb stolun üstünə qoyulmuş uşağın süd butulkasını götürdü. Sonra uşağa yaxınlaşıb butulkadakı südü ona içirməyə başladı. Uşaq yuxudan oyandığı üçün acmışdı və elə o dəqiqə də butulkanın başına keçirilmiş əmziyi ağzına aldı. Ohana bildirdim ki, süd soyuqdur uşağa ziyan edər, onu qızdırmaq lazımdır. Istəyim küçüklərdən canımı qurtarmaq idi. Ohan isə səndələyə-səndələyə mənim sinəmdən basaraq divandan qalxmamağımı tapşırdı. – Sən burda otur, hər şeyi mən özüm edərəm, - deyib uşağı da qucağına alaraq o biri otağa keçdi. Onun yan otağa keçməsinin üstündən bir az vaxt keçdi. Dözməyib ardınca getdim. Ohan oğlumu stolun üstünə oturdub, şüşədəki mayeni ona içirdirdi. Qapının açıldığını görən kimi özünü itirdi və bərəlmiş gözləriylə gah mənə, gah da əlindəki butulkaya baxaraq, dəli mal kimi döyüküb qaldı. Əvvəlcə, bir şey anlamadığıma görə, sakitcə dayanıb onun hərəkətlərinə baxırdım. Birdən ağlıma gəldi ki, oğlumu otağa aparanda butulkada bir azca süd vardı. Onu da uşaq gözlərimin qabağında içib, qurtardı. Bəs, Ohanın oğluma içirtdiyi nə ola bilərdi? Birdən gözlərim döşəməyə sataşdı. Döşəmənin üstünə su calanmışdı. Həm də otaqdan kəsif sidik qoxusu gəlirdi. Başım hərləndi və var gücümlə qışqırdım: - Sən nə edirsən, əclaf?!.. Uşağa nə içirirsən?! O, əlində şüşə qab donub qaldı. Mən irəli atılıb butulkanı onun əllindən aldım və var gücümlə divara çırpdım. Şüşə qırıntıları ətrafa səpələndi. Uşağı stolun üstündən alıb sinəmə basdım. O, möhkəmcə öyüyürdü. Barmağımı uşağın boğazına soxub, zorla da olsa onu qusdurmağa çalışdım. Uşağın sir-sifəti göm-göy göyərmişdi. Boğazına kəndir keçirilən adamlar kimi gözləri böyüyərək,hədəqəsindən çıxmaq üzrəydi. Mən bir neçə dəfə barmağımı onun boğazına salıb, çıxartdım. Nəhayət, onu qusdura bildim. Uşağın ağzından sarımtıl rəngdə maye tökülürdü. Öyüdükcə, az qalırdı balaca ciyəri parçalanıb yerə tökülsün. Başımı itirərək, dəli olmaq dərəcəsinə çatmışdım. Bu vəhşilərdən çox çəkmişdim, amma beləsi nə ağlıma gəlmişdi, nə də başıma. Bir azca marqanis tapıb ilıq suda həll etdim və onu uşağa içirtdim. Üstündən bir qədər keçəndən sonra oğlum bərk öyüdü. Mədəsində nə vardısa qusub, yerə tökdü. Sonra ona bir stəkan kəmşirin çay içirtdim. Ohan otağın ortasında durub qalmışdı. Bu hərəkətindən utanıb yerə girmək əvəzinə, ölməz-əriməz mənə baxıb gülümsəyirdi. Onun bu həyasızlığına dözə bilməyib qışqırdım: - Sən nə edirsən? Belə də iş olar? - Düşünmürsən ki, körpə zəhərlənib, ölə bilər? O isə səfeh öküzlər kimi başını bulaya-bulaya: - O türk küçüyüdür, ona heç nə olmaz! – dedi. Mən hirsimi boğa bilməyib stolun üstündəki su ilə dolu qrafini götürüb ona tərəf tolazladım. Qrafin onun başının yanından ötüb divara dəydi və çilik-çilik olub ətrafa səpələndi. Uşağı qucağıma götürüb bayıra çıxmaq istəyəndə, o arxadan mənə yumruq atdı. Yumruq boynumun ardını tutduğundan başım divara dəydi. Qucağımdakı uşaq da zərblə divara çırpıldı. Oğlum qışqırdı. Mənim də burnum paralanmışdı. Qan dayanmadan axırdı. Ohan uşağın qışqırığını eşidib, bir-iki addım geri çəkildi. Həyətə çıxıb krantdan su aldım və uşağın üz-gözünü yudum. Otağa dönmək istəmirdim. Istəyirdim ki, uşağımı da götürüb buradan qaçım. Amma fikrimdən daşındım. Bu qisası Ohanda qoyub hara gedəcəyəm? – düşündüm. – Mən harada sakit ola bilərəm, bundan sonra? – deyə ağlımdan keçirtdim. Otaqdan Ohanla dostunun danışıq səsləri eşidilirdi. Yəqin ki, bu günkü «tamaşa» və tamaşadan sonrakı əhvalatlar Ohanın dostu Xorenin xoşuna gəlmişdi. - Necə də gəlməsin? - düşündüm, - kişilər bu boyda iş görmüşdülər. – Allahın lənətinə gəlmişlər! - Görüm sizin kökünüz kəsilsin! – deyərək, uşağı da götürüb eyvana, xəstə arvadın yanına qalxdım. O yatmışdı. Mən uşaq qucağımda onun çarpayısının yanında oturdum və özümü saxlaya bilməyib ağladım. Qadını özümə ən yaxın adam sanırdım. - Axı, kimim vardi ondan başqa ki, dərd-sərimi söyləyim? Ona görə də, belə ağır vaxtlarımda təkcə onun mərhəmətinə sığınmaqla bir az sakitlik tapırdım. Qadın səsə yuxudan ayıldı və başını qovzayaraq həyəcanlı səslə bir neçə dəfə: - Ohan!.. Ohan!.. - deyə çağırdı. Əlimi uzadıb onun qolundan yapışdım və ağlaya-ağlaya: - Mənəm… Səidə… - deyə onu sakitləşdirməyə çalışdım. Qadın sakitləşdi. Amma mənim hıçqırtıyla ağladığımı görüb: - Sənə nə olub, niyə ağlayırsan? - Ohan hanı bəs? – soruşdu. Bir söz deməyib səsimi içimə çəkdim. Valya mənə işığı yandırmağı tapşırdı. Onun yastığının yanındakı, tumbusçkanın üstünə qoyulmuş gecə lampasının düyməsini basıb, işığı yandırdım. O, başını çevirib üzümə baxdı və məni görən kimi qışqırdı: - Aman Tanrım, bu nədir? - Səni kim bu hala salıb, qız? - Bu evdə nələr baş verir, məni anlatsana? - Sifətindəki bu qan nədir? – Səni kim döyübdür? – deyə qadın, cavab gözləmədən sualı sual dalısınca yağdırırdı. Mən ona cavab verməyib susurdum. Əslində, bu dəqiqə onun özündən də zəhləm gedirdi. Amma nə etməliydim, bu evdə bircə nəfər dərdimə qalan bu qadın idi, onu da özümdən incik salmalıydımmı? Qadın yenə də nələrin baş verdiyini soruşanda, artıq susa bilmədim və açıb olub-keçənləri ona danışdım. Valyanın haldan-hala düşməsindən hiss etdim ki, danışdıqlarım ona əzab verir. O, dişlərini bir-birinə sıxaraq, ərinin qarasınca lənətlər yağdırmağa başladı. Ərinin iyrənc hərəkəti qadına yaman yer eləmişdi. O, bir an da olsun sakitləşmək bilmirdi. Bir azdan araya sakitlik çökdü. Valya bir kəlmə də olsun danışmayaraq, donuq baxışlarını tavana zilləyib qalmışdı. O nə haqdasa fikirləşirdi. Handan-hana başını döndərib üzümə baxdı və yavaş səslə: - Qızım, keç mətbəxə əl-üzünü yu. Allah onun cəzasını verəcəkdir. Uşağı onun çarpayısının yanına qoyub, ayağa qalxdım və mətbəxə keçib üzümü yudum. Mətbəxdəki güzgüdə özümü görəndə dəhşətə gəldim, burnum şişmiş, üst dodağım isə paralanmışdı. Bu görkəmdə əcaib bir varlığa oxşayırdım. O gecə səhərə qədər qadınla yatmayıb, dərdləşdik. Həmin gecəki kimi o mənə yaxın olmamışdı. Halıma acıyaraq bundan sonra mənə kömək edəcəyinə söz verdi. – «Sən mənə yaxşı bax, qızım, çalışaram sənə bir köməkliyim dəysin», - deyirdi. Başa düşürdüm ki, o xəstə olsa da, ondan çox şey aslıydı. Mənə çox köməklik edə bilərdi. Valya həmin gecə mənə bir çox mətləbləri açdı və öz başına gələnləri söylədi. Dedi ki, Ohanla rusiyanın Stavropol vilayətinin Nadejda kəndində tanış olublar. O vaxtlar Ohan Nadejda kəndindəki hərbi hissədə praporşik vəzifəsində çalışırmış. - Mənim atam isə həmin hərbi hissədə komandir idi, - deyə qadın, olub-keçmişlərdən söhbət açdı. - Komandir qızı olduğumu biləndə, o yan-yörəmdə hərlənməyə başladı. Zəhləmi tökmüşdü. Bunun üstündə atam bir neçə dəfə ona xəbərdarlıq da etmişdi. Evimizdə onun barəsində söhbət düşəndə atam ağız-burnunu əyərək: - «O, sırtıq adama oxşayır!» - deyərdi. Anam isə Ohanı tərifləyərək atamın nəzərində onu ucaltmağa çalışardı: - «Indiki zamanda belə olmaq lazımdır. – deyirdi. - Kişi gərək qaz kimi ayıq olsun. Yoxsa, bu qatma-qarışıqlıq içində it-bata düşüb məhv ola bilər». Atamdan fərqli olaraq, anamın ondan xoşu gəldiyini bilirdim. Amma başa düşə bilmirdim ki, Ohanın hansı cəhətləri ona xoş gəlmişdir. Belə baxanda onda elə bir müsbət bir şey görməmişdim. Anamı çox istəyirdim, lap çox. Ona görə də, onun istəyinin qarşısında söz deməyə özümü gücsüz sanırdım. Həm də yenicə orta məktəbi bitirdiyimə görə, sox şeyi dərk edə bilmirdim. Zorla da olsa, özümü inandırmağa çalışırdım ki, o pis oğlan deyildir. Ohanın ata-anası yox idi. O, uşaq evində böyümüşdü. Özünün dediyinə görə ata-anasının üzünü belə görməyibdir. Babasını və nənəsini xatırlayırdı. Deyirdi ki, ara-sıra onlar mənə baş çəkirdilər. Sonra hansı səbəbdənsə qocalar da bu zavallıdan imtina ediblər.Uşaq evində böyüdüyünə görə Ohanın nə gözü, nə də qarnı döyurdu. Anası ölmüş quzular kimi gözləri onun-bunun əlində olardı. Mənimlə ailə qurmaqda məqsədi də, atamın vəzifəsindən, ad-sanından istifadə etmək olub. O bu barədə mənə neçə dəfələrlə demişdi: - «Bəs, mən nə etməliyəm, qolumdan tutan kimim var? - Məni adam eləsə atan eləyəcək» - deyərdi. Atamın ondan xoşu gəlməsə də, mənə görə köməklik edirdi. Neyləsin, evin bircə qızı idim. Atamın ona köməkliyi o oldu ki, onu zabitlər məktəbinə göndərdi və qayıdanda o baş leytenant rütbəsiylə geri döndü. Bir neçə ildən sonra kapitan, sonra mayor, bura gələndən bir il qabaq isə ona podpolkovnik rütbəsi verdilər. Polkovnik rütbəsini isə o, burada aldı. Hələ Stavropolda olarkən möhkəmcə arağa qurşanmışdı, hər gün eşşəkcə isərdi. O qədər içərdi ki, lap it ölüsünə dönərdi. Alkaşlığına görə hələ əvvəllər bir neçə dəfə hərbi hissədən uzaqlaşdırmaq istəyiblər. Yenə də atam onun qanının arasına giribdir. Yoxsa, toyuq kimi, allah bilir, indi hansı küllükdə eşələnirdi. Müharibə başlayanda biz Stavropolda idik. Çox yalvardım ki, getməyək qalaq orda. Amma bacarammadım. Onların Stavropolda böyük diasporası vardı. Hərbi rütbəsi olan zabitləri məcbur edirdilər ki, vətənlərinə dönsünlər. Ohan bura gələndə mən gəlmədim. Bir il yarım ondan ayrı yaşadım. Qızımız Larisa da mənimlə qalmışdı. Onda Larisanın on yeddi yaşı vardı. Bir neçə dəfə Ohan arxamızcan gəldi, yalvarıb-yaxardı. Məni inandırmağa çalışırdı ki, müharibə bizlik deyil, biz sakit bir guşəyə çəkilib öz həyatımızı yaşayacağıq, - deyirdi. Nəhayət, çox çək-çevirdən sonra sözlərinə inandım və ona qoşulub buraya gəldim. Istəmirdim ki, qızım atasından ayrı yaşasın. Necə olsa atasıydı, onların bir-birlərindən ayrı yaşaması düzgün olmazdı. Bir neçə ay, doğurdan da sakit bir yerdə yaşadıq. Yaşadıq deyəndə, qızımla mən kirayə bir evdə qalırdıq. Ohanın isə həftədə, ayda bir dəfə üzünü görək, ya görməyəydik. O, öz kefinin bəyi idi. Hansı cəhənnəmdə itib-batırdı bilmirdim. Bir də görərdin günün birində hardansa peyda oldu. Həftələrlə, aylarla meşədə, dağ-dərədə qaldığına görə, get-gedə vəhşiləşirdi. Yalquzaq canavar kimi göz-başı qaynayırdı. Olan-qalan adamlığını da itirmişdi. Tapılanda da bizimlə hədə-qorxuyla danışardı. Gecələr yatan zaman başının altına silahını qoyub yatardı. Sizin kənd və şəhərlərinizin onlar tərəfindən işğal olunması, Ohanı özünkülərinin gözündə lap milli qəhrəmana döndərmişdi. Hərbi hissədəki bütün nizam-intizam işlərinə o rəhbərlik edirdi. Hərbi əsirlərin dindirilməsi, onların dəyişdirilməsi və hətta güllələnməsi məsələsinə də Ohan baxırdı. Hərbi hissədəki zabitlərin hamısı ondan çəkinirdilər. O çox əzazil idi. Onun xislətində faşistlik vardı. Bu adamda rəhm deyilən bir şey yoxdur. Onunku ancaq ölüb-öldürmək, kəsmək, qan tökmək idi. Rus ordusunun zabitləri arasında da onun çox böyük nüfuzu vardı. Ohan əslində rusların adamı idi, onlara işləyirdi. Müdafiə nazirliynin əməkdaşlarının görə bilmədiyi işləri Ohan aşırardı. Ona görə də, dövlət tərəfindən ona çox böyük səlahiyyətlər verilmişdi. Onun qədər türklərə nifrət edən ikinci bir erməni tanımadım. Türk adı gələndə bu adamın beyininin qurdları qaynayırdı. Insanda bu qədər nifrət hissinin olduğuna mən inanmazdım. Deyilənə görə, hələ ilk savaş başlananda öldürülmüş zabit dostunun intiqamını alan Ohan, siz tərəfindən əsir götürülmüş bir hərbiçinin damarını kəsərək, onun gözləri baxa-baxa qanını içmişdir. Bu adam manyakdır. Evdə həmişə qan-qadadan söhbət açardı. Adam öldürməkdən, baş kəsməkdən danışanda mənim ətim ürpəşərdi. Qızım, ümumiyyətlə, belə söhbətləri xoşlamazdı. O, tablaşa bilmirdi bu söhbətlərə. Belə şeylərə öyrəşməyən, yazıq qızcığaz elə bərk darıxardı ki… Hər gün mənə yalvarıb, deyirdi: - «Atamı başa sal çıxıb gedək. – Buradan qan iyi gəlir». Amma Ohanı heç cür başa salmaq olmurdu. Ailə-uşaq onun gözündə heç nə idi. O, məğlubedilməz bir komandir kimi dünyanı fəth edəcəyindən dəm vururdu. Deyirdi: - «Dünya hələ bundan sonra erməniləri tanıyacaqdır. Anlayacaqlar ki, dünyada möhtəşəm və yenilməz erməni xalqı da vardır. - Qoy, hələ biz bu müharibəni udaq, sonra «dənizdən dənizə» müharibələrimiz başlayacaqdır. Bu daha böyük və dünyanı lərzəyə salan bir müharibə olacaqdır. Tarix erməni xalqının xeyirinə işləyir. Biz bu fürsətdən istifadə etməliyik» - deyirdi. Heç nə başa düşmürdüm onun bu sərsəm danışığından. Axı o, kimə və nəyə arxalanaraq bunları deyirdi. Bircə onu bilirdim ki, əgər rus ordusu bir gün buranı tərk edib getsə, sizinkilər erməniləri bircə gecənin içindəcə çəyirkə kimi tapdalayacaqlar. Bütün dünya bilirdi ki, ermənilərin arxasında böyük rus ordusu dayanır. Onlar rusların sayəsinə at oynadırlar. Qızım bu vurçatdasına dözə bilməyib bir gün şələ-şüləsini də yığışıdırıb, çıxıb getdi Stavropola, babasının yanına. Iyirmi yaşı tamam olandan sonra isə bir aktyor oğlanla ailə həyatı qurdu. Toyuna bizi də çağırmışdı. Ohan qızının toyuna da getmədi. Müharibəni bəhanə gətirərək bircə övladının toyunda iştirak etməkdən boyun qaçırtıdı. Mən isə qızımın toyunda iştirak edirdim. Qayıdıb gələndən sonra isə bərk darıxmağa başladım. Onsuz da burada çox vaxt tək-təhna yaşayardım. Ohan evdə tapılmazdı, tapılanda da başı sərxoşluqdan ayılmazdı. Həmişə də başının dəstəsi olardı. Bir dəfə evə bir zabitlə gəlmişdi. O çox yaraşıqlı bir kişiydi. Ohandan fərqli olaraq, oturub, duruşuğundan ağırlıq tökülürdü. Ona baxanda ürəyimdə fikirləşirdim ki, kaş beləcə bir ərim olaydı. Onsuz da kişilər heç cür anlamaq istəmirlər ki, onlar qadınlarına lazımınca qayğı göstərməyəndə, qadınları xəyallarında hansı xoşbəxt kişinisə axtarırlar. Mənim xoşbəxt kişim öz əl-ayağıyla gəlib çıxmışdı yanıma. O gözəl oğlan da həmin gün diqqətini məndən ayırmırdı. Ohan içib kefləndiyindən ağzına gələni çərənləyirdi. Həmin axşam qonaq bizdə qaldı. Ərim ilk axşamdan sərxoş olub yatmışdı. Mən özüm bu yaraşıqlı oğlanın yatağına girib, gecə səhərə kimi onun qoynunda yatdım. Bəs nə etməliydim? Gözləməliydim ki, mənim fateh ərim nə vaxt dünyanı tutacaq, sonra mənə diqqət göstərəcəkdir? – Yoxsa, bu mənasız müharibənin daş-kəsəkləri altında qalıb it-batamı düşməliydim? Elə o gündən Vitali deyilən oğlan mənim gizlin sevgilimə çevrildi. O yaxınlıqdakı rus hərbi bazasında xidmət edirdi, mayor idi. Vitaliylə sevgimiz uzun sürmədi. Bir dəfə hərbi bazada necə olursa onun ayaqları altında mina partlayır və yazığın iki qıçını da qəlpə aparır. O bir müddət burada, qospitalda müalicə olunduqdan sonra, harasa yoxa çıxdı və mən yenə də tək qaldım. Bir müddət keçəndən sonra xəstələndim. Xəstələnməyimə səbəb də, kirayədə qaldığımız evin partlaması oldu. Hadisə olan gün gecə yarısı idi. Birdən-birə bərk gurultu qopdu. Gurultunun qopması ilə evin tavanının qopub otağın ortasına düşməsi bir oldu. Qorxduğumdandı, ya nədən bir müddət dil-ağzım qurudu. Kəlmə kəsib danışa bilmədim. Bədənim də sözümə baxmırdı, əsim-əsim əsirdi. Qaldığımız evi qrad qurğusuyla vurmuşdular. Bu da müharibənin mənə verdiyi töhfə. Günlər keçdikcə vəziyyətim gün-gündən ağırlaşmağa başladı. Həmən qaldığımız ev cəbhə bölgəsinə yaxın olduğu üçün hər an təhlükə ilə üzləşə bilərdik. Ona görə də, bir müddətdən sonra bura daşındıq. Buralar sakitlik olsa da, daha mənim üçün elə bir əhəmiyyəti yox idi. Mən ömrümün axırına kimi beləcə qalacaqdım. Əvvəllər qulluğumu tutmaq üçün Ohan haradansa gənc bir qız gətirmişdi. Özümüzünkülərdən idi. Əslində, o vicdansız qızı mənim üçün deyil, özü üçün tapmışdı. Qız bir gün yoxa çıxıb getdi. Bir-iki həftə baxımsız qaldım, Ohanın öz ümidinə. Sonra sən gəldin. Hiss edirəm ki, səni mənə allah yetirib, sən yaxşı qızsan. Amma indi o əclafın işlərini eşidəndə yaman pis oldum. – Görürsən o yaramazın işlərini? Allah onun cəzasını versin! – deyə o, ərinin qarasınca tüpürdü. Biz səhərə yaxın yatdıq. Tezdən həmişəki kimi oğlumun səsinə yuxudan ayıldım. Uşağın sir-sifəti pörtmüşdü. Əlimi onun alnına qoydum, od kimi yanırdı. Uşağa nə oldusa, o hadisədən sonra oldu. Onun qızmasını ölçdüm, hərarət 39-40 arasındaydi. Iynə vurdum. Hərarəti bir az aşağı düşdü. Ohangil də oyanmışdılar, həyətdə səsləri gəlirdi. O, bir neçə dəfə bərkdən məni çağırdı. Qadın mənə yerimdən tərpənməməyi tapşırdı. Ohan eyvana qalxıb mənim üstümə bağıranda, Valya onu susdurdu: - Allah sənin cəzanı versin, gör bu uşaq nə gündədir? – dedi. - Belə də iş olar? Allah bu zülmü heç götürərmi? - Niyə Allahından qorxub-çəkinmirsən? Ohan yerindəcə mıxlanıb qalmışdı. O, gah mənə, gah da arvadına baxaraq, onsuz da sərxoşluqdan ayılmayan yarıyuxulu gözlərini döyürdü. Sanki deyilənlərin ona heç bir dəxili yox idi. Elə bil söhbət kənar bir şəxs haqqında gedirdi. O, bir xeyli susandan sonra, nəhayət ki, dilləndi: - Nə olub axı? – dedi. - Mən heç bir şey başa düşmürəm. Mənim nə günahım var, bir desənə? Valiya ərinin bu həyasızlığı qarşısında dözməyərək: - Nə günahın var, deyirsən? Sən başdan-ayağa elə günah içərisindəsən də. Axşamkı hadisəni niyə yadına salmırsan? - Yoxsa, unutmusan elədiklərini? - Nə olub? Mən heç bir şey xatırlamıram, - deyə o, özünü bicliyə vurdu. - Heç nə olmayıb?!.. - Lənətə gələsən səni… Özünü günaha batırmısan. Sənə çoxlugca dua edib, tövbə etmək lazımdır. Ohan deyilənləri sanki eşitmirmiş kimi, ov tulası kimi qulaqlarını salxaraq durub baxırdı. O, handan-hana üzünü mənə tutub qışqırdı: - Həyətə düşəcəksən, ya yox? Eşitmirsən küçüklərin səsini? Görmürsən onlar acından necə zingildəyirlər? - Tez ol, dur onları… Söz onun ağzında qaldı, Valya onun üstünə qışqırdı: - Sən nə etdiyinin fərqindəmisən, Ohan? It küçüklərini də insana əmizdirərlərmi?! Sənin ağlın çaşıb, nədi? O, əsir olsa da, anadır. Onun südəmər uşağı vardır. Yaramaz axı belə şeylər. - Bəs nə edim, küçüklər acındanmı ölsünlər? - deyə Ohan, arvadının üstünə bağırdı. - Mən heç nə bilmirəm. Amma onu bilirəm ki, allah bunun üstündə sənin cəzanı verəcəkdir. Bundan çəkin, sənin də balan var axı. Ohan daha bir söz deməyib bir qədər susdu. Geri dönüb gedərkən üzünü mənə tutub acıqla: - Küçüklərə yal hazırla ver. Gəlib görsəm ki, onlar acdırlar, onda özündən küs. Valyanın qahmar çıxması məni bir azca ruhlandırdı. Ürəyimdə fikirləşdim ki, nə yaxışı bu qadın varmış, yoxsa mənim aqibətim necə olardı? Səhər yeməyi hazırlayıb xəstəyə verdim, sonra uşağı yedizdirdim. Uşağın qızması hələ də dədüşməmişdi. Bütün bədəni od içərisindəydi. Ona yenə iynə vurdum. Həyətə düşərkən, uşağı Valyanın çarpayısında, onun yanına qoymuşdum. Fikirləşdim ki, həm uşağa həyan olar, həm də özü darıxmaz. Həyətdəki daxmaya girəndə hər tərəfi tör-töküntülü vəziyyətdə gördüm. Tör-töküntüdən ayaq basmağa yer yox idi. Otaqları silib-təmizləməyə başladım. Işimi qurtarandan sonra yal bişirib küçükləri yedizdirmək istədim. Onlar bir aydan artıq idi ki, mənə vərdiş etdiklərinə görə, yalı içməyi bacarmırdılar. Məcbur qalıb yalı butulkalara tökdüm və butulkaların başına əmzik keçirərək yalı küçüklərə içirtdim. Günortaya yaxın oğlumun qızması yavaş-yavaş düşməyə başlamışdı. O özünü bir qədər yaxşı hiss edirdi. Axşam Ohan evə dönmədi. Biz həmin gecə rahat nəfəs aldıq. O evdə olarkən, elə bil evin havası da zəhərlənirdi. Adam bir udum nəfəs almağa çətinlik çəkirdi. Valya ilə oturub yenə də dərdləşirdik. Oğlum da keçən axşamkı gərginlikdən sonra rahatca uyuyurdu. O gecəki kimi qadınla heç belə yaxın olmamışdıq. Onun hərəkətlərindən özümə qarşı bir doğmalıq hiss edirdim. Valya mənə deyərdi: - «Sən doğma qızımdan da mənə artıqsan». Qızım xəstələndiyimi bilsə də, yolun uzaqlığını, müharibəni bəhanə gətirərək gəlib bir gecəlik də olsun yanında qalıb, qulluğumu tutmamışdır. – Əlbəttə, onu başa düşürəm, onun da ailəsi, uşağı var. – deyərdi. Amma mən də anayam axı…» - deyə Valya, kövrələrdi. Qadının danışığından hiss edərdim ki, o, öz doğma balasının necə də intizarla yolunu gözləyirdi. Xəstə qadının gözlərinin dərinliyində sonu görünməyən bir intizar, bir həsrət gizlənirdi. Hər halda o, düçar olduğu xəstəliyin əzabını çəkərkən, doğma qızının yanında olmasını arzulamaqda haqlı idi. Telefonla danışanda qızı təkid edərdi ki, anası onun yanına, Stavropola gəlsin. Valya getməkdən boyun qaçırardı. – «Belə vaxtımda gedib onlara yük olmaq istəmirəm», - deyirdi. Hər halda bu onların öz işi idi. O gecə olub-keçənləri, başıma gələnləri danışdım Valyaya. Ağlım kəsəndən bəri yadımda nə qalmışdısa hamısını bircə-bircə açıb söylədim o qadına. Qayğısız uşaqlıq illərimdən, atalı-analı günlərimdən, gəlin paltarında ər evinə köçdüyüm o xoşbəxt anlarımdan danışdım qadına. Necə də xoşbəxt idim onda… … Anam söyləyirdi ki, mən doğulanda bap-balaca bir uşaq olmuşam. Həkimlər mənim sağ qalacağıma ümid belə bəsləmirmişlər. Hətta, anam məni həkimə göstərib: - «Doktor bundan uşaq olacağmı? - soruşanda, həkim çiyinlərini çəkib: - «Nə bilim vallah, bu uşaqkı qalıb allaha», - deyib. Sonra da əlavə edib ki, evdəkilərə deyin, hər ehtimala qarşı hazırlıqlarını görsünlər. Anam bunları atama söyləyəndə, kişi bərk narahat olub və elə xəstəxanadaca nəzir-niyaz boyun alıb ki, əgər qızım bir yaşına çatsa onun ayağının altında qurban kəsəcəyəm. Anam deyirdi ki, sən uşaqlıqda ağlağan olsan da, canın buz baltası kimi möhkəm olub. Evin əziz-xələf bir uşağı olduğum üçün mənim xətrimi dünyalar qədər istəyiblər. Mən də ata-anama elə bağlı idim ki… Inanmazdım, mənim qədər ata-anasın istəyən ikinci bir övlad olsun. Yadımdadır, bir dəfə anam bərk xəstələnmişdi. Mən ev işlərini görməyi, yır-yığış etməyi bacarsam da, atam icazə vermirdi, özü anamın qulluğunu tuturdu. Mən də anamın yanında oturub, onun qızdırmadan od tutub yanan əl-ayağını opüb-oxşayırdım. Atam da xəlvətə çəkilib anamdan gizlin xısın-xısın ağlayardı. Bir neçə gündən sonra anam sağalıb ayağa qalxdı. O zarafatla deyərdi: - «Vallah, əzrail məni aparmağa gəlmişdi, sizə yazığı gəldiyi üçün çıxıb getdi». Anam yaxşı xalça toxuyardı. Hələ qız vaxtı öyrənmişdi xalça toxumağı. Özü üçün də cehizlik bir neçə xalça toxumuşdu. Yadıma gəlir, onda hələ uşaq idim. Anam qış vaxtları qonşu arvadlarını da yığıb evdə hana qurub, xalça toxuyardılar. Bir xalçanın toxunuşu iki-üç həftə, bəzən də bir ay çəkərdi. Xalça toxunub qurtarandan sonra maraqlı yeri onu kəsəndə olardı. Xalça kəsilən günü evdə böyük şənlik qurulardı. Anam məni hananın içinə salıb gizlədərdi. Sonra ipliyi qayçıyla kəsərdi. Bir də görərdin xalça sivrilib yerə düşdü və mən taxtanın üstündə oturmuş halda qalardım. Elə bil birdən-birə hardansa peyda olardım. Anam sevindiyindən məni qucağına götürüb bağrına basar və üz-gözümdən öpərdi. Atam isə müəllim idi, məktəbdə dərs deyirdi. Qəribəydi, o evdə mənə qarşı nə qədər mülayim olsa da, məktəbdə bir o qədər zəhmli görünərdi. Məni başqa uşaqlardan, nəinki fərqləndirməz, hətta onlardan da çox tənbeh edərdi. Evə gələndən sonra isə dizinin üstündə oturdub, başımı sığallayardı. Onun bu hərəkətlərindən heç cür baş aça bilməzdim. Orta məktəbi qurtarandan sonra tibb texnikumuna daxil olmağı da anam mənə məsləhət gördü. – «Qızın sənəti müəllimlikdir, ya da həkimlik» - dedi. Həm də dedi ki, tez-tez xəstələnirəm. Mənim özümçün, onsuz da ayrıca bir həkim lazımdır. - Heç olmasa, vaxtı-vaxtında iynələrimi vurarsan. Amma yazıq arvadın ağıllı-başlı heç qulluğunu da tuta bilmədim. Texnikumu qurtarandan bir il sonra ərə getdim. Sonra da Əli məni götürüb rusiyaya apardı. Oradan qayıdandan sonra da öz ev-eşiyimiz oldu. Anamın mənə çox məsləhətləri olmuşdu. Biz onunla ana-bala kimi yox, yaxın rəfiqə kimi davranmışıq. Bütün dərd-sərimizi, sirlərimizi bir-birimizə açıb deyərdik. Yadımdadır, evlənəndən sonra bir gün anam bizə gəlmişdi. Gecəni bizdə qaldı. Səhər tezdən Əli yatağından qalxıb, çay dəmlədi, özünə yemək hazırlayıb, yeyəndən sonra çıxıb işə getdi. O hərbiçi idi, belə şeylərə çox vərdiş etmişdi. Mən isə hələ yataqdan qalxmamışdım. Yerimizdən duranda anamı qaş-qabaqlı gördüm. Səbəbini soruşanda, bir söz demədi. Mən də üstünü vurmadım. Elə fikirləşdim ki, yəqin atama görə darıxır. Axı atamsız onun bir günü də olmamışdır. Bir azdan ayağa qalxıb ana-bala nahar edən zaman, o mənə dedi: - Qızım, mənim bu deyəcəyim sözləri əbədi, ana vəsiyyəti kimi yadında saxla: - Səhərlər lap tezdən yerindən qalxıb ərin üçün nahar hazırlamağı və onunla oturub, heç olmasa bir stəkan çay içməyi, sonra da üst-başını təmizləyib yola salmağı unutma. Yadında saxla, əgər sən bunları etməzsənsə, ətrafında həmişə sənin əvəzində bu işləri görməyi özü üçün böyük xoşbəxtlik hesab edən bir qadın dolaşır… -Eh… yazıq anam, bilsəydin qızının başına nələr gələcək, bəlkə də məni heç dünyaya gətirməzdin, - deyə Səidə, dərindən ah çəkdi. Valya diqqətlə mənə qulaq asıb, köks ötürürdü. Başıma gələnlər yaman ağrıtdı onu. Sonra o, bu müharibənin nədən törədiyini məndən soruşurdu. Heç bilmirdim, onu necə başa salım, ona necə anladım ki, bizim başımıza nə müsibətlər gəlibsə ürəyi yumuşaqlıqdan, unutqanlığımızdan gəlibdir. – Bu bir torpaq davasıdır, - deyərdim. Özü də kökü çox dərinə gedib çıxan bir torpaq davası. Onlar deyirlər bizimdir, biz də deyirik, yox bizimdir. Bu minvalla neçə illərdir ki, qırğındayıq. Insanlar ölür, ailələr məhv olub gedir. Bir ara sakitləşir, sonra vaxt ötür, zaman keçir yenidən bu torpaq davası ortaya atılır. Bu torpaq davası kimlərinsə əlində bir bəhanədir. Lazım gələndə atırlar ortaya, lazım olmayanda da qatlayıb qoyurlar qırağa. Bunun əzabını da biz qara camaat çəkirik. Valyanın da azdan çoxdan bu münaqişədən xəbəri vardı. Deyirdi ki, bu müharibədə bizimkilərin də əli vardır. O «bizimkilər» deyəndə, rusları nəzərdə tuturdu. – Bizim evdə gedən söhbətlərdən hiss edərdim ki, bütün silah-sursatı bizimkilər verir ermənilərə, - deyərdi Valya. Yoxsa bunların nəyi var. Burada vuruşanların əksəriyyəti də bizimkilərdir, - deyə Valya əlavə edərdi. Danışığından hiss eləmişdim ki, o da müharibəyə nifrət edir, qan-qadanın əleyhinədir. Siyasətdən o qədər başım çıxmasa da, qadına anladardım ki, ermənilər bizimlə olanda pis yaşamırdılar. Ən yaxşı yerlərdə ev-eşikləri, vəzifələri vardı. Onlara, «gözünüz üstə qaşınız var» - deyən də yox idi. Özləri qudurdular, bəyənmədilər bizləri. Həmişə belə olubdur, «saman altdan su yeridiblər». Onların hansısa ağıllılarından biri deyib ki, bizim sayımız heç vaxt 3-4 milyondan artıq olmayıbdır. Nə vaxt ki, bu say bir qədər artıq olur, içərimizdən başabəla bir «qəhraman» peyda olur və onun-bunun torpağına göz dikməklə, həm özünü məhv edir, həm də xalqı güdaza verib qırdırır. Sonra bir müddət sakitlik yaranır. Tarixən bu hallar çox olubdur. Mən böyüklərdən eşitmişəm ki, - dedim, - neçə dəfələrlə onlarla bizim aramızda qan davası olubdur. Həmişə də aranı onlar qarışdırıblar. Çörəyimizi yeyib, suyumuzu içib, özümüzə də təpik atıblar. Onlar çox xain və kinli millətdirlər, - dedim. - Gözləyirlər nə vaxt ki, ara qarışdı adamı arxadan vururlar. Gücləri çatan adamın başını arxadan kil bıçaqla kəsərlər. Amma öz işləri çətinə düşəndə, vəziyyətləri ağırlaşanda ilan kimi dil çıxarıb yalvararlar. Bu dəfəki hadisələr çox ağrılı oldu. Inanmıram ki, bundan sonra onları bir də bağışlaya bilək. Yox, bu dəfə olanların əməlləri heç yaddan çıxası deyil. Ürəyimizə vurduqları yaranın çətin ki, bir də yeri qaysaq bağlasın. Bu barədə mən Valyaya maraqlı bir əhvalatı danışdım. Bu əhvalat uzaq keçmişdə baş vermişdi. … Deyir; - keçmiş zamanlarda Məhhəmməd adlı kasıb bir kişi varmış. Bu kişi kasıbçılıq ucbatından meşədən daşıdığı odunla ailəsini dolandırarmış. O, hər gün səhər tezdən meşəyə gedər, gücü çatan qədər belinə odun şələləyib evinə dönərmiş. Səhəri gün isə gətirdiyi odunu bazara aparıb dəyər-dəyməzə satar və ailəsinə lazım olan şeyləri alıb gətirərmiş. Beləcə, qazandığı pulla ailəsini bir təhər dolandırarmış. Bir gün kişi odunu yığıb ipin üstünə çinləyəndən sonra oturub çörək yemək istəyirmiş ki, bir də baxıb görür, yaxınlıqdakı daşın altından böyük bir ilan ona baxır. Kişi bərk qorxur. Ürəyindən keçirir ki, ilanı baltayla vurub öldürsün. Amma ilanın düz onun gözlərinin içinə baxıb, dilini çıxararaq sanki yalvarması onu fikrindən daşındırır. O, yemək üçün götürdüyü südü bir qaba töküb daşın yanına qoyur. Sonra da çəkilib bir kənarda durur. Bu vaxt ilan qaba yaxınlaşıb südü içir və tezcə də geri, yuvasına tərəf sürünür. Üstündən az keçmiş o yenidən geri dönür. Kişi ilanı görən kimi təəccüblənir. Bu dəfə kişinin təccübləndirən ilanın geri dönməsi yox, onun ağzınada tutduğu qızılla geri dönməsi idi. Ilan ağzındakı qızılı gətirib bayaq süd içdiyi qabın içinə atır və tezcə də geri dönərək gözdən itir. Kişi bu mənzərəni görəndən sonra bir xeyli yerindəcə donub qalır. Baş vermiş hadisə ona yuxu kimi gəlirdi. Bir azdan o, özünə gəlib irəli yeriyir və qabın içindəki qızılı götürüb bir xeyli tamaşa edir. Sonra qızılı cibinə qoyub odun şələsini də götürüb oradan uzaqlaşır. Evə dönəndən sonra bu barədə bir kəlmə də olsun ailəsinə bir söz demir. Amma səhrə qədər yatmayıb baş vermiş hadisə barədə fikirləşir. Səhər olur kişi yerindən qalxıb çörəyini yeyəndən sonra yenə də meşəyə yollanır. Gedərkən o, həmişəki kimi bir qab süd götürməyi də unutmur. Meşəyə çatandan sonra dünən odun yığdığı yerdə südü daşın yanına qoyub gözləyir. Bir müddət keçəndən sonra həmin ilan yuvasından çıxıb, qaba tərəf sürünür və südü axıra qədər içəndən sonra, yenə də geri dönüb daşın altına girir. Dünənki kimi ağzında bir qızıl daşın altından çıxır və gətirib qızılı qabın içinə atır. Kişi sevincək yenə də qabdakı qızılı götürüb evinə gəlir. Bu minvalla hər gün kişi ilana bir qab süd, ilan da bunun əvəzində kişiyə bir qızıl verir. Bu hadisənin üstündən bir xeyli vaxt ötür. Ilanla kişinin dostluğundan heç kəs xəbər tutmur. Bir gün elə olur ki, kişi bərk xəstələnir, yerindən qalxmağa incarı olmur. Odur ki, böyük oğlunu yanına çağırıb deyir: - Oğul, neçə vaxdı ki, mən bir sirri sizdən gizlin saxlayırdım. Indi iş elə gətiribdi ki, mən xəstələnib yorğan-döşəyə düşmüşəm. Səndən başqa bu sirri açmağa ürək qızdırdığım adam yoxdur. Çünki bunu ancaq sən bacara bilərsən. Məsələ belədir ki, mən meşədə bir ilanla dostluq edirəm, - deyə kişi, oğlunu başa salır. - Bu dostluq bir müddətdir ki, davam edir. Hər gün bir qab süd mən ona verir, o da əvəzində bir qızıl mənə hədiyyə edir. Indi görürsən ki, xəstəyəm hələlik ayağa qalxa bilmirəm. Odur ki, mənim əvəzimdə bu işi sən görməlisən. – Meşədə mənim odun yığdığım yeri yaxşı tanıyırsan. Həmin yerdə iri bir daşın olmasını da yəqin unutmamısan. – Bax, elə indi gedərsən ora, - deyə ata oğluna izah edir. Gedərkən özünlə bir qab süd götürməyi də unutma. Dediklərimi yadında saxla, daşı tapıb qabı qoyarsan yanına və çəkilib kənarda dayanarsan. Oradan iri, bir ilan çıxıb qaba yaxınlaşacaq və qabdakı südü içib geri, yuvasına dönəcəkdir. Sakitcə dayanıb gözlərsən. Ilan ağzında bir qızıl çıxıb qabın içinə atacaq və yenidən yuvasına qayıdacaqdır. Ondan sonra sən qabdakı qızılı alıb, sakitcə geri dönərsən. Bu barədə heç kəsə bir söz demə. - Yenə sənə tapşırıram, - deyə kişi, arxayın olmaq üçün oğluna deyir. - Nə badə, başqa bir hərəkət edib ilanı narahat edəsən. Necə sənə tapşırıram o cür də işini gör. Oğlu atasına söz verəndən sonra deyilən şeyləri də götürüb meşəyə yollanır. Axtarıb atasının dediyi daşı tapır və özüylə gətirdiyi südü daşın yanına qoyur. Sonra bir kənarda dayanıb, gözləməyə başlayır. Bir az keçəndən sonra daşın altından qara bir ilan çıxıb, süd olan qaba yaxınlaşır. Südü içib qurtarandan sonra yenidən geri dönür. Az sonra, atasının dediyi kimi, ilanın ağzında bir qızıl daşın altından çıxır. Ilan qızılı gətirib süd içdiyi qaba atandan sonra geri dönüb, yoxa çıxır. Oğlan gözləriylə gördüklərinə təəccüb edir. Sonra qabdakı qızılı götürüb cibinə qoyur və oradan evə dönür. Bir müddət beləcə davam edir. Hər gün oğlan meşəyə gəlib ilana bir qab süd verir. Ilan da südü içəndən sonra yuvasından bir qızıl gətirib içdiyi qabın içinə atıb gedir. Bir gün oğlan yenə də südü daşın yanına qoyub gözləyəndə ağlından səfeh bir fikir keçir. Düşünür ki, nə vaxtacan bir qızıldan sarı hər gün gəlib burada avara olacaq. – Daşın altında xəzinə vardır və ilan da bu xəzinənin üstündə yatır. - Nə yaxşı, ilanı vurub öldürüm, - deyə oğlan düşünür, - elə daşın altındakı xəzinəni bir yolluq daşıyım, aparım da… Ağlına gələn fikri bəyənir. O, belinə bağladığı baltasını açıb əlində hazır tutur və yavaş-yavaş daşa tərəf gedir. Bu vaxt ilan da ağzında qızıl daşın altından çıxıb, qaba tərəf sürünməyə başlayır. Oğlanın ona tərəf gəldiyini görən ilan bir anlıq dayanır və nə hiss edirsə qızılı da ağzından atıb geri, daşın altına sürünür. Oğlan əlindəki baltanı ilana tərəf tolazlayır. Balta ilanın quyruğuna dəyib onu üzüb yerə salır. Ilan cəld geri çillənərək oğlanı sancıb öldürür və quyruğundan qan axa–axa daşın altına sürünür. Ata axşama kimi oğlunun yolunu gözləyir. Onun qayıtmadığını görüb bərk təşviş keçirir. Ayağa qalxıb bir təhər meşəyə üz tutur. Daşa yaxınlaşanda gözlərinə inanmır. Oğlunu daşdan bir az aralıda yerə yıxılıb öldüyünü görür. Kişi dəhşətə gəlir. Amma bir şey anlamadığı üçün duruxub qalır. Elə bu vaxt oğlunun meyitindən bir qədər aralıda düşüb qalmış ilanın quyruğunu görəndə, məsələnin nə yerdə olduğunu anlayır. Ona aydın olur ki, oğlu öz səfeh əməlinin qurbanı olmuşdur. Çarəsiz qalıb oğlunun meyitini qucağına alaraq evinə dönür. Bir neçə gün evdən bayıra çıxmayıb, yas saxlayır. Bu hadisənin üstündən bir müddət ötür. Bir gün kişi qərara gəlir ki, meşəyə getsin və ilanla barışıb, dostluğunu davam etdirsin. Evdən çıxarkən süd götürməyi də unutmur. Kişi meşəyə çatıb, həmin daşa yaxınlaşır və gətirdiyi südü ora qoyub gözləyir. Bir müddət keçir, amma ilan gəlib çıxmır. Kişi məcbur qalıb ilanı səsləyir. Ilan başını daşın altından çıxarıb kişiyə baxır. Kişi gözləyir ki, indi ilan qaba yaxınlaşıb südü içəcək, sonra da həmişəki kimi qabın içinə bir qızıl atıb gedəcəkdir. Amma onun fikirləşdiyi kimi olmur. Ilan nə daşın altından çıxır, nə də südə yaxınlaşır. Kişi məcbur qalıb üzünü ilana tutub deyir: - Ilan qardaş, bilirəm, ikimizin də ağrılarımız var, sən də yaralısan, mən də. Amma gəl hər şeyi unudaq, qoy əvvəlki kimi dostluğumuz davam etsin. Kişinin bu sözlərindən sonra ilan onun üzünə baxıb deyir: - Ey insan, bundan sonra bizim dostluğumuz heç cür davam edə bilməz. Ona görə ki, nə sənin ürəyindən oğul yarası, nə də mənim canımdan quyruq yarası sağalıb gedən deyil. Gəl boşuna əziyyət çəkib özünü yorma, çıx get evinə. Kişi bu sözdən sonra daha bir söz deməyib kor-peşiman evinə dönür... Valya diqqətlə mənə qulaq asırdı. Amma bilmirəm dediklərimdən bir şey anlamışldı, ya yox. Hər halda o, ağıllı qadın idi, mənim bu hekayəti danışmaqda bir məqsədimin olduğunu anlayardı. … Oğlum artıq yeriyirdi. Iş görən zaman onu Valyanın yanında qoyurdum. Onlar ikilikdə darıxmırdılar, bir təhər dil taparaq əylənirdilər. Valiya uşağın dilində onu səsləyər, oğlum da onun səsini eşidən kimi, qışqırıq salaraq, balaca əllərini bir-birinə vurub, addım-addım ona tərəf gedərdi. Belə vaxtlarda qadın kövrələrdi. Deyərdi ki, kaş allahım bircə anlığa məni əvvəlki vəziyyətimə qaytaraydı. Ayağa qalxıb bu uşağı qollarım arasına alaraq, başımın üstünə qaldıraydım. Onda özümü dünyanın ən xoşbəxt adamı hesab edərdim. Onun dediklərinə inanırdım. Inanırdım ki, bu qadın oğluma və mənə qarşı nə qədər istiqanlıdır. Valya mənə görə ərindən də soyumuşdu. Arada mənə deyərdi: - «Səidə, elə bilirəm sənin başına gətirilən oyunlar bircə balam Larisanın başına gətirilibdir. Bir ana kimi ürəyim ağrıyır. Səni yaxşı başa düşür və öz doğma balamdan ayırmıram». Inanırdım ona, bilirdim ki, bu qadın doğmalıq münasibəti göstərərək gücü çatdığı qədər məni qorumağa çalışır. Fikirli, ağrılı-acılı dəqiqələrimdə mənə həyan olaraq çalışırdı ki, heç olmasa sözlə də olsa qeydimə qalsın. Həyətdəki küçüklər də böyümüşdülər. Artıq onlar pezəvəng it olmuşdular. Ohan onların birinin adını «Bobik», digərinkini isə «Şarik» qoymuşdu. Canavar kimiydilər, nə verirdin basıb, yeyirdilər. Həyət-bacaya düşəndə onların əlindən bir iş görə bilmirdim, əl-ayağıma dolaşırdılar. Arada oğlumu həyətdə onların yanında qoyardım və kənarda durub tamaşa edərdim. Oğlum təzə-təzə yeridiyinə görə həvəsliydi. Ona görə də, hara gəldi soxulardı. Itlər belə vaxtda bir addım da olsun ondan kənara getməz, uşağın dördbir yanında hərlənərdilər. Həyətdə, uşaq yerə dəyib ağlayanda da, itlər onun başının üstünü kəsdirib, ağız-ağıza verib hürüşərdilər. Bəzən də, mən çatanacan onlar hərəsi bir tərəfdən dişləriylə uşağın pal-paltarından tutub dartışdırar, sanki onu ayağa qaldırmağa cəhd göstərərdilər. Itlərin hərəkətlərinə baxıb, dilsiz-ağızsız heyvanların bəzi insanlardan nə qədər ağıllı olduğunu düşünərdim. Itlərin uşağa bu cür «sevgisi» Ohana çox acıq gəlirdi. O, xəlvətə salıb itləri uşağın üstünə qısqırdardı. Amma itlər ona məhəl qoymayıb uşaqla mehriban davranmaqda davam edərdilər. Ohanın iş-gücü boş vaxtlarında itlərə təlim keçmək idi. Bir də görərdin özü də itlərə qoşulub həyət boyu o tərəf-bu tərəfə sürünür. Itlərin nəyisə didişdirib, parçalamasına ləzzətlə tamaşa edərdi. O istəyirdi ki, onun itləri vəhşiləşsin. Qabaqlarına keçən hər nə varsa didib, töksünlər. Ohan qana o qədər susamışdı ki, istəyirdi onun saxladığı itlər lap adam əti yesinlər. O evdə olanda itlərlə nə qədər qəddar davranırdısa, işə gedəndən sonra mən heyvanlara bir o qədər nəvaziş göstərər və əzizləyib sakitləşdirərdim. Belə vaxtda onlar həyətin bir küncündə sakitcə uzanıb yatar, ancaq qarınları acandan-acana durub həyət-bacanı dolaşardılar… ** * … Səidənin qalxıb otağın işığını yandırmasından hiss etdim ki, hava qaralıbdır. Günün necə gəlib keçməsindən xəbər tutmamışdım. Bir də ki, payız fəsliydi, günün çıxmasıyla batması bir an olurdu. Ayağa qalxıb getməyə hazırlaşanda Səidə dilləndi: - Siz harada olursunuz, qalmağa yeriniz varmı? - Əlbəttə! - dedim, - Mehmanxanada oluram. - Niyə soruşdunuz? – deyə maraqlandım. - Sizə görə deyirəm. Dedim, bəlkə yer sarıdan çətinliyiz olar. Sonra ətrafa boylanıb güclə eşidiləcək səslə əlavə etdi: – Görürsünüz də mənim şəraitimi. Əgər… - Narahat olmayın, - dedim. – Mən küçədə, yağışın altında səhərə qədər qalmağa razıyam, təki siz məni qovmayasınız. Qadın başını aşağı salıb susdu. Bir qədər sonra astaca: - Bilirsiniz bunları danışmaq mənim üçün nə qədər çətindir. Inanın ki, olub-keçənləri, elə bil təzədən yaşayıram. – Sizi də başa düşürəm, - deyə o, dərindən köks ötürdü. – Bilirəm ki, mənə ürəyiniz yanır, çəkdiklərim sizə də əzab verir. Bunları hiss edirəm. Neçə müddətdi ki, yadların arasında qərib bir ömür keçirirəm. Bu vaxta qədər öz el-obamdan, təkcə səni görmüşəm. Keçirtdiyim o xoşbəxt anlarımı yadıma salmısınız gəlişinizlə. Bunun özü də mənə çox ağır gəlir. Acılı-şirinli ömür kitabım səhifə-səhifə vərəqləndikcə, bilsəydiniz nə qədər gərginlik keçirirəm? Hər şey mənə bir xəyal kimi görünür. Sanki kiminsə həyatını yaşayıram. Bu həyat mənə əmanət olunduğu üçün, onu itirəcəyimdən qorxuram. Qapıdan çıxanda dönüb: - Sabah gələndə nə lazımdır, alım gətirim? - dedim. Bu sözləri deməkdə məqsədim, əslində sabah yenidən gələcəyimi ona xatırlatmaq idi. O başını qaldırıb üzümə baxdı və: - Heç nə lazım deyil. – Görürsən, aldıqların eləcə də durur. Sabaha qədər ölməsəm, yenə də sənə qapını özüm açaram, çalışın gəlin, - dedi. Onun sözlərindən bir azca rahatlıq tapsam da, hələ sabaha xeyli vardı. Bayırda sulu qar yağırdı. Hava olduqca soyuq idi. Biz tərəflərdə payız fəsli isti keçdiyindən arxayın olub yüngül geyimlə evdən çıxmışdım. Unutmuşdum ki, bu yerlər şimal ölkəsidir. Soyuqlar bir az tez düşür burada. Səhərdən axşamacan bir yerdə oturduğumdan qıç-qolum keyimişdi. Bir az piyada yeriyib, bədənimin qırışığını açmaq istədim. Amma, deyəsən soyuq mənə yaman kar eləmişdi. Bir yandan da qılınc kimi kəsən külək, lap iliyimə işləyirdi. Odur ki, taksiyə oturub, mehmanxanaya gəldim. Otağa qalxmazdan əvvəl birinci mərtəbədəki restorana girdim. Yaman acmışdım. Adam fikirli olanda qarnı tez acır. Oturub yaxşıca şam elədim. Sonra otağıma qalxıb bir qədər rahatlanmaq istədim. Elə paltarlı-paltarlı çarpayıma uzanıb, əllərimi başımın altında daraqlayaraq, gözlərimi tavana dikib fikrə getdim. – Nə olacaq bunun sonu, düşündüm? - Gör bu hadisələrin üstündə neçə illərdir ki, ötür. Bu illər ərzində nə dəyişilibdir? Torpaqlarımız yenə əvvəlki kimi düşmən əlində, özümüz də əliqoynunda oturub gözləyirik ki, nə vaxt, kimsə onu bizə qaytaracaqdır. Bir məsələ məni həmişə narahat edir. Fikirləşirəm ki, əgər nə vaxtsa bir gün ermənilər o torpaqları bizə qaytarası olsalar, görəsən ölənlərimizin ruhu bizi bağışlayacaqmı? Tutaq ki, onlar bağışladı, bəs Səidə kimi yüzlərlə qız və gəlinlərimizin pozulmuş ismətlərinin qisası, intiqamı nə olacaq? Onlar bizim boynumuzdamı qalacaq? Yoxsa, ölən günə qədər bu şərəfsizliyi, bu biqeyrətliyi çiyinlərimizdə daşıyıb, torpağa beləmi köçəcəyik?!.. Əgər belə olsa, bizim qəbirlərimiz öz-özünə alışıb, yanmazmı? Heç nə anlaya bilmirdim. Mənə elə gəlirdi ki, Səidəni bu qərib yerdə, dörd divar arasından çıxmağa qoymayan onun tapdanmış ismətinin hələ də intiqamının alınmamasıydı. Yüzlərlə, minlərlə onun kimi ləyaqəti, namusu tapdanmışlar nə qədər ki, qisasları alınmayıb, beləcə qərib yerlərdə, didərgin düşmüş ruhlar kimi dolaşacaqlar… Səhər yuxudan oyananda bütün bədənim ağrıyırdı. Axşam necə pal-paltarlı uzanmışamsa, səhərə qədər də eləcə qalmışam. Ayağa qalxanda don vurmuş adamlar kimi çətinliklə yeriyirdim. Vanna otağına girib əl-üzümü yuyanda, güzgüdə özümə tamaşa elədim. Bir qədər dəyişmişdim. Sanki sifətim qırışmış, gözlərimin altı tuluqlayıb, sallanmışdı. Bu iki gündə beləcə dəyişəcəyimi heç ağlıma gətirməzdim. Səidəni düşündüm. - Yazıq bu neçə ili gör nələr çəkirmiş, - fikirləşdim. Aşağı düşüb bir az nahar etmək istədim. Amma ağlıma gələn fikri özüm də bəyəndiyimdən tez paltarlarımı geyinib, otaqdan çıxdım. Fikrim nahara bir şey alıb, Səidə ilə birlikdə yeməkdi. Həm mənə rahat olardı, həm də o yazığın heç olmasa bir azca da olsa eyni açılardı. Odur ki, səhər yeməyi üçün bir az şirniyyat alıb taksiyə oturdum və düz Səidə olan evə sürdürdüm. Qapını döyən kimi açdı. Elə bil bu tezliklə gələcəyimi bilirmiş. Içəri girib salam verdim və ondan: - Nə tez durmusunuz? – soruşdum. Onun cavabı məni çaşdırdı: - Bilirdim ki, lap tezdən gələcəksiniz, - dedi. Onun eynini bir azca açmaq üçün: - Deyəsən siz adam tanıyansınız? – dedim. O bir qədər susdu. Sonra dərindən köks ötürərək: - Mən adam tanıyan olmasam da, allahımı yaxşı tanıyıram! - dedi. - Hə, allahı tanımaqda düz eləyirsən, Səidə. Çünki allahın bir sifəti var, bilirsən ki, bu allahdır. Adamlara gəlincə onları tanımaq olmur. Adamlar çox dəyişiblər, heç adama oxşamırlar. Adama oxşamayanın da nəyinə inanasan ki… Əlimdəki bağlamanı ona uzudıb: - Səidə, al, - dedim, - şirniyyatdır. Əziyyət deyilsə, yaxşı bir çay dəmlə. Ürəyim istəyir bu gün səninlə oturub birlikdə nahar edək. Bir söz deməyib şirniyyatı aldı və boşqaba yığıb, stolun üstünə qoydu. Bir azdan çay da hazır oldu. Səidə çox fikirli idi. Mən ona diqqətlə nəzər yetirirdim. Bu insan bir an da olsun dərd-sərdən uzaqlaşa bilmirdi. Mənə elə gəlirdi ki, onun yediyi-içdiyi də dərddir... Hiss edirdim ki, o nə yeyirsə yesin, dərd-qəmi yeməyinə yavanlıq eləyir… Səidə stolun üstünü yığışdırandan sonra itin də yeməyini hazırlayıb verdi. It burnunu qaba soxub, uzun dilini çıxararaq, tənbəl-tənbəl düyü sıyığını içirdi. Səidə onun başını sığallayaraq: - Daha, qabaqkı kimi yeyə bilmir. Belə getsə, tamam əldən düşəcəkdir, - dedi. Sonra ayağa qalxıb, məndən bir az aralıdakı stulda oturdu. Əllərini ovuşdururdu. Bilirdim ki, təzədən söhbəti başlamaq ona cəhənnəm əzabı kimi çətin gəlir. Belə vaxtlarda özüm də əzab çəkirdim. Amma çətin də olsa onu axıracan dinləmək istəyirdim. … - Biz bir müddətdi ki, hərbi düşərgədən kənarda, sakit bir yerdə yaşayırdıq, - deyə, Səidə danışmağa başladı. - Olub-keçənlərdən, baş verənlərdən ara-sıra xəbər tuturdum. Nəyi bilməsəm də, bircə onu bilirdim ki, biz müharibəni uduzuruq. Ohanın və dostlarının həftəsəkkiz qonaqlıq təşkil edərək, səhərdən axşama kimi yeyib-içib, səfeh itlər kimi ulaşmağından hiss edirdim bunları. Belə vaxtlarda mənim işim başımdan aşardı. El-obamı tapdayan, torpaqlarımızı viran qoyan, namus və ismətimizi ayaqlar altına atan «qaliblərə» qulluq etməyin ağrı-acısını, allah heç kəsə göstərməsin. Elə vaxt olurdu ki, on nəfər, on beş nəfər yığışardılar. Həyətin düz otasında stol açıb yeyib-içməkdən, deyib-gülməkdən başqa işləri yox idi onların. Keflənəndən sonra özlərində olmazdılar. Onda da məni təhqir edib araya qoyardılar. Belə vaxtlarda qanımın arasına yenə də Valya girərdi. O məni yuxarı çağırar və yanında otuzdurub deyərdi: - «Qoy, nə qədər istəyirlər, sancılanmış çaqqalar kimi ulaşsınlar. Sən yerindən tərpənmə». Bir də görərdin, Ohan həyətdən məni çağırır. Qadın yatağındaca səslənib deyərdi: - «Ohan, imkan verəcəksən, bu qız mənim lənətə gəlmiş quru bədənimi o yan-bu yana çevirsin?» Onun bu sözlərindən sonra Ohan kirimişcə səsini içinə çəkib, susardı. Başa düşə bilmirdim, bizimkilər niyə görə bu qədər zəiflik göstərirlər? Niyə görə, hər gün bu qədər kənd, şəhər düşmən əlinə keçir? Bəs görəsən, nə vaxt bunlara son qoyulacaqdı?.. Ola bilməz ki belə davam etsin. Bəs harda qaldı bizim qeyrətli oğullarımız? - Yəni düşmən bu qədərmi güclü çıxdı? Bu qədərmi onlar şan-şöhrətli oldular? Bu barədə Valya də məndən soruşardı. Deyərdi ki, qızım, sizin məmləkət nə boydadır ki, bu qədər torpaqlarınız şəhər və kəndləriniz işğal olunur, amma qurtarmır? Sizinkilər nə işlə məşğuldurlar? – soruşardı. Bir dəfə bizim tərəfdən hansısa bir verliş göstərilirdi televizorda. Şənlik, çal-çağır ələmi başına götürmüşdü. Insanlar deyib, gülür boş-boşuna öyünürdülər. Müharibədən, itirilmiş torpaqlardan isə bir kəlmə də olsun söhbət getmirdi. Onda Valya mənim üzümə baxıb, çiyinlərini çəkdi. – Başa düşə bilmirəm, - dedi – məgər, bu müharibədə sizinkilər qalib gəlibdir?! – Əgər belədirsə, bəs bu itirilən torpaqlar kimindir? - Bəs, sən niyə burdasan, Səidə? – Səni itirib-axtaran yoxdur məyər?! Qadın danışdıqca onun sözləri ox olub, üst-üstdən yaralı ürəyimə sancılırdı. – Doğurdanmı, hər şey bura qədərmiş? Doğurdanmı, bu qədər itirilən torpaqların zərrə qədər də olsun qiyməti yox imiş? - Doğurdanmı, yüzlərlə başı kəsilən, qanı içilən, namusu pozulan vətən övladlarının xalq üçün, millət üçün dəyəri yox imiş? - Bəs onda, bu qədər insanlar niyə qırıldı? - Niyə görə, bu qədər insanlar ev-eşiklərindən didərgin düşdülər? - Heç nə başa düşə bilmirdim və inana bilmirdim ki, niyə görə məğlub olmuş bir dövlət öz məğlubiyyətini haray-həşirlə, çal-çağırla, zurna-qavalla ört-basdır eləsin? - Minlərlə insanın imdad diləyən, göyə qalxan ah-naləsini, niyə görə gurultulu alqışlarla batırsınlar? - Demək, bu olanların hamısı hədərmiş? Demək, bunların hamısı kimlərinsə boynunu yoğunutmaq, mənsəb sahibi olmaqçün lazım imiş… Əgər belədirsə, onda vay bizim halımıza… … Ohan əvvəlki vaxtlarda olduğu kimi daha məni incitmirdi. Bilirdim ki, bunlar hamısı Valyanın mənə köməyidir. Bir dəfə onların söhbətlərini də eşitmişdim. Valya əsəbləşərək ərinə deyirdi: - Sən o qıza çox əziyyət verirsən, Ohan. - Unutma ki, bu xarabada mənim qulluğumu tutan yalnız odur. - Sən ona hörmət etmirsənsə, heç olmasa mənə, öz həyat yoldaşına hörmət qoy, - deyirdi. – Görürsən, öz doğma qızımız bura gəlməkdən imtina edir. Heç olmasa bu ağır vaxtvmda mənə qayğı göstərən birisinin yaxşılıqlarını ayaqlar altına atma. Ohanın susmağından hiss edirdim ki, qadının sözləri, azacıq da olsa, onun beyninə batır. O, nə qədər əzazil də olsa arvadını eşidirdi. Bəzən Ohan kefinin duru vaxtında, bir də görərdin gəlib oturdu arvadının yanında və başladı onu oxşayıb, tərifləməyə. Belə vaxtlarda o məni də yanlarında oturmağa məcbur edər və boş, mənasız söhbətlərini axıra kimi dinləməyi tapşırardı. Əlacsız qalıb, onun sözlərinə qulaq asardım. Belə vaxtlarda Valya darıxdığımı görüb, Ohanın sözünü kəsər və mənim eynimi açmaq üçün, ya Ohanın özündən, ya da onun babasıyla, nənəsinin başına gələn əhvalatlardan danışardı. O, söyləyərdi ki, bir gün Ohanın babası Karapetlə, nənəsi Mantanuş iş üstündə bir-biriylə mübahisə edirlər. Kişi deyir: - Ay arvad, heç allaha xoş gedərmi, sən evdə rahatca oturasan, mən isə gedib çöldə zəhmət çəkəm? Mantanuş ərinin bu sözlərinə gülüb deyir: - A kişi, madam belədi, sən qal evə bax, mən də gedim çöldə işləyim. Kişi razı olur. Səhər obaşdan arvad yuxudan durub ərindən soruşur: - A kişi, mən gedirəm çölə, de görüm orada nə etməliyəm? Kişi deyir: - Gündəlik iyirmi beş dərz ot biçirdim, onu biçərsən. Günorta çağı eşşəyə su verərsən, axşam işdən qayıdanda bir az ot gətirərsən ki, eşşək axşam yesin. Bunları tapşırandan sonra kişi arvaddan soruşur ki, bəs mən evdə nə edəcəyəm? Arvadı ərinə deyir: - Odur orda bir az qatıq var, saxsı nehrəyə tök çalxa, sonra cücələrə bax ki, çalağan aparmasın, bir də bir təndirlik çörək bişirərsən. Kişi razı olur. Arvad gedir çölə işləməyə, əri isə evdə qalır. Karapet elə ki, arvadını yola salır, tez bir-iki stəkan araq vurur. Sonra unu götürüb əndərir tabağa, cücələrin ayaqlarını bir-birinə bağlayır ki, ondan uzağa getməsinlər. Sonra fikirləşir, görsün xəmiri necə yoğuracaq. Birdən ağlına gəlir ki, elə iki işi birdən görə bilər, təki tez qurtarsın və oturub bir az dincəlsin. Odur ki, Karapet götürüb nehrəni dalına bağlayır və çömbələrək başlayır xəmir yoğurmağa. Fikri də bu olur ki, həm nehrə çalxansın, həm də xəmir yoğrulsun. Kişinin başı işə bərk qarışdığı üçün bu dəmdə qonşu haray salıb qışqırır: - «Ara, ay Karapet, çalağan cücələri apardı». Sən demə, çalağan cücənin birini qaldırıb, cücələr bir-birinə bağlı olduğundan hamısını aparıb. Karapet tez bayıra qaçır ki, cücələri çalağanın əlindən alsın, elə bu vaxt dalına bağladığı saxsı nehrə divara çırpılıb sınır. Kişi cücələrin əldən çıxdığını və nehrənin divara dəyib sındığını görüb özünü itirir. Elə bu dəmdə qotur tutmuş donuz evə soxulub, başlayır tabaqdakı xəmiri yeməyə. Karapet pərt və məyus halda boynubükük qaranlıq düşənəcən oturur qapının ağzında. Qaranlıq düşər-düşməz arvad çöldən qayıdır və kişiyə deyir: - A kişi, sən iyirmi beş dərz demişdin mən otuzunu bağladım, eşşəyi suladım, yaxşı göy ot gətirdim. Indi de görüm sən nə iş görmüsən? Ərinin dinib-danışmadığını görən Mantanuş soruşur: - A kişi, xəmir nə haldadı? Kişi deyir: - Onu donuzdan soruş. - Bəs nehrə? Kişi deyir: - Onu divardan soruş. - Yaxşı, bəs cücələr hanı? – deyə arvad hirslənir. - Onları da çalağandan soruş, - deyə kişi cavab verir. Mantanuş ərinin bu fərasətsizliyini görüb onun başına karlı bir qapaz ilişdirib deyir: - Külü qoyum sənin olmayan başına. Gördün indi mən nə çəkirəm. Səhərdən itil get öz işinin dalısınca. Karapet arvadın əlindən belə asanlıqla qurtardığına sevinir və səhərdən yenə də çıxıb işinin dalısınca gedir. Valyanın bu sözləri Ohanın kefinə soğan doğradığından o əsib, coşurdu. Amma o da hayıfını, arvadının qoca nənəsinin başına gələn bir hadisəni danışmaqla çıxmaq istəyirdi. Ohan nəql edirdi ki, «Valyanın babası Aleksey Antonoviçlə, nənəsi Raya Nikolayevna bir-birlərini yaman çox istəyirmişlər. Bir gün onlar belə bir şərt kəsirlər ki, hansı tez ölsə o biri ömrünün axırınadək dul qalsın, evlənməsin və ya ərə getməsin. Tale elə gətirir ki, əvvəlcə Aleksey Antonoviç düşüb ölür. Arvad onu öz qaydasında, ədəb-ərkanla dəfn edir. Sonra ərinə yaxın olmaq üçün onun qəbrinin yanında alaçıq qurub, başlayır cəhrəçilik edib çörək pul qazanmağa. Qəbiristanlıq yol qırağında olduğu üçün, gedib-gələn çox olurmuş. Günlərin bir günündə dövlətli bir tacir buradan keçirmiş. Varlı tacir burada ayaq saxlayıb dincəlmək qərarına gəlir. Baxıb görür ki, onlardan bir qədər aralı qəbiristanlıqda bir arvad alaçıq qurub, elə hey ağlayır. Tacir maraqlanır ki, görəsən bu arvad kimdir. Ona görə də, bir-iki adam göndərir ki, gedin o arvada deyin ki, ağamız sənin çağırır, bəlkə bir şeyə ehtiyacı olub-elədi. Bir azdan göndərilən adamlar qayıdıb gəlir və tacirə söyləyirlər ki, arvad gəlmək istəmədi, həm də o dedi ki, əgər tacirin sözü varsa, qoy özü gəlsin mənim yanıma. Tacir durub gedir arvadın yanına salam verəndən sonra deyir: - Soruşmaq ayıb olmasın, sənin alaçığının yanındakı bu qəbir kimindir və sən niyə görə bu qədər ağlayıb özünü həlak eyləyirsən? Arvad cavab verir ki, burada rəhmətlik ərim dəfn olunubdur. Biz bir-birimizi çox istəmişik. Hələ ərim sağ olanda onunla əhd-peyman bağlamışdıq ki, hansımız tez ölsə o birimiz ailə qurmasın və gəlib ölənin qəbri yanında alaçıq qurub ömrünün axırını gözləsin. Mən də burada oturmuşam ki, işdir ölüb-eləsəm onun yanında dəfn eləsinlər. Tacir deyir: - Mən varlı-karlı bir adamam, özü də arvadım yoxdur. Mənim var-dövlətim ömrümüzün axırına kimi çatar. Görürəm sən ərinə sədaqətli arvad olmusan, bəs günah deyilmi cavan ömrünü bada verəsən?! Gəl mənim arvadım ol, varımız-yoxumuz da özümüzə qalar, başqalarına qismət olmaz. Raya çox çək-çevirdən sonra razı olur və tacirə ərə gedir. Bir müddət keçəndən sonra tacir arvada deyir: - Əgər sənin mənə məhəbbətin varsa, onda get ərinin qəbrini dağıt, meyitini oradan çıxart, apar tulla dərəyə. Arvad tacirə sədaqətli olduğunu sübuta yetirmək üçün bir söz deməyib bel, külüng götürüb gedir, ərinin qəbrini sökür, meyiti oradan çıxarıb atır dərəyə, sonra qayıdıb tacirə bildirir: - Dediklərinə əməl elədim. Arvaddan bu sözləri eşidən tacir üzünü ona tutub deyir: - Sən ki, öz günahsız ərinin qəbrini söküb, görbagör elədin, sümüklərini dərəyə tökdün, demək nə vaxtsa mənim də başıma bu oyunu aça bilərsən. Bu gündən, day mən sənin ərin deyiləm». Ohanın danışdığı bu əhvalatdan sonra Valya əsəbləşsə də, özünü ələ alıb ərinə dedi: - Başa düşə bilmirəm, bunları sən hardan tapıb, uydurursan. Sonra da üzünü mənə tutub əlavə etdi: - O yalan danışır, belə şey olmayıbdır. Nə vaxt mən onunkular haqqında həqiqəti danışıram, o da axtarıb mənimkilər barədə belə rəvayətlər uydurur. Mən bilmirdim bunların danışdıqlarının hansı düz, hansı səhvdir, ancaq onu bilirdim ki, onların danışdıqları rəvayət olsa da, mənsub olduqları xalqın əxlaqına, mədəniyyətinə uyğun gəlir. Ohangilə gələndən bir dəfə də olsun Olyanın üzünü görməmişdim. Arada elə yadıma düşürdü ki… Təkcə bir dəfə Ohandan onun barəsində soruşmuşdum. O da cavabında demişdi ki, Olyanın vəziyyəti yaxşıdır, həmişəki kimi yenə «dənləyir». Onun sözlərindən anladım ki, Olya yenə də həminki işini davam etdirir. – O da bir cür bədbəxtdir, - düşündüm. – Vətənini, elini at, gəl burada ona-buna xidmət elə. Allah bilir, özü də nə vaxtsa səfeh bir güllənin qurbanı olacaqdır. Ona yamanca heyifim gəlirdi. Ürəyimə dammışdı ki, gec-tez onu bu kafirlər aradan götürəcəklər. Hər onun barəsində fikirləşəndə, yadıma nə vaxtsa baxdığım bir kino düşürdü. «Partizan dəstəsinə qoşulmuş kəşfiyyatçı bir qız, partizanların hərəkəti və mövqeyləri barədə özünkülərə vaxtaşırı məlumat verir. Partizanların harada olduqlarını, hara hücum edəcəklərini kağıza yazaraq, boş bir patron gilizinin içinə qoyub, getdikləri yerdə buraxardı. Onlar çıxıb gedəndən sonra arxaları ilə gələn düşmən kəşfiyyat qrupu həmin kağızı əldə edib, qabaqlayıcı tədbirlər görürdülər. Partizanların mövqeylərini darmadağın edərək onları çaş-baş salırdılar. Bu minvalla yüz, yüz əlli nəfərlik partizan dəstəsindən axırda qırx nəfər qalır. Qızın verdiyi məlumatlar müqabilində onları get-gedə qırıb, saylarını azaldırlar. Axırda kəşfiyyatçı qız sonuncu məlumatı verərək, bildirir ki, partizanlar sabah filan yerdə, filan vaxtda toplaşaraq oradan kiçik qruplar halında bölünəcəklər. Bundan istifadə edən düşmən tərəfi qızın dediyi vaxt həmin yeri bomba atəşinə tutmağa hazırlaşır. Komandirə məlumat verilir ki, bəs bizim kəşfiyyatçı qız da onların arasındadır. Əgər ora bomba atsaq, o da öləcəkdir. Komandir soyuqqanlıqla belə cavab verir: - «Kəşfiyyatçı qız ona verilən əmri artıq yerinə yetirmişdir. Indi onun sağ qalıb-qalmamasının bizim üçün, elə də bir əhəmiyyəti yoxdur. Bombalayın!..» Bilirdim ki, Olyanın axırı da kinodakı kəşfiyyatçı qızınkı kimi olacaqdır. … Bir dəfə Ohanın sürücüsü Arturdan xahiş etdim ki, Olyanın axtarıb tapsın və mənim salamımı ona yetirsin. Əgər vaxt tapa bilsə mənə baş çəksin. Sürücü məni sözlərimi qulaqardına vursa da, Valyanın tapşırığından sonra sivarişimi Olyaya çatdırmışdı. Bu söhbətin üstündən bir həftədən artıq vaxt ötdü. Bir bazar günü Ohan dostlarıyla ova getmişdilər. Mən ev-eşiyi yığışdırıb, xəstə qadının yerbəyer edəndən sonra paltar yumağa başladım. Birdən Ohanın sürücüsü Artur maşınla həyətə girdi. O, hər gün səhər bazarlıq edib gətirərdi. Başım paltar yumağa qarışdığından ona fikir vermədim. Birdən kim isə: - «Salam, Səidə!» – dedi. Başımı qaldırıb hərbi geyimdə, çiynində uzun lüləli snayper tüfəngi asılmış bir qadını görəndə əvvəl tanımadım. Ona görə ki, qadının başına qoyduğu papağın üstündəki ağac budağına oxşar şax-şəvəlli bir şey, onun üzünü örtərək tanınmaz etmişdi. Amma qadının gülümsər gözlərini görəndə, onun Olya olduğuna məndə şübhə yeri qalmadı. Qızın üstünə atılıb, üst-başım sabunlu-sabunlu ona sarıldım. Bir müddət beləcə qucaqlaşıb qaldıq. Hər ikimiz ağlayırdıq. Deyəsən, bir-birimizdən ötrü möhkəmcə qəribsəmişdik. Olya yamanca sınıxmışdı, əvvəlki gümrahlığından əsər-əlamət qalmamışdı. Yorrğun gözlərindən qəribçilik həsrəti tökülürdü. O, bir müddət əllərini əllərimdən çəkməyərək, gözlərini gözlərimin içinə dikib qalmışdı. Mənim vəziyyətim onunkundan da pis idi. O, bunu hiss etsə də, bir söz demədi. Bir də nə deyəcəkdi ki, məni bura istirahətə göndərməmişdilər ki?.. Uşağı soruşdu: - «Hanı mənim balaca qardaşım, gözümə dəymir? – dedi. - Yaman darıxmışam onunçün, lap burnumun ucu göynəyir». Mən onu sakitləşdirərək: - Hələ bir yuxarı qalxaq, sənin qardaşın ordadır, nənəsinin yanında, - dedim. Olya təəəcüblə üzümə baxdı. Yəqin ki, burada nələrin baş verdiyi onu maraqlandırırdı. Mən onun qoluna toxunaraq: – Bir qalx görüm, sənə hər şeyi danışaram, - deyə, bir az ərköyünlük etdim. Olya haqqında qadın çox eşitmişdi. Ona görə də, qız eyvana çıxan kimi xəstə qadın yataqdaca onu salamladı: - Xoş gəlmisən, Olya, qızım. Nə yaxşı ki, sən gəldin, yoxsa Səidə sənin xiffətindən bir təhər olmuşdu. Onlar köhnə tanışlar kimi görüşdülər. Olya, Ruslanı qucağına alıb bağrına basdı. Onu duz kimi yalayaraq, ağlamağa başladı. Qızı sakitləşdirməyə çalışsam da mümkün olmadı. – Mane olma, - dedi, - qardaşımın iyini bu balacadan alıram. Yaman darıxmışam ailəm üçün. O, uşağı qucağından yerə qoymayaraq öpüb, əzizləyirdi. Olyanın gəlişi münasibətiylə günortaya süfrə hazırladım. Günortadan sonra xəstənin və uşağın yerlərini rahatlayıb, həyətə düşdük. Ayrıldığımız vaxtdan sonra baş verənləri ondan soruşdum. – Hələ, bir sən danış görüm. Məni başa sal görüm burada nələr baş verir? - deyə qız, marağını gizlədə bilməyərək, bir anın içində hər şeyi öyrənməyə çalışırdı. - Bu qadının hörmətini necə qazanmısan, ay Səidə? Mən səndən sarı çox nigaran idim. - Sən çox yaxşı insansan. Bir halda kı, düşmənlər də sənin insanlığını ehtiraf edib, sənə bü cür hörmət bəsləyirlər, afərin sənə. - Eh, Olya, - dedim, - başıma gələnləri düşünəndə dəli olmaq dərəcəsinə çatıram. -Bilirəm, - dedi. - Sən elə bir insansan ki, lap zəhərli ilanla da dil taparsan. Mən bunu səninlə düşərgədə yaşadığımız zaman duymuşdum. Ondan bu sözləri eşidəndə həm gülümsədim, həm də bir azca kövrəldim. Bunu Olya da hiss etdiyindən: – Nə oldu sənə? - soruşdu. Bilirsən, Olya, - dedim. Sən mənim yadıma anamın sözlərini saldın. Evimizdə olarkən bir dəfə atamla anam xırda bir münaqişə üstündə küsüşmüşdülər. Mənim də belə şeyləri başım götürmürdü. Ona görə də, hər ikisinə dil töküb onları barışdırdım. Sonra süfrə arxasında oturub nahar edəndə anam dedi: - «Səidə, qızım, allah səni saxlasın. Bilirsən sənin necə şirin dilin var? Iraq, düşmən əlində olub eləsən, səni gürzə ilanla bir otağa salıb gözləsələr ki, ilan vurub səni öldürsün, onda da arzuları ürəklərində qalacaq. Qapını açanda baxıb görəcəklər ki, kürzə ilanla qol-boyun olub, yatmısan. Burada başıma gələnləri qısa da olsa ona danışdım. Olya dəhşətə gəldiyindən qışqırdı: - Aman tanrım, mən nələr eşidirəm… Doğurdanmı həyatda belə rəzil insanlar var? O, başını tutaraq ufuldadı. Bir qədər keçdikdən sonra gözlərimin içinə baxaraq: - Bunlara necə dözürsən, Səidə? – soruşdu. Mən də maddım-maddım onun üzünə baxaraq, «bilmirəm», - deyə cavab verdim. Doğurdan da, bunlara necə dözdüyümü özüm də bilmirdim. Amma dözürdüm. Məni bu dəhşətli çətinliklərə dözməyə vadar edən, hansısa gözəgörünməz bir qüvvə vardı. Mən o qüvvəni görmürdüm, ancaq hiss edirdim. Olyadan cəbhədə nələrin baş verdiyini soruşdum. Bir qədər susdu… Cavab vermək, deyəsən, ona ağır gəlirdi. Başa düşürdüm onu. Necə deyəydi ki: - «Mən sizinkiləri qırıram». Axı, nə təhər olsa biz dost idik, bir-birimizə qarşı səmimi münasibətlərimiz vardı. Mən bu müharibədə qalib gəlmiş bir dövlətin əsiri, o isə muzdlu döyüşçüsü sayılırdı. Onu ittiham etməyə haqqımmı vardı? Axı, qaliblər mühakimə olunmurlar, - deyirlər. Ona görə də, hələlik susmağa üstünlük verdim. O isə özünə sərf edəcəyi tərzdə izahat verməyə çalışdı: - Sizinkilərin vəziyyəti çox ağırdır, itkiləriniz çoxdur. Əsirlərin isə sayı-hesabı yoxdur. Mülki əhalinin əsir düşməyi o qədər də qəbahət sayılmır, - dedi, - Amma silahlı əsgərin əsir düşməsi bir qədər anlaşılmayandır. Hər gün torpaqlarınızın bir qismi işğal olunur. Belə getsə məmləkətiniz tamam zəbt olunacaqdır. Burada ruslar çoxdur. Düşmən ordusuna onlar komandanlıq edirlər. Döyüşən bütün texnika da onlarınkıdır. Sizinklərin vəziyyəti çox çətindir. Içərinizdə satqınlarınız var. Bu aşağı dairədə olsaydı, dərd yarıydı. Yuxarıdan elə məlumatlar ötürülür ki, bu bir məmləkətin məhv olması üçün yetərlidir. – Mən bu müharibədən heç nə başa düşmürəm. Bu müharibədən çox, oyuna bənzəyir. Bu oyunda ən çox zərər çəkən, ən çox da qırılan aşağı təbəqədir. - Gördüklərimdən dəhşətə gəlirəm, Səidə. - Öldürdüklərimin çoxunun siyahısını sizinkilər ötürürlər bu tərəfə. Vurduğum bir zabitinizin pulunun bölgüsünü öz gözlərimlə gördüm. Hansı ki, həmin zabitə sizinkilər bu yaxında Milli qəhrəman adı vermişdilər. - Başa düşə bilmirəm, qəhraman adı alan bir zabiti niyə görə düşmənə hədəf edəsiniz? - Nələr baş verir siz tərəflərdə?! Olyadan bunları eşidəndə halım pisləşdi. Olub-keçənləri heç olmasa bir azca unutmağa çalışdığım bir vaxtda, belə şeylər eşitmək mənə nə qədər ağır gəlirdi. Qızın dedikləri yatmış sinirlərimi oyatdı, ağrılarım yenidən baş qaldırdı. Çəkdiklərim birər-birər gözlərimin önündən kino lenti tək gəlib keçdi. Deyilənlərə inanmağım gəlmirdi. Inanmaq istəmirdim eşitdiklərimə. Mən xilas olmaq üçün çalışmırdım. Bu barədə heç fikirləşmək belə istəmirdim. Amma qisas gününü gözləyirdim. Məni yaşadan, bu vaxtacan ölməməyimə səbəb də, nə vaxtsa qisasımın alınacağı idi. Mənim qədər Olya da dalğın idi həmin gün. Içindəkiləri gizlətməyə çalışsa da, aramızdakı səmimiyyət imkan vermirdi ki, o, mənim hisslərimə xəyanət etsin, mənə yalan danışsın. Əslində, o da mənim qədər bədbəxt idi. – Bura gəldiyimə görə yaman peşiman olmuşam, - deyirdi. – Bunların rəftarı mənə qarşı çox pisdir. Indi-indi anlayıram ki, bura gəlməkdə düzgün iş görməmişəm. Müharibənin mənə heç bir aidiyyəti yoxdur. Bu müharibədə iştirak etdiyimə görə, əlim nahaq qana batdığına görə özümü lənətləyirəm. Günlərlə ağac başında oturub «ov» güdmək, artıq boğaza yığıb məni. Oyundan da çıxa bilmirəm, o dəqiqə məni aradan götürərlər. Özü də uf demədən, bir göz qırpımında. Heç bilmirəm nə edim? – deyirdi. Taleyimiz onunkuyla oxşar olsa da, bir qədər fərqliydi. Mən artıq bədbəx idim, hər şeyim əlimdən alınmışdı. O isə bədbəxtlik deyilən bir uçrumun kandarındaydı. Bunları o duyurdu, amma görməkdə aciz idi. Mən onun bədbəxtliyini görürdüm və bilirdim ki, gec-tez Olya bədbəxtlik deyilən bu uçruma yuvarlanacaqdır. Bu barədə onunla söhbət eləməmişdim. Bilirdim ki, Olyanı bura çəkib gətirən hansı səbəblərdir. Özü bu barədə əvvəllər danışmışdı mənə. Amma, artıq bəzi şeyləri özü də dərk etməyə başlamışdı. O düz başa düşmüşdü, bu müharibə bir oyun idi. Çox təəssüflər olsun ki, o, bu oyunda özünün oyunçu olduğunu görə bilmirdi. Olya qardaşından son vaxtlar xəbər-ətər olmadığından gileylənirdi. – Bilmirəm, - deyirdi, - indi o sağdır, yoxsa öldürülübdür. Qardaşının biz tərəflərdə olmasını hələ ilk görüşümüzdə Olya mənə söyləmişdi. Amma onda söhbətimiz onunla elə belə, ötəri olmuşdu. Bircə onu bilirdim ki, qardaşının adı Ruslandi. Olyanı mənimlə dostlaşdıran səbəblərdən biri də onun qardaşının, mənimsə oğlumun adının Ruslan olması idi. Onda mən hardan biləydim ki, ərim Əliylə qardaşdan da yaxın olan və düşmən gülləsinə tuş gələn Ruslan Olyanın doğma qardaşı imiş… O vaxt Əli dostunun xatirəsini yaşatmaq üçün oğlumuzun adını Ruslan qoymuşdu. Qardaşının ölümü barədə ona bir söz demədim. Ona görə ki, bu hələ mənimçün də qaranlıq bir məsələ idi. Sevgilisi barədə ondan soruşdum. - Ara-sıra zəngləşirik, - dedi. O da başını itirib, deyəsən bu tərəflərə gəlmək istəyir. - Pul qazanmaq lazımdır, - deyir. O gecəni Olya bizdə yatıb qaldı. Yatmazdan qabaq onu hamama salıb öz əlimlə yuyundurdum. Kir-kərmənin içindəydi. Yuyunduqca, elə bil tozu tökülmüş çiçək kimi təravətli görünürdü. Adamın heyfi gəlirdi ona. Belə gözəl-göyçək qız gör nə halda idi. Iri əsgər çəkmələri geyinməkdən zərif ayaqlarının altı döyənək olmuşdu. Əllərinin içi cadar-cadar idi. Günlərlə yataq üzü görmədiyindən, soyunub hamamın bir küncünə atdığı əsgər paltarı kir-kərmənin içindəydi. Gecə onunla bir yataqda yanaşı yatdıq. Mənə elə qısılmışdı ki, sanki körpə uşaq idi, mışıl-mışıl yatırdı. O yuxuda bir neçə dəfə diksinərək oyandı. - Niyə belə etdiyinin, nədən qorxduğunun səbəbini soruşdum. – Bircə gecə də, rahat yatan vaxtım olmayıbdır, - dedi. - Quşlar kimi sək-səkədə yatıram. Snayperçinin bircə dəfə gözünün qırpması, həyatı bahasına başa gəlir ona, - dedi. Səhər tezdən Olya çıxıb getdi. Doğma bir adamımdan ayrılırmış kimi onu bağrıma basmışdım. O da sarmaşıq kimi sarılmışdı mənə. – Yerimi bilirsən, Olya, məni ara, tək qoyma! – dedim. O da söz verdi: – Bundan sonra tez-tez gələcəyəm, - bildirdi. Ayrılıb gedəndə oğlum Ruslanı bərk-bərk köksünə sıxıb öpdü. – Uşaqdan muğayat ol, - dedi. – Bilirəm, bircə təsəllin odur, - deyə uşağı mənə bərk-bərk tapşırdı. Həmin gün Ohangil ovdan Olya gedəndən sonra gəlib çıxıdılar. Bir neçə dovşan da vurub gətirmişdilər. Günorta onları kabab edib, yedilər. Dovşanların dərilərini isə, duzlayıb həyətdəki setkanın üstünə sərmişdilər ki, qalıb qurusun. Onlar gedəndən sonra asılmış dovşan dərilərinə yaxınlaşdım. Mənim diqqətimi cəlb edən dovşanların xırdaca ağ quyruqları idi. Hələ uşaq olanda atam da arabir ova gedərdi. Yaxşı ovçu idi, dediyinə görə. Heç görməmişdim ki, atam bir dəfə də olsun ovdan əliboş dönsün. Payız vaxtı dovşan ovuna gedərdi. Vurduğu dovşanları kabab edib bizə yedirərdi. Dovşanın əti pambıq kimi yumuşaq olardı. Yadımdadır, bir dəfə atam həyətə girən kimi məni yanına səslədi və ovladığı dovşanın ağ, xırdaca quyruğundan tutub, ehmalca dartdı. O andaca quyruq üzülüb atamın ovcunda qaldı. Bu elə ani baş verdi ki, mən təəccübdən çiyinlərimi çəkdim. Atam əlindəki dovşanın quyruğunu mənim çənəmə, üzümə sürtdü. Dovşanın quyruğunun tükü elə zərif, elə yumuşaq idi ki, adam ona toxunanda, elə bil ürəyini kimsə qıdıqlayırdı. Onda, atamın mənə verdiyi dovşan quyruğunun ucuna ip bağlayıb boynumdan asdım və tez-tez onu üz-gözümə sürtərək, ləzzət alırdım. … O günü məftildən asılmış dövşan dərilərini görəndə, yadıma atalı günlərim düşdü. - Necə də gözəl, şipşirin günlər yaşamışam, - düşündüm. … Əlimi uzadıb dovşanın kiçik quyruğundan yapışıb dartdım. Quyruq üzülüb əlimdə qaldı. Onu qaldırıb üzümə, çənəmə sürtdüm. Sir-sifətim dalandı. Elə bil kirpi tikanlarıydı sifətimi dalayan. Bu yerlərin adamları kimi heyvanlarının da, otlarının da, hətta sularının da tamında, dadında zəhər, zaqqo var idi, elə bil… Valyanın qızı Larisa ara-sıra zəng vurub, anasıyla telefonla danışardılar. Çox vaxt danışıqlarının mən də şahidi olurdum. Ona görə şahidi olurdum ki, Valya xəstə olduğu üçün yataqdan qalxa bilmirdi. Telefonu onunçün mən daşımalı olurdum. Valya ona yardım etdiyimi qızına dönə-dönə xatırladırdı. Amma hiss edirdim ki, əsir qadın olduğumu ondan gəzlədirdi. Çünki ara-sıra qızı mənimlə danışanda bu barədə bir şey soruşmazdı. Valya qızıyla danışanda gileylənərək, qızının ona qarşı soyuq olduğunu deyərdi. Qızı isə hər dəfə bir bəhanə gətirərək, onun yanına gəlməkdən boyun qaçırardı. Sonuncu dəfə danışanda isə Larisa tezliklə anasına baş çəkəcəyini bildirmişdi. Qadın bunu mənə deyəndə nə qədər sevincli olduğunu onun parlayan gözlərindən hiss etdim. Valya qızının onun yanına gələcəyi xəbərini eşidən gecəsi gözlərinə yuxu getmədi. Səhərə kimi yerinin içində qızdırmalı adamlar kimi sayıqlayırdı. Onun bu hərəkətlərini görəndə, öz-özümə düşündüm: - …Yəqin anam da mənim üçün beləcə darıxır... - əgər sağdırsa… Hiss edirdim ki, mənim anama məhəbbətim, Larisanın anasına bəslədiyi məhəbbətdən yüz dəfələrlə çox idi. Amma qəribə idi, anam üçün nə qədər darıxsam da onu görmək istəmirdim. Istəmirdim ki, bir gün anamla üzbəüz gəlim… Ata-anamı tez-tez yuxularımda görərdim… Görərdim ki, anamın qucağında oturmuşam. O da mənim uzun, lap uzun saçlarımı darayır. Saçlarım o qədər uzundur ki, elə bil dağ çayıdır, uzanıb gedir. … Yuxudan ayılardım, sonra səhərə qədər yatammazdım… Yadıma tez-tez düşərdilər. Anam uşaq vaxtı mənə nağıllar danışardı. Qəribəydi, onun danışdığı şirin-şəkər nağıllardan xoşum gəlməzdi. Anama yalvarardım ki, mənə qorxulu nağıllar desın. Divdən, xəncərdişli pələnglərdən, təpəgözdən, adam əti yeyən qulyabanılardan danışsın. O, isə əliylə asta-asta sinəmə vuraraq: - Belə nağıllar danışsam gecələr yuxunu qarışdırarsan, mənim balam. Yuxuna divlər, təpəgözlər girər, - deyərdi. - Qoy sənə şirin-şəkər nağıllardan danışım. Mən tərslik edərdim və anama yalvarardım ki, mənə qorxulu nağıllar söyləsin. O da çarəsiz qalıb mənim ürəyim istədiyi nağıllardan danışardı. Anam nağılı danışdıqca mən xəyalən nağılların qəhrəmanına çevrilərdim. Bəzən özümü divlərin əlində əsir olan gözəl qızın yerində hiss edərdim. Div məni qaranlıq bir otağa salıb, saçlarımdan asar və hər gün gəlib soruşardı: - Sən məni sevirsən? Mən ona «yox» cavabı verəndə o, ayaqlarımın altında od qalayıb, dabanlarım közərincəyə qədər yandırardı. Mənim canım bir qırıq da olsa ağrımazdı. Anam nağılı danışdıqca aradabir əliylə üzümü çevirib baxar, və qorxub-qorxmadığımla maraqlanardı. Mən isə ona baxıb gülərdim. Anam belə vaxtlarda təəccübünü gizlədə bilməyərək: - «Sən bir tikə uşağa bir bax. Mən özüm nağılı danışdıqca qorxub əsirəm, bu isə gülür. - Vallah, bu böyüyəndə nə olacaq, onu allah bilir. Mən isə yenə də ondan nağıl danışmağı xahiş edərdim. Anam bu barədə qonşu arvadlara da söhbət açardı. Deyərdi ki, mən Səidənin işinə məttəəl qalmışam. Bu uşaq qurd ürəyi yeyib, elə bil, heç nədən qorxub çəkinmir. - Nə bilim, bəlkə də, bu bir möcüzə idi. Axı deyirlər, insanın gələcək taleyi hələ doğulmamışdan onun alnına yazılır. Bəlkə elə mənim taleyim də uşaqlıqdan alnıma yazılıbmış. Özümü xəyalən nağıl qəhrəmanlarının yerində hiss etdiyim anlarda, «başıma gətirilən» zülm və işgəncələr, indi aşkarda başıma gəlir. Həmin o divlərdən, adam əti yeyənlərdən betərini indi görürəm. Onda qorxmurdum, bilirdim ki, anamın danışdıqlarının hamısı nağıldı. Nağılların sonu həmişə uğurla bitdiyinə görə arxayın idim. Arxayın idim ki, pislər nə qədər at oynatsalar da, sonda yaxşılar qalib gələcəkdi. Nağıllarda xeyir şəri üstələyir, axı. Bilirdim ki, divin əsiri olmuş və saçından göydən asılan qızı bir gün sevgilisi gəlib xilas edəcəkdir. Amma əsirlikdə olarkən buna inanmırdım. Inanmırdım ki, bir gün igidim gəlib məni bu adaməti yeyənlərin əlindən alsın. Ona görə ki, o adaməti yeyənlər mənim igidimin ətini gözlərimin qabağında yemişdilər. Indi boş-boşuna gözləməyin nə xeyiri vardı? Əfsuslar olsun ki, xeyir də, yaxşı əməllər də, elə igidlik də anamın danışdığı nağıllarda imiş. Indi onlardan əsər-əlamət qalmayıb... Bir gün qızı Larisanın gəlmək xəbərini Valyaya deyəndə, o yaman sevindi. Qızı haqqında gileylərini tezcə unudub: – «O yaxşı qızdır, mənim özümə çəkibdir», - dedi. Qadının bu sözləri məni, elə bil yuxudan ayıltdı. Fikrimdən keçirtdim ki, birdən bu qız atasına çəksəydi nə olardı? Larisa şənbə günü, günortadan sonra gəlib çıxdı. Atası Ohan onu dəmiryol vağzalında qarşılamışdi. Həmin gün həyətdə iş görürdüm. Birdən darvaza açıldı və Ohanın maşını həyətə girdi. Onun maşını qonaq gələndə, bir də vacib iş olandan-olana həyətə girərdi. Qalan vaxtlarda isə darvazanın o biri tərəfində dayanardı. Maşın həyətə girən kimi Ohan qucağında bir uşaq kabinadan düşdü. O uşağı bərk-bərk bağrına basaraq, öpüb, nazlayırdı. Sürücü isə aşağı enib maşının arxa qapısını açdı. Oradan elə mən yaşda bir qadın düşdü. Qadın maşından düşən kimi gözlərini mənə dikdi. Istədim ki, ona tərəf gedib «xoşgəldin» edim. Amma onun mənə tərs-tərs baxmasından hiss etdim ki, heç də xoşuna gəlməmişəm. O, bir xeyli durub mənə tamaşa elədi. Artıq ona fikir verməyərək, öz işimlə məşğul idim. Bilirdim ki, yolboyu atası mənim kimliyim barədə ona əməlli-başlı izahat veribdir. Qızın mənə bu cür münasibət göstərməsi o qədər də kefimə dəymədi. Kefimə dəyən o idi ki, heç olmasa anasına görə mənə bir quruca salam verəydi. Axı, bu neçə vaxtı anasının qulluğunu tuturdum. – «Ilanın balası ilan olar da…» - deyə öz-özümə təskinlik verdim. Onlar yuxarı, eyvana qalxdılar. Mən isə həyətdə yenə də öz işimlə məşğul olmağa başladım. Larisa eyvana qalxar-qalxmaz anası Valyanın səsini eşitdim: - Larisa… körpəm mənim… bu sənsən?! Larisa da kövrək səslə: - Anacan, xoş gördük… Necəsən? - dedi. Bir anlıq onların hər ikisinin səsi kəsildi… Qəribsədim… Gözlərim doldu. Uşaqlıqdan beləydim, birisinin sevindiyini görəndə gözlərim dolardı. Başımı qatmaq üçün öz işlərimlə məşğul olmağa başladım. Bir az keçdi. Pilləkənlərdə Ohan göründü. O məni yuxarı qalxmağa çağırırdı. Onların yanına getməyə könlüm yox idi. Larisanın mənə qarşı soyuq davranışı onu gözümdən salmışdı. Indi istəmirdim ki, yuxarı qalxıb onunla dizbədiz oturub, kef-əhvalını soruşum. Amma getməliydim. Eyvana qalxanda Larisa anasının çarpayısının yanında stul qoyub oturmuşdu. Anasının əllərini ovcuna alaraq, sığallayırdı. Mən onlara tərəf bir-iki addım atıb dayandım. Larisa mənim gəldiyimi görsə də, başını qaldırıb baxmadı. Onun bu hərəkəti məni bir az da sıxdı. Elə bu vaxt Valyanın gözləri mənə sataşdı. O, uca səslə: - Səidə, qızım, niyə orada dayanmısan? – Bax gör kim gəlibdir? – Larisa… Mənim gözəl balam təşrif buyurubdur… Gəlsənə yaxına. Mən bir-iki addım onlara tərəf atıb dayandım. Daynmağıma səbəb, anasının bu sözlərindən sonra, Larisanın yenə də mənə diqqət göstərməməsi oldu. Deyəsən, qızının bu hərəkətini anası da hiss etmişdi. O, bu dəfə qızına: - Larisa, bu Səidədir. Sənin qədər sevdiyim birisi. Anasının bu sözlərindən sonra, Larisa başını azacıq da olsa qaldırıb üzümə baxdı. Mən ona «xoşgəldin» etdim. O isə, dodaqlarının ucunda nə isə mızıldandı. Qızının mənə soyuq münasibət göstərməsini anası görsə də susdu. Mən çay tədarükü görməyə başladım. Ohan həyətdə itlərlə əlləşirdi. Bir azdan çay hazır oldu. Mən qıza da, anasına da çay süzüb, stolun üstünə qoydum. Onlara mane olmamaq üçün yemək tədarükü görməyə başladım. Elə bu vaxt Larisa ayağa qalxıb sətəkanlara süzülmüş çayı götürüb həyətə boşaltdı və yenidən çaynikə çay ataraq, dəmləyib sətəkanlara süzdü. Onun bu hərəkətinə qarşı xəfifcə gülümsədim. Qızının bu kobudluğu Valyanı hövsələdən çıxartdı. - Larisa, mənim balam, neçə müddətdir ki, bu qız buradadır və yataqdan bir addım da olsun kənarlaşa bilməyən ananın qulluğunu tutur. Sənin ona göstərdiyin bu münasibət nədir? Sən nə etdiyini fikirləşirsənmi? Onun mənə qərəzli bir fikri olsaydı, elə birinci gün edərdi. Özü də onun əlində bu çətin bir iş də deyildi. Sən onu özümüzlə ölçmə, o, çox təmiz bir insandır. Bilirsənmi, sənin o əyyaş və bivec atan onun başına hansı oyunlar açıb? Yolda onun haqqında sənə nə çərənləyib, deyə bilmirəm, amma sənin mənə bir övlad kimi xırdaca da olsa hörmətin varsa, o qıza minnətdar olmalısan. Məgər o, öz xoşuylamı burada, bizim bu çalağan yuvasına oxşar xarabamızda vurxunur? Yoxsa, gündə üç dəfə yad, xəstə bir qadının altını-üsütünü təmizləməyi, onun isti çayını, yeməyini hazırlayıb verməyi özü üçün allahın bir xoşbəxtliyimi sayır? Bəlkə, əyyaş atanın onun və körpəsinin başına açdığı iyrənc oyunların həsrətindəymiş kimi burada qalıb işgəncələrə dözür. - Neçə müddətdir ki, xəstəyəm, indi tapılmısan. Bilmirəm, sabah, yoxsa biri gün, lap elə bir həftədən sonra axır ki, çıxıb gedəcəksən. Mən yenə də onun əlinə baxacağam. Bəlkə, o gəlib sənə minnətdarlıq etməlidir? Nədir sizdə bu dikbaşlıq, bu yekəbaşlıq? Sizə göstərilən qayğıya görə, niyə adama bu qədər nankor çıxırsınız? Canınızda dolaşan bu xudbinlik, bu kinlik nədir axı? – Sonuncu dəfə sənə deyirəm, əgər özünlə bacara bilməyəcəksənsə, elə bu dəqiqə yığış, qayıt evinə! Anasının bu sözlərindən sonra Larisa oturduğu stuldan dikəldi və mənə tərəf gəldi. Bir addımlığımda dayanıb, gözlərini gözlərimə dikdi və boğuq səslə: - Bağışla məni. Sənə qarşı kobud davrandım. Belə olmağını ağlıma gətirməzdim. Sadəcə olaraq, atamın tapşırığından çıxa bilmədim. Yolboyu o, sənin haqqında mənə çox yanlış məlumatlar verdi. Indi görürəm ki, sən mələk kimi bir qızsan. O qollarını açıb məni qucaqladı. Qızın bu hərəkəti məni heç təəccübləndirmədi də. Axşama yaxşı şam yeməyi hazırladım. Larisa da mənə köməklik edirdi. Anasının sözlərindən sonra, deyəsən ağlı başına gəlmişdi. Atası barədə mənə danışdı. Əslində Larisanın atasından xoşu gəlmirdi. Amma nə etməliydi? Atası olduğunu danmayacaqdı ki? Larisanın Tanya adlı doqquz aylıq qızı bizimlə olduğu müddətdə oğlum Ruslanla çox əylənirdilər. Qızının gəlişi Valyanın eynini bir az açmışdı, üzü gülürdü. Qızı bizimlə olanda da Valya qulluğunun tutulmasını məndən xahiş edərdi. – Sənə elə öyrəşmişəm ki… - deyərdi. Larisanın əri vilayət teatrlarının birinin aktyoru idi. Qızın söhbətlərindən hiss olunurdu ki, ərindən narazı deyil, ev-eşikləri, yaxşı dolanışıqları var. Bircə, narahatçılığı anasına görəydi. – Atamı o qədər də düşünmürəm. O, özündən çox razı adamdır. Həm də qatı millətçidir. – deyərdi Larisa. - Onun fikrinə görə, yer üzündə erməni xalqından qədim xalq yoxdur. - «Adəmlə, Həvva da erməni olublar» - deyə atam qürrələnərdi. Belələrinin düşüncəsi dar çərçivədə olur. Onlar göründüklərindən daha qorxunc olurlar. Larisa mənə kömək edəcəyinə söz verdi. Dedi ki, səni buradan azad edəcəyəm. Ona geri dönmək istəmədiyimi bildirəndə qız təəccüblə gözlərimin içinə baxdı. Mən başımın işarəsiylə dediklərimi təsdiqləyəndə, o daha bir söz demədi. Hər halda azacıq da olsa məni başa düşəcəyini zənn etdim. Larisa bir həftədən sonra qızı Taniyanı da götürüb geri, evlərinə döndü. O gedəndən sonra darıxmağa başladım. Necə olsa, yenə də qulaqyoldaşı idi mənə. Təzə-təzə öyrəşirdik bir-birimizə. O anasının yanında olanda mənim işim bir qədər yüngülləşmişdi. Heç olmasa səhərlər bir az yatıb dincələrdim. Həm də axşamlar anasının götür-qoyunu o edərdi. Artıq o yox idi, bunların hamısı yenidən mənim boynuma düşmüşdü. Adam hər gün eyni işi təkrar etməkdən bezikir, yorulur. Amma nə edəcəkdim, çarəm nə idi. Larisa yola düşəndə mənim barəmdə atasına nə isə demişdi. Nə dediyini bilmirəm, amma Ohanın mənə qarşı münasibətində bir balaca dəyişikliyin olmasından anlayırdım ki, qızı onun beyninin donmuş «kin buzunu» bir azca isidib, aça bilmişdi. Hərəkətlərindən hiss edirdim bunu. Amma deyir: «Insana bütün vərdişlərini tərgitmək mümkündür, bircə xasiyyətindən başqa. Insan xasiyyətini ölənə kimi dəyişə bilmir. Itlərlə get-gedə yamanca dostlaşmışdım. Həyət-bacada görünməyəndə, pilləkənlərə qədər gəlib ağız-ağıza verib hürüşərdilər. Ohan bu mənzərəni görəndə məni lağa qoyub, deyərdi: - «Odur e, yenə də balaların səni çağırır». Ona bir söz deməzdim. Ümumiyyətlə, Ohanla nəinki söhbət etmək, onunla heç qarşı–qarşıya gəlmək istəmirdim. Bu adamı görməyə gözüm yox idi. Dilsiz-ağızsız itlər ondan həm mərifətliydilər, həm də insaflı. Əslində, o heyvanlara it deməyə dilim də gəlmirdi. Onlar vəfalı, sadiq, yaxşılığı unutmayan allahın yaratdığı canlı varlıqlar idi. Əslində, Ohan özü it idi. Itlərə xas olan vaxtsız-vədəsiz hürmək, ora-bura dürtülmək, hər şey üstündə mırıldanmaq onun gündəlik vərdişiydi. Valya da onun haqqında deyərdi: - «Ohan elə it kimi bir şeydi də…» Dərd-qəm qarabaqara məni izləyirdi. Bir gün azacıq üzüm gülürdüsə, sabah hökmən nə isə olmalıydı. Əsirlikdə yaşadığım müddətdə bu hal, elə bil mənim alın yazım idi. Əslinə qalsa, məhbəsdə yaşayan adamın günün necə keçməsindən aslı olmayaraq, o bir şeyi heç vaxt unutmur ki, o məhbəs divarları arasındadır. Bunu unutmağa çalışsa belə, yenə də mümkün olmur. Düşdüyü mühüt, yaşadığı aləm başdan-başa onun harada və kimlərin əhatəsində olduğunu andırır. Mən də beləydim. Bircə yuxularımda, xəyallarım məni tərk edərək azad və asudə dolanardı… yalnız yuxularımda. Qalan vaxtlarım da isə hər şey tikanlı məftillər arasında olduğu kimiydi. Səhərlər yerimdən durandan, ta şər qarışanacan hər şey çərçivə arasında idi. Yeməyim də, içməyim də, həyət-bacada dolanmağım da. Hasarın o tayında, bir neçə addım uzaqlıqda nələrin baş verdiyindən xəbərsizdim. Cansız xəyallarım dünyanı gəzib, dolaşdığı halda, o xəyalları bətnində daşıyan vücudum hər şeydən mərhum idi. Hər gün düşünürdüm. Əslində düşünməkdən başqa bir çarəm yox idi. Ötən günlərimin hər dəqiqəsi, hər anı mənə elə şirin gəlirdi ki… Bəzən inana bilmirdim. Inana bilmirdim ki, o günləri, o xoş dəqiqələri mən yaşamışam. Bunlar mənə bir xəyal kimi görünürdü. Keçirtdiyim o günləri, sanki mənə özgə bir adam nəql edir. Dar çərçivədə yaşayan adamın duyğuları, yaddaşı iti olur. Əslində, bu qorxu hissidir. Insan bunları da itirməkdən qorxduğu üçün, elə bil xəyallarından asılı vəziyyətdə qalır, ondan ikiəlli yapışır. Başqa çarən yoxdur, axı. Ağrılı günlər uzandıqca, insanda inam hissi də itir. Məndə bu tamam başqa cür idi, geri qayıtmağımı özüm istəmədiyim halda arxada qalan xoş günlərimdən daha bərk-bərk yapışmışdım. Bəs, nə etməli idim? Oğlumun taleyi barədə düşünmək bir ana kimi mənə daha ağır gəlirdi. Mənim öz yolum bəlli idi. Mən puç olmuş bir ömrü çiyinlərimə şələləyib hələ ki, yaşayırdım. Bu ağrılı-acılı yaşam da elə oğluma görə idi. Onunçün nə etməliyəm? - düşünürdüm. Arada oğlumun mənim əl-qolumu bağladığını da hiss edirdim. Hiss edirdim ki, o olmasaydı mən bu acınacaqlı həyatı qəbul etməzdim, yəqin ki, etməzdim. Əsirlikdə uşaqla yaşamaq dözülməz haldır. Körpəsi olan anaların nələr çəkdiyini, necə əziyyətlərə qatlaşdıqlarını hələ azadlıqda olarkən görərdim. Yuxusuz gecələr, övladın bütün əzab və qayğıları ananın canı-qanı bahasına başa gəlir. Amma bu əzabdan usanmayaraq, günlərlə yuxusuz gecələr keçirməyə razı idik ki, öz övladlarımızı sağlam böyüdüb, boya-başa çatdıraq. Bütün analarda bu hisslər var. O əziyyətləri hələ azadlıqda olarkən mən də çəkmişdim. Amma o tamam başqa idi. Onda mənim ətrafımda çoxlu yaxınlarım vardı. Mən onların qayğısıyla əhatə olunmuşdum. Bir an da onların nəzərləri üstümdən əskik olmazdı. Gecələr, bəlkə on dəfələrlə ərim, qaynanam yuxudan ayılıb, körpəmlə maraqlanardılar. Onların mənim və körpəmin qeydinə qalması necə də xoş gələrdi mənə. Oğlumu məndən çox istəyirdilər. Burda isə tamam başqa cür idi. Mən uşağı, pişik balasını öz dişlərində gəzdirdiyi kimi gəzdirərdim. Uşağı bir-iki saatlığa xəstə qadının yanında qoyanda belə, narahat olardım. Bilirdim ki, Valya ona heç bir xətər toxundurmaz, amma yenə də narahatçılıq keçirərdim. Hər dəqiqədənbir eyvana qalxıb, oğluma baş çəkərdim. Axı burada kimim vardı ondan başqa. Ruslanım bir neçə dəfə möhkəmcə xəstələnmişdi. Onda da onu özüm müalicə edib, sağaltmışdım. Oğlum bədəncə möhkəm idi. Yəqin ki, o qədər əziyyətlər görən, üzərində qayğı hiss etməyən bu uşağı, həyat hələ qundağdaykən bərkdən, boşdan çıxararaq, möhkəmləndirmişdi. Amma bu dəfə necə oldusa, o, möhkəmcə xəstələndi. … Axşamüstü idi. Oğlumun bərk kefsiz olduğunu gördüm. qızdırma içində yanırdı. Iynə vurdum, xeyiri olmadı. Hərarəti bir az da yüksəlirdi. Uşaq gözlərini gözlərimin içinə dikərək, sudan bayıra atılmış balıq kimi ağzını açıb tövşüyürdü. Dözə bilmirdim gözlərimin qabağındaca balamın tələf olmasına. Heç cür dözə bilmirdim. Bircə çarəm, Valyaya yalvarmağa çatırdı. O da bərk narahat idi. Mənə necə kömək edəcəyini özü də bilməyərək, yatağın içindəcə çabalayırdı. Telefonu onun yatağının yanına çəkib ərinə zəng vurmağını xahiş etdim. Qadın ərinə zəng vurub uşağın xəstələnməsini ona bildirdi. Valyanın səsini titrəməsindən hiss etdim ki, Ohan onun sözlərini baş-qulağa almaq istəmir. Uzun danışıqdan sonra Valya dəstəyi yerə qoyub, üzünü mənə tutdu: - Tez ol, yığış, bu dəqiqə maşın gəlir, - dedi. Həmin dəqiqə otağa keçib üst-başımı dəyişdim. Uşağın paltarlarını bir bağlama edib maşını gözləməyə başladım. Az keçməmiş maşının səsini eşitdim. Uşağı qucağıma alıb həyətə qaçdım. Ohanın sürücüsü Artur, yanında da bir əsgər məni elə həyətdəcə qarşıladılar. Özümü maşının içinə soxmaq istəyəndə, Artur qolumdan yapışıb yerə saldı və: - Uşağının ölməsini istəmirsənsə, evdə qal, bizə mane olma. Biz onu xəstəxanaya aparırıq, - dedi. - Axı mən anayam, uşağımın yanında olmalıyam! – dedim. O mənə əhəmiyyət verməyib, uşağı qucağımdan dartıb, aldı. Onu yanındakı əsgərə verib, maşina oturdu və sürətlə həyətdən çıxdılar. Darvazaya qədər maşının arxasınca qaçsam da, bir xeyiri olmadı. Geri dönüb eyvana qalxdım və Valyanın yanında oturub, ağlamağa başladım. Qadın məni sakitlişdirməyə çalışsa da, xeyiri olmadı. Mən doyunca ağlayıb ürəyimi boşalda bildim. Oğlumun başına bir iş gətiriləcəyindən qorxurdum. Həmin gün gecə yarıdan keçəndən sonra Ohanla sürücüsü gəlib çıxdılar. Ohan əl-üzünü yuyub, eyvana çıxdı. Mən nəfəsimi içimə çəkib, onun nə isə deyəcəyini gözləyirdim. O isə, heç nə olmayıbmış kimi eyvanda o baş-bu başa gedərək fit çalırdı. Narahatçılığımı Valya da hiss etdiyindən ərindən soruşdu: - Uşaq necədi? Ohan mənə əzab vermək üçün ağız-burnun əyərək cavab veməyə tələsmirdi. Mən həyəcanla gözlərimi onun ağzına dikib cavab gözləyirdim. O isə susurdu. Arvadı səsini qaldırdı: - Ohan, səninləyəm, uşaq necədir? - Uşaq? – deyə o, sanki deyilənləri indi eşidirmiş kimi dik geri dönüb arvadının üzünə baxdı. - Uşağı deyirsən?! – Necə olacaq, lap yaxşı. Qospitalda yerləşdirdik. Həkimlər müayinə etdilər, indi müalicə olunur. Qadın məni sakitləşdirmək üçün, eşitdiyim sözləri yenidən mənim qulağıma çatdıraraq: - Narahat olma, uşaq yaxşıdır, müalicə olunur, - dedi. Bir azca sakitlik tapdım. Amma gecə səhərəcən ilan vuran yatdı, mən yatammadım. Sübhün gözü açılana qədər həyətin ortasında ora-bura var-gəl etdim. Fikrim-zikrim uşağımın yanındaydı. – Indi ona kim baxırdı? Kim ona qulluq edirdi? - düşünürdüm. Səhər tezdən Ohan sürücüsüylə evdən çıxanda, ondan xahiş etdim ki, məni də xəstəxanaya aparsın, uşağımı görmək istəyirəm. O, isə etirazını bildirərək: – Olmaz sənə!- dedi. - Niyə olmur, axı? – dedim. - Bu anlarda mən ona çox lazımam. Anayam, uşağımın başının üstə olmalıyam. Ohan əsəbləşərək üzünü bozartdı: - Ay, yava musurman, - dedi. - Sən onun anasısan, bacısısan mənə fərq eləməz. Onu bilirəm ki, sənin orada olmağın yolverilməzdir. Ora hərbi qospitaldır. Orada yaralı əsgərlər müalicə olunurlar. Səni bir anın içindəcə parçalarlar, bildin. Bir söz deməyib susdum. Oğlumun mülki xəstəxanada deyil, hərbi qospitalda müalicə olunması məni bərk narahat etdi. Darıxmağa başladım. Heç kəsə inamım qalmamışdı. Bircə istəyim oğlumu sağ və salamat görmək idi. O balaca körpəm məndən və bu dörd divardan başqa bir yer görməmişdi. Gözlərini açıb, başının üstə ağ xalatlı adamları görəndə nə edəcəkdi? – düşündüm. Bunları fikirləşəndə özümə yer tapa bilmirdim. Ikinci gecə nə Ohan, nə də onun sürücüsü evə dönmədilər. Narahatlığım bir az da artdı. – Görəsən, oğlumun halı necədir? O nə edir, sağalıbmı? Bu sualları öz-özümə verib, cavab tapmayanda bir az da üzülürdüm. Axşamdan xeyli keçəndən sonra Valyaya yalvardım ki, ərinə zəng edib uşaqdan bir xəbər öyrənsin. Qadın sözümü yerə salmayıb, ərinin xidmət etdiyi hərbi hissəyə zəng vurdu. Oradan bildirdilər ki, polkovnik dünəndən burada olmayıbdır. Bu xəbəri eşidəndə bir az da təşviş hissi keçirməyə başladım. – Ohan, hərbi hissədə olmayıbsa, yəqin qospitalda uşağın yanındadır, - düşündüm. - Uşağın yanındadırsa, bəs niyə evə bir xəbər etmir? Ürəyimə damdı ki, yəqin oğlumun başında bir qəza var, yoxsa iş bu qədər uzun çəkməzdi. Səhəri gün günortadan sonra Ohan gəlib çıxdı. Bərk kefli idi. Həyətə girən kimi əlini yuxarı qaldırıb: - Afərin, bizimkilər! - dedi. - Yenə də böyük bir qələbə qazandıq. O, hansısa, işğal etdikləri şəhərimizin adını ermənicə dedi. Guya, vaxtilə onların olmuş bu şəhərin yenidən qaytarılması bütün ermənilər üçün toy-bayrama çeviribmiş. Onun bu sözlərindən sonra dərdlərimin üstünə biri də əlavə olundu. Artıq beşinci gün idi ki, oğlumdan bir xəbər-ətər yox idi. Ölümlə çarpışırdım, təaqətim tamam kəsilmişdi. Həyətin bir küncündə oturub, eşidilən hər maşın səsinə diksinirdim. Qadın da həyacan keçirtdiyinə görə onun da təzyiqi yüksəlmişdi. Yerin içində çabalayırdı. Amma dərdimin ağır olduğunu bilərək, səsini içinə çəkib susurdu. Elə haldaydım ki, ona qayğı göstərməyə gücüm qalmamışdı. Bu ağır vaxtlarımda Olyanı çox axtardım. Bir-iki dəfə Arturdan onu soraqladım. – Hərbi hissədə olmur, - dedi. Bunlardan heç bir nəticə olmayanda, Valyadan xahiş etdim ki, hərbi hissədəki tanış zabitlərdən birindən xahiş etsin ki, Olyanı tapıb bura göndərsin. Amma qız tapılmırdı ki, tapılmırdı. O bir tikə yağlı əppək olub, elə bil göyə çəklmişdi. Oğlumun xəstəxanaya aparılmasından altı gün keçirdi. Bir gün günortadan sonra telefon zəng çaldı. Mən həyətdəydim. Valya boğuq və güclə eşidiləcək səslə məni çağırdı. Yüyürərək eyvana qaçdım. Telefonun dəstəyini qaldıranda Olyanın səsini eşitdim. Elə ağladım ki… – Nə olub, Səidə? Bu gün xəbər verdilər ki, məni Valya axtarır. Bildim ki, sənin mənə ehtiyacın var. De görüm, niyə ağlayırsan? Mən hıcqırığımı içimdə boğmağa çalışaraq: - Olya, oğlumu altı gün bundan qabaq xəstəxanaya aparıblar, - dedim. – Hələ də bir xəbər yoxdur. Ohanın dediyinə görə hərbi qospitaldadır. - Yalvarıram sənə, uşaqdan mənə bir xəbər öyrən. Olya məni sakitləşdirməyə çalışaraq: – Narahat olma, elə bu dəqiqə bu işlə məşğul olaram! – dedi. Olyanı xəbərdar etdiyim üçün, bir az rahatlandım. Amma oğlumdan hələ də bir xəbər olmadığı üçün gərginlik keçirirdim. Saatlar uzandıqca özümü daha da çox narahat hiss etməyə başlamışdım. Axşamüstü Olya mənə zəng vurdu. – Oğlum necədir? – soruşdum. - Salamatçılıqdır, narahat olma, - dedi. Onun sözləri içimi o qədər də, rahatlamadığından yenidən soruşdum: - O hardadır, vəziyyəti necədir? – Nə vaxt çıxaracaqlar onu xəstəxanadan? Olya mənim suallarıma bacardıqca çox təmkinlə cavab verməyə çalışsa da, səsindəki titrəyişdən hiss edirdim ki, qız çox həyəcanlıdır. Odur ki, təkrar soruşdum: - Olya, düzünü de, oğluma nə olub? O, bir qədər susuandan sonra: - Sən mənə niyə inanmırsan? Deyirəm ki, uşaq sağ, salamatdır. Ola bilsin ki, sabah gətirdim. O, bu sözləri deyib dəstəyi asdı. Onun bu cür danışığı mənim heç xoşuma gəlmədi. – Əgər uşağımın vəziyyəti yaxşı idisə, Olya mütləq mənə şad xəbər verərdi. O isə çox üzgün danışırdı. – Yəqin, burada mənim başa düşmədiyim nə isə bir şey var, - deyə öz-özümə fikirləşdim. Axşam yenə də Ohan sərxoş halda gəlmişdi. Kefi kök idi. Mənim yanımdan keçərək, itlərin damına tərəf getdi. Damın ağzını açan kimi itlərin ikisi də mənə tərəf yüyürdülər. Həmişəki kimi əl-ayağımı yalamağa başladılar. Mən kədərli halda onlara baxırdım. Itlər, elə bil mənim qəmli olduğumu duymşdular. Hər ikisi uzun, qırmızı dilini bayıra çıxararaq, ləhləyə-ləhləyə düz üzümə baxırdılar. Arada da, naxoş adamlar kimi elə zarıyırdılar ki… Onların bu vəfalılığı ürəyimi sızlatdı. - Dünyanın işinə bir bax? – düşündüm. - Gör nə hala düşmüşəm ki, allahın dilsiz-ağızsız heyvanları da mənim halıma acıyırlar. Burda deyiblər ha, - «günüm it günündən də pisdir». Ohan həyətdə o baş-bu başa gedərək, sanki mənim əzablarımdan zövq alırmış kimi şad görünməyə çalışırdı. – Oğluma bir şey olsa, səni dişlərimlə didəcəyəm! - deyə pıçıldadım. Axşam çox gözlədim. Dedim, bəlkə Olya zəng vurub oğlumdan mənə bir xəbər söylədi. Amma səhərə qədər gözləsəm də, ondan səs-soraq çıxmadı. Valya, sanki bu neçə ildə mənim əzablarımı birinci dəfə görürmüş kimi kədərliydi. Hiss edirdim ki, o, məni sakitləşdirmək üçün nə isə bir iş görmək istəyir. Amma bu işdə aciz olduğunu hiss edərək susmağa üstünlük verirdi. Ohan isə musiqiyə qulaq asaraq, şənlənirdi. Musiqinin səsini eşitməyim deyə, qulaqlarımı qapasam da, yenə də sakitlik tapa bilmirdim. O gecə mənimçün çox uzun oldu. Səhər açılanda isə çox sevindim. Olyanın söz verdiyinə görə oğlumu bu gün gətirəcəkdi. Əgər, bu iş bir az da uzansaydı, mənim aqibətim çox pis olacaqdı. Günortaya qədər gözlədim. Olyadan bir xəbər çıxmadı. Günortadan da keçdi, yenə bir xəbər olmadı. Səbrim kəsilirdi. Axşamçağı saat beş olardı. Nəhayət, qapıda maşın səsi gəldi. Qulaqlarıma inanmadım. Maşının içində Olyanı görəndə, onun üstünə necə qaçmışamsa, özümün də xəbərim olmalıyıb. Oğlum Olyanın qucağında idi. Onu adyalın arasına bərk-bərk bürümüşdülər. Mən uşağı almaq istəyəndə, o: - «Bir az ehtiyatlı ol!» - dedi. Oğlum məni görən kimi gülümsədi. Uşağı bağrıma basıb duz kimi yaladım və: - Ilahi çox şükür sənə, oğlumu sağ-salamat gördüm, - dedim. Eyvana qalxdıq. Valya uşağın sağ-salamat qaytmasına sevinirdi. – Mənim balam xoş gəlib, - dedi və uşağın üzündən öpdü. Olya uşağı ehmalca çarpayının üstünə qoyub: - Səidə, mənim vaxtım yoxdur səninlə söhbət etməyə, vacib iş dalınca gedirəm, - dedi. – Məndən nə soruşacaqların varsa, qoy qalsın, gələrəm oturub arxayın söhbət edərik. – Çalış, özünü ələ alasan. – dedi. Qız bunları deyib, həyətə düşdü və necə gəlmişdisə, eləcə də çıxıb getdi. Onun bu hərəkəti məni bir azca həyəcanlandırdı. – Axı nə olmuşdur? - düşündüm. – Əgər uşağın xəstələndiyini deyirsə, allaha şükür o da keçib getdi. Onun müəmmalı danışığından bir şey anlaya bilmədim. Gəlib çarpayıda, uşağın yanınıda oturdum. Oğlum bərk narahat idi. Canında ağrısı olan adamlar kimi yumruğunu düyünləyərək, üz-gözünü turşutmuşdu. Uşağı adyalın arasından çıxartdım. Onu kombizona bənzər bir paltarın arasına qoymuşdular. Paltarın düymələrini açıb uşağı çıxartdım. Oğlum çox arıqlamışdı. Top kimi uşaq bir həftədə ətini necə də tökmüşdü. Oğlumun köynəyini yuxarı qaldırıb baxdım. Sol böyürü tərəfdə tənzif, tənzifin də üstündən yapışqanlı bir şey yapışdırmışdılar. – Bu nədir? – deyə, pıçıldadım. Yapışqanlı tənzifi ehtiyatla qopartdım. Uşağın göbəyindən sol tərəfdə, 10 sm uzunluğunda yara vardı. Əvvəlcə heç nə başa düşmədim. - Uşağın əməliyyat olunası elə bir dərdi də yox idi, axı, - fikirləşdim. Dönüb təəccüblə qadına baxdım. O da bayaqdan intizarla nələrin baş verdiyini gözləyirdi. Çünki mənim həyəcanlandığımı o da hiss etmişdi. - Valya xala, uşaq əməliyyat olunubdur! – deyə bağırdım. Valya azacıq başını qaldırıb: - Ola bilməz, axı ona nə olmuşdu ki, əməliyyat da olaunsun? - deyə qadın, məni sakitləşdirməyə çalışdı. - Bilmirəm! – dedim. – Bax, budu uşağın qarnında cərrahiyyə əməliyyatı aparılıbdır. Uşağı azacıq yerdən qaldırıb ona göstərməyə çalışdım. - Sakit ol, qızım, bəlkə… apensitini götürüblər? - deyə qadın, şübhələrini gizlədə bilməyərək dilləndi. - Axı gedəndə uşağın vəziyyəti ağır idi. Ola bilsin ki, bu ağrıları elə ondan başlamışdı? Mən qadının dediklərinin əsassız olduğunu bildirərək, onu başa salmağa çalışdım: - Valya xala, siz nə danışırsınız? - dedim, - Mən belə şeyləri yaxşı bilirəm. Apensit insanın sağ tərəfində, köbəkdən aşağıda olur. Burada əməliyyat sol tərəfdən apaılıb, özü də böyür hissədən. – Deyəsən, oğlumun böyrəyini çıxarıblar. Valya da duruxub qalmışdı. O, eşitdiklərinə inanmaq istəmirdi. Mən hələ də gözlərimi oğlumun yarasından ayıra bilməyərək, nələrin baş verdiyini anlamaqda çətinlik çəkirdim. – Demək, Olyanın bunlardan xəbəri varmış. Ona görə də, o, tez çıxıb getdi. Dünən onun danışığından da hiss etmişdim bunları, çox narahat danışırdı. Artıq tam yəqin etmişdim ki, uşağımın böyrəyini çıxarıblar. Çünki əsirliyimin ilk günlərində hərbi düşərgədə baş verənləri yaxşı xatırlayırdım. Hər gün neçə-neçə əsirin daxili orqanlarını çıxarırdılar. Bununçün xaricdən mütəxəssislər də gətirilmişdi. Uşağı bu vəziyyətdə görəndə bir daha əmin oldum ki, bunu oğlumun da başına gətiriblər. Qəzəbimdən bilmirdim ki, nə edim? Necə də dəhşətli anlarla üzləşirdim. Üzümü xəstə qadına tutub: - Görürsən Valya xala, başıma nə oyunlar açırsınız? – Belə də dərd olar? - dedim. O mənə bir söz deməyərək, gözlərini döyə-döyə üzümə baxırdı. Bilirdim ki, bunların hamısı Ohanın işləridir. Oğlumu hərbi qospitala o aparmışdı. Bu işlərin başında duran o idi. Onun necə bir vicdansız adam olduğunu yaxşı bilirdim. Uşaq çarpayının üstə, səs-səmir çıxarmadan gözlərini gözlərimin içinə dikib qalmaşdı. Sanki o da narahatçılığımı başa düşərək, mənə əzab verməmək üçün susurdu. Nə edəcəkdim, gücüm ancaq göz yaşlarıma çatırdı? Bu göz yaşlarım da lap acizləşdirmişdi məni. Bir azdan ayağa qalxıb, mətbəxə keçdim. Vəziyyəti belə görən xəstə qadın, hiss edirdim ki, utanır. Ərinin başıma gətirdiyi bu müsibətlərdən xəcalət çəkirdi. Ona görə də, məndən heç nə istəməyərək, ölü kimi uzanıb qalmışdı. Artıq ondan da acığım gəlirdi. Nifrət edirdim hər şeyə. Çay süzüb ona verəndə içmədi, üzünü yana çevirdi. Gördüm ki, ağlayır. Bir söz deməyib oğluma yemək yedirtməyə başladım. Uşaq çox həvəssiz yeyirdi. Könülsüz-könülsüz ağzını açıb, sanki yuxulayırmış kimi gözlərini qıyıb yatmağa çalışardı. Hərarətini ölçdüm, çox yüksək olmasa da, normadan artıq idi. Oğlumu yatırmaq üçün onun alt paltarlarını dəyişdirmək istədim. Gördüklərimdən dəhşətə gəldim. Uşağın xayaları da çıxarılmışdı… Bir anlıq başım hərləndi, ürəyim sıxıldı. Gözlərim heç bir yanı görmədi. Ətraf mənim üçün qatı zülmətə bürünmüşdü. Başım dəyirman daşı kimi hərlənirdi. Özümü saxlaya bilməyib, divanın üstə aşdım. Başım zərblə uşağın sifətinə çırpıldı. Uşaq qışqırdı. Valya da qorxub, diksindi. - Səidə… Səidə… Nə olub sənə? – deyə, nələrin baş verdiyini öyrənməyə çalışdı. Həyəcanlandığımdan bir kəlmə də olsun danışa bilmirdim. Uşağı qucağıma alaraq, qadının gözləri qarşısında tutub, pəltək adamlar kimi kəkələyə-kəkələyə qalmışdım. Uşaq isə qışqırmaqda davam edirdi. Onun sifəti əzilmiş, burnundan qan axırdı. Valya bir şey başa düşmədiyindən gah mənə, gah da uşağa baxaraq gözləri bərələ qalmışdı. Mən havalanmış adamlar kimi, uşağı bir az da ona yaxınlaşdıraraq: - Bura baxın… belə də iş olar?.. Bunu allah götürərmi heç? – deyə, sanki baş verənlərin hamısını qadın edibmiş kimi, onu günahlandırmağa çalışırdım. Qadın uşağın qıçlarının arasına diqqətlə baxaraq: - Tanrım… mənə səbr ver… Səbr ver ki, gördüklərimdən havalanmayım!– deyə bərkdən ağlamağa başladı. Uşaq qollarımın arasında zarıyırdı. Mən isə hələ də donub ayaq üstə qalmışdım. Valya özünküləri lənətləyirdi: - Vəhşilər… Qaniçənlər… Görüm sizin kökünüz kəsilsin, - deyirdi. - Iyrənc məxluqlar. – Belə də iş olar? Bu ki, allah qarşısında böyük günahdır. Sonra qadın ərinin dalısınca deyinməyə başladı: - Lənətə gələsən, Ohan səni… - Sən ki, bu uşağı tanıyırdın. Niyə imkan verirdin, başına bu işləri gətirsinlər? Qadının bu cür danışması məni bir az da hövsələdən çıxartdı: - Valya xala, - dedim, - bunlar hamısı Ohanın işləridir. - Bu işi Ohan edibdir. Yoxsa, oğlumun hərbi qospitalda nə işi vardı? – Ya da, onun əsir uşağı olduğunu kim bilirdi orda, hə? Qadın yalvarıcı nəzərlərlə üzümə baxaraq: - Sənə inanıram, qızım, sən düz deyirsən. Amma inana bilmirəm ki, insan bu qədər qəddar, qaniçən olsun. - Yəni doğurdanmı, bunları insan adlı bir məxluq edibdir?! Insan insana niyə görə bu qədər qənim kəsilsin? Dünyanın sonumu çatıb, bəlkə biz bilmirik? O, bir az susdu. Arada yaranmış sükutun üstündən bir qədər vaxt keçəndən sonra qadın dərindən köks ötürərək: – Özünü ələ al. Onların hamısının cəzasını allah verəckdir, baxarsan, - deyə o, mənə təskinlik verməyə çalışdı. - Yox… Bu allahlıq deyil, Valya xala. Özün dedin ki, allahın bunlardan xəbəri yoxdur – Demək, allah da bunları görmür. Allah görmədiyi bəndələrinin cəzasını necə verəcəkdir? - Səndən soruşuram, Valya xala, necə verəcəkdir?! O, bir qədər susandan sonra: - Səidə, qızım, mən bildiyimə görə müsəlmanlara belə danışmaq günahdır. Sizin xalq allaha çox bağlıdır, axı. Mən onun sözlərinə qarşı çıxdım. - Valya xala, sən düz deyirsən, - dedim, - biz müsəlmanıq. Allahı da tanıyırıq və yer üzündə bütün millətlərdən daha çox biz allaha inanırıq. Dərd burasındadır ki, elə müsəlman olduğumuz üçün bizi qırırsınız da. - Mən bilirəm… bilirəm ki, nə vaxtsa onlar öz cəzalarını alacaqlar. Amma dözə bilmirəm, doğma balamdır axı. Gözlərimin qabağında baş verənlərə necə tablaşım, necə dözüm? Gözləyim ki, mənim allahım nə vaxt insafa gəlib bunların cəzasını verəcəkdir? Məsəl var, deyir; - «kök arığlayıncan, arığın canı çıxır», axı. – Yox, başqalarını bilmirəm, Ohanın cəzasını özüm verəcəyəm! – Sənə deyirəm, bunları. Əgər mənə mane olmaq istəsən, səni də lənətləyəcəyəm. Zəhmətimi halal etməyəcəyəm sənə. Özün yaxşı bilirsən ki, doğma övladının etmədiklərini mən səninçün etmişəm. – Anama göstərmədiyim qulluğu, - ərimin, özümün və doğma balamın başına olmazın müsibətlərini gətirən bir adamın həyat yoldaşına, - sənə etmişəm. Bunlar ki, yalan deyil, - Valya xala! – Bəlkə mən düz demirəm? - dedim. Qadın hələ də yuxudaymış kimi gözlərini qapayıb, başını asta-asta yırğalayaraq: - Düz deyirsən, qızım… Mənim sənə heç bir sözüm yoxdur. Sən olanları deyirsən. … Neçə gündən bəri bir şey yemədiyimə görə, halsızlıq məni əldən salmışdı. Ac olsam da, ürəyim heç nə istəmidi. Həmin günü axşam Ohan evə gəlmədi. O, öz işini yaxşı bilirdi. Itlər damda özlərini gəmirirdilər. Səhərdən bəri onlara bir qırıq da olsun yemək verməmişdim. Hər şey gözümdən düşdüyünə görə, onların da mənim üçün elə bir dəyəri yox idi. Qadından da bir şey yeyib, yeməyəcəyini soruşanda: - Heç nə istəmirəm. - Qoy acından gəbərib, ölüm. – deyirdi. - Sənə yazığım gəlir, çox əziyyət veririk sənə. Mən isə heç bir söz deməyib, susurdum. Səhər nahardan sonra Olya gəlib çıxdı. Yaman üzgün idi. Məni bu halda görəndə, qollarını açıb üstümə gəldi və məni bərk-bərk qucaqladı. - Görürsən, bunların vəhşiliyini, - dedi. - Inan, dünən bir az da gec çatsaydım, oğlunun üzünü bir daha görə bilməyəcəkdin. Onun bütün orqanlarını götürəcəkdilər. – deyirdi. - Uşağın böyrəyini qospitala aparılan günü, xayalarını isə, üç gün bundan qabaq əməliyyat edib götürdülər. Mən ora çatanda uşağı əməliyyat stolunun üstündə gördüm. Allah bilir bu dəfə hansı orqanını çıxaracaqdılar? Içəri buraxmırdılar, zorla girdim. -Uşağın başına bir iş gəlsə, hamınızı bircə-bircə güllələyəcəyəm! – dedim. Edərdim. Inan ki, uşağı mənə verməsəydilər oradakıların hamısını güllədən keçirəcəkdim. Sənin körpəni əşya kimi xaricdən gələnlərə satıblarmış. Əvəzində Ohana iyirmi beş min dollar veriblər. Bunları mənə həkim söylədi. O məni adi bir adam zənn edirdi. Biləndə ki, həkiməm, mən də cərraham səsini xırp kəsdi. – Bildirdim ki, o lənətə gəlmiş hipokrat andını içənlərdən biri də mənəm. Ondan sonra açıb hər şeyi mənə danışdı. Nəfəsimi içimə çəkərək Olyaya qulaq asırdım. O sözlərini bitirəndən sonra dedim: - Bilirəm, Olya. – Bilirəm ki, bunların hamısını edən Ohandır. Başqa kim ola bilər? Olya məndən, onu niyə vaxtında xəbərdar etmədiyimi soruşdu. Dedim ki, biz elə həmin günü səni axtardıq, amma tapa bilmədik. Dedilər ki, burada yoxdur. Qalan günləri də axtardıq, bir səs-soraq çıxmadı. Olya bildirdi ki, mən yalnız bircə günlüyə orada olmamışam. Qalan günləri hərbi hissədəydim. Yəqin bu da onların kələyi olubdur. Hiss ediblər ki, belə vaxtda sən yalnız məni axtara bilərsən. Yoxsa, sənin burada axataracağın özgə kim ola bilərdi? Olya uşağın vəziyətiylə maraqlandı. – Hərarəti düşmür, - dedim. - Yeməyə də qətiyyən meyli yoxdur. Belə getsə onun vəziyyətinin necə olacağını bilmirəm. Ağır əməliyyatdır. Bir həftənin içində iki dəfə əməliyyat olunmaq çox ağırdır. Uşaq neyləsin, nə canı var onun. Belə xəstələr gərək ən azı bir aya qədər xəstəxanada qalıb, həkim nəzarəti altında müalicə olunsunlar. Bir də ki, onlara insanın orqanları lazımdır, başqa heç nə. Onlara həkim deməyə adamın heç dili də gəlmir. Baytar həkimləri onlardan min dəfə insaflıdırlar. Amma nə etmək olardı, birdən vaxtında yetişməsəydik nə olacaqdı? Biz eyvana qalxanda uşaq yatırdı. Olya xəstə qadına salam verib, uşağa yaxınlaşdı. Onun balaca əllərindən, üz-gözündən öpməyə başladı. Oğlum azacıq gözlərini açıb onun üzünə baxdı. Sonra yenə də gözlərini qapadı. Olya gedəndə mənə ürək-dirək verib, bir qədər sakit olmağımı tapşırdı. – «Ehtiyatlı ol, - dedi, - özünü güdaza verərsən». O nə qədər yanımdaydı, bir az rahat idim. Necə ki, getdi möhkəmcə darıxmağa başladım. Günortadan sonra Ohan gəlib çıxdı. Yenə də bərk kefliydi. Həyətə girən kimi məni söyməyə başladı. Eyvanda xəstə qadının yerini rahatlayırdım. Uşaq da çarpayıda uzanmışdı. Ohan pilləkənləri qalxa-qalxa deyinirdi. Əl saxlayıb, qanını içməyə hazır olduğum bu bivec adamın gözlərinin içinə baxdım. Düşündüm, bəlkə əməllərindən peşiman olduğunu sezə bilim. Amma onda utanan sifət hardaydı? Mən belə fikirləşdiyim halda, o çarpayıya yaxınlaşıb: - Bu it küçüyünə görə on min dollar ziyana düşdüm, - deyib, oğlumun yatdığı çarpayıya bir təpik vurdu. Uşaq qorxub, yuxudan dik atıldı və ağlamağa başladı. Valya da diksindi. Ohan isə heç nəyə məhəl qoymadan söyürdü: - Qancıq!.. - deyə mənim üstümə yeridi. – Kim sənə demişdi ki, Olyaya, - o yavagəzən lotuya zəng vurub küçüyünün qospitalda olduğunu deyəsən, hə? Sən kimsən, axı? Bu dəqiqə sənin kimi yüzlərlə qadın, sağ qaldıqları üçün dizə çöküb erməni əsgərlərinin çəkmələrini yalayırlar. - Bu, sənin mənə sağ olundu? Evimdə saxlayıram, çörəyimi yeyirsən. - Unutma ki, səni o xəstə qadına görə burda saxlayıram. Yoxsa, fahişəxanaların birinə satıb çoxlu pul qazanardım. Valya ərinin həyəsızlığına dözə bilməyib, coşdu: - Ohan bəsdir!.. Bəsdir sənə deyirəm! Sənin allahın olsun, qızdan əl çək. Nə istəyirsən onun canından. Gecə-gündüz özünə işgəncə verməyin bəs deyil, indi də uşağını aparıb için-içalatını götürtdürürsən? Sənin övladın yoxdur bəyəm? Bilmirsən, elədiklərin bir gün sənin öz başına gələ bilər? – Nə olub sənə, niyə belə edirsən? Yoxsa dünyanın axırı çatıb, bizim xəbərimiz yoxdur? Ohan gözlərini döyə-döyə qadınının üzünə baxdı və bir az sakit tərzdə: - Sən qarşıma, Valya, sənlik deyil. - Qadın bizim əsirimizdir, onlara bu da azdır. Bunları qırıb kökünü kəsməyincə, erməni xalqı rahat nəfəs ala bilməyəcəkdir. Türklərin qanını allah bizə halal buyurmuşdur. Allah da, onların kökünün kəsilməsi üçün bizə yardım edir, - deyə Ohan, dilinin altında nə isə mızıldanıb, xaç çəkdi. - Çərənləmə, Ohan, əl çək o qadından, - deyə Valya əsəbləşdi. - Onun dərdi özünə bəsdir, - dedi. - O hər şeyini itrib, bu lənətə gəlmiş müharibədə; - ev-eşiyini, ailəsini. Bircə təsəllisi uşağıdır, onu da sən bu günə salmısan. – Utan barı, elədiklərindən. - Bu müharibə kimə nə verib? Kim bu müharibədən bir şey qazanıbdır? Məgər bu müharibə erməni xalqına azmı ziyan vurubdur? Yüzlərlə cavan oğlanlar bu mənasız müharibənin qurbanları olmadılarmı? Hələ də qan tökülməkdə davam edir. Səndən soruşuram, nə qədər yaşayacaqsan ki, onun çox hissəsini bu axmaq müharibəyə həsr edəsən hə? - Bir də ki, gücün var get onların kişilərinə göstər də, qadınlarıyla, uşaqlarıyla nə işin var? Ohan arvadının sözlərinə güldü: - Kişiləri də arvad kimi bir şeydilər də. - Guya, kişiləri bilmirlər ki, onların qızları, arvadları burada gündə neçə kişi dəyişirlər? Onların kişilərini ancaq var-dövlət, bir də vəzifə maraqlandırır, başqa heç nə. Dovşan kimi qorxaqdırlar. Kol-kosda gizlənməkdən başqa əllərindən bir şey gəlmir. Bir güllə atan kimi şalvarlarını batırırlar. – Bir hələ gözlə, bu yaxınlarda onların hamısının qulaqlarını kəsib qoyun itləri kimi işlətməsək, onda, erməni adı bizə qənim olsun! – Baxarsan… Onun bu cür xoruzlanması mənə nə qədər ağır gəlsə də, susmağa üstünlük verdim. Mən onları yaxşı tanıyırdım. Onların qeyrətinə də, kişiliyinə də bələd idim. Təkcə, Əli son döyüşdə onlardan səkkiz nəfərini cəhənnəmlik etmişdi. Bunu ki, Ohan yaxşı bilirdi. Qadın-uşağa güc göstərmək onların peşəsi olubdur. Gücləri çatdıqlarına eşşəkcən güc eləmək erməni xislətinə yazılıbdır. Mənim sakit dayanmağım həm qadını, həm də Ohanı yaman çaşdırmışdı. Ohan mənim hərəkətimi qorxaqlıq kimi başa düşsə də, qadın bu sakitliyimin axırının nə ilə nəticələnəcəyini yaxşı dərk etdiyindən, gözləri bərəlmiş halda üzümə baxırdı. Ohan mənim dinib-danışmamağımı görüb, Olyanın da dalısınca hədədə biçdi: - O qancığa bir bax… Eybi yoxdur, xaxoluşka, sənin də axırına az qalıbdır. - Darıxma, sənin aqibətin bu lotunkundan da, - barmağını mənə uzadıb, - pis olacaqdır. Onda anlayarsan ki, mənim tapşırığımın əleyhinə çıxmaq nə deməkdir? O, bu sözləri deyib, hirslə həyətə düşdü. Bir azdan həyətdən onun bağırtısı eşidildi: - Səni öldürəcəyəm. Sən bu itləri ac qoymusan? Neçə dəfə sənə demişəm ki, özündən qabaq bu itləri yemlə. Bunlar ki, aclarından ölürlər. O söyə-söyə eyvana qalxdı və mənim saçlarımdan yapışıb: - Sən ey, fahişənin qarnından çıxan. De görüm, sənə nə tapşırmışam, hə? - deyib var gücüylə qarnıma bir təpik vurdu. Sancıdan doğransam da, səsimi içimə çəkib yerə çökdüm. O bir də vurmaq istəyəndə Valya bərkdən qışqırıb, üstündəki yorğanı kənara atdı. Ohan arvadının bağırtısına məhəl qoymayaraq, mənim baş-gözümə yumruq ilişdirirdi. Qadın özünü çarpayıdan döşəmənin üstünə atdı. O, döşəməyə elə bərk dəydi ki, Ohan onun yerə çırpılmasından diksindi. Geri dönüb arvadına kömək etmək istəyəndə, qadın onun üstünə qışqırdı: - Əlini vurma mənə! Ohan qadının bu cür hirslənməsindən qeyzlənərək, qolumdan yapışıb məni həyətə sürüdü – Öldürəcəyəm səni, qancıq, sən mənim itlərimi ac qoymusan? – dedi. - Doğrayıb onlara atacağam ki, qoy, murdar leşini didik-didik edib parçalasınlar. Pilləkənlərlə aşağı düşəndə büdrədim və ağzı üstə daşların üstünə çırpıldım. Ağız-burnum parçalandı. O isə qolumdan buraxmayaraq məni arxasınca sürüməkdə davam edirdi. Itlərin hər ikisi bizi əhatəyə almışdı. Yazıq heyvanlar, nələrin baş verdiyini anlamayaraq irəli-geri cumaraq hürürdülər. Ohan isə heç nəyə məhəl qoymadan, məni təpikləməkdə davam edirdi. Sonra o, məni itlərin qabağına atıb: - Didin, parçalayın onu! – Yeyin… Adam ətinin də dadına baxın. - Görün necədir? – deyərək, heyvan kimi böyürməkdə davam edirdi. Elə bu vaxt itlər məni qoyub onun öz üstünə düşdülər. Ohan isə gah mənə, gah da onun üstünə cuman itlərə təpik atırdı. Itlərin gözləri qızmışdı. Onlar Ohanın gah şalvarının balağından, gah da ayaqqabısını dişləyərək, getdikcə bir az da irəli soxulurdular. Itlərin ona dönük çıxması Ohanı bərk əsəbləşdirmişdi. O, sağa-sola təpik ataraq, özünü qorumağa çalışırdı. Bu vaxt «Bobik» adlı it ağzını geniş açaraq, Ohanın baldırını dişlərinin arasına keçirib didişdirməyə başladı. Ohandan tükürpədici səslər qopdu. «Şarik» adlı it də ona hücum edərək, qolunu ağzına aldı. Itlər əmməlli-başlı onu didirdilər. Elə bu vaxt Ohan belinə bağladığı tapançasını alaraq, itlərə atəş açdı. Atılan güllə Bobikin təpəsinə dəydi. It bərkdən zingildəyərək, göyə tullandı və elə o dəqiqəcə yerə dəyib çabalamağa başladı. Onun başından axan qan tez bir vaxtda daş döşəmənin üstündə xırdaca qan gölməçəsi yaratmışdı. Şarik adlı it isə Ohanın qolunu dişləri arasından buraxmayaraq onu cilvələməkdə davam edirdi. Bu vaxt Ohan ikinci atəşi açdı. It zingildəyib kənara sıçradı və qaçmağa başladı. Bir az aralanmışdı ki, o yerə dəydi. Amma tez də yerdən qalxıb hürməyə başladı. It sağ budundan yaralanmışdı. Bir anın içində baş vermiş hadisə məni yamanca çaşdırmışdı. Itlərin bu qədər vəfalı olduğunu bilməzdim. Bobikin ölümünə çox heyfsləndim. Bu it mənə görə öz canını fəda etdi. Ohan hələ də əlindəki tapançasını hazır saxlayaraq, ora-bura döyükə-döyükə baxırdı. O da baş vermiş hadisədən çaşqın hala düşərək, hələ də özünə gələ bilməmişdi. Daş döşəmənin üstünə düşüb qalmış Bobikin qırmızı dili ağzından bayıra çıxaraq, yavaş-yavaş göyümtül rəngə düşürdü. Ohan birtəhər ayağa qalxıb, həyətdəki daxmaya keçdi. O əlindəki tapançasını hələ də hızır saxlayaraq, bir gözü Şarikdə idi. It sahibinin evə keçdiyini görüb mənim yanıma cumdu və ayaqlarım altına uzanıb, yarasını yalamağa başladı. Onun parçalanmış yarasından qan axırdı. Bir anın içində belə bir hadisənin baş verməsi mənə yuxu kimi gəlirdi. Özümü toplayıb ayağa durdum və yavaş-yavaş eyvana qalxdım. Qadın bayaq düşdüyü yerdə, döşəmənin üstündəcə qalmışdı. Bir təhər onu qaldırıb, çarpayısına uzatdım. Qadın mənim qana bulaşmış sifətimi görəndə: - Aman tanrım, burada nələr baş verir? – soruşdu - Güllə atan kim idi? Sənə nə olmuşdur? – deyə həyəcandan bərəlmiş gözlərini üzümə dikərək məndən cavab gözləyirdi. - Ohan itlərə atəş açdı. - Bobik öldü!.. - dedim. - Niyə görə? – Nə olmuşdur, axı? – deyə qadın, təəccüblə soruşdu. - Itlər hücum etdib onu yaraladılar. O isə itlərə atəş açıb birini öldürdü, digərini isə ölümcül hala salıb, - dedim. Valya əlləriylə gözlərini qapayıb: - Of… tanrım, niyə məni öldürüb, qurtarmırsan? Nələr eşidirəm. - Gərək itlər onu didib, parçalayaydılar. Bu onun öz cəzasıdır çəkir. Adam bu qədər əzazil olmaz, axı. Sonra üzünü mənə tutub: - Allah bizi sənin ahından hifz eləməsə, - dedi, - başımız hələ çox müsibətlər çəkəcəkdir. Hələ buna da şükür etməliyik. – Keç, qızım, keç mətbəxə əl-üzünü yu. Sonra o, əllərini göyə qovzayıb: - Allahım, bu yazığa görə mənə bir az ömür ver! – dedi. Mən mətbəxə keçəndə it də mənimlə birgə keçdi. O bayaqkı hadisədən qorxduğundan, bir addım da olsun məndən kənarlaşmırdı. Itin qolundan qan damcılayırdı. Əl-üzümü yuyandan sonra, şkafın siyirməsini çəkib oradan tibb ləvəzmatları olan qutunu çıxartdım və lazım olan əşyaları götürüb stolun üstünə düzdüm. Sonra iti böyürü üstə döşəməyə yıxdım. Onun gözlərindən yaş gilələnirdi. Mən birinci dəfəydi ki, heyvanın ağladığını görürdüm. Məhlul hazırlayıb əvvəlcə itin yarasını yudum. Sonra sümüklə əzələ arasında ilişib qalmış gülləni maqqaşla çıxartdım. It ağrıdan bircə dəfə zingildədi. Yaranı yuyub, dərmanlayandan sonra tənziflə sarıdım. Öz sir-sifətimdəki yaralara da dərman sürtdüm. Əsirlikdə olduğum müddətdə neçənci dəfəydi ki, belə yaralar alırdım. Bir müddət keçəndən sonra yaralarım sağalıb əvvəlki vəziyyətə düşürdü. Sağalmayan, bircə ürəyimin yarası idi. Bilirdim ki, qəlbimdəki yaralar qəbr evinə kimi sağalmayacaqdır… … Oğlum yatırdı. Əlimi onun alnına qoydum. Uşağın hərarəti yüksəlmişdi. Qızmadan xırdaca dodaqları cadar-cadar idi. Uşaq bu əzablara dözərək səsini belə çıxarmadan yaralı canıyla əlləşirdi. Ohanın allah cəzasını vermişdi, itlər onu parça-parça etmişdilər. Buna görə də bir azca sakit idim. Amma ürəyim soyumamışdı, onun cəzası hələ qabaqdaydı. Ohanı dəhşətli bir cəza gözləyirdi. Axşam zorla da olsa, qadına bir şey yedirə bildim. Yeməkdən imtina etməsi onun zəifləyib haldan düşməsinə səbəb olmuşdu. Qadını sakitləşdirmək üçün: – Axı, mənə söz vermisən, Valya xala. - Bəs deyirdin, mənə köməklik edəcəksən? Məni bu cəhənnəmdən qurtaracaqsan. - Işdir, sənin başına bir iş gəlsə mən nə edərəm? – dedim. O başını bulayaraq: - Başa düşürsən qızım, daha bacarmıram, dözə bilmirəm gördüklərimə. Bircə ondan qorxuram ki, sənə kömək edə bilməyim. Çünki canımda qüvvə qalmamışdır. – Sən məndən çox-çox dözümlüsən. Bu müsibətlərə necə dözürsən, ay yazıq bala? – Nədir səni dözdürən? - Nədir səni bu vaxtacan bu zülmlərə tablaşmağa vadar edən, hə? Sən adi insana oxşamırsan. Yox… Insan bu zülmlərə tab gətirə bilməzdi. Sən deyəsən göylərdən enmiş birisisən. Səni allah özü göndərib. – Vay, bizim halımıza… Vay, bizim doğulduğumuz günə. Allah bizi bağışlamayacaq. Allahın bizə qəzəbi tutacaq. Baxarsan… Elə bu vaxt həyətdə Ohanın səsi eşidildi. O məni çağırırdı. Ayaqlarımı sürüyə-sürüyə pilləkənə qədər gəldim. It də axsaya-axsaya mənim dalımca gəlirdi. Ohan həyətdə durub gözləyirdi. O yanımda duran iti görəndə, əlini belindəki tapançasına atdı. It qorxub mənim arxama keçdi. Yenə də xoşagəlməz bir hadisənin törəycəyindən qorxaraq, iti geriyə, çarpayının yanına çəkdim. Onu çarpayının yanında uzandırıb geri, pilləkənlərin yanına qayıtdım. - Oradan, dərman saxlanılan qutunu götür, aşağı düş! - deyə o, mənə əmr etdi. Mən geri dönüb mətbəxə keçdim. Dərman qutusunu götürüb həyətə düşmək istəyəndə, arxadan Valyanın səsini eşitdim: - Hara aparırsan onu? Sonra cavab gözləmədən: – Qoy, quduz olub ölsün! - dedi. – Bəlkə, onda bir az rahat nəfəs aldıq. Mən başımı qaldırıb onun gözlərinin içinə: - Bu onun üçün sox ucuz ölüm olmazmı, – Valya xala? - Yox, o, belə asanlıqla canını qurtara bilməz – dedim. Qadın bir söz deməyib susdu. Mən həyətə düşdüm. Bobikin ölüsü həyətin ortasında düşüb qalmışdı. Itin ölüsünə baxanda ürəyim ağrıdı. Yaxınlaşıb dizə çökdüm və bir neçə dəqiqə onun yanında oturdum. Elə bu vaxt Ohanın boğuq səsini eşitdim. Məni çağırırdı. Ayağa qalxıb evə keçdim. O, çarpayıda uzanmışdı. Qolundan və qıçından axan qan yatağı qıp-qırmızı rəngə boyamışdı. O dişlərini bir-birinə sıxaraq ufuldayırdı. Məni görcək səsini kəsdi. Ancaq bir an da olsun ağrıya tablaşa bilməyib yenidən zarıdı. Mən çapayının yanında dayanıb baxırdım. O üstümə bağırdı: - Nə durmusan, görmürsən halım pisdir? - Yaralarımı sarı! – deyə, mənə əmr etdi. Sonra üzünü divara çevirərk hirslə: - Lənətə gəlmişlər, əgər quduz olsalar onda mənim işim bitdi, - deyərək, dönüb üzümə baxdı. Sanki o, bu sözləriylə mənim fikrimi öyrənməyə çalışırdı. Öyrənmək istəyirdi ki, görsün quduz xəstəliyinə tutulacaq, ya yox. Mən isə ona bir söz deməyib, şalvarının balağını qayçılıayıb, kəsdim. Itin dişlərinin yerinə yod vurub dərmanladım. Qolundakı yara daha dərin idi. Itlər əməlli-başlı onu çeynəmişdilər. O böyda bədənin quş qədər də, ürəyi yox idi. Yaralarına yod vuranda, körpə uşaq kimi sızıldayırdı. Qolundakı yarasını bağlayanda isə, az qaldı ki, ürəyi dayansın. Çünki qolunun dərisi parçalanıb, sallanırdı. Dərini qayçılayıb, atdım. Müalicədən sonra bir az rahatlansa da, yenə də atmacalarından qalmadı: - Həəə… deyəsən sənə indi sağ ol düşür, - dedi. Mən bir söz deməyib susdum. O atmacalarıyla məni sancmaqda davam edirdi: - Bilməzdim itlərin yanında bu qədər hörmətin var, - deyib, dişi pişik kimi hırıldadı. Ona nə isə demək istədim. Deyəcəyim sözlərə heyfim gəldiyi üçün susdum. Eyvana qalxdım, xəstələrim yerlərindəcə uzanmışdılar. Canımdakı ağrılar dəhşətli olsa da, bir təhər dözürdüm. Ona görə dözürdüm ki, xəstələrin hər üçü məndən aslıydılar. Heç birinin çöpü çöp üstündən götürməyə iqtidarları yox idi. Valya başını azacıq qovzayaraq: - Nə etdin o kafirə? – soruşdu - Yaralarını sarıdım, - dedim. - Heç utanıb, xəcalat çəkdimi?! - Hansı üzlə, Valya xala. Insanda xəcalat çəkmək üçün üz olmalıdır axı? – dedim. – Hə, düz deyirsən, qızım, Ohanın üzü ayaqqabı altı kimi padoşdur. Gecədən xeyli keçmişdi. Başımı çarpayının qırağına söykəyib, azacıq da olsa gözlərimin acısını almaq istəyirdim. Valya da, oğlum Ruslan da, hətta Şarik də yatırdılar. Yuxulamağa çalışsam da, bədənimin ağrısı yuxulamağa imkan vermirdi. Narahat idim. Gecənin nə vaxtıydı bilmirəm, oğlumun səsini eşitdim. Qovzanıb, divardakı işığın düyməsini basdım. Sonra yatan oğluma yaxınlaşdım. Yuxudan ayılmışdı. O, gözlərini gözlərimdən çəkməyərək, diqqətlə üzümə baxırdı. Onun baxışları çox qəribə idi. Sanki getdikcə uzaqlaşan və yavaş-yavaş gözdən itməyə çalışan ani bir işartıya bənzəyirdi gözlərindəki parıltı. Bu parıltı get-gedə o qədər zəifləyib, kiçildi ki, axırda görünməz oldu. Oğlumun gözlərindəki parıltının itməsiylə, sifətinin avazıyıb, ölgünləşməsi bir oldu. Əlimi onun alnına qoydum. Buz kimi soyuq idi. Özümü itirdim və uşağı çarpayıdan alıb bağrıma basdım. O, gec-gec nəfəs alırdı. – Nə oldu bu uşağa birdən-birə? - düşündüm. Qadını oyatmaq istəmirdim. Mənə elə gəlirdi ki, hər şey ötüb keçəcək və oğlum əvvəlki vəziyyətinə qayıdacaqdır. Düşündüyümün əksi oldu, oğlumun vəziyyəti getdikcə ağırlaşırdı. Onu çarpayının üstünə qoyub yavaşca silkələdim. Gözlərini qapamışdı, elə bil dərin yuxuya getmişdi. Əlimi sinəsinə qoyub: - Ruslan!.. Ruslan!.. - Mənim balam, gözünü aç, səninləym, - deyə qışqırdım. O, səsimdən diksinərək, gözlərini bircə dəfə, yalnız bircə dəfə açaraq mənə baxdı və azacıq da olsa gülümsədi. Onun o gülümsər çövrəsi birdən-birə donaraq, eləcə də qaldı… Öglum öldü… Əvvəlcə heç nə anlamadım. Mənə elə gəlirdi ki, gördüklərim bir yuxudu. Baş verənləri yuxuda görürəm. Lakin get-gedə özümə gəlib, hər şeyin aşikarda baş verdiyini hiss edəndə, bədənim əsməyə başladı. Elə qışqırdım ki, Valya yerindən dik atıldı. It də hürküb çarpayının arxasına süründü və oradan gah mənə, gah da qapıya baxıb mırıldamağa başladı. Valya qorxa-qorxa soruşdu: - Qızım, nə olub sənə? Yenə nə baş veribdir? Mən oğlumu qucağıma götürüb ağlaya-ağlaya: -Mənim balam öldü! – dedim. Qadın eşitdiklərinə təəccüb edərək: - Nə sərsəmləyirsən, qız? - Uşağa nə olub ki? – deyə, məni sakitləşdirməyə çalışdı. Onun sözlərinə əhəmiyyət verməyərək gözlərimin yaşını axıda-axıda: - Vallah, o öldü. Elə indicə öldü, - dedim. It ağladığımı görüb, bir azca kənara çəkildi və ağzını xəstə arvada tərəf tutub bir-iki ağız hürdü. Valya bir müddət səssiz-səmirsiz gözlərini mənə dikərək donub qaldı. Sonra pıçıltıyla: - Allahım, bizim cəzamızı ver! – deyib, üstündəki adyalı başına çəkib hönkürdü. O gecə səhərə qədər oğlumu qucağımdan yerə qoymayaraq ana-bala baş-başa verərək «dərdləşdik». Ona arzularımı, istəklərimi danışdım. Məni bu qərib yerdə, düşmənlərin arasında tək qoyduğuna görə qınadım onu. – Biz belə danışmamışdıq, - dedim. – Oğul da anasını beləcə tərk edib gedərmi? – Bu boyda dünyada bircə ümid yerim, bircə təsəllim sən idin, ay oğul. Sən də anana beləmi dönük çıxdın? – deyə hönkür-hönkür ağlamağa başladım. Valya başıma hava gəldiyini zənn etdiyindən, oğrun-oğrun mənə baxıb nə isə pıçıldayaraq xaç çəkirdi. Hiss edirdim ki, qadın mənimçün dua edir. Səhərə qədər uşaq qucağımda beləcə oturdum. Valya da yatmamışdı. O da gözlərini evin tavanına dikərək sakitcə uzanmışdı. Səhər açılan kimi telefonu Valyaya verib, xahiş etdim ki, Olyaya zəng vursun. Olya telefona çağırılanda Valya telefonun dəstəyini mənə verdi. Qız yuxulu idi. Səhər tezdən zəng vuranın kim oduğunu soruşanda: - Mənəm… Səidədir!.. - dedim. Qız məndən nələrin baş verdiyini soruşanda özümü toxtaq tutmağa çalışsam da bacarammadım: - Oğlum öldü, Olya! - deyib, hönkürdüm. Daha sonra nə qədər çalışsam da, bir kəlmə də olsun danışa bilməyəcəyimi zənn etdiyimdən dəstəyi asdım. Danışığımızın üstündən bir qədər vaxt keçmişdi ki, darvazanın yanında maşın dayandı. Eyvanda əlləri qoynunda dayanmışdım. Olya pilləkənləri qaça-qaça çıxıb, boynuma sarıldı və ağlamağa başladı. Mən daha ağlaya bilmirdim. Elə bil gözlərimin yaşı qurumuşdu. Ayaq üstəcə dünən baş verənləri ona danışmağa başladım. – Indi nə edək bəs? – deyə Olya, təəccüb dolu nəzərlərlə üzümə baxdı. Bir söz deməyib susdum. Cavab verməyə çətinlik çəkirdim. Valya mənim susduğumu görüb dilləndi: - Qızım, uşağı həyətdəki bağçada dəfn edin. Onu kənara aparmağa elə bir ehtiyac yoxdur. Burada olsa, allaha da xoş gedər. Uşağı tər-təmiz yuyub ağa bükdük. Sonra bağçanın bir küncündə yer qazıb basdırdıq. Oğlum torpağa qoyulanda, mənə elə gəldi ki, diri-diri məni də basdırdılar. Dünyada ən ağrlı iş, ananın öz övladını əlləri ilə torpağa basdırması imiş. Bu dəhşətli və görünməmiş bir ağrı idi mənimçün. Həmin anda elə yalqızlaşdım ki… Hiss etdim ki, bu günə kimi yaşamağıma, səbəb oğlum imiş. Demək, məni oğlum yaşadırmış… Dizə çöküb, başımı torpaq qalağının üstünə qoydum və için-için ağlamağa başladım. Qəribə idi. Başımın altındakı torpaq, elə bil nəfəs alırdı. Sanki oğlumun ürək döyüntülərinin səsini eşidirdim. Ağlıma nə gəldisə, torpaq yığnağını əllərimlə eşələyib kənara atmağa başladım. Olya qolumdan tutub məni qaldırmağa çalışdı: - Sən nə edirsən? – dedi. - Oğlum sağdır. O nəfəs alır. – dedim. - Indicə bunu öz qulaqlarımla eşitdim. Dirilib mənim balam. – Bilirdim ki, o məni tək qoyub heç yerə getməz. – Yox mənim balam belə etməz. - O bilmir ki, ondan başqa burada bir kimsəm yoxdur? - O ölməyib… O sağdır!.. – deyə qışqırırdım. Olya məni yerdən qaldırmağa çalışsa da, bu mümkün olmadı. Artıq mən oğlumun üstündəki torpaq yığnağının hamısını kənara tökmüşdüm. Gözümə oğlumu bükdüyüm ağ mələfə dəyəndə, tez onu çəkib torpağın altından çıxartdım. Birgözqırpımında ağı açdım. Oğlum sakitcə uyuyurdu… Olya qolumdan yapışıb məni oradan kənarlaşdırdı. Özü isə uşağı yenidən ağa büküb, torpağın altına qoydu… Bobikin ölüsünü də gətirib başqa bir yerdə torpağa basdırdıq. Olya ayrılıb gedəndə məni bir tərəfə çəkib bildirdi ki, vacib bir tapşırıq var. Qoy, onu da yerinə yetirim sonra buradan getmək haqqında bir şey fikirləşərik. Mən ona heç nə demədim. Ohan həmin gün qapını içəridən bağlayıb çölə çıxmadı. Ara-sıra daxmanın pəncərəsindən eşiyə baxaraq, bizim nə etdiyimizə tamaşa edirdi. Onun bu hərəkətlərini görəndə ürəyimdə deyirdim: - Bax, Ohan, bax… Vaxt gələr mən də sənin əzablarına beləcə tamaşa edərəm… Günortadan sonra eyvanın bir küncdə oturub, dərin fikrə getmişdim. Valya da gözlərini məndən çəkməyərək, diqqətlə üzümə baxırdı. Ikimiz də sakitcə oturmuşduq. Birdən sakitliyi qadının iniltili səsi pozdu: - Səidə, qızım, məsəl var, deyərlər: - «Ozgə ölüsü başqasına yatmış kimi görünər». Amma elə deyildir, - dedi. - Bilirsən ki, sənin uşağının ölümü mənə necə də ağır təsir etmişdir. Sən burada çox əzab-əziyyət çəkmisən. Sənin çəkdiklərini heç kəs çəkə bilməzdi. - Allah pis adamlara lənət eləsin. Məni də sənin yanında üzüqara qoydu. – Səndən doğma bir balam kimi xahiş edirəm, bir az səbirli ol, döz. Sən əzab çəkəndə, mən də yanıb-yaxılıram. – Bu üzüntülü halınla diri-diri yandırma məni, xahiş edirəm. Mənə bir az da möhlət ver. Sənə çəkdirdiklərimizin əvəzində, nə isə bi yaxşılıq etmək istəyirəm. Qadının dediklərinə qulaq assam da, fikrim tamam başqa yerdə idi. Artıq qısas gününün gəlib çatdığını zənn edirdim. Bunu çox gözlətmək olmazdı. Hələ neçə müddət bundan qabaq iri bir şüşədə kislota da tapıb gizlətmişdim. Fikrim Ohana ağır cəza vermək idi. Elə bir cəza ki, ürəyim heç olmasa bir azca sakitlik tapmalıydı. Bu işdə Olyanı gözləyə bilməzdim. Bilirdim ki, qız mənə mane olacaqdı. O mənim həyatımı fikirləşərək, qəsdin qarşısını almağa çalışacaqdı. Oğlumdan sonra yaşamaq mənim üçün çox ağır gəlirdi. Həm də daha yaşamaq istəmirdim. Bu düşüncələr içərisindəydim ki, birdən telefon zəng çaldı. Telefonun səsi məni düşüncələrimdən ayırsa da, onu götürmək istəmirdim. Çünki, Olya elə bu gün yanımdan çıxıb getmişdi. Inanmırdım, bu tezlikə məni arayıb-axtarsın. Telefon isə aramsız zəng çalırdı. Qadının narahat olduğunu görüb, ayağa qalxdım və telefonun dəstəyini qaldırıb ona verdim. Az keçməmiş nəzərlərim qadının üzünə dikilərkən, qəribə bir mənzərənin şahidi oldum. Arvadın rəngi ağappaq ağararaq meyit rənginə oxşayırdı. Tez onun çarpayısına yaxınlaşdım və: - Valya xala… Valya xala… sizə nə oldu, niyə bu hala düşdünüz? – soruşdum. O isə mənə cavab verməyərək titrəyirdi. Qucağında tutduğu telefonun dəstəyi sürüşüb, döşəmənin üsütünə düşdü. Qadın hələ də özünə gəlməmişdi. Dəstəyi qaldırıb yerinə qoydum və yenidən ondan nə baş verdiyini soruşdum. Qadın isə bir söz deməyərək, susurdu. Bu vaxt telefon yenidən zəng çaldı. Mən telefonun zənginə əhəmiyyət verməyərək, qadından nələrin baş verdiyini öyrənməyə çalışdım. Telefon isə aramsız olaraq zəng çalırdı. Valya gözlərini açıb üzümə baxdı və dil-dodağı əsə-əsə: - Ohanı telefona çağır! – dedi. Nələrin baş verdiyini ondan soruşmaq istəsəm də, qadın yalnız bircə kəlmə dedi: - Ohanı çağır! Mən tez ayağa qalxıb həyətə düşdüm və həyətdəki daxmaya yaxınlaşıb qapını itələdim. Qapı içəridən bağlanmışdı. Bir-iki dəfə bərkdən döydüm. Içəridən Ohanın xırıltılı səsi gəldi. O nə isə mızıldayırdı. Mən yalnız bircə dəfə: - Telefona çağırırlar, - dedim və cavab gözləmədən geri dönüb, yuxarı qalxdım. Mən eyvana çıxanda telefon hələ də aramsız olaraq çalırdı. Qadın əllərini üzünə tutub ağlayırdı. Ona yaxınlaşıb ağlamağının səsəbini soruşsam da, o, bu dəfə də mənə bir söz demədi. Bir azdan Ohan eyvana qalxdı. Onun eyvana qalxmasıyla Şarikin uzandığı yerdən dikəlib, mırıldanması bir oldu. Iti sakitləşdirdim. Ohan axsaya-axsaya çarpayıya yaxınlaşıb, arvadının başının üstündə dayandı və onun əlindən yapışdı. Qadın asta-asta göz qapaqlarını qaldırıb, ərini başının üstə görcək: - Çatdınmı arzuna, Ohan? - deyə soruşdu. Arvadının bu sözlərindən bir şey başa düşməyən Ohan, gözlərini onun üzünə zilləyərək qalmışdı. O, handan-hana: - Nə olub? – deyə, soruşdu Arvad səsini ucaltdı: -Telefona cavab ver, indi hər şeyi özün bilirsən. Valyanın bu cür danışığı məni də şübhəyə saldı. Ohan isə arvadının bu müəmmalı danışığından bir şey başa düşməyərək, çarəsiz qalıb telefonun dəstəyini götürüb, qulağına yaxınlaşdırdı. Elə o andaca var gücüylə bağırdı: - Sən nə danışırsan? Ola bilməz!.. Nə vaxt?.. Telefonda Ohanla kimin danışdığını və onların nə haqda söhbət etdiyini deyə bilmərəm. Amma özümü də təəccübləndirən bir hadisə baş verdi. Ohan dizə çöküb, arvadını qucaqladı və hönkürərək ağlamağa başladı. Mən birinci dəfəydi ki, onu ağlayan görürdüm. Onun ağlaması məni nə qədər təəccübləndirsə də, nəyə görə ağlaması bir o qədər şübhədə qoydu. Qadın ərini özündən kənarlaşdıraraq: - Sənə neçə dəfə dedim ki, allahsızlıq etmə. - Dedim axı, Ohan. Indi bax, gördün axırı necə oldu?! Ohan isə ona biz söz deməyib, ayağa qalxdı və telefonla harasa zəng vurdu. Danışığından hiss etdim ki, böyükləri ilə danışır. Mən hələ də nələrin baş verdiyindən bir şey analamayaraq, gah qadına, gah da onun ərinə baxırdım. Ohan bu dəfə hərbi hissəyə zəng vurub danışdığı Adama, on beş günlüyə icazə aldığını və Stavropola gedəcəyini başa salırdı. - Qızım Larisa uşağıyla birlikdə avtomobil qəzası keçiribdi, – dedi. - Nəvəm ölüb, qızım da ağır yaralıdı. Xəstəxanaya yerləşdirblər. Mütləq getməliyəm, - deyirdi. Indi hər şey mənə aydın oldu. Demək, Ohanın qızı uşağıyla birlikdə qəza keçiribdir. Bunları eşidəndə qəribə də olsa, içimdən bir ağrı keçdi. Larisanın və körpəsinin halına acıdım. Bəs niyə onlar? – deyə öz-özümə sual verdim. Axı onların… Susdum… Ohan telefon dəstəyini asıb, arvadına: - Icazə almışam, sabah tezdən gedəcəyəm. Sən bir az sakitləş, - dedi. Arvadı ona bir söz deməyib, zəifcə inlədi və hirslə yerə tüpürdü. Ohan həyətə düşdü. Mən çarpayıya yaxınlaşıb, xəstə qadını sakitləşdirmək istədim. O, başını qaldırıb, yazıq-yazıq üzümə baxdı. Sonra yavaşca: - Sənin ürəyinin yanğısını indi başa düşürəm, qızım, - dedi. – Sən bu zəif vücudunda dağ boyda kədəri necə gəzdirirmişsən? – Necə dözürmüşsən bunlara, mənim balam. Mən qadına təskinlik verməyə çalışsam da, bacarmadım. Ona görə də, durub mətbəxə keçdim. Nə edəcəyimi qərarlaşdıra bilmirdim. Bircə onu bilirdim ki, Ohanı allah cəzalandırmışdı. Indi qalırdı mənim ona verəcəyim cəza. Gecə yarıdan keçsə də Ohan yatmamışdı. O, səhərə hazırlıq görürdü. Arada da məni çağırıb, lazım olan şeyləri yerbəyer etməkdə ona kömək etməyimi tələb edirdi. Bir söz demədən onun tapşırıqlarını yerinə yetirməyə çalışırdım. O möhkəm acıqlı idi, davranışından hiss edirdim bunları. - Mən qayıdanacan, - deyirdi, - Valyanın qulluğunu yaxşı tut. Onu darıxmağa qoyma. Yoxsa, səninçün yaxşı olmaz. – Bir-iki həftədən sonra qayıdacağam. Bir kəlmə də olsun dinib, danışmırdım. Mənim susmağım onu hövsələdən çıxartdı: - Bir söz de mənə. – Yoxsa, başımıza gələnlərə sevinirsən? Onun bu həyasızlığı qarşısında dözə bilməyib: - Mən ki, övlad dağının nə olduğunu yaxşı bilirəm! - dedim. O, əsəbləşdi: – Sən o küçüyünü mənim nəvəmə taymı tutursan? – dedi. Onun bu sözü ürəyimə yenidən dağ çəkdi. Bir söz deməyib, susdum. O, başını bulayaraq, dodağının altında nə isə mızıldandı. Amma onun dediklərindən heç nə başa düşmədim. Ohan yuxarı, arvadının yanına qalxdı. Sübh tezdən yola düşəcəyini bildirirək, onu narahat etməmək üçün indidən xudahafizləşəcəyini dedi. Valya ərinə ora çatan kimi Larisanın vəziyyəti barədə zəng vurmağı tapşırdı. Başqa heç nə demədi. Ohan əyilib arvadını öpmək istəsə də, Valya əliylə onu özündən kənarlaşdırdı. Ohan pilləkənləri düşərkən dönüb mənə: - Işlərini qurtar, sonra gəlib yaralarımın sarğısını dəyişərsən, - dedi. Bir azdan aşağı düşüb, həyətdəki daxmaya girdim. Ohan çarpayıda uzanmışdı. Mən əvvəlcə onun ayağının, sonra da qolunun sarğısını dəyişdirdim. Sonra əllərimi yumaq bəhanəsiylə həyətə çıxdım. Hər tərəf sakitlik idi. Vaxt itirmədən həyətdəki ərzaq saxlanılan zirzəmiyə enib, oradan gizlətdiyim şüşə qabdakı kislotanı götürdüm. Geri dönüb otağa daxil oldum. Şüşəni ehmalca çarpayının altına qoydum. Ohan yuxulayırdı. Mən gecə lampasını yandıranda, o, diksinib ayıldı. Nə etdiyimlə maraqlandı. – Səninlə söhbət etmək istəyirəm, - dedim. - Nə söhbət? – deyə təəccüblə üzümə baxdı. - Bilmək istəyirəm ki, nə olub? - Sabah hara gedirsən? - Sən ki, baş verənləri eşitdin? Bunları yenidən təkrar etməyin nə mənası var? – dedi. -Yox, mən istəyirəm ki, baş verənləri sənin öz dilindən eşidim, - dedim. O bir qədər susdu. Mənim bu cür arxayın danışmağım onu bir azca şübhəyə salmışdı. Sifətinin birdən-birə dəyişməsindən də hiss etdim bunu. Amma özünü o yerə qoymayıb, şübhələrini məndən gizlətməyə çalışdı. - Bayaq zəng vuran kürəkənim Vitali idi. Stavropoldan zəng vurmuşdu. - Qızım Larisa uşağını bağçaya apararkən, yolda avtomobil onların hər ikisini vurub. Uşaq elə yerindəcə keçinib. Larisanı isə xəstəxanaya çatdırıblar. - Ürəyin çoxmu yanır? - soruşdum. Onun halına acıdığımı zənn etdiyindən: - Əlbəttə! Necə də yanmasın, balam deyil?.. - Inanmıram! – dedim. Mənim bu cür danışığım onun xoşuna gəlmədiyi üçün, diqqətlə üzümə baxdı. Üzümün ifadəsində ona qarşı həddən artıq kin və küdurətin olduğunu sezdiyindənmi, ya nədən, hiss etdim ki, bir qədər özünü yığışdırdı. Amma mənə qarşı əsəbi olduğunu gizlətmədi: - Bu nə sözdür? Necə yəni inanmırsan? Adamın övladı ölə, ürəyi yanmaya? Belə də iş olar? Mən bir söz deməyib susdum. Dediyim sözlərin ağırlığını özü üçün təhqir bildiyindən bir az da səsini ucaltdı: - Səninləyəm? Olmaya mənim bu müsibətimə sevinirsən? – Bəlkə, ləzzət verir sənə mənim çəkdiklərim? – Niyə susursan? - De görüm, övladımın ölümünə sevinirsənmi? - Yox! – Sənin övladının ölümünə sevinmirəm. Amma sənin əzab çəkməyin, bilsəydin mənə necə də ləzzət eləyir. – dedim. O, yatağından qalxıb oturdu. Gözlərini dolandırıb ətrafına baxırdı. Yəqin ki, məndən ehtiyatlandığı üçün nə isə axtarırdı. - Ohan!.. – dedim. - Ərimin başını kəsəndə, namusuma toxunanda, uşağımı diri-diri yırtıb, için-içalatını götürdəndə, bəs məni düşünmürdün?!.. Düşünmürdün ki, bu da insandır, onun da ürəyi var?.. Fikirləşmirdin ki, bir gün gələcək, elədiklərin öz başında çatlayacaq? - Indi nə deyirsən, sümüklərinə qədər yandırımmı səni? Çəkdirimmi sənə, biləsən can yanğısı necə olur? - … Hə, nə deyirsən, yüz kişinin qarışığından əmələ gələn, biqeyrət köpəy oğlu, danışsana? – dedim. O mənim bərəlmiş gözlərimi, həyəcandan pörtmüş sifətimi görəndə, artıq məsələnin o düşündüyü qədər də sadə olmadığını anlayıb, yerindən qalxdı. Divardakı paltarlarının üstündən asılmış tapançasına əl atmaq istəyəndə, var gücümlə onun sinəsindən itələdim. Sonra çarpayının altındakı kislota dolu şüşəni qapıb, ağzını açdım. Şüşənin ağzını açan kimi içindəki kislotanı Ohanın üz-gözünə səpdim. Ohan əlləriylə üzünü qapayaraq, otağın içində, dəli mal kimi özünü o divara-bu divara vurub, böyürürdü. Mən isə şüşədəki kislotanı onun harası gəldi səpirdim. Ohanın baş-gözündən, bədənindən tüstü qalxırdı. O diri-diri yanırdı. Kislotanın təsirindən əriyən murdar piyinin iysi otağı bürümüşdü. Ohan yerə yıxılaraq, yanan bədəninin ağrısından ilan kimi qıvrılaraq, qışqırırdı. Dizə çöküb, kislotadan onun geniş açılmış ağzına boşaltdım. Bir dəqiqənin içində onun ağzındakı dili pöc olub, ağac ovuntusu kimi qap-qara oldu. Ohanın gözləri ovulub çuxura düşmüşdü. Gözlərinin çuxurunda ağ mayeyə bənzər bir şey qaynayırdı. Onun nəfəsi kəsilməkdəydi. Mən otağın küncündəki ütünü götürərək, bir neçə dəfə var gücümlə onun başına endirdim. Hər zərbədən sonra Ohanın kəllə sümüyünün necə şaqqıltıyla sındığını eşidirdim. Bir azdan o tamam sakitləşərək, kirpi kimi yumalanıb qaldı. Onun nəfəsi çoxdan kəsilsə də, bədəni qaynamaqda davam edirdi. Elə bil buz parçasının üstünə qaynar su tökmüşdün, yavaş-yavaş əriyirdi. Otaqdakı pal-paltar da, döşənəcəklər də kislotanın təsirindən yanaraq deşik-deşik olmuşdu. Mən işığı söndürüb evdən çıxdım. Əl-üzümü yuyub, beş-on dəqiqə həyətdə dayanıb rahatlandım. Sonra eyvana qalxdım. Ayaq səslərimi eşidən kimi qadın gözlərini açıb: - Səidə, Ohanın səsi gəlirdi. -Yenəmi sənin üstünə qışqırırdı? – dedi. Mən ağlıma gələn ilk fikri söylədim: - Yaralarının sarğısını dəyişirdim, dözəmməyib qışqırırdı, - dedim. Qadın bir azca sakitləşib: - Ay əclaf, bəs bizə necəsən? Ürəyimiz soğan qabığı kimi soyulur, amma gör necə dözürük? – dedi. Mən qadının üstündən sürüşüb döşəməyə düşən adyalı onun üstündə rahatlayıb dedim: -Narahat olmayın, Valya xala, bir qədər sakitləşin. - Hər kəs cəzasını layiq olduğu qaydada çəkir, fikir verməyin, - dedim. Sonra yenidən həyətə düşüb daxmaya girdim. Ohanın meyiti hələ də qaynayırdı. Onun sir-sifətinin əti tökülərək, ağappaq sümüyü görünürdü. Ohan bu vəziyyətində ən iyrənc heyvandan da pis görünürdü. Otaqdan çox kəskin iy Vaxt itirmədən Ohanın büzüşüb, qırışlanmış meyitini adyalın arasına qoyub, sarıdım. Sonra həyətə çıxıb bağın bir tərəfində dərin bir çala qazdım. Ohanın bir yığın sür-sümüyünü gətirib qazdığım çalaya atdım. Üstünü torpaqla yaxşıca örtdüm. Bilinməsin deyə, kənardan torpağın ot-ələfli üzünü lapatkayla qaşıyıb, çalanın üstünə düzdüm. Elə həvəslə işləyirdim ki, sanki ağac dibi belləyirdim. Qol-qıçıma qüvvət gəlmişdi. Sonra otağa qayıdıb ev-eşiyi yaxşıca yuyub, təmizlədim. Lazımsız pal-paltarı daxmanın arxasında yandırıb, basdıpdım. Özümdə bir rahatlıq hiss edirdim. Çəkdiklərim, deyəsən canımdan çıxırdı. Ürəyim də yamanca sakitləşmişdi. Təzəcə dünyaya gələn körpə çağanın ürəyi kimi döyünürdü. Səhər açılana yaxın eyvana qalxıb bir azca yuxulamaq istədim. Gözlərimə yuxu getmədi. Öz-özümə fikirləşirdim: - Doğurdanmı mən intiqamımı almışam? Elədiklərimə inanmağım gəlmirdi, hər şey mənə yuxu kimi görünürdü. Başımı çarpayıya söykəyib gözlərimi yumdum… Ərimi gördüm yuxuda. Bu qədər vaxtı bir dəfə də olsun yuxuma girməmişdi. Qırmızı paltarda, saç-saqqalı dizlərinə qədər uzanmış halda sıldırım bir qayanın başında durmuşdu. Ondan aşağıda isə dərin bir uçrum vardı. Mən ona yaxınlaşdıqca, o, uçruma yuvarlanırdı. Ona lap yaxın idim. Əlimi uzatmışdım. Barmaqlarımız bir-birinə toxunmaq həddinə çatsa da, əlindən tuta bilmirdim. O isə uçruma yuvarlanmaqda davam edirdi. Aşağı endikcə, gülümsəyərək mənə əl də edirdi. Qışqırıb, haray-həşir saldım. Səsimə səs vermirdi. Eləcə aşağı enməkdə davam edirdi. Təngənəfəs yuxudan ayıldım. Bir anın içində olub-keçənləri xatırladım. Əlinin yuxuma girməsi mənə qəribə gəldi. Bu neçə vaxtı onu bircə dəfə də olsun yuxumda görməmişdim. Mənə elə gəldi ki, yuxuma girən Əlinin ruhu idi. Onun narahat, didərgin ruhu bu neçə vaxtı bizimlə bərabər olmuşdu. Ərimin ruhu, deyəsən bu gecə rahatlıq taparaq öz qəbir evinə dönürdü. Nə yaxşı ki, o son anda gülümsəyirdi… Oğlum ölən zaman gülümsədiyi kimi… … Nələr baş vermişdi. Doğurdanmı, Ohanı öldürmüşdüm? - düşündüm. Canımı qorxu hissi bürüdü. Tez ayağa qalxıb həyətə düşdüm. Səhər açılmışdı. Gözlərim həyətin dördbiryanını dolaşdı. Qorxurdum ki, ehtiyatsızlıqdan bir səhvə yol verə bilərəm. Ona görə də, hər yana diqqətlə baxırdım. Gözümdən yayınan elə bir şey yox idi. Otağa girdim. Nəzərə çarpacaq bir səhvə yol verməmişdim. Birdən, gözlərim divardan asılmış hərbi paltara, bir də paltarın üstündən sallanan tapançaya sataşdı. Tapançanı götürüb etibarlı bir yerdə gizlətdim. Paltarları və Ohanın yol üçün hazırladığı çantanı çarpayının altından götürüb daxmanın arxasında od vurub, yandırdım. Sonra eyvana qalxıb xəstə qadına nahar vermək istədim. Yemədi. Bildim ki, nəvəsinin dərdini çəkir. Ərini soruşdu: - Ohan cəhənnəm olub getdimi? – dedi. -Sübh tezdən getdi, - dedim. - Qızdan bir xəbər versəydi mənə, - deyə, narahatlığını bildirdi. O günü hər ikimiz lal-dinməz oturub, ölənlərimiz üçün yas saxlayırdıq. Qəribəydi. It də məndən kənarlaşmayaraq, yanımda uzanıb başını dizlərimin üstünə qoymuşdu. Onun yarıyuxulu gözlərindən heç kəsə məlum olmayan kədər sezilməkdəydi. Arada zəifcə inləməsindən, onun da dünən Ohan tərəfindən öldürülən «qardaşı Bobikə yas saxladığı» aydın olurdu. Itin özü də yaralıydı. Ruslanımdan sonra mehrimi bu itə salmışdım. Ağrı-acımı azacıq da olsa, bu it unutdururdu mənə. Necə olsa, bu qərib yedə mənə həmdəm, yaxın olan o idi. O günü qadınla bərabər sakitcə oturub qaldıq. Indi nə qulluğunu tutası oğlum vardı, nə də hər dəqiqəbaşı məni narahat edən Ohan. Valya isə intizarla telefon zəngini gözləyirdi. Bu dəmlərdə mənim də içimi qorxu hissi bürümüşdü. Hər an xoşagəlməz bir hadisənin baş verəcəyini gözləyirdim. Çünki Ohan balaca adam deyildi, onu hər an arıyıb-axtara bilərdilər. Bir az arxayındım ona görə ki, dünən axşam Ohan özü hərbi hissəyə zəng vurub, nəvəsinin dəfnində iştirak edəcəyini bildirmişdi. Həm də on beş günlüyə icazə almışdı. Azacıq da olsa məni sakitləşdirən bu idi. Amma hər halda qorxulu idi. Bu hadisənin üstündən bir gündən artıq vaxt keçmişdi. Qadın bərk narahat idi, əri hələ də zəng vurmamışdı. Arada eyvana qalxıb onu sakitləşdirməyə çalışırdım. Özüm də təlaş içərisindəydim. Onun narahatçılığı mənim də canıma keçmişdi. Iki gün də gəlib keçdi. Qadın hər dəqiqə telefon zənginin yolunu gözləyirdi. Nəhayət, günorta vaxtı susan telefon zəng çaldı. Telefon zəng çalan kimi qadın tez dəstəyi götürdü. Kürəkəni idi, qaynatasının hələ də gəlib çıxmamasını deyirdi. Valya ona Ohanın iki gün bundan qabaq evdən çıxdığını söylədi. Qadın telefonun dəstəyini hirslə yerinə qoyub: - Bu harada avaralanır görəsən? Camaat orada onun yolunu gözləyir, o isə… - Lənətə gəlmiş bu it də onu biryolluq didib-parçalamadı ki, canımız onun əlindən qurtarsın – deyə qadın, əsəbi halda dilləndi. Bir qədər keçəndən sonra o yenidən: - Heç olmasa, onun lənətə gəlmiş yaralarını babat sarıya bildinmi? – deyə məndən soruşdu. - Arxayın olun! – dedim. - Necə lazımdır, o qaydada da sarımışam. - Ərinizin canı möhkəmdir, yaraları tez sağalar, - deyə qadını sakitləşdirməyə çalışdım.. Olya yenidən narahatçılıq keçirərək. - Yox, əgər onun başına bir iş gəlməyibsə, çoxdan mənzil başına çatardı. Oranın yolu vur-tut bir gün, bir gün yarımlıqdır. Saatlar keçdikcə qadının narahatçılığı dözülməz şəkildə artırdı. O, bir neçə dəfə özü kürəkəninə zəng vuraraq, ərinin çatıb-çatmamasından xəbər tutmaq istəmişdi. Belə zənglərdən sonra, qadın cinayət axtarışının müstəntiqi kimi ərinin yoxa çıxması haqqında müxtəlif mülahizələr söyləyirdi: - Əgər yolda onun başına bir iş gəlib, eləsəydi, çoxdan xəbər çıxardı, - deyə Valya izahat verirdi. - Demk o, yolda da deyil. Bəs onda hardadır? – deyə qadın fikirləşirdi. Bu ərəfədə Olya da gəlmişdi. Onun da qanı bizimki kimi qaraydı. Nə baş verdiyini soruşsam da, bir söz demədi. Təkid etdim: – Qanını qaraltmaq istəmirəm, onsuz da dərdin özünə bəsdir, - dedi. – Axı nə baş vermişdir? - soruşdum. Dedi ki, qardaşım Ruslanın neçə vaxt idi ki, izinə düşmüşdüm. Iki gün bundan qabaq məlum oldu ki, o, bir müddət əvvəl ermənilər tərəfindən qətlə yetirilmişdir. – Bir işə bax! - deyə qız, əsəbləşdi. - Mən qardaşımın qatillərinə kömək edirmişəm. Olyadan bunları haradan öyrəndiyini soruşanda, o, bildirdi ki, bir həftə bundan qabaq xəbər tutub. - Siz tərəfdən əsir götürülmüş bir zabitin dindirilməsində mən də iştirak edirdim, - deyə qız, bildirdi. - Zabit həm yaşlı, həm də təəccürbəli idi. Boyununa heç nə almadığı üçün ona çoxlu işgəncələr verildi. Zabitin onlara bir söz deməməsi erməniləri yamanca özündən çıxarmışdı. Onun əl və ayaq dırnaqlarını kəlbətinlə çıxarırdılar. Bilirsən, necə dəhşətli mənzərəydi. Zabitin bir barmağı kəlbətinin arasında qaldığı üçün onu dartıb ayağından qopartdılar. Səhəri gün onu mən də dindirəsi oldum. Öz işimlə əlaqədar… Mənim siyahımla onun dedikləri üst-üstə düşürdü. Olyanın nədən söhbət etdiyi mənə aydın idi. Amma qız üstüörtülü danışırdı ki, guya mən bilməyim. Odur ki: - Demək istəyirsən ki, sən öldürdüklərinlə, zabitin dedikləri üst-üstə düşürdü, hə? Olya bir söz deməyib başını aşağı saldı. Mənimçün də maraqlı idi. Görəsən, bu vaxta qədər Olya bizimkilərdən nə qədər adam öldürüb? Bu barədə ondan soruşdum. O isə susub cavab vermədi. Mən ondan yenə xahiş etdim. Olya üzümə baxıb: -Bunları bilmək sənin nəyinə lazımdır? – soruşdu. - Nəyimə lazımdır, deyirsən? - Bəlkə öldürdüklərin allahın xırdaca qarışqalardır, hə, Olya? Qız gözlərimin içinə baxıb, bir qədər susduqdan sonra: - Bilməsən yaxşıdır! - dedi. Təkid etdim. Qız çarəsiz qalıb: – Təkcə, sonuncu ayı deyəcəyəm: - Yeddi nəfər, ikisi zabit, beşi isə əsgər. Başımı aşağı salıb susdum. Qız ağrıdığımı hiss etdi. Əlini əlimin üstünə qoyub: - Nə edim, Səidə, bu müharibədir? - Bilirsən də, mən bura nə üçün gəlmişəm? Axı, özüm sənə hər şeyi danışmışam. - Bilirəm! - dedim. – Amma unutmu ki, sənin öldürdüklərin, öz doğma vətənlərini, torpaqlarını qorumaq üçün vuruşurlar. - Ana və bacılarının namus və şərəflərini uca tutmaq üçün canlarından keçirlər. - Müdafiə etdiklərinin isə nə üçün vuruşduqlarıyla heç maraqlanmısanmı? - Elə sənin özündən soruşuram. Sən nə istəyirsən və nə üçün qan tökürsən? Unutma ki, hər tökülən günahsız qanın arxasında onlarla, yüzlərlə gözü yaşlı insanlar dayanıbdır. Onların ah-naləsi bir gün yeri-göyü lərzəyə gətirəcəkdir. - Bilirəm, bura nə üçün gəlmisən. Gəlmisən ki, pul qazanmağa. O pulla toy edib, ev-eşik qurmaq istəyirsən, elə deyilmi? - Səndən soruşuram, öldürdüyün o insanların anaları, bacıları, sevdikləri yoxdurmu? - Onlar toy edib, ev-eşik qurmaq istəmirlərmi? Özün yurd-yuva qurmaq istədiyin halda, başqalarının yurd-yuvasını dağıtmaq nə dərəcədə doğrudur? - Qan tökməklə qazandığın pullarla necə xoşbəxt ola bilərsən, Olya? -Nahaq qan gec-tez adamın özünü tutur. Qız başını aşağı salıb susdu. Bir azdan onun çiyinlərinin titrədiyini hiss etdim, o ağlayırdı. Sözlərim ona yaman təsir eləmişdi. Qızı sakitləşdirməyə çalışdım. Bu vaxt Olya hönkürdü. O ağlaya-ağlay: - Bilirsən, Səidə, dediyin o qan artıq məni tutmuşdur! - dedi. Qızın nələr danışdığından bir şey anlamadığım üçün soruşdum: - Nə olmuşdur, bir açıq danışsana? Qız əllərinin arxasıyla gözlərinin yaşını silə-silə dedi: - Mən səhəri gün həmin zabiti dindirərkən, ondan siz tərəfdə Ruslan adlı bir zabitin olub-olmadığını soruşdum. Əvvəlcə boyun almadı, - tanımıram dedi. Mən erməni olmadığımı söylədim ona. Bu sözlərimdən sonra zabit düz gözlərimin için baxıb, - Erməni deyilsənsə, buralarda nə gəzirsən? – soruşdu. Mən onun fikirlərini azdırmağa çalışsam da, gördüm ki, o, mənim barəmdə çox şey bilir. Bura nə vaxt gəldiyimi, neçə adam öldürdüyümü, hər öldürdüyüm adam üçün nə qədər pul aldığımı yerli-yataqlı mənə danışdı. Bunları haradan öyrəndiyni ondan soruşdum. – Bu müharibə deyil, qızım, bu bir oyundur. – dedi. - Sən bu oyunda xırdaca bir füqursan. Lazım gələndə səni elə dəyişəcəklər ki, heç ruhun da inciməyəcək. Onun çox ağıllı sözləri vardı. Ona görə də, zabitin yaralarını sarıdım, əl-üzünün qanını yuyub, təmizlədim. Ona bildirdim ki, itkin düşmüş qardaşımı axtarıram, tapan kimi çıxıb gedəcəyəm burdan. Zabit təəssüf hissiylə başını bulayıb dedi: - Qızım, əgər belədirsə, gərək sən çoxdan çıxıb getməliydin burdan? - Niyə bu vaxta qədər yubanmısan? Onun müəmmalı danışığından bir şey anlamadığım üçün soruşdum: - Mən sizin danışığınızdan bir şey başa düşmürəm, nə olub axı? – dedim. O bir qədər susandan sonra: - Sənin qardaşın Ruslan Ukraynadan, dostu Əlinin yanına qonaq gəlmişdi. Onların hər ikisi vaxtilə rus ordusunda zabit kimi çalışmışdılar. Ruslan gələn vaxtı burada döyüşlər gedirdi. O da dostuna kömək etmək üçün bir müddət burada qalmalı olur. Sonra isə bir gün düşmənlər tərəfindən öldürülür. Az sonra onun dostu Əli də düşmənlərlə döyüşdə həlak oldu. Qardaşımın ölümü, üstəlik də zabitin mənə əməlli-başlı dərs keçməsi ürəyimi elə yandırdı ki… - Nə qədər səhvə yol verdiyimi indi anlayıram. Olya birdən nə fikirləşdisə, dönüb gözlərimin içinə baxaraq: - Səidə, sənin ərinin adı nə idi, demişdin? Mən ona heç bir cavab verməyib, başımı aşağı saldım. Olya mənim bu susmağıma tablaşmayaraq, ayağa qalxdı və çiyinlərimdən tutaraq bərk-bərk silkələdi: - Qız, karsan, nədi? – Axı, səndən söz soruşuram, niyə dinmirsən? Başımı qaldırıb onun üzünə baxdım və: - Mən bunların hamısını bilirəm, Olya. Ruslanın sənin qardaşın olmasından da xəbərim vardı. Sadəcə olaraq, bunları sənə deməyə vaxtın yetişməsini gözləyirdim. Sənin qardaşın Ruslan mənim ərimlə möhkəmcə dost idilər. O mənə doğma qardaşdan da əziz idi. Ruslan da məni bir bacı kimi çox sevirdi. O bizimlə birgə yaşayırdı… Döyüşlərin birində həlak oldu. Snayper gülləsinə tuş gəlmişdi. Ruslanın itkisi bizim hamımıza böyük dərd oldu. Onun xatirini bütün döyüşçülər istəyirdilər. Əli bir müddət özünə gələ bilmirdi, az qala dəli olacaqdı. Ruslanın qanını alandan sonra bir qədər sakitləşdi. Əlini sakitləşdirən səbəblərdən biri də, oğlumuzun dünyaya gəlməsi və ona Ruslan adı qoymağımızdı. Uşağı övladımız olduğu üçün nə qədər sevirdiksə, bizə yaxın olan bir insanın adını qoyduğumuz üçün də, bir o qədər uca tuturduq. Oğlum Ruslan öləndə ona görə ağlamırdım ki, mən bir uşaq itirmişəm. Ona görə yanırdım ki, doğma qardaş qədər xatirini istədiyim və onun itkisini zərrə qədər də olsun mənə unutduran birisini torpaq altına qoyuram. Bunlar idi məni yandırıb-yaxan, Olya. Bu sözlərimdən sonra Olya hıçqıraraq mənim boynuma sarıldı. Qız bir müddət məndən ayrılmayaraq gözlərinin yaşını axıtdı. Mən onu sakitləşdirməyə çalışaraq: - Olya, bir az özünü ələ al, sakitləş, - deyirdim. Bu itki təkcə sənin itkin deyil. Sən bu itkini indi anırsan. Amma gör nə vaxtdır ki, bu ağrıları qəlbimdə gəzdirirəm? Artıq hər şey keçmişdə qalmışdır. Çalış indi səhvlərini təkrar etməyəsən. O mənə bir şeyi izah etməyə çalışırdı. Deyirdi ki, xalqınız haqqında heç nə bilmirdim. Bura gələndən sonra da, əhatəsində olduğum zabitlərin, yerli camaatın dilində sizi vəhşilər, adam əti yeyənlər kimi qələmə verirdilər. Amma istər əsirlərlə, istərsə də səninlə görüşlərimdə hiss edirdim ki, ortada nə isə var. Açığını desəm, siz bunlardan daha yaxşı adamlarsınız. Bəs başınıza gələn bu müsibətlər nədəndi? Mən ona bildirdim ki, Olya, mən nə siyasətçiyəm nə də döyüşçü. Bir anayam, əsir düşmüş bir qadınam. Biz çox ürəyiyumuşaq insanlarıq. Belə adamlar da həyatda sadəlövh olurlar. Yəni hər şeyə inanırlar. Bizi aldatmaq çox asandır. Ürəyimizə gir, qəlbimizi oxşa, çıx otur boynumuzda. Bədbəxtçiliyimiz ondadır ki, özgəyə göstərdiyimiz qayğını özümüz özümüzə göstərə bilmirik. Bu xüsusiyyətlərimizə görədir ki, düşmənlərimiz bundan məharətlə istifadə edirlər. Yüz illərdir ki, ermənilər bizimlə düşmənçilik edirlər. Vuruşuruq, bir-birimizi qırıb-çatırıq, zaman gəlir yenə də onlar qılığımıza girib barışırlar. Biz də heç nə olmayıbmış kimi onları bağışlayırıq. Yenidən qucaq açırıq onlara. Bəli, üstündən bir müddət keçəndən sonra yenə də onlar it kimi canımıza daraşırlar. Tarixdə dəfələrlə belə olubdur. Onlar haray-həşir qaldırıb, dünyaya səs salırlar ki, bizi qırıblar, nə bilim kökümüzü kəsiblər. Yalan deyirlər. Mənim yüz beş yaşında bir babam vardı. O, erməniləri yaxşı tanıyırdı. Deyirdi ki, hər bir xalqın özünün yaxın qonşuları var. Gərək qonşuyla elə davranasan, elə münasibətdə olasan ki, sənə əl tutsun, çətin günündə hayına-harayına yetsin. - Ermənilər dağlıq ərazidə yaşayırlar, - deyərdi babam. - Dağlıq ərazidə də taxıl-biçin az olur. Onlar bir tərəfdən Türkiyə ilə yamandır, digər tərəfdən gürcülərlə ədavətləri var. O biri tərəfdən də bizlə torpaq davası edirlər. Bax, bu iddialarına görə, nə vaxtsa ermənilər acından-susuzluqdan qırılıblar. Qonşu xalqlardan da heç biri onlara kömək əlini uzatmayıbdır. - Balam, qonşuyla yaxşı olarsan, o da çətin günündə hayına-harayına yetişər də, - babam deyərdi. Vaxt gəlib, vədə ötüb ermənilər bir azca «pəpilləşən» vaxtı söyləyiblər ki, guya bizlər onları qırmışıq. Amma əslində yalan deyirlər. Onlar aclıqdan və səfalətdən qırılıblar. Bir də onları qırıb-çatan öz qarınlarındakı qurdlardır. Ermənilər çox paxıl və hiyləgər millətdir - deyərdi babam. Olya bir kəlmə də olsun danışmayaraq, diqqətlə mənə qulaq asırdı. Hər halda, azacıq da olsa, deyəsən onu başa sala bilmişdim. … Olya gedərkən Ohanı soruşdu. - Hərbi hissədə gözümə dəymir, - dedi. Nəvəsinin öldüyünü, qızının isə yaralandığını dedim. Ohanın yoxa çıxmasının dördüncü günü Valya hərbi hissəyə zəng vurub, ərinin itkin düşməsi xəbərini bildirmək istəyəndə, narahat oldum. Əgər qadın belə bir iş tutsaydı, yəqin ki, onu axtarmağa başlayacaqdılar. Belə olan halda vəziyyətim o qədər də yaxşı olmayacaqdı. Ona görə də, bərk narahatçılıq hissi keçirməyə başladım. - Nə etməliyəm? - düşündüm. – Açıb, olanları qadına söyləməliydimmi? – Görəsən, o bunları necə qarşılayacaqdı? Cavabsız suallar içərisində dolaşıb qalmışdım. Əgər söhbəti açsaydım, hər halda bu yaxşı bir xəbər olmayacaqdı qadın üçün. Belə ağır vaxtında ərinin də mən tərəfindən öldürülməsi, qadının nifrətinə səbəb olmazdımı? - Bəs onda bu hadisəni gizlətməyə çalışsam necə? Birdən, Ohanın axtarışına başlayıb, onun meyitini bağçadan tapsaydılar, onda bu xəstə qadınındanmı şübhələnəcəkdilər?! Ona görə də, baş verənləri açıb qadına söyləyəcəyimi qərara aldım. Lap bu qadının ürəyi dağlansaydı da belə. Əgər o, bu danışdıqlarımdan sonra başqa fikrə düşüb-eləsəydi, onun da barəsində fikirləşmişdim. Yəqin ki, son anda qadını da aradan kötürmək qərarındaydım. Başqa çarəm yox idi. Valya hərbi hissəyə zəng vurmaq qərarına gələndə, əlindən telefonun dəstəyini alıb, ehmalca yerinə qoydum. Sonra yastığının yanında oturub, başımı ona tərəf əyərək asta səslə: - Valya xala, əziyyət çəkib zəng vurmayın, - dedim. - Onsuz da onun yerini tapa bilməyəcəklər. Arvad mənim bu sözlərimdən sonra bir qədər duruxdu. Nə dediyimi anlamayaraq, gözlərini gözlərimin içinə dikərək, bir xeyli mənalı-mənalı üzümə baxdı. - Bəs onda Ohanı kimdən və haradan soruşaq? - dedi. Mən pıçıltıyla: - Ohanı məndən soruşun, Valya xala. Onun yerini ancaq mən bilirəm, başqa heç kəs. Mənim bu sözlərimdən sonra arvadın gözlərinə bir azca işıq gəldi: - O hardadır, qızım? – deyə, sevincək halda soruşdu. Qadının əllərini ovcumun içinə aldım və gözlərimi dik onun gözlərinin içinə dikərək: - O, bağçada, - torpağın altındadır! - dedim. Qadın yerində qurcalandı: - Başa düşmədim? Necə yəni topağın altındadır? – Sən nə danışırsan? - deyə o, təəccüblə soruşdu. - Ərini öldürmüşəm!.. – dedim. Qadın eşitdiklərinə inanmırmış kimi gözlərini bərəldərək, üzümə baxırdı. Onun qorxunc baxışları bir müddət gözlərimin içinə dikilib qaldı. Sonra zorla da olsa gülümsəməyə çalışaraq: -Aman tanrım, bu qız nələr uydurur! - deyə qışqırdı. Onun səsi sanki məni yuxudan ayıltdı. Nələr danışdığımı, nə etdiyimi yavaş-yavaş anlayırmış kimi diksindim. Amma özümü bir qədər ələ alıb: - Hə, Valya xala, Ohan yola düşən gecəsi onu öldürüb, həyətdəki bağçada basdırdım. Arvad yatağında dirsəklənməyə çalışsa da, bacarmadı və başını zərblə çarpayıya çırpdı. - Niyə belə etdin sən? - Heç olmasa, mənim vəziyyətimi düşünürdün? Axı mənim qızım qəza keçirib, nəvəm həlak olub, - dedi. - Heç olmasa bunlara görə keçəydin. – Indi mən nə edim? - deyə, qadın inildədi. Hər ikimiz bir müddət susub, danışmadıq. Qadının ərini müdafiə edəcəyinə şübhəm yox idi. Ona necə nifrət bəsləsə də, bu anda onun tərəfini saxlamalıydı. Bunu qabaqcadan bilirdim. Amma ərinin qatili olduğumu biləndən sonra mənə qarşı hansı tədbir görəcəyini heç fikirləşməmişdim. Bu mənimçün hələlik qaranlıq idi. Qadın bir müddət dinib-danışmadan, uzandığı yerdəcə gözlərini evin tavanına zilləyib qalmışdı. Onun nələr fikirləşdiyini bilməsəm də, sir-sifətindən acıqlı olması hiss olunurdu. - Nahaq belə iş tutmusan! – deyə o, nəhayət ki, sükutu pozaraq dilləndi. – Onun sənə və sənin ailənə etdikləri mənə məlumdur. Buna görə mənim də ondan xoşum gəlməzdi. Bunu ki sən də bilirdin. Amma sənin etdiklərin düzgün deyil. Sən bu hərəkətinlə mənə zərbə vurdun. – Incimə, bu barədə hərbi hissəyə məlumat vermək məcburiyyətindəyəm. Qoy, işi onlar araşdırsınlar. Qadın son sözlərini kəskin və qəti şəkildə dediyindən, ona inanmamaq mümkün deyildi. Ondan bu sözləri eşitsəm də, qətiyyən qorxu hissi keçirmirdim. Əslində, qorxmalı elə bir şey də yox idi. Bu günə kimi məni oğlumun taleyi düşündürürdü. Mən ona görə qorxu hissi keçirirdim. Indi bəs nədən qorxacaqdım? - Öz canımdanmı?! Ancaq bir məsələ də vardı, durub gözləməyəcəkdim ki, məni nə vaxt gəlib tutacaqlar. Çünki tutulsaydım, aqibətimin necə olacağını hamıdan yaxşı bilirdim. Ona görə də, qadının atacağı addımı gözləyirdim. Ortada bir məsələ vardı. Əgər mənim taleyim qadının çıxaracağı son qərarından aslıydısa, onun da taleyi mənim son qərarımdan aslı olacaqdı… Axşama qədər gözlədim. Bu vaxt ərzində qadın bir neçə dəfə telefonla kürəkəni ilə danışdı. Nəvəsinin dəfn olunduğunu, qızının da, hələ xəstəxanada olduğunu ondan öyrəndi. Hiss edirdim ki, qadının hələ də acığı soyumamışdır. Verdiyim yemək-içməkdən də qəti şəkildə imtina etməsi bunu göstərirdi. Ona görə də, onun hər an hərbi hissəyə zəng vurub məlumat verməsini gözləyirdim. O isə susurdu. Axşamçağı bir qədər rahatlanan kimi oldum. Azacıq rahatlanmağıma səbəb də, kürəkəninin zəng vurub qaynatası barədə ondan məlumat alarkən, qadının verdiyi cavab oldu. Arvad ona bildirdi ki, Ohan xəstələnərək elə yoldaca geri dönmüşdür. Indi evdə müalicə olunur, - dedi. Qadının bu hərəkətindən hələ də bir şey başa düşməmişdim. Bu əhvalatın üstündən bir neçə gün də gəlib keçdi. Qadın bu barədə hələlik heç yerə xəbər verməmişdi. Bir gün nahardan sonra hərbi hissədən bir zabit və iki əsgər gəldi. Onlar Ohanı soruşdular. Mən onlardan bir qədər aralı dayanmışdım. Elə zənn edirdim ki, onları qadın bura çağırtdırmışdı. Fikrimdə tutmuşdum ki, əgər məni aparmaq qərarına gəlsələr, gizlətdiyim yerdən Ohanın tapançasını götürüb, həm onları qətlə yetirəcəkdim, həm də özümü öldürəcəkdim. Bu mənim ani olaraq gəldiyim qəti qərarım idi. Onların davranışından isə məni aparmaq fikirlərinin olmadığı aydınca hiss olunurdu. Zabit məndən bir də Ohanı soruşanda, mən ona: - «Yuxarı qalxın, bunları onun arvadından soruşun!», - dedim. Zabit yuxarı qalxdı. Mən isə həyətdə dayanıb, onların söhbətlərinə qulaq asırdım. Zabit Valyadan ərinin harada olduğunu soruşdu. Qadın bir qədər fikrə gedəndən sonra: - Qızımla, nəvəm qəza keçiriblər, ora gedibdir, - dedi. Zabit onunla razılaşdı: – Bu barədə məlumatımız var. - Məsələ ondadır ki, o, bir neçə gündür ki, yubanır. Bizi maraqlandıran budur. Bəlkə səbəbini aydınlaşdırasınız, xanım? – deyə o, astaca dilləndi. Valya bir qədər susandan sonra dedi: - Hə, o elə bu gün zəng vurmuşdu və bir neçə günlüyə yubanacağını deyirdi. - Mənə elə gəlir ki, - deyə qadın əlavə etdi, - Ohan bu barədə hərbi hissəyə məlumat verməmiş olmaz. – Yox, o komandanlığa bu barədə heç bir məlumat verməmişdir. Xahiş edirik, əriniz bir də zəng vursa dediklərimi onun nəzərinə çatdırın, - deyə zabit qadını başa saldı. Belə alınacağını heç gözləmirdim. Mənə elə gəlirdi ki, zabit ondan: - Ərin hardadır? – soruşanda, qadın məni onlara göstərib: - «Bu, əsir qadından soruşun!» - deyəcəkdi. Amma fikirləşdiyimin əksini eşidəndə, bir qədər sakitləşdim. Onlar gedəndən sonra mən xəstə qadına yaxınlaşdım və onun çarpayısının yanında oturub: - Məni günahkarmı bilirsiniz, Valya xala? – deyə ondan soruşdum. Qadın üzümə baxıb: - Mənim sənə və özümə yazığım gəlir, - dedi. - Çünki mən də, sən də və yüzlərlə bizim kimi biçarələr, kişilər tərəfindən qurulan «siyasət» adlı bir oyunun qurbanlarına çevirilmişik. Sən ailəni və balanı itirdin. Allah bu cəzanı bizdə qoymadı və mənim nəvəmi əlimdən aldı. - Gördün, üstündən heç ikicə gün də keçmədi. - Mən Ohana həmişə deyirdim. Deyirdim ki, bu qan bizi tutacaq, biz allahın qəzəbinə gələcəyik. - Bax, gəldik də… Sənin ərin nə vaxtsa ermənilərdən öldürmüşdü. Ohan da onu öldürdü. Sən də Ohanı öldürdün. Kimdir haqlı? - Bax, heç kəs öz günahını boynuna götürmür. - Amma yenə də əziyyət çəkən sən, mən və yüzlərlə bizim kimi əlsiz-ayaqsızlar olur. Məsələ ondadır ki, bu həyatda haqlının da, haqsızın da axırı qara torpaqdır. Neçə gündür, götür-qoy edirdim, səni təslim edim, ya yox. Fikirləşirdim, görəsən səni təslim edib öldurtməklə, bu qan-qadaya son qoyulacaqdımı? Əlbəttə ki, yox! Ona görə də, qərara gəldim ki, bu fikrimdən vaz keçim. Amma nə qədər gec deyil, buralardan çıxıb getməlisən. Çünki gec-tez ələ keçib məhv olacaqsan. Torpağın da dili-ağzı var, qızım. Bir gün gələr dil açıb danışar. - Mən hara gedim, Valya xala? - Axı heç özüm də bilmirəm ki, hara baş götürüb gedim? – deyə onun üzünə baxdım.. - Niyə öz vətəninə çıxıb getmirsən, qızım? - Get ev-eşik qur, hələ ki, nə qədər cavansan. Sonra gec olar, - deyə o, mənə yol-yolaq göstərməyə çalışdı. -Yox, mən bu üzlə bir də ora dönə bilmərəm. - Indi mənim orada heç kimim və heç nəyim yoxdur. Ev-eşiyim dağılıb, yurd-yuvam işğal olunub, ata-anam əsirlikdə güllələnib, qohum-əqraba da kı, allah bilir haralardadır. - Qızım, indi sənin kimilər çoxdur vətənində. Bu müharibədir, müharibədə hər şey olur. Insanlar müharibənin vurduğu yaraları bir-birlərinin dərdləriylə unudurlar. Bu qonşu davası deyil ki, sabah o bir qonşu bunu sənə sərki verə. Bu hamının dərdi, hamının faciəsidir. Elə bilirsən erməni tərəfində belə hallar yoxdur. - Mən erməni deyiləm, Valya xala. Nə də mənim mənsub olduğum xalq erməni xalqı deyildir. Bizi həyatda bircə abır-ismətimiz yaşadır. O olmasa heç yaşamağa dəyməz. Qadın daha bir söz deməyib susdu. *** … Olya bu ərəfələrdə bir-neçə dəfə mənə baş çəkmişdi. Ohanın itkin düşməsi onu da təəccübləndirirdi. Axırıncı dəfə mühim bir əməliyyata hazırlaşdığını deyəndə: - Yenədəmi bizimkilərdən qırırsan? – deyə, ondan soruşdum. - Yox, bu tamam başqa bir işdir, - dedi. – Bu işə görə mənə beş min dollar veriblər. – Axı, gedən zaman bizə çoxlu pul lazım olacaq. Qoy, bu dəfəki əməliyyat da başa çatsın sonra çıxıb gedərik Ukraynaya. Bunun hansı əməliyyat olduğunu ondan soruşsam da, bu barədə mənə bir söz demədi. – Qoy əməliyyatı başa çatdırım, sonra deyərəm, - deyə, yenə də ağzımı boza verdi. Amma bilirdim ki, o məni yenə də aldadır. Ermənilər havayı yerə ona beş min dollar verməzlər. Burada hansısa böyük bir əməliyyatdan söhbət gedirdi. Allah da şahiddir ki, Olyanı yola gətirmək üçün çox çalışmışdım. Amma, nədənsə onu tutduğu işdən döndərməkdə aciz idim. – Bu qız ermənilərin əlində lap oyuncağa çevrilibdir, - düşündüm. Bu hadisədən iki gün sonra, gecə yatmağa hazırlaşdığımız bir vaxtda, darvazanın yanında maşın səsi gəldi. Maşın dayanan kimi darvaza bərkdən döyülməyə başladı. Həyətə düşüb qapıya yaxınlaşdım və qapının kim tərəfindən döyüldüyünü soruşdum. Ohanı öldürəndən sonra bir az qorxu hissi keçiriridim. Ona görə də, darvaza döyülüb-eləyəndə ehtiyatlanardım. Gələn Olya idi. O elə bir gündə idi ki, tanıya bilmədim. Qız ayaq üstə güclə dayanırdı. Onun qoluna girib həyətdəki daxmaya apardım. Ağlıma gəlmişdi ki, qızın bu hala düşməsi elə də xırda məsələ deyil. Nələrin baş verdiyini ondan soruşdum. Olya dinib-danışmırdı. Onun sifəti bomboz, meyit sifəti kimi olmuşdu. Ruhi xəstəlik keçirmiş adamlara oxşayırdı. Çiyinlərindən tutub astaca silkələdim. - Olya, de görüm nə baş vermişdir? O hələ də özündə deyildi. Mənim dediklərimi də, elə bil eşitmirdi. Onun əynindəki qalın, hərbi paltarı soyundurub, əl-üzünə su vurdum. Yanında oturub əllərini ovuşdurmağa başladım. Bir az keçəndən sonra qız məni qucaqlayıb, hönkürtüylə ağlaya-ağlaya: - Andreyi öz əlimlə öldürmüşəm, Səidə! Onun dediklərindən bir şey başa düşmədiyim üçün: - Necə yəni öz əlinlə? Andrey harada idi ki? – soruşdum. Qız hıçqırığını boğa bilməyərək, xırıldaya-xırıldaya: - Sənə demişdim axı, Andrey bu tərəflərdədir. Amma bilmirdim ki, o, sizinkilər tərəfdə döyüşür. Mənə tapşırmışdılar ki, düşmən tərəfdən, yəni siz tərəfdən mövqeylərimizi top atəşinə tuturlar. Top qurğusu uca bir təpənin üstündə yerləşdirilmişdi. Topçunu aradan götürmək əmri almışdım. Əməliyyat üçün beş min dollar da vəd olunmuşdu, - bunu sənə demişdim ki. Mən təpənin üstündəki topçunu susdurmaq üçün bir gecə səhərə qədər sürünərək, həmin mövqeyə çatdım. O gün topçunun yerini müəyyənləşdirə bilmədim. Çünki qayanın üstü iri daşlarala əhatə olunmuşdu. O, topu ora necə qaldırmışdılar, mənim üçün də qaranlıq idi. Bütün günü izləsəm də, topçunu hədəfə almaq mümkün olmurdu. Yalnız sübh vaxtı onu vura bildim. Indiyə qədər çoxlu hədəf vurmuşam, amma bu qədər çətinlik çəkdiyim vaxt olmamışdı. Elə bil tanrım mənim əl-qolumu bağlayaraq: - «Bu sənin özünküdür» - deyib, işimi çətinləşdirirdi. Mən axmaq isə inadımdan əl çəkməyərək, bu işi başa çatdırmaq üçün dönə-dönə cəhd göstərirdim. Meyiti günortaya yaxın götürməyə nail olduq. Mən də maraqlanıb vurduğum adama baxmaq istədim. Axı ermənilər bu adamın aradan götürülməsi üçün çox canfəşanlıq göstərirdilər. … Onu görən kimi tanıdım, - Andrey idi. – Görürsən, başıma nə oyun açmışam? - Öz əlimlə, evimi yıxmışam. - Bundan sonra aqibətim necə olacaq, bilmirəm? Eşitdiklərimə inanmağım gəlmirdi. Doğurdanmı, belə bir hadisə baş vermişdir? – düşündüm. Olyanı sakitləşdirmək çox çətin idi. Qız sanki havalanmışdı. O getməyə hazırlaşırdı, qolundan yapışıb, saxladım və hara gedəcəyini soruşdum. - Mən bu hayıfı onlarda qoymayacağam! – dedi. Çox çalışdım ki, onu başa salım. Amma mümkün olmadı. O gedəcəyini deyib, durdu. -Bəs, indi hara gedirsən, bir mənə söyləsənə? - soruşdum. Olya ayaq saxlayıb nə isə mənə anlatmağa çalışdı: - Bilirsən, Səidə, - dedi, - ilk dəfə bura gələndə məni Hambarsum adlı bir zabitin nəzarəti altına verdilər. Bu neçə vaxtı onun nəzarəti altında işləyirəm. Öldürdüyüm adamların siyahısını da o mənə verərdi. Ümumiyyətlə, bütün əməliyyatların planını o hazırlayırdı. Nişanlımın öldürülməsində də onun əli vardır. O, Andreyin mənim nişanlım olduğunu bilməmiş olmazdı. Ona görə ki, siz tərəfdən ötürülən məlumatların doğru-dürüstlüyünü, müəyyən kanallarla o yoxlayırdı. Mən, o əclaf Hambarsumu öldürməsəm rahat ola bilmərəm. – Mən gedirəm, bir azdan qayıdacağam. Sən də hazırlığını gör. Qayıdandan sonra bir şey fikirləşərik. Olya bunları deyib, çıxıb getdi. Nə qədər çalışdımsa onu yolundan döndərə bilmədim. – Qızın bu inadkarlığı başına bəla açmasa yaxşıdır, - düşündüm. O gedəndən sonra mən çox narahat olmağa başladım. Narahatlığım da əbəs deyilmiş. Səhəri gün məlum oldu ki, Olya Hambarsumu öldürəndən sonra, onun özünü də güllələyiblər. Qızın öldürülməsi mənə çox pis təsir etdi. Nə vaxtdı ki, onunla tanış idim. Dərdlərimi onunla bölürdüm. Olyanın mənə çox köməkliyi dəymişdi, bu illər ərzində. O hədər yerə özünü də nişanlısını da güdaza verdi. Mənə söz vermişdi, demişdi ki, səni buradan aparacağam. Ona çox inanırdım. Bu da belə oldu… Olyanın harada basdırıldığından da xəbərim olmadı. Bu hadisənin üstündən üç aydan artıq bir vaxt gəlib keçdi. Valyanın vəziyyəti durmadan ağırlaşırdı. O, bu barədə qızına zəng vurub, vətənə aparılmasını xahiş edirdi. Qızı da söz vermişdi ki, bu yaxınlarda gəlib onu aparacaqdı. Valya mənim barəmdə də Larisaya demişdi. Demişdi ki, Səidənin taleyini də düşün. Qadının fikiri məni də özüylə Stavropola aparmaqdı. O bilirdi ki, mən vətənə qayıtmaqdan imtina etmişəm. Onsuz da mənim buradan getməyimə ermənilər razı olmayacaqdılar. Onlar mənim hansısa bir erməni əsiri ilə dəyişdirilməyimə razılıq vermişdilər. Bu barədə danışıqlar da getmişdi. Mən isə buna razı deyildim. Işlər çox qəlizləşmişdi. Axırda bu məsələyə Valyanın atası, istefada olan polkovnik Arkadi Poluxin də qarışdı. Onun rus ordusundakı keçmiş nüfuzu sayəsində, məni oradan xəstə qızının qulluğunu tutan bir xidmətçi kimi götürdülər. Bu işdə mənim sənətim də kara gəldi. Nə yaxşı ki, tibb sahəsində alababat təhsil almışdım. Anasını aparmağa Larisa öz əri Valeri ilə gəlmişdi. Onlar evi dəyər-dəyməzə satıb yol tədarükü görəndə, xəstə qadın qızına tapşırdı ki, divardakı xalçanı açıb mənə versinlər. – «Anasının toxuduğu xalçadır, qoy özünə qismət olsun» - dedi. Qız anasının sözünə əməl edib xalçanı mənimçün hazırladı. Yola düşməzdən əvvəl bağçaya enib oğlumun qəbrini son dəfə ziyarət etdim. Dəsmalımı çıxarıb, onun qəbrindən bir ovuc torpaq da götürdüm. Sonra eyvana qalxıb onu bağlamaların arasına qoydum. Mənim bu hərəkətim Valyanın gözündən yayınmadı. O məni yanına çağırıb əlimdən tutdu və yavaşca: - Oğlunun qəbrindən götürdüyün torpaqdır, eləmi? - soruşdu. Başımı astaca yırğalamaqla onun sözlərini təsdiqlədim. O, dərindən köks ötürüb susdu. Bir qədər sonra güclə eşidiləcək səslə: - Səidə, en aşağı, Ohanı basdırdığın yerdən də bir az torpaq götür, gəl. Necə olsa, mənim həyat yoldaşım olub, qızımın atasıdır, axı. Bir söz deməyib həyətə düşdüm. Ohanı basdırdığım yerdən bir ovuc torpaq götürüb, dəsmalın arasına tökdüm və gətirib Valyaya verdim. O dəsmaldakı torpağı bir neçə dəfə sığallayandan sonra, əl çantasına qoydu. Maşina oturanda Şarik məndən qabaq özünü maşının içinə soxdu. Hamımız onun bu hərəkətinə gülüşdük. Iti çətinliklə də olsa, maşından düşürə bildik. Amma o, bir addım da olsun məndən kənarlaşmayaraq, əl-ayağımı yalayırdı. Onun səsi həyəti başına götürmüşdü. Çox çalışdıq iti özümüzdən ayıraq, mümkün olmadı. O, maşının yan-yörəsindən ayrılmayaraq elə zarıyırdı ki… Axırda Valeri onu maşının yük yerinə qoyub: - «Bir halda kı belədi, gəl sən də gedək», - dedi. - Itin mənimlə gəlməsi ürəyimdən oldu. Biz hərbi hissənin yanından keçəndə maşının pəncərəsindən eşiyə baxdım. Vaxtilə yaşadığım evi gördüm. Orada mən, Olya, bir də Ruslan balam yaşamışdıq. Indi allah bilir, orada kimlər yaşayırdı. Maşın hərbi hissənin kənarıyla irəlilədikcə, boynumu döndərib orada qoyub getdiyim acılı xatirələrimin izini görməyə çalışırdım. Bir ömrə sığmayan ağrılı günlər keçirmişdim burda. Inana bilmirdim ki, mən bu dərdlərin əlindən qurtulub gedirəm. Heyf ki, orada qoyub getdiyim cismani ağrılarım idi. Əslində o xatirələr, o müdhiş əzablar elə mənim özümlə birgə gedirdi. Maşınla Tiblis şəhərinə, oradan da qatara oturub Stavropola yola düşdük. Yolda Valyanın vəziyyəti tamam dəyişdi və o, keçindi… Yazıq, doğma vətəninə də yetişə bilmədi. Əsirlikdə olarkən, anam qədər doğma olan bu qadının ölümü mənə çox pis təsir etdi. Onun dünyasını dəyişməsinə dözə bilmirdim. Qatardakılar bu qadının mənim və ya Larisanın anası olduğunu ayırd etməkdə çətinlik çəkirdilər. Larisa özü mənə təskinlik verməyə çalışırdı. Əri Valeri isə mənim bu hərəkətlərimi görəndə, təəccübdən çiyinlərini çəkirdi. Biz Stavropola səhərə yaxın çatdıq. Oradan da, bax, bu Nadejda kəndinə gəldik. Bir müddət onlarla birgə yaşadım. Heç cür özümdə sakitlik tapa bilmirdim. Mən bütün günü qəm-qüssənin içərisindəydim. Ona görə də, Larisadan xahiş etdim ki, mənimçün başqa bir mənzil tapsınlar. Onlar da, bu uçuq, köhnə evi kirayələdilər mənimçün. Mənzilin haqqını da onlar özləri ödəyirlər. O vaxtdan burada yaşayıram. Larisadan başqa mənim kimliyimdən heç kəsin xəbəri yoxdur. Əri Valeri də, bu barədə bir şey bilmir. O elə bilir ki, mən onun qaynanasının qulluqçusu olmuşam. – Bax, hamısı bu… - deyə Səidə, əlini-əlinə sürtüb, sanki hər şeyin qurtardığını bildirdi. Hər ikimiz başımızı aşağa salaraq susmuşduq. Bu sükut çox çəkdi. Nə o dinib-danışırdı, nə də mən bir şey soruşurdum. Uzun bir yol qət etmiş adamlar kimi, ürəyim həyəcandan döyünürdü. – Indi nə edim? – fikirləşirdim. – Durub, şələ-şüləmi yığışdırıb, çıxım gedimmi? - Bəs, Səidəyə nə deyim? Onun bundan sonrakı taleyi necə olacaqdı? Yaman çıxılmaz vəziyyətdə qalmışdım. Başımı qaldırıb ona baxdım. Səidə başını əlləri arasına alaraq, hələ də fikrə getmişdi. Onun nələr düşündüyündən xəbərsiz idim. Birdən nə fikirləşdimsə: - Səidə, gəlsənəm birlikdə vətənə dönək. - Burada qalmağın nə mənası var? – Axı hər şey arxada qalıb. Bəlkə, vətən sənə dərdlərini unutduracaq? – dedim. O, başını qaldırıb gözlərini gözlərimin içinə dikdi. Baxışlarındakı qorxunc, bir az da vahiməli görünüş mənim qəlbimi titrətdi. Onun baxışlarından təklifimlə razılaşmadığını hiss etsəm də, yenə də cavab gözləyirdim. Uzun sürən sükutdan sonra, nəhayət ki, dilləndi: - Vətən üçün burnumun ucu göynəyir. Amma təhqir olunmuş bu ismətimlə o torpağa ayaq basa bilmərəm. Onsuz da, o torpağın yaraları qan ağlayır. Mən bu yaralı qəlbimlə orada təsəlli tapa bilmərəm. Ovudub, sakitləşdirə bilmərəm özümü orada. - Əgər torpaqlarımız azad olunsaydı, gedərdim. Gedib doğulub, boya-başa çatdığım el-obamı ziyarət eləyib, sonra ölərdim. Amma necə gedim, hara gedim? Mənim kimi yüzlərlə, minlərlə evsiz-eşiksizlər, onsuz da orada veyil-veyil dolaşırlar da. Onların yerini dar etməkçünmü gedim? - Yox, vətəni görmək mənə qismət olmayacaq. Artıq qürbətə öyrəşmişəm. - Görürsən, oğlum Ruslan da, bu gün-sabahlıqdır. Yəqin ki, ondan sonra yaşamaq mənimçün, necə də çətin olacaqdır. Özümün də həvəsim qalmayıb yaşamağa. Bir də ki, uzun-uzadı yaşamağın nə mənası var? Onsuz da, elə bil milyon ildir yaşayıram da… Istədim ondan yenə də nə isə soruşam. Amma bu dəfə o məni qabaqladı. - Yəqin ki, bizdə «Şəhidlər xiyabanı» olar? – dedi. - Hə… indi əyalətin harasına getsən, orada «Şəhidlər xiyabanı» salınıbdır. - Nəyimiz olmasa da, qəbiristanlığımız boldur, - dedim. Qadın dərindən ah çəkib: - Allah onların ruhlarına rəhmət eləsin, - dedi. - O ruhlar indi çox narahatdırlar. Əgər ölənlərimizin intiqamı alınmazsa, onların ruhları rahatlıq tapmayacaqdır. Belə getsə, ayaqlarınızın altındakı o torpaq bir gün öz-özünə alışıb, yanacaqdır. Qadın bu sözləri deyib, bir qədər susdu. Sonra çarpayının baş tərəfindəki yastığı qaldırıb, onun altından dəsmala bükülü bir şey çıxartdı və mənə verib: - Oğlum Ruslanın qəbrindən götürdüyüm torpaqdır, - dedi, - Xahiş edirəm, bunu Şəhidlərin məzarı üstünə səpərsən. - Qoy, qərib yerdə ölənlərimizin ruhları şad olsun… Sonra Səidə yenə də nə isə demək istədi, amma fikrindən daşındı. Ürəyimə damdı ki, onun mənə deyəcəyi nə isə sözü vardı. Istədim soruşam, amma bunun yersiz olduğunu anladığımdan susdum. Dəsmala bükülmüş torpağı alıb cibimə qoydum və qapıdan çıxarkən dönüb Səidəyə bir də nəzər saldım. Bu, iki günün ərzində o mənə elə doğmalaşmışdı ki… Ondan ayrılmaq mənimçün çox çətin idi. Sanki hər şeydə özümü müqəssir bilirdim. Mənə elə gəlirdi ki, torpaqlarımızın itirilməsində də, bu, biçarə, bədbəxt qızın bu vəziyyətə düşməsində də günahkar mənəm. Mən eşiyə çıxanda külək tüğyan edirdi. Bayırın soyuğu ilə içimdəki nisgilin ağrısı bir-birinə qarışaraq, bütün bədənimi sızladırdı. Evdən bir xeyli aralanmışdım. Dönüb geri baxdım. Səidə pəncərənin pərdəsini azacıq aralayaraq, mənim arxamca baxırdı. O, ağlayırdı... *** … Bir ildən sonra yenidən Stavropola qayıtdım. Qayıtmaya bilməzdim. Çünki Səidənin düşdüyü vəziyyət bir anlıq da olsun məni rahat buraxmırdı. Bu, bir il ərzində onu geri, vətənə qaytarmaq üçün çox düşünüb, daşınmışdım. Amma nə qədər fikirləşsəm də, sonda bir qərara gələ bilmirdim. Məni ağrıdan bir də o idi ki, Səidəyə söz verdiyimə görə, bu məsələni açıb heç kəsə danışa bilmirdim. Içimdə saxladığım bu dərd, ağacı qurd yeyən kimi məni yeyirdi. Yaxşı dostlar-tanışlar vardı. Bu işdə mənə kömək edə bilərdilər. Amma Səidədən ehtiyat edirdim. Bilirdim ki, ondan xəbərsiz tutduğum hər hansı xırdaca bir iş, onun onsuz da yaralı qəlbini bir az da ağrıda bilər. Ona görə də, hələlik susmağı qərara almışdım. Fikirləşirdim ki, bu dəfə də bir cəhd edim, alınmazsa, sonrasına baxarıq. Elə bu niyyətlə də, Stavropola gəldim. … Dekabr ayının son günləriydi. Qar yağmasa da, bərk soyuq idı. Havadan, elə bil zəhrimar yağırdı. Soyuq şimal küləyi adamın canına ac qurd kimi daraşmışdı. Belə davam eləsəydi, yaxın günlərdə möhkəmcə qar yağacağı gözlənilirdi. Nadejda kəndinə gəldim. Səidənin qaldığı evin uçub, dağılmış divarları uzaqdan gözümə dəyəndə, bədənimdən soyuq bir gizilti keçdi. Qərib məmləkətdə, sahibi qədər mənə doğma olan bu evin yazıq görkəmi ürəyimi ağrıtdı. Yaxınlaşanda evin qapı-pəncərəsinə vurulmuş çarpazı taxta parçalarını görəndə bir anlıq donub qaldım. - Burada nələr baş verir? – düşündüm. Həyət başdan-başa saralmış və çürüməkdə olan yarpaq yığıntısıyla dolu idi. Küləyin qovub, orda-burda topaladığı yarpaq yığnağını görəndə, sanki illərdən bəri bu həyətə insan əlinin dəymədiyini zənn etdim. Bir az gözlədim. Həyətin ölü sukunəti məni darıxdırdı. – Görəsən, Səidə harda ola bilər? – fikirləşdim. Ağlımdan keçən ilk fikir bu oldu ki, yəqin o, xəstələndiyi üçün Larisa onu öz yanına aparmışdır. Axı mən gedəndə Səidə çox zəifləmişdi. Ona görə də, yaxınlıqdakı həyətə keçib ev yiyəsini səslədim. Eşiyə yaşlı bir qadın çıxdı. Ondan qonşusunun harada olduğunu soruşdum. Qadın çiyininə atdığı yun şalına bürünə-bürünə, kirpiksiz gözlərini qıyıb üzümə baxdı və: – Cavan oğlan, o ki çoxdan ölübdür! - dedi. Eşitdiklərimə inanmadım. Dedim, bəlkə, bu yaşlı qadın axtardığım adamı kimləsə səhv salmışdır. Ona görə də, əlimi uçuq-salxaq evə uzadıb: - Mən bu evdə yaşayan qadını deyirəm! - deyə, ondan təkrar soruşdum. Qoca qadın bir-iki addım irəli gəlib, əlini gözlərinin üstünə qoydu və göstərdiyim səmtə baxıb dedi: - Mən də, orada yaşayan qadını deyirəm də… - Ruhi xəstə, qaraçı qadını… - O, bir neçə ay bundan qabaq ölüb. Qadın bu sözləri deyərkən xaç çəkdi. Səidənin ölüm xəbəri mənə nə qədər ağır təsir eləsə də, onun burada ruhi xəstə və qaraçı kimi tanınması bir o qədər ürəyimi ağrıtdı. Bir qədər susub qaldım. Özümə gələndə qoca qarıdan Larisa adlı bir qadının harda yaşadığını soruşdum. Qadın qollarını geniş açaraq: – Bu kənd çox böyükdür, olduqca böyük. Həm də burada o qədər larisalar yaşayır ki… Siz hansını soruşursunuz?! – deyə, qoca qadın gülümsədi. Fikirləşdim ki, bu qoca qadın Larisanı cavan olduğu üçün tanımayacaqdır. Odur ki, axtardığım Larisanın babasının zabit olduğunu söylədim. Qadın bir qədər fikrə gedəndən sonra, itirdiyini tapmış kimi sevinərək: - Olmaya siz, Arkadi Poluxinin nəvəsi Larisanı axtarırsınız?! Mən axtardığım adamın o olduğunu söyləyəndə, qadın poluxinlərin buradan bir qədər uzaqda, kəndin o başında yaşadıqlarını söylədi. Çətinliklə də olsa, axtarıb Larisanın yaşadığı evi tapdım. Qapıya, qırx yaşlarında bir kişi çıxdı. Ondan Larisanı xəbər aldım. – «Siz kimsiniz?» – soruşdu. Tanışlıq verdim. Söylədim ki, Səidəni axtarıram. Yaşadığı evdə tapa bilmədiyim üçün buranı mənə nişan veriblər. - Onlar Larisayla yaxın olublar, axı, - dedim. Həmin adam bir qədər üzümə baxandan sonra məni evə dəvət etdi. Məlum oldu ki, bu adam Larisanın həyat yoldaşı Valeridir. Valeri Larisanın iki ay bundan qabaq infarkdan öldüyünü söyləyəndə duruxub qaldım. O, mənim susduğumu görüb: – Larisanın ölümü çox gözlənilməz oldu – dedi. - Anası Valyanın xidmətçisi olan o qadının ölümündən iki ay sonra, Larisa da dünyasını dəyişdi. Larisanın ölümünə səbəb qızımızın tələf olması idi. O, bu ölümlə barışa bilmirdi. Sonra Valeri dönüb üzümə baxaraq: -Bağışlayın, o qadın sizin nəyinizdi? – soruşdu. Mən bu gözlənilməz sualdan özümü itirsəm də, ağlıma gələn ilk fikri söylədim. – O mənim bacım idi… Valeri başını astaca yırğalayıb, köks ötürdü. Sonra başdan-ayağa məni süzüb, çiyinlərini çəkərək: - Siz qaraçısınız?! – dedi. O dəqiqə anladım ki, Səidəni burada qaraçı kimi tanıdıqlarına görə, mən onun qardaşıyamsa, demək, Valeri məni qaraçı kimi tanımalıdır. Ona bir söz deməsəm də, başımın işarəsiylə fikirlərini təsdiqlədim. – Bir də ki, nə deyəcəkdim, axı? Həmin anda yer aralanıb, yerə girsəydim min dəfə bundan yaxşı olardı. Üst-başımdan, boynumdakı qalustukdan utanıb başımı aşağı saldım. Özümə gələndən sonra, Valeridən məni Səidənin dəfn olunduğu yerə aparmasını xahiş etdim. Bir söz deməyib, ayağa qalxdı və birlikdə qəbiristanlığa gəldik. Yanaşı qazılmış üç qəbir hələ uzaqdan diqqətimi cəlb etdi. Qəbirlərdən biri Valyanın, biri Larisanın, digəri isə Səidənki idi. Hər üç qəbirin üstündə başdaşı əvəzi taxta xaç nişanı asılmışdı. Mən qəbirləri ziyarət edərkən Səidənin qəbrinin üstündəki taxta xaçı çıxarıb kənara qoydum. Bu hərəkətim Valerinin təəccübünə səbəb olsa da, bir söz demədi. Bir müddət sakitcə dayanıb Səidənin qərib məzarına ürək ağrısıyla tamaşa etdim. Gözlərim önündə o qadının üzgün çöhrəsi canlandıqca, bir il bundan qabaq onunla etdiyim söhbəti xatırladım. O ağrılı günləri xatırlamaq mənə necə də əzablı gəlirdi. Oradan Səidənin vaxtilə yaşadığı evə qayıtdıq. Valeri qapıya vurulmuş taxtaları qopardaraq evə daxil olduq. Hər şey bir il bundan qabaq gördüyüm vəziyyətdə idi. Hələ bir az da, pis hala düşmüşdü. Gözlərim otağın divarına sataşanda xalçanı orada görmədim. – Burada köhnə bir xalça var idi? - soruşdum. Valeri bir az fikirləşəndən sonra: - Sənin bacın, Larisaya vəsiyyət etmişdi ki, öləndə onu həmin xalçaya büküb basdırsınlar. - Kimdənsə ona yadigar verilibmiş. Bu sözləri deyərkən, Valeri birdən nə fikirləşdisə, əlini cibinə salıb: - Lap, unutmuşdum, - dedi. - Bayaq evdən çıxanda bacın Səidənin Larisaya verdiyi bir əmanətin götürmüşəm. – Bacın bu əmanəti kiməsə çatdırmağı xahiş etmişdi. – Elə bilirəm, bunu sənə verməyi vəsiyyət edib - deyə o, bağlı bir zərfi cibindən çıxarıb mənə uzatdı. Əzik-üzük bir zərf idi. Içində nəyin olduğunu bilmirdim. Zərfi alıb cibimə qoydum. Birdən xatirimdən nə keçdisə, Valeridən soruşdum: - Axı, Səidənin bir iti də olmalıydı. O itin aqibəti necə oldu, görəsən? Valeri bir qədər susduqdan sonra: – Bu barədə Larisa mənə nə isə danışmışdı. - O it, deyəsən qadından bir qədər əvvəl ölmüşdü. Çünki Larisa mənə it öləndən sonra qadının necə bərk darıxdığından söhbət açmışdı. Doğrusu, itin nə vaxt öldüyündən xəbərim yoxdur. Amma yadımdadır ki, qadının meyiti evdən çıxarılanda, orada it, filan görmədim. – Yox, bu barədə heç nə bilmirəm, - deyə Valeri çiyinlərini çəkdi. Məni bir gecə gün Valerigildə qona qaldım. Axşam bir xeyli söhbət etdik. Əhvalatı qısa da olsa Valeriyə danışdım. Yatmaq vaxtı gələndə, xəlvətə salıb zərfi açdım. Əl boyda kağız parçası, bir də saralımış qəzet vardı zərfin arasında. Qəzetdə diqqətimi cəlb edən bir şəkil oldu. Şəkildə bir qadın iki it küçüyünü əmizdirirdi. Diqqətlə baxanda qadını tanıdım, Səidə idi. Şəklin altından isə bu sözlər yazılmışdı: - «It anası!..». Yadıma Səidənin küçüklərlə bağlı mənə danışdığı əhvalat düşdü… Sonra Səidənin bir parça kağıza yazdığı sözlərini oxudum. O, yazmışdı: - «Bilirəm ki, nə vaxtsa qayıdacaqsınız. Ürəyimə damıb ki, qayıdan zaman məni bir daha görməyəcəksiniz. Arzuladığım və nə vaxtdı yolunu gözlədiyim ölüm, nəhayət ki, məni axtarıb tapacaqdır. Bu ölüm mənim üçün tanrımın ən böyük hədiyyəsi olacaqdı. … Indi vətənə qayıtmaq istəyirəm… Əgər mümkünsə, məni vətənə götürün. … Harda olsa dəfn edin. Təki, canım və ruhum bir parça vətən torpağına qovuşsun… Səidə . 21 dekabr 1998 - ci il». Üç gün Stavropolda qalıb Səidənin cənazəsini vətənə aparmaq üçün hazırlıq işləri gördüm. Bu işdə Valerinin və onun qaynatası Arkadi Poluxinin mənə çox köməkliyi oldu. Onlar cənazəni təyyarə limanına gətirənə qədər mənim yanımda oldular. … O gün möhkəmcə qar yağırdı. Soyuq şimal küləyi, onsuz da dalğın fikirlərimi, bir az da pərən-pərən salmışdı. Təyyarə havaya qalxanda içimdə qəribə bir təlaş vardı. Çiyinlərimdən, sanki ağır bir yük asılmışdı. Biz vətənin hava sərhəddini keçəndə, qəribə bir hadisə baş verdi. Təyyarənin yük yerindən salona doğru bənovşəyi rəngdə bir parça bulud axını gəldi. Həmin bənövşəyi rəngli bulud axınının təyyarənin salonunda görünməsiylə, gözdən itməsi ildırım sürətindən də ani oldu. Hamı heyrət və qorxu içində bir-birinin üzünə baxdı. Mən yaranmış vəziyyətdən qorxu hissi keçirtdim. Özümə gələndə isə anladım ki, bu bənövşəyi rəngli bir parça bulud, Səidənin vətən torpağına qovuşan ruhudur… 2008.
 
 
  WEB DIZAYNER: Oktay Hacimusali oktayhacimusali@gmail.com  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol